TƏLİM MƏQALƏSİ 35
Daima «bir-birinizi möhkəmləndirin»
«Bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 SALON. 5:11).
NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq
İCMAL *
1. 1 Salonikililərə 5:11 ayəsinə əsasən, biz hansı işdə iştirak edirik?
NƏ VAXTSA yığıncağınız ibadət evinin tikintisində və ya təmir-bərpa işlərində iştirak edib? Yəqin, işlər bitəndən sonra keçirdiyiniz ilk yığıncaq hələ də yadınızdadır. Ürəyiniz Yehovaya şükranla dolub-daşırdı. Bəlkə də, elə kövrəlmişdiniz ki, ilk nəğməni güclə oxumuşdunuz. İbadət evlərimiz Yehovanın adını şərəfləndirir. Amma biz həm də başqa növ tikinti işində iştirak edirik və bununla Yehovanı daha çox şərəfləndiririk. Söhbət binadan da dəyərli olan bir şeydən gedir. Biz ibadət evinə gələn insanların imanını möhkəmləndiririk. Həvari Bulus məqalənin əsas ayəsi olan 1 Salonikililərə 5:11 ayəsində məsihiləri belə bir «tikinti işində» iştirak etməyə təşviq edirdi. Çünki ayədə istifadə olunan «möhkəmləndirmək» sözü yunan dilində həmçinin «tikmək» mənasını verir. (Ayəni oxuyun.)
2. Bu məqalədə nə haqda danışacağıq?
2 Həvari Bulus dindaşlarının imanını möhkəmləndirməyin yolunu yaxşı bilirdi. Bulusun onlara canı yanırdı. Bu məqalədən öyrənəcəyik ki, o, dindaşlarına 1) sınaqlara dözməyə, 2) bir-birləri ilə sülhdə olmağa və 3) Yehovaya imanlarını möhkəmləndirməyə necə kömək etmişdi. Gəlin görək ondan örnək götürərək dindaşlarımızı necə möhkəmləndirə bilərik (1 Kor. 11:1).
HƏVARİ BULUS DİNDAŞLARINA SINAQLARA DÖZMƏYƏ KÖMƏK EDİRDİ
3. Həvari Bulusun xidmətə və işə tarazlı yanaşdığı nədən görünürdü?
3 Bulus iman bacı-qardaşlarını çox istəyirdi. Onlar sınaqlarla üzləşəndə hallarına acıyırdı, onlara şəfqətlə yanaşırdı. Axı o özü də çətinliyin nə olduğunu yaxşı bilirdi. Bir dəfə Bulusun pulu qurtarmışdı. O özünü və əməkdaşlarını dolandırmaq üçün iş tapmalı idi (Həv. 20:34). Bulusun peşəsi çadır tikmək idi. O, Korinfə gələndə əvvəl-əvvəl Priskilla və Akvilasla birgə bu işlə məşğul oldu. Bununla yanaşı, o, «hər şənbə» yəhudilərə və yunanlara təbliğ edirdi. Sila və Timuti Korinfə gələndən sonra isə «Bulus bütün vaxtını Allahın sözünü yaymağa həsr etdi» (Həv. 18:2—5). O, həyatında əsas məqsədinin Yehovaya xidmət etmək olduğunu heç vaxt unutmurdu. Bulus həm özünü dolandırırdı, həm də xidmətə can qoyurdu, buna görə də bacı-qardaşlara bu sahədə gözəl məsləhətlər verə bilirdi. Bulus onlara xatırladırdı ki, həyatın qayğıları, ailəni dolandırmaq məsuliyyəti «daha vacib» şeylərə — Yehovaya ibadətimizlə bağlı işlərə mane olmamalıdır (Filip. 1:10).
4. Bulusla Timuti dindaşlarına təqiblərə sinə gərməyə necə kömək etmişdilər?
4 Salonikidə yığıncaq yaranandan qısa müddət sonra imana yeni gəlmiş məsihilər güclü təqiblərlə üzləşdilər. Qəzəbli kütlə Bulusla Silanı tapa bilməyəndə «bir neçə qardaşı şəhər rəhbərlərinin yanına sürüyüb gətirdilər» və çığır-bağır salıb dedilər: «Bu adamların hamısı Sezarın fərmanlarına qarşı çıxırlar» (Həv. 17:6, 7). Yəqin, imana yeni gələnlər şəhərdəki insanların onlara qarşı qalxdığını görəndə təşvişə düşmüşdülər. Onlar xidmətdə şövqlərini itirə bilərdilər, amma Bulus bunun olmasını istəmirdi. Bulusla Sila şəhəri tərk etməli olsa da, bu yeni yığıncağı köməksiz qoymadılar. Bulus salonikililərə belə yazmışdı: «İmanınızla bağlı sizi möhkəmləndirmək və sizə təsəlli vermək üçün qardaşımız Timutini yanınıza göndərdik ki, bu əziyyətlər heç kəsin imanını sarsıtmasın» (1 Salon. 3:2, 3). Timuti özü də, çox ehtimal ki, doğma yurdu Listrada təqiblə üzləşmişdi. O, Bulusun oradakı bacı-qardaşları necə möhkəmləndirdiyinin şahidi olmuşdu. Timuti Yehovanın Öz xidmətçilərinə dayaq olduğunu gördüyü üçün imana yeni gələn bacı-qardaşları hər şeyin yaxşı olacağına əmin edə bilmişdi (Həv. 14:8, 19—22; İbr. 12:2).
5. Brayant adlı qardaşa bir ağsaqqal necə kömək etmişdi?
5 Həvari Bulus dindaşlarını başqa hansı yolla möhkəmləndirmişdi? Bulus Barnəba ilə birgə Listranı, Konyanı və Antakyanı təkrar ziyarət edəndə «hər yığıncaqda ağsaqqallar təyin etdilər» (Həv. 14:21—23). Şübhəsiz, bu ağsaqqallar yığıncaqlar üçün əsl təsəlli mənbəyi idi. Bu gün yığıncağımızdakı ağsaqqallar da belədir. Görün Brayant adlı bir qardaş nə deyir: «15 yaşım olanda atam bizi atıb getdi, anam isə yığıncaqdan kənar edildi. Özümü atılmış hiss edirdim və çox ruhdan düşmüşdüm». Brayant bu çətinliyə necə dözdü? O deyir: «Toni adlı bir ağsaqqal istər yığıncaqda, istər başqa vaxtlarda həmişə mənimlə söhbət edirdi. Çətinliklərinə rəğmən xoşbəxt olan insanlardan misal gətirmişdi. Mənə Zəbur 27:10 ayəsini oxumuşdu və tez-tez Hizqiyyənin nümunəsini çəkirdi. Hizqiyyənin atası onun üçün yaxşı nümunə olmasa da, o, Yehovaya sadiq qalmışdı». Bu cür dəstək görməsinin Brayanta hansı faydası oldu? O deyir: «Toninin diqqəti, qayğısı sayəsində mən tamvaxtlı xidmətə başladım və bundan məmnunluq duyuram». Əziz ağsaqqallar, diqqətli olun ki, Brayant kimi «xoş söz» eşidib ruhlanmağa ehtiyacı olanlar nəzərinizdən yayınmasın (Məs. 12:25).
6. Bulus dindaşlarını mömin insanların nümunələri vasitəsilə necə ruhlandırmışdı?
6 Bulus dindaşlarına «böyük şahidlər buludunun» Yehovanın verdiyi güc sayəsində çətinlikləri aşdığını xatırlatmışdı (İbr. 12:1). O bilirdi ki, müxtəlif çətinliklərdən başıuca çıxan mömin insanların nümunəsi dindaşlarını cəsarətləndirə bilər, onlara diqqətlərini «var olan Allahın şəhəri»nə cəmləməyə kömək edə bilər (İbr. 12:22). Eyni şeyi bizim haqda da demək olar. Məgər Yehovanın Cəduna, Bərəqə, Davuda, İşmuilə və digərlərinə dayaq olması haqda oxumaq bizi möhkəmləndirməyib? (İbr. 11:32—35). Biz həmçinin bizim dövrdə iman örnəyi olan dindaşlarımızdan da çox şey öyrənirik. Bunu baş idarəyə gələn çoxsaylı məktublardan görmək olar. Bacı-qardaşlar yazırlar ki, sadiq məsihilərin həyat hekayələri onların imanını çox möhkəmləndirib.
BULUS DİNDAŞLARINA BİR-BİRLƏRİ İLƏ SÜLHDƏ OLMAĞI ÖYRƏDİRDİ
7. Bulusun Romalılara 14:19—21 ayələrindəki məsləhətindən nə öyrənirik?
7 Bacı-qardaşları möhkəmləndirməyin digər yolu var gücümüzlə yığıncaqda sülhün olmasına çalışmaqdır. Biz fikir ayrılıqlarına görə aramızda parçalanmanın yaranmasına yol vermirik. Hətta əgər nəyəsə haqqımız çatırsa və bununla heç bir prinsipi pozmuruqsa, öz fikrimizdə təkid etməyəcəyik. Bir nümunəyə baxaq. Romadakı yığıncaqda həm yəhudi, həm də qeyri-yəhudi məsihilər var idi. Musanın qanunu ləğv olunandan sonra müəyyən qidalara qoyulan qadağa qüvvədən düşdü (Mark 7:19). Buna görə də artıq bəzi yəhudi məsihilər hər şeyi yeməyi qəbahət saymırdılar. Amma digər yəhudi məsihilər bunu düzgün hesab etmirdilər. Bu məsələyə görə yığıncaqda ikitirəlik yarandı. Bulus yığıncaqda sülhü qorumağın vacibliyini vurğuladı və belə dedi: «Yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də qardaşının imanını sarsıdan başqa bir iş gör». (Romalılara 14:19—21 ayələrini oxuyun.) Bununla o, dindaşlarına başa salmaq istəyirdi ki, bu cür müzakirələr həm ayrı-ayrılıqda məsihilərin özünə, həm də bütün yığıncağa pis təsir edə bilər. Həm də Bulus başqalarını büdrətməmək üçün özündə də lazımi dəyişiklikləri etməyə hazır idi (1 Kor. 9:19—22). Biz də şəxsi seçim məsələlərində mübahisə etməməklə aramızdakı sülhü qoruyacağıq və dindaşlarımızın imanını sarsıtmayacağıq.
8. Yığıncaqda sülhü qorumaq üçün Bulus necə davranmışdı?
8 Hətta vacib məsələlərə görə fikir ayrılığı yarananda Bulus sülhü qorumağa çalışırdı. Məsələn, birinci əsrdə yığıncaqda bəziləri israr edirdi ki, məsihiliyi qəbul edən qeyri-yəhudilər sünnət olunsun. Ola bilsin, onlar camaatın qınağından qorxduqları üçün bunu istəyirdilər (Qal. 6:12). Bulus bu fikirlə qətiyyən razı deyildi, amma o öz fikrini yeritmədi. Təvazökarlıq göstərib, məsələnin həlli üçün Yerusəlimdəki həvarilərin və ağsaqqalların məsləhətinə üz tutdu (Həv. 15:1, 2). Onun bu addımı sayəsində həmin məsihilər sevinclərini və aralarındakı birliyi qoruya bildilər (Həv. 15:30, 31).
9. Bulusun nümunəsini necə izləyə bilərik?
9 Əgər hansısa məsələyə görə aramızda ciddi mübahisə yaranarsa, biz sülhə necə can ata bilərik? Yığıncağın qeydinə qalmaq üçün Yehovanın təyin etdiyi qardaşlardan məsləhət ala bilərik. Həmçinin Müqəddəs Kitaba əsaslanan göstərişləri nəşrlərimizdən və ya təşkilatımızın verdiyi digər rəbhərliklərdən tapmaq olar. Əgər biz öz fikrimizdə təkid etməsək, əksinə, diqqətimizi bu göstərişlərə əməl etməyə yönəltsək, yığıncaqda sülhün olmasına töhfə verəcəyik.
10. Həvari Bulus başqa hansı yolla yığıncaqda sülh yaratmağa çalışırdı?
10 Bulus bacı-qardaşların mənfi yox, müsbət cəhətlərini vurğulamaqla yığıncaqda sülh yaradırdı. Məsələn, Bulus romalılara yazdığı məktubun sonunda çoxlu məsihilərin adlarını çəkmişdi, əksəriyyəti haqda xoş sözlər demiş, yaxud da sırf onlara aid nələrisə vurğulamışdı. Biz də Bulusdan nümunə götürərək bacı-qardaşlarımızın gözəl xüsusiyyətləri haqqında ağızdolusu danışmaqla onlar arasındakı dostluğu daha da möhkəmləndirmiş olacağıq. Bu da öz növbəsində yığıncaqda məhəbbət bağlarını gücləndirəcək.
11. Dindaşımızla aramızda gərginlik yarananda sülhü necə bərpa edə bilərik?
11 Hətta bəzən yetkin məsihilər arasında da mübahisə yarana bilər. Belə bir şey Bulusla onun yaxın dostu olan Barnəba arasında baş vermişdi. Barnəba növbəti təbliğ səyahətinə Markı da özü ilə götürmək istəyirdi, Bulus isə qətiyyən buna qarşı idi. Bu məsələ «onların arasında qızğın çəkişməyə səbəb oldu» və onların yolları ayrıldı (Həv. 15:37—39). Amma Bulus, Barnəba və Mark aralarındakı münasibəti yoluna qoydular və bununla da göstərdilər ki, yığıncaqda sülhün və birliyin olması onlar üçün çox vacibdir. Sonralar Bulus məktublarında Markla Barnəbanı tərifləmişdi (1 Kor. 9:6; Kol. 4:10). Biz də yığıncaqdakı bacı-qardaşlarla aramızdakı gərginliyi aradan qaldırmalıyıq və onların yaxşı cəhətlərinə diqqətimizi yönəltməliyik. Onda yığıncaqda birliyi və sülhü qorumuş olacağıq (Efes. 4:3).
BULUS DİNDAŞLARININ İMANINI MÖHKƏMLƏNDİRİRDİ
12. Bu gün bacı-qardaşlar hansı çətinliklərlə üzləşir?
12 Bacı-qardaşları möhkəmləndirməyin bir yolu da onların Yehovaya imanını gücləndirməkdir. Bəziləri ailə üzvlərinin, iş və ya sinif yoldaşlarının rişxəndinə məruz qalır. Kimisinin səhhətində ciddi problem var, kimisinin qəlbinə dəyiblər. Bəziləri isə çoxdandır vəftiz olunub və uzun illərdir bu şər dünyanın sonunu gözləyir. Bütün bu vəziyyətlər məsihinin imanını sınaya bilər. Birinci əsrdəki məsihilərin də buna bənzər sınaqları olurdu. Bəs Bulus bu bacı-qardaşları necə möhkəmləndirmişdi?
13. Bulus etiqadlarına görə rişxənd olunan dindaşlarına necə kömək etmişdi?
13 Bulus dindaşlarının imanını Müqəddəs Yazılar vasitəsilə möhkəmləndirirdi. Məsələn, ola bilsin ki, yəhudi məsihilərin imanlarına şərik olmayan ailə üzvləri iudaizmin məsihilikdən üstün olduğunu deyəndə onlar necə cavab verəcəklərini bilmirdilər. Şübhəsiz, Bulusun ibranilərə yazdığı məktub həmin məsihilərin imanını möhkəmləndirmişdi (İbr. 1:5, 6; 2:2, 3; 9:24, 25). Bulusun orada gətirdiyi güclü dəlillər vasitəsilə onlar imanlarına qarşı çıxanlara cavab verə bilərdilər. Bu gün də bəzi dindaşlarımız rişxənd olunur. Biz onlara əqidələrini izah etmək üçün Müqəddəs Kitaba əsaslanan nəşrlərdən lazımi fikirlər tapmağa kömək edə bilərik. Əgər gənc dindaşlarımızı bayram və ad günü qeyd etmədiyi üçün ələ salırlarsa, onlara «Əbədi xoşbəxt həyat!» kitabının 44-cü fəsli vasitəsilə mövqelərini izah etməyə kömək etmək olar.
14. Bulus təbliğ və təlim işi ilə çox məşğul olsa da, nəyi unutmurdu?
14 Bulus dindaşlarını «yaxşı işlər» vasitəsilə bir-birlərinə məhəbbət göstərməyə təşviq edirdi (İbr. 10:24). Bulus onlara təkcə sözləri ilə yox, əməlləri ilə də dəstək olurdu. Məsələn, Yəhudiyyədəki məsihilər aclıq çəkəndə Bulus onlara yardımın çatdırılmasına kömək etmişdi (Həv. 11:27—30). O, təbliğ və təlim işi ilə çox məşğul olsa da, maddi yardıma ehtiyacı olan dindaşlarına həmişə necəsə kömək etməyə çalışırdı (Qal. 2:10). Bununla o, dindaşlarının imanını möhkəmləndirirdi, onlar əmin olurdu ki, Yehova onların qeydinə qalacaq. Bu gün biz vaxtımızı, gücümüzü və bacarığımızı təbii fəlakətdən zərərçəkənlərə kömək etmək üçün səfərbər edəndə onların imanını möhkəmləndiririk. Bura ümumdünya işinə ianə etməyimiz də daxildir. Bacı-qardaşlarımıza bu və ya digər yollarla dəstək olmaqla Yehovanın onları heç vaxt atmayacağına etibar etməyə kömək edirik.
15, 16. İmanı zəifləyən dindaşlarımızla necə davranmalıyıq?
15 Bulus imanı zəif olan dindaşlarından əlini üzmürdü. Onlara canıyananlıq göstərirdi, mehriban danışırdı, sözləri ilə onlar haqqında müsbət fikirdə olduğunu göstərirdi (İbr. 6:9; 10:39). Misal üçün, ibranilərə məktubunda o özünü də daxil edərək cəm şəklində danışırdı, bununla göstərirdi ki, verdiyi məsləhətə özü də əməl etməlidir (İbr. 2:1, 3). Bulus kimi, biz də imanı zəif olan dindaşımızdan əlimizi üzməməliyik, əksinə, imanlarını möhkəmləndirmək üçün onlarla ürəkdən maraqlanmalıyıq. Bununla onları sevdiyimizi göstərəcəyik. Mülayim və mehriban səs tonumuz deyəcəyimiz sözlər qədər vacibdir.
16 Bulus dindaşlarına Yehovanın onların yaxşı işlərindən agah olduğunu xatırladırdı (İbr. 10:32—34). Biz də imanı zəifləyən dindaşımızı möhkəmləndirərkən eyni cür davrana bilərik. Onu təşviq edə bilərik ki, həqiqətə necə gəldiyini, yaxud çətin anlarında Yehovanın ona necə dayaq olduğunu yada salsın. Həmçinin qeyd edə bilərik ki, onun keçmişdə Yehovaya məhəbbətdən irəli gələrək gördüyü işləri Yehova unutmayıb və gələcəkdə də onu heç vaxt atmayacaq (İbr. 6:10; 13:5, 6). Bu kimi söhbətlər dəyərli dindaşımızın Yehovaya xidmət etmək həvəsini alovlandıra bilər.
«BİR-BİRİNİZİ MÖHKƏMLƏNDİRİN»
17. Hansı sahələrdə püxtələşə bilərik?
17 Tikintidə işləyən insan vaxt keçdikcə öz işində püxtələşdiyi kimi, gərək biz də dindaşlarımızı möhkəmləndirmək işində püxtələşək. Sınaqlarla üzləşən dindaşlarımızı möhkəmləndirmək üçün onlara çətinliklərə sinə gərmiş sadiq insanların nümunəsini çəkmək olar. Aramızda sülhün olması üçün dindaşlarımızın gözəl keyfiyyətlərini dilə gətirməliyik, sülhü pozacaq vəziyyətlərdə sülhü qorumalıyıq və aramızda gərginlik yaranarkən sülhü bərpa etməliyik. Həmçinin dindaşlarımızın imanını bundan sonra da möhkəmləndirmək üçün onlarla Müqəddəs Kitab həqiqətləri haqda danışmalıyıq, əməli kömək göstərməliyik və ruhən zəif olanlara dayaq olmalıyıq.
18. Siz nə etməyə qətiyyətlisiniz?
18 Təşkilatımızın tikinti layihələrində çalışanlar daxillərində sevinc və məmnunluq duyurlar. Biz bacı-qardaşlarımızın imanını möhkəmləndirmək işində iştirak etməklə bu cür hisslər duya bilərik. Adətən zaman keçdikcə binalar aşınmaya məruz qalır, amma bizim gördüyümüz işin bəhrəsi əbədi ola bilər. Gəlin bundan sonra da bir-birimizə təsəlli verək və bir-birimizi möhkəmləndirək (1 Salon. 5:11).
NƏĞMƏ 100 Qonaqpərvər olaq
^ Bu dünyada həyat çox çətindir. Dindaşlarımız böyük təzyiqlərlə üzləşir. Onları ruhlandırmaq üçün əlimizdən gələni etsək, onlara böyük köməyimiz dəyər. Biz bu sahədə həvari Bulusdan örnək götürə bilərik.
^ ŞƏKLİN İZAHI. Ata qızına yeni il keçirmək təzyiqinə qarşı durmaq üçün nəşrlərimizdəki məsləhətlərdən yararlanmağı öyrədir.
^ ŞƏKLİN İZAHI. Ər-arvad ölkənin bir ucundan o biri ucuna zərərçəkənlərə kömək etmək üçün gəlib.
^ ŞƏKLİN İZAHI. Ağsaqqal imanı zəifləmiş qardaşı ziyarət edir. Ona illər öncə birgə keçdikləri Öncül Məktəbindəki şəkilləri göstərir. Şəkillərə baxanda həmin xoş xatirələr bir daha yadlarına düşür. Qardaşın ürəyində bir vaxtlar Yehovaya xidmətdə duyduğu sevinci yenidən duymaq istəyi oyanır. Bir müddət sonra o, yığıncağa geri dönür.