Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 35

Yığıncaqdakı hər kəsə hörmət edin

Yığıncaqdakı hər kəsə hörmət edin

«Göz ələ: “Sən mənə lazım deyilsən”, — deyə bilməz. Yaxud baş ayaqlara: “Siz mənə lazım deyilsiniz”, — deyə bilməz» (1 KOR. 12:21).

NƏĞMƏ 124 Sədaqətli olaq

İCMAL *

1. Yehova hər bir sadiq xidmətçisinə nə bəxş edib?

YEHOVA yığıncaqda hər bir sadiq xidmətçisinə xüsusi yer ayırıb. Biz yığıncaqda fərqli rolları icra etsək də, hər birimiz dəyərliyik və bir-birimizə lazımıq. Həvari Bulus bu vacib məqamı başa düşməkdə bizə kömək edir.

2. Efeslilərə 4:16 ayəsinə əsasən, nəyə görə bir-birimizin qədrini bilməliyik və birgə çalışmalıyıq?

2 Məqalənin əsaslandığı ayədə Bulus qeyd edir ki, heç birimiz Yehovanın xidmətçisinə baxıb, «sən mənə lazım deyilsən» deməməlidir (1 Kor. 12:21). Yığıncaqda sülhün hökm sürməsi üçün bir-birimizin qədrini bilməli və birgə çalışmalıyıq. (Efeslilərə 4:16 ayəsini oxuyun.) Biz birlik içində əməkdaşlıq edəndə hamı sevildiyini hiss edir və yığıncaq möhkəmlənir.

3. Bu məqalədə nələr müzakirə olunacaq?

3 Yığıncaqda bir-birimizə hörməti müxtəlif sahələrdə göstərə bilərik. Bu məqalədə ağsaqqalların bir-birinə necə hörmət göstərə biləcəyini öyrənəcəyik. Həmçinin müzakirə edəcəyik ki, subay bacı-qardaşlarımızın bizim üçün dəyərli olduğunu necə göstərə bilərik. Sonda isə bizim dilimizdə səlis danışa bilməyən dindaşımıza sevgimizi təzahür etdirməyin yollarından danışacağıq.

AĞSAQQALLAR, BİR-BİRİNİZƏ HÖRMƏT EDİN

4. Ağsaqqallar Romalılara 12:10 ayəsində yazılmış hansı məsləhətə əməl etməlidir?

4 Yığıncağın bütün ağsaqqalları Yehovanın müqəddəs ruhu ilə təyin olunub. Hər birinin müxtəlif bacarığı, müxtəlif ənamı var (1 Kor. 12:17, 18). Bəlkə də, kimisi təzəlikcə ağsaqqal təyin olunub və nisbətən təcrübəsizdir. Yaxud hansısa ağsaqqalın yaşı və səhhəti çox şey etməyə əl vermir. Buna baxmayaraq, heç bir ağsaqqal digərinə baxıb, bir növ, «sən mənə lazım deyilsən» deməməlidir. Bütün ağsaqqallar həvari Bulusun Romalılara 12:10 ayəsində yazılmış məsləhətinə əməl etməlidir. (Ayəni oxuyun.)

Ağsaqqallar bir-birilərini dinləməklə bir-birilərinə hörmət etdiklərini göstərir (5 və 6-cı abzaslara baxın)

5. Ağsaqqallar bir-birilərinə hörmət etdiyini necə göstərir və bu nəyə görə vacibdir?

5 Ağsaqqallar bir-birilərinə hörmət etdiyini necə göstərir? Diqqətlə dinləməklə. Ağsaqqallar şurası hansısa ciddi məsələni müzakirə edəndə bu, xüsusilə vacibdir. Bununla bağlı «Gözətçi qülləsi»nin 1988-ci il 1 oktyabr sayında yazılmışdı: «Ağsaqqallar qəbul edir ki, İsa Məsih müqəddəs ruh vasitəsilə şuradakı istənilən ağsaqqalı yönəldə bilər ki, hansısa məsələnin həllində, yaxud vacib qərarın qəbul olunmasında müvafiq Müqəddəs Kitab prinsipini xatırlasın (Həv. 15:6—15). Müqəddəs ruh şuradakı yalnız bir ağsaqqal vasitəsilə fəaliyyət göstərmir».

6. Ağsaqqallar əməkdaşlıq edərkən birliyi necə qoruya bilər və bunun yığıncağa hansı xeyri var?

6 Ağsaqqal hörmətini onunla göstərə bilər ki, ağsaqqallarla görüşdə sözə ilk başlayan həmişə o olmasın. O, müzakirə zamanı söhbəti ələ almır, düşünmür ki, onun fikri həmişə düzdür. Əksinə, sözünü təvazökarlıqla, həlimliklə ifadə edir. Əməkdaşlarının dediklərini diqqətlə dinləyir. Ən əsası isə Müqəddəs Kitab prinsiplərinin, həmçinin «sadiq və ağıllı nökər»in göstərişlərinin əldə rəhbər tutulmasına önəm verir (Mət. 24:45—47). Ağsaqqallar müzakirə zamanı hörməti və məhəbbəti qoruyanda Allahın müqəddəs ruhu orada olur və onları yönləndirir ki, yığıncağın rifahına olacaq qərar qəbul etsinlər (Yaq. 3:17, 18).

SUBAY MƏSİHİLƏRƏ HÖRMƏT EDİN

7. İsa Məsih subaylığa necə yanaşırdı?

7 Yığıncaqlarımızda həm ər-arvadlar, həm də uşaqlı ailələr var. Bundan əlavə, çoxlu subay bacı-qardaşımız var. Onlara necə yanaşmalıyıq? Gəlin görək İsa Məsih subaylığa necə baxırdı. Yer üzündə xidmət etdiyi vaxt ərzində o, ailə qurmadı, subay qalıb, diqqətini təyinatına yönəltdi, bütün vaxtını ona sərf etdi. İsa heç vaxt öyrətmirdi ki, ailə qurmaq və ya subay qalmaq məsihi üçün tələbdir. Amma demişdi ki, bəzi məsihilər subay qalmağı seçəcək (Mət. 19:11, 12). O, subaylara hörmətlə yanaşırdı. Onlara əhəmiyyətsiz, yaxud bədbəxt insan kimi baxmırdı.

8. 1 Korinflilərə 7:7—9 ayələrinə əsasən, həvari Bulus məsihiləri nəyə təşviq etmişdi?

8 İsa Məsih kimi, həvari Bulus da xidmət edərkən subay idi. Bulus heç vaxt deməmişdi ki, məsihinin ailə qurması səhvdir. O bunun şəxsi qərar olduğunu başa düşürdü. Bununla belə, məsihiləri Yehovaya subay kimi xidmət etməyə təşviq edirdi. (1 Korinflilərə 7:7—9 ayələrini oxuyun.) Bulus subay məsihilərə xor baxmırdı. Hətta məsuliyyətli təyinatların icrası üçün subay qardaş olan Timutini * seçmişdi (Filip. 2:19—22). Gördüyümüz kimi, qardaşın hansısa təyinata yararlı olub-olmadığına sırf onun evli, yaxud subay olması əsasında qərar vermək düzgün olmazdı (1 Kor. 7:32—35, 38).

9. Subaylıq və evlilik məsələsinə necə yanaşmalıyıq?

9 Nə İsa Məsih, nə də həvari Bulus məsihilərin evlənməli, yaxud subay qalmalı olduğunu öyrətmirdi. Bəs onda biz bu məsələyə necə baxmalıyıq? «Gözətçi qülləsi»nin 2012-ci il 1 oktyabr sayında bunun cavabı çox gözəl yazılıb: «Doğrudan da, həm subaylıq, həm də nikah Allahdan olan ənamdır... Yaradanımız Yehovanın gözündə... [subaylıq] rüsvayçılıq və ya dərd ediləsi məsələ deyil». Bunu nəzərə alaraq, biz yığıncaqdakı subay bacı-qardaşlara hörmətlə yanaşmalıyıq.

Subaylara hörmətdən irəli gələrək nələri etməməliyik? (10-cu abzasa baxın)

10. Subay bacı-qardaşlarımıza hörmət etdiyimiz nədən görünəcək?

10 Subayların hissinə və vəziyyətinə hörmət etdiyimiz nədən görünəcək? Nəzər almalıyıq ki, bəzi məsihilər özləri subay qalmağa qərar verib. Elələri var ki, ailə qurmaq istəyərdi, amma ürəklərincə olan insan hələ qarşılarına çıxmayıb. Bir başqalarının isə həyat yoldaşı vəfat edib. Sizcə, subay məsihidən nə üçün ailə qurmadığını soruşmaq, yaxud ona həyat yoldaşı tapmağı təklif etmək düzgün olar? Elə ola bilər ki, hansısa subay məsihi bu məsələdə kömək istəsin. Amma belə bir xahiş olunmadığı təqdirdə, subay məsihiyə bu cür kömək təklif etsək, o özünü necə hiss edər? (1 Salon. 4:11; 1 Tim. 5:13). Gəlin görək Yehovaya sədaqətlə xidmət edən subay bacı-qardaşlarımızın bəziləri bu haqda nə deyir.

11, 12. Ehtiyatlı olmasaq, hansı sözümüz və ya hərəkətimiz subayları ruhdan salar?

11 Xidmətində çox səriştəli olan bir rayon nəzarətçisi subay qalmağının çoxlu üstünlükləri olduğunu hesab edir. Amma o qeyd edir ki, bacı-qardaşların hətta yaxşı niyyətdən irəli gələrək ondan «niyə ailə qurmursan?» soruşması heç də xoş deyil. Beyteldə xidmət edən bir subay qardaş deyir: «Bəzən bacı-qardaşlar elə davranır ki, sanki subay insanlar yazıqdır. Adamda elə təəssürat oyana bilər ki, subaylıq ənam yox, lənətdir».

12 Beyteldə xidmət edən bir subay bacı deyir: «Bəzi bacı-qardaşlar elə düşünür ki, bütün subaylar evlənməyə adam axtarır, ya da subaylar hansısa tədbirə qatılanda hamısının fikri-zikri kimisə tapmaqdır. Bir dəfə təyinatımla əlaqəli başqa şəhərə getmişdim, ora çatdığım gün axşam yığıncaq var idi. Evində qaldığım bacı mənə dedi ki, yığıncaqlarında mən yaşda iki qardaş var. O məni inandırmağa çalışdı ki, məqsədi mənə ər tapmaq deyil. Amma ibadət evinə girən kimi məni dartıb həmin iki qardaşla tanış etməyə apardı. Yəqin təsəvvür edirsiniz, həm mən, həm də qardaşlar necə pərt olmuşduq».

13. Bir subay bacını kimin nümunələri ruhlandırıb?

13 Beyteldə xidmət edən başqa bir subay bacı deyir: «Mən yaşı az olmayan çoxlu subay öncüllər tanıyıram. Onlar həyatda bişmiş, məqsədyönlü, fədakar və xoşbəxtdir, yığıncağa böyük köməkləri dəyir. Bu bacı-qardaşlar subaylıqlarına tarazlı yanaşır, nə subay qaldıqları üçün özlərini kimdənsə üstün sayır, nə də ki ailə, uşaq sahibi olmadıqlarına görə nədənsə məhrum». Hər kəsin sənə hörmət etdiyi, dəyər verdiyi bir yığıncaqda olmaq necə də gözəldir! Səni heç kim nə yazıqlamır, nə də sənə paxıllıq etmir, nə səni çıxdaş edirlər, nə də ucaldırlar. Bircə onu bilirsən ki, sevilirsən.

14. Subay dindaşlarımıza hörmət etdiyimizi necə göstərə bilərik?

14 Subay bacı-qardaşlarımıza onların ailə vəziyyətinə görə yox, gözəl keyfiyyətlərinə görə dəyər versək, çox minnətdar olarlar. Onları yazıqlamaqdansa, Yehovaya sədaqətlə etdikləri xidməti qiymətləndirməliyik. Belə etsək, subay bacı-qardaşlarda «sən mənə lazım deyilsən» təəssüratını yaratmış olmayacağıq (1 Kor. 12:21). Əksinə, onlar görəcək ki, onlara hörmət edirik, yığıncaqda onları görmək bizə çox xoşdur.

DİLİNİZDƏ SƏLİS DANIŞA BİLMƏYƏN DİNDAŞLARINIZA HÖRMƏT EDİN

15. Bəziləri xidmətlərini genişləndirmək üçün hansı dəyişiklikləri edib?

15 Son illər çoxlu dindaşımız xidmətini genişləndirmək üçün yeni dil öyrənir. Bunun üçün onlar həyatlarında müəyyən dəyişiklik ediblər. Artıq onlar öz ana dillərində keçirilən yığıncaqda yox, başqa dildə keçirilən və təbliğçilərə ehtiyac olan yığıncaqda xidmət edirlər (Həv. 16:9). Onlar Yehovaya daha çox xidmət etmək istədikləri üçün bu qərarı verib. Baxmayaraq ki, yeni dildə səlis danışmaq üçün illər lazım ola bilər, onlar yığıncağa böyük töhfə verirlər. Onların gözəl keyfiyyətləri və təcrübəsi yığıncağı möhkəmləndirir. Bu fədakar bacı-qardaşlarımız bizim üçün çox dəyərlidir.

16. Ağsaqqallar qardaşın yığıncaq xidmətçisi və ya ağsaqqal kimi təyin olunmağa yararlı olub-olmadığını nəyə əsasən müəyyən edir?

16 Qardaşın yığıncağın keçirildiyi dildə səlis danışmaması ağsaqqallar şurası üçün onu yığıncaq xidmətçisi və ya ağsaqqal kimi tövsiyə etməyə mane olmamalıdır. Ağsaqqallar qardaşın Müqəddəs Kitab tələblərinə cavab verib-vermədiyinə diqqət yetirəcək, yığıncağın keçirildiyi dildə səlis danışıb-danışmadığına yox (1 Tim. 3:1—10, 12, 13; Tit. 1:5—9).

17. Bəzi ailələr başqa ölkəyə köçəndə hansı suallarla üz-üzə qalır?

17 Bəzi məsihi ailələr sığınacaq üçün, yaxud iş tapmaq üçün başqa ölkəyə köçür. Bu kimi hallarda uşaqlar yeni ölkənin əsas dilində təhsil almalı olur. Həmçinin, ola bilsin, valideynlər də iş tapmaq üçün ölkənin dilini öyrənməli olsun. Bəs həmin ölkədə onların ana dilində yığıncaq və ya qrup varsa, ailə hansı yığıncağa gedəcək? Onlar ölkənin əsas dilində olan yığıncağa, yoxsa öz ana dillərində olan yığıncağa getməlidir?

18. Qalatiyalılara 6:5 ayəsinə əsasən, ailə başçısının qərarına hörmət etdiyimizi necə göstərə bilərik?

18 Ailəsinin hansı yığıncağa gedəcəyinə ailə başçısı qərar verməlidir. Bu, şəxsi məsələ olduğuna görə ailə başçısı ailəsi üçün ən yaxşı qərarın hansı olduğunu müəyyən etməlidir. (Qalatiyalılara 6:5 ayəsini oxuyun.) Biz ailə başçısının qərarına hörmət etməliyik. Onun qərarından asılı olmayaraq, gəlin bu qərarla razılaşaq və ailəni yığıncağımıza qəbul edib, məhəbbətimizi göstərək (Rom. 15:7).

19. Ailə başçısı hansı məsələni dua edib götür-qoy etməlidir?

19 Yaxud ola bilsin ki, ailə valideynlərin ana dilindəki yığıncağa gedir, amma uşaq bu dili yaxşı bilmir. Ola bilsin, uşaq məktəbdə ölkənin əsas dilində təhsil alır. Belə məqamda ailə ölkənin əsas dilindəki yığıncağa yox, valideynlərinin ana dilindəki yığıncağa getsə, uşaq yığıncaqda deyilənləri başa düşməkdə çətinlik çəkər və ruhən inkişaf etməyə bilər. Ailə başçısı uşağının Yehovaya və Onun xalqına yaxınlaşması üçün nə etməli olduğu barədə dua edib, yaxşıca götür-qoy etməlidir. Valideynlər ya öz ana dilini mənimsəməyə uşaqlarına kömək edəcək, ya da uşaqlarının yaxşı başa düşdüyü dildə keçirilən yığıncağa getmək qərarına gələcəklər. Ailə başçısının qərarından asılı olmayaraq, seçdiyi yığıncaq ona və ailəsinə hörmət etməli və onları dəyərləndirməlidir.

Yeni dil öyrənənlərə dəyər verdiyimizi necə göstərə bilərik? (20-ci abzasa baxın)

20. Yeni dil öyrənən bacı-qardaşlara hörmət etdiyimizi necə göstərə bilərik?

20 Gördüyümüz kimi, müəyyən səbəblərdən bir çox yığıncaqda yeni dil öyrənən bacı-qardaşlar olacaq. Ola bilsin, onlara fikirlərini ifadə etmək çox çətindir. Amma diqqətimizi onların dil qabiliyyətinə yönəltməsək, Yehovaya məhəbbətlərini, xidmətə olan sevgilərini görəcəyik. Bu gözəl xüsusiyyətlərə fikir versək, onlara dəyər verəcəyik və hörmət göstərəcəyik. Bu dindaşlarımız bizim dildə səlis danışmırlar deyə onlara «sən mənə lazım deyilsən» deməyəcəyik.

BİZ YEHOVA ÜÇÜN DƏYƏRLİYİK

21, 22. Bizə hansı şərəf nəsib olub?

21 Yehova bizə xalqı arasında yer ayırmaqla böyük şərəf nəsib edib. Kişi, qadın, evli, subay, cavan, yaşlı olmağımızdan, yaxud hər hansı dili yaxşı bilib-bilməməyimizdən asılı olmayaraq, hamımız Yehova üçün və bir-birimiz üçün dəyərliyik (Rom. 12:4, 5; Kol. 3:10, 11).

22 Həvari Bulusun insan bədəni ilə bağlı bənzətməsindən çoxlu gözəl şeylər öyrəndik. Gəlin bu məsləhətlərə əməl edək. Onda yığıncaqda həm özümüzün, həm də başqalarının tutduğu yeri qiymətləndirməyin müxtəlif yollarını tapacağıq.

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

^ abz. 5 Yehovanın xalqı müxtəlif mədəniyyətlərdən olan insanlardan təşkil olunub. Onların hər birinin yığıncaqda öz yeri var. Bu məqalədə araşdıracağıq ki, Yehovanın xalqının hər bir üzvünə hörmət etmək nəyə görə vacibdir.

^ abz. 8 Timutinin heç vaxt ailə qurmadığını dəqiq deyə bilmərik.