Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 33

Sahib olduğunuz ənamlardan sevinc duyun

Sahib olduğunuz ənamlardan sevinc duyun

«Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır» (VAİZ 6:9).

NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz

İCMAL *

1. Yehovanın xalqı arasında hazırlıq ruhunun olduğu nədən görünür?

 BU DÜNYA sonuna yaxınlaşdığı üçün görüləsi çox işimiz var (Mət. 24:14; Luka 10:2; 1 But. 5:2). Hamımız Yehovaya mümkün qədər çox xidmət etmək istəyirik. Bir çox məsihi xidmətini genişləndirir. Kimisi öncül olmağın, kimisi Beyteldə və ya tikinti layihələrində xidmət etməyin arzusundadır. Çoxlu sayda qardaş isə yığıncaq xidmətçisi və ya ağsaqqal olmağa can atır (1 Tim. 3:1, 8). Sözsüz ki, Yehova xalqı arasında bu cür hazırlıq ruhunu görəndə çox sevinir! (Zəb. 110:3; Əşy. 6:8).

2. Bəzi ruhani məqsədlərə nail ola bilməyəndə hansı hissləri keçiririk?

2 Amma ola bilsin, ruhani məqsədlərimizin bəzilərinə xeyli vaxt keçsə də, nail ola bilməmişik. Bu da bizim əl-qolumuzu yanımıza sala bilər. Yaxud yaşımıza və ya başqa səbəblərə görə bəzi ruhani məqsədlər bizim üçün əlçatmazdır və buna görə ruhdan düşə bilərik (Məs. 13:12). Melisa * adlı bacı da Beyteldə xidmət etməyi və ya Padşahlıq Müjdəçiləri Məktəbində oxumağı çox istəyirdi. Ancaq o deyir: «Yaşım çox olduğuna görə bunlar mənim üçün yalnız xəyaldır. Buna görə bəzən məyus oluram».

3. Bəziləri müəyyən məsuliyyətləri almağa yararlı olmaq üçün nə etməlidir?

3 Elə məsihilər də var ki, gənc və sağlamdır, amma onlar müəyyən məsuliyyətlərə yararlı olmaq üçün bəzi xüsusiyyətlərə yiyələnməlidirlər. Ola bilsin, onlar zəkalı, qətiyyətli və şövqlüdürlər, amma işi dəqiqliklə görməyi, səbirli və hörmətcil olmağı öyrənməlidirlər. Əgər diqqətinizi lazımi xüsusiyyətləri yetişdirməyə cəmləsəniz, xidmətlə bağlı arzuladığınız məqsədləri gözləmədiyiniz anda alacaqsınız. Gəlin Nik adlı qardaşın hadisəsinə baxaq. Onun 20 yaşı olanda yığıncaq xidmətçisi təyin olunmadığına görə çox pis olmuşdu. O deyir: «Elə düşünürdüm ki, yəqin, məndə nəsə problem var». Amma Nik lazımi xüsusiyyətlərə yiyələnməyə davam etdi. Həmçinin çalışırdı ki, yığıncaqda və təbliğ işində öhdəsinə düşən işi yaxşı yerinə yetirsin. İndi o, filial komitəsinin üzvü kimi xidmət edir.

4. Bu məqalədə nə haqda danışacağıq?

4 Hansısa ruhani məqsədə hələ də nail olmadığınız üçün ruhdan düşmüsünüz? Əgər belədirsə, onda narahatçılığınız barədə Yehovaya dua edin (Zəb. 37:5—7). Bundan əlavə, yetkin qardaşlardan xidmətinizi püxtələşdirməklə bağlı məsləhət ala bilərsiniz. Sonra isə onların verdiyi məsləhətə əməl etməyə çalışın. Əgər belə etsəniz, məqsədinizə nail ola biləcəksiniz. Amma bayaq adı çəkilən Melisa kimi, bəziləri üçün arzuladıqları məqsədə çatmaq hal-hazırda mümkün deyil. Bəs belə halda sevincinizi necə qoruya bilərsiniz? Bu sualın cavabını tapmaq üçün gəlin görək 1) bizə nə sevinc verə bilər, 2) sevincimizi necə artıra bilərik və 3) hansı məqsədlər sevincimizə sevinc qata bilər.

BİZƏ NƏ SEVİNC VERƏ BİLƏR?

5. Sevinc duymaq üçün diqqətimizi nəyə cəmləməliyik? (Vaiz 6:9).

5 Vaiz 6:9 ayəsində izah olunur ki, bizə nə sevinc gətirə bilər. (Ayəni oxuyun.) Diqqətini gözlə gördüyü şeylərə cəmləyən insan sahib olduğu şeyləri qiymətləndirir, məsələn, o, hazırkı vəziyyətindən məmnundur. Bunun əksinə olaraq, xəyal dalınca düşən insan, sahib ola bilməyəcəyi şeyləri arzulayır. Buradan hansı nəticəni çıxarırıq? Sevinc duymaq üçün biz diqqətimizi əlimizdə olan şeylərə cəmləməliyik və bizim üçün real olan şeylərə can atmalıyıq.

6. Biz hansı məsəl haqda danışacağıq və bu məsəldən nə öyrənəcəyik?

6 Bəs, doğrudanmı, sahib olduğumuz şeylərdən məmnunluq duymaq mümkündür? Bəziləri fikirləşir ki, bu, mümkün deyil, çünki insan vaxt keçdikcə həyatında yeni-yeni şeylər öyrənmək istəyir. Əslində, bu, mümkündür. Biz sahib olduğumuz şeylərdən, sözün əsl mənasında, sevinc duya bilərik. Necə? Bu sualın cavabını tapmaq üçün gəlin İsanın Mətta 25:14—30 ayələrində çəkdiyi talant haqda məsələ baxaq. Bu məsəldən öyrənəcəyik ki, hal-hazırkı vəziyyətimizdə sevinc duymaq və sevincimizi artırmaq necə mümkündür.

SEVİNCİMİZİ NECƏ ARTIRA BİLƏRİK?

7. İsanın talant haqda məsəlini qısaca nəql edin.

7 Bu məsəldə bir adam səfərə çıxmağa hazırlaşır. Getməmişdən əvvəl o, nökərlərini yanına çağırır və dövriyyəyə buraxmaları üçün onlara talant * verir. O, nökərlərinin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə bir talant verir. Birinci və ikinci nökər öz tapşırıqlarını layiqincə yerinə yetirir, üçüncü nökər isə heç nə etmir, buna görə ağası onu qovur.

8. Məsəldəki birinci nökərin sevinməsi üçün hansı səbəb var idi?

8 Birinci nökər üçün böyük şərəf idi ki, ağası ona beş talant etibar edib. Bu, küllü miqdarda pul idi və ağasının ona nə qədər güvəndiyini göstərirdi. Bəs ikinci nökər haqda nə demək olar? Birinci nökər kimi, ona da beş talant verilmədiyinə görə o, ruhdan düşə bilərdi. Bəs o nə etdi?

İsanın məsəlindəki ikinci nökərdən nə öyrənirik? 1) Ağası ona iki talant verəndə bundan məmnun qaldı. 2) O, ağası üçün daha çox pul qazanmaqdan ötrü canla-başla işlədi. 3) O, ağasının verdiyi talantları ikiqat artırdı (9—11 abzaslara baxın)

9. İsa məsəldəki ikinci nökər haqda nə deməmişdi? (Mətta 25:22, 23).

9 Mətta 25:22, 23 ayələrini oxuyun. İsanın məsəlində deyilmir ki, ikinci nökər cəmi iki talant aldığına görə pis oldu və ya incidi. Nə də yazılmayıb ki, o, gileylənərək belə desin: «Elə bu? Mən buna layiqəm? Beş talant alan nökərdən nəyim əskikdir? Ağa mənə lazımınca dəyər vermirsə, mən də bu iki talantı aparıb basdıracağam, gedib öz işimlə məşğul olacağam».

10. İkinci nökər ona həvalə olunmuş talantlarla nə etdi?

10 Birinci nökər kimi, ikinci nökər də ona həvalə olunmuş məsuliyyətə çox ciddi yanaşdı və ağası üçün canla-başla işlədi. Nəticədə, ağasının ona verdiyi talantı ikiqat artırdı. O, zəhmətinə və bacarığına görə mükafat aldı. Ağası çox sevindi, üstəlik, ona daha çox şey həvalə etdi!

11. Sevincimizi necə artıra bilərik?

11 Eynilə biz də Yehovaya xidmətdə aldığımız istənilən tapşırığı canla-başla görməklə sevincimizi artıra bilərik. «Bütün vaxtını»zı təbliğ işinə həsr edin və yığıncaqla bağlı işlərdə tam iştirak edin (Həv. 18:5; İbr. 10:24, 25). Yığıncağa yaxşı hazırlaşın ki, ruhlandırıcı şərhlər verə biləsiniz. Həftəarası görüşlərdə sizə verilən istənilən şagird tapşırığına ciddi yanaşın. Əgər yığıncaqda sizə hansısa işi tapşırıblarsa, punktual olun və etibarı doğruldun. Sizə həvalə olunan heç bir işə vaxt itkisi kimi baxmayın. Daima öz işinizdə püxtələşməyə çalışın (Məs. 22:29). Ruhani işlərə və tapşırıqlarınıza nə qədər çox can yandırsanız, bir o qədər çox inkişaf edəcəksiniz və sevinciniz də artacaq (Qal. 6:4) Həmçinin arzuladığınız təyinatı başqası alanda onunla birgə sevinə biləcəksiniz (Rom. 12:15; Qal. 5:26).

12. İki Yehovanın Şahidi sevinclərini artırmaq üçün nə etdi?

12 Gəlin bir daha Melisanı xatırlayaq. Qeyd etdiyimiz kimi, o, ya Beyteldə xidmət etmək, ya da Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq istəyirdi, amma bu onun üçün mümkün deyildi. Görün o nə deyir: «Çalışıram, öncül kimi əlimdən gələni edim və təbliğin bütün növlərində iştirak edim. Bu mənə böyük sevinc bəxş edir». Bəs Nik haqda nə demək olar? O, yığıncaq xidmətçisi təyin olunmayanda məyus olmuşdu. Ona məyusluğun öhdəsindən gəlməyə nə kömək etdi? O deyir: «Diqqətimi əlimdə olan imkanlara — təbliğ işində iştirak etməyə və yığıncaqda dolğun şərhlər verməyə cəmlədim. Həmçinin Beytel xidməti üçün ərizə blankı doldurdum və növbəti il Beytelə dəvət olundum».

13. İndiki təyinatınızda canla-başla çalışmağın bəhrəsi nə olacaq? (Vaiz 2:24).

13 Bəs indiki təyinatınızda canla-başla çalışsanız, gələcəkdə əlavə məsuliyyətlər alacaqsınız? Ola bilsin, hə. Nikin vəziyyətində belə oldu. Amma Melisa kimi, siz də əlavə məsuliyyətlər almasanız da, yenə də sevinciniz artacaq və böyük məmnunluq duyacaqsınız. (Vaiz 2:24 ayəsini oxuyun.) Bundan əlavə, Ağamız İsa Məsihi razı saldığınız üçün xoşbəxt olacaqsınız.

SEVİNCİNİZƏ SEVİNC QATAN MƏQSƏDLƏR

14. Ruhani məqsədlərimizlə bağlı nəyi unutmamalıyıq?

14 Diqqətimizi hal-hazırkı təyinatımıza cəmləmək o deməkdirmi ki, artıq xidmətimizi genişləndirməyə can atmamalıyıq? Xeyr, biz yenə də qarşımıza ruhani məqsədlər qoya bilərik və qoymalıyıq da. Bu məqsədlər bizə xidmətdə daha da səriştəli olmağımıza və bacı-qardaşlar üçün daha çox yararlı olmağımıza kömək edəcək. Əgər hikmətli və təvazökar olub qarşımıza real məqsədlər qoysaq və özümüzü yox, başqalarına xidmət etməyi düşünsək, məqsədlərimizə çatacağıq və sevinc duyacağıq (Məs. 11:2; Həv. 20:35).

15. Hansı məqsədlər sevincinizi artıra bilər?

15 Qarşınıza hansı məqsədləri qoya bilərsiniz? Sizin üçün hansı məqsədlərin real olduğunu müəyyən etmək üçün duada Yehovadan kömək istəyin (Məs. 16:3; Yaq. 1:5). Bu məqalənin  birinci abzasında yazılan məqsədlərə can ata bilərsiniz? Məsələn, köməkçi öncül və ya öncül olmağı, Beyteldə xidmət etməyi və ya tikinti layihələrində iştirak etməyi qarşınıza məqsəd qoya bilərsiniz? Yaxud müjdəni yaymaq və ya başqa ərazidə xidmət etmək üçün yeni dil öyrənə bilərsiniz. Bu məqsədlər barədə daha ətraflı məlumat almaq üçün «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 10-cu fəslini oxuyun, yaxud yığıncağınızın ağsaqqalları ilə bu barədə danışın *. Məqsədinizə doğru irəlilədikcə, inkişafınız göz qabağında olacaq və sevinciniz artacaq.

16. Əgər hansısa məqsədlərə nail olmağınız hal-hazırda mümkün deyilsə, nə edə bilərsiniz?

16 Bəs bu məqalədə danışdığımız məqsədlər hal-hazırda sizin üçün əlçatan deyilsə, onda necə? Qarşınıza sizin üçün mümkün olan məqsədlər qoyun. Gəlin görək bu nə kimi məqsədlər ola bilər.

Qarşınıza hansı əlçatan məqsədi qoya bilərsiniz? (17-ci abzasa baxın) *

17. 1 Timutiyə 4:13, 15 ayələrinə əsasən, qardaş yaxşı müəllim olmaq üçün nə edə bilər?

17 1 Timutiyə 4:13, 15 ayələrini oxuyun. Əgər siz vəftiz olunmuş qardaşsınızsa, natiqlik və müəllimlik qabiliyyətinizi püxtələşdirə bilərsiniz. Özünüzü oxumağa, natiqlik və müəllimlik qabiliyyətinizi yaxşılaşdırmağa həsr etsəniz, sizi dinləyən insanlara daha böyük faydanız olacaq. «Özünü oxumağa və təlim verməyə həsr et» broşüründəki bütün dərsləri oxumağı və tətbiq etməyi qarşınıza məqsəd qoyun. Hər dəfə bir dərsi araşdırın, evdə yaxşı-yaxşı məşq edin və çıxışınız zamanı öyrəndiklərinizi əks etdirməyə çalışın. Məsləhət verməyə məsul qardaşdan * və ya «cidd-cəhdlə danışan və öyrədən» başqa ağsaqqaldan məsləhət alın (1 Tim. 5:17). Məqsədiniz təkcə dərslərdəki məsləhətlərə əməl etmək yox, həmçinin dindaşlarınızın imanını möhkəmləndirmək və onları hərəkətə təşviq etmək olsun. Bu həm sizin sevincinizi artıracaq, həm də onların.

Qarşınıza hansı əlçatan məqsədi qoya bilərsiniz? (18-ci abzasa baxın) *

18. Təbliğ xidmətində qarşımıza qoyduğumuz məqsədlərə çatmağa nə kömək edə bilər?

18 Hər birimizin təbliğ etmək və şagird hazırlamaq kimi təyinatı var (Mət. 28:19, 20; Rom. 10:14). Bu mühüm işdə daha səriştəli olmaq istəyərdiniz? «Təlim» broşürünü oxuyun və oradan öyrəndiklərinizə əməl etməyə kömək edəcək konkret məqsədlər qoyun. Həmçinin «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsindən və həftəarası görüşlərdə göstərilən söhbət planına aid videolardan faydalı fikirlər tapa bilərsiniz. Sizin ərazinizdə nəyin daha yaxşı işə yaradığını bilmək üçün müxtəlif məsləhətləri sınaqdan keçirin. Bu məsləhətlərə əməl etdikcə daha səriştəli təbliğçi olacaqsınız və bundan böyük sevinc duyacaqsınız (2 Tim. 4:5).

Qarşınıza hansı əlçatan məqsədi qoya bilərsiniz? (19-cu abzasa baxın) *

19. Məsihi xüsusiyyətlərini necə inkişaf etdirə bilərsiniz?

19 Həmçinin unutmayın ki, qarşınıza qoya biləcəyiniz ən vacib məqsədlərdən biri də məsihi xüsusiyyətlərini yetişdirməkdir (Qal. 5:22, 23; Kol. 3:12; 2 But. 1:5—8). Bu məqsədə necə çata bilərsiniz? Tutaq ki, özünüzdə möhkəm iman yetişdirmək istəyirsiniz. Nəşrlərimizdən imanımızı möhkəmləndirmək üçün məsləhətlərin yazıldığı məqalələr oxuya bilərsiniz. Həmçinin JW televiziyasının aylıq proqramında olan hissələrdən faydalana bilərsiniz. Orada müxtəlif sınaqlar qarşısında möhtəşəm iman təzahür etdirən bacı-qardaşların nümunəsi yer alır. Sonra onların imanından necə örnək ala biləcəyiniz barədə düşünün.

20. Sevincimizi artırmaq və məyusluğumuzu azaltmaq üçün nə edə bilərik?

20 Şübhəsiz, hər birimiz istəyərdik ki, hal-hazırda Yehovanın yolunda daha çox iş görək. Bizim yeni dünyada Ona tam şəkildə xidmət etmək imkanımız olacaq. O vaxta qədər isə indi görə biləcəyimiz işlərə can yandırsaq, sevincimiz artacaq, məyusluğumuz azalacaq. Ən əsası isə xoşbəxt Allahımız Yehovanı şərəfləndirəcəyik (1 Tim. 1:11). Buna görə də gəlin diqqətimizi əlimizdəki məsuliyyətlərə cəmləyək və bundan sevinc duyaq!

NƏĞMƏ 82 «Qoy nurunuz parlasın»

^ abz. 5 Biz Yehovanı çox sevirik və Ona xidmətdə əlimizdən gələni etmək istəyirik. Bu bizi xidmətimizi genişləndirməyə və yığıncaqda əlavə məsuliyyətlər almaq üçün tələblərə cavab verməyə təşviq edir. Bəs nə qədər çalışsaq da, bəzi məqsədlərimizə çata bilmiriksə, onda necə? Hər şeyə rəğmən, canla-başla xidmət etməyə və sevincimizi qorumağa bizə nə kömək edə bilər? İsanın talant haqda məsəli bu suallara cavab tapmağa kömək edəcək.

^ abz. 2 Bəzi adlar şərtidir.

^ abz. 7 BƏZİ İFADƏLƏRİN İZAHI. Bir talant bir işçinin 20 illik əməkhaqqına bərabər idi.

^ abz. 15 Vəftiz olunmuş qardaşlar yığıncaq xidmətçisi və ya ağsaqqal olmaq üçün tələblərə cavab verməyə təşviq olunur. Bu tələblər barədə «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 5 və 6-cı fəsillərində yazılıb.

^ abz. 17 BƏZİ İFADƏLƏRİN İZAHI. Məsləhət verməyə məsul qardaş ağsaqqallara və yığıncaq xidmətçilərinə məsləhət vermək üçün təyin olunan ağsaqqaldır. Bu ağsaqqal lazım gəldikdə onlara səhnədən icra etdikləri istənilən tapşırıqla bağlı təklikdə məsləhət verir.

^ abz. 64 ŞƏKLİN İZAHI. Qardaş daha yaxşı müəllim olmaq məqsədinə çatmaq üçün nəşrlərimizdən axtarış aparır.

^ abz. 66 ŞƏKLİN İZAHI. Qeyri-formal şahidlik verməyi qarşısına məqsəd qoyan bacı ofisiant qıza vizit kartımızı verir.

^ abz. 68 ŞƏKLİN İZAHI. Qarşısına məsihi xüsusiyyətləri yetişdirməyi məqsəd qoyan bacı dindaşına hədiyyə verib onu sevindirir.