Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 33

Yehovanın nəzəri xalqının üzərindədir

Yehovanın nəzəri xalqının üzərindədir

«Yehovanın gözü Ondan qorxanların üzərindədir» (ZƏB. 33:18).

NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»

İCMAL *

1. Nəyə görə İsa Məsih Yehovadan davamçılarını qorumasını xahiş etmişdi?

 ÖLÜMÜNDƏN öncəki gecə İsa Məsih Atasından xüsusi bir şey xahiş etmişdi. Ondan davamçılarını qorumasını diləmişdi (Yəh. 17:15, 20). Əlbəttə, Yehova həmişə xidmətçilərini qoruyub və onların qeydinə qalıb. Bəs onda İsa nəyə görə belə bir xahiş etmişdi? O bilirdi ki, Şeytan onun davamçılarını görünməmiş dərəcədə təqib edəcək və bu hücumlara qarşı durmaq üçün onların Yehovanın köməyinə ehtiyacı olacaq.

2. Zəbur 33:18—20 ayələrinə əsasən, nəyə görə çətinliklərlə üzləşəndə təlaşa düşməməliyik?

2 Bu gün Şeytan dünyası Allahın xalqına hədsiz təzyiqlər göstərir. Başımıza gələn bəlalara görə məyusluğa qapıla bilərik, hətta Yehovaya sədaqətimiz sınana bilər. Amma bu məqalədən görəcəyimiz kimi, qətiyyən təlaşa düşməyə dəyməz. Yehovanın gözü bizim üzərimizdədir. O, üzləşdiyimiz hər çətinlikdən agahdır və bizim köməyimizə çatmağa həmişə hazırdır. Gəlin Yehovanın gözünün Ondan qorxanların üzərində olduğunu göstərən iki nümunəyə baxaq. (Zəbur 33:18—20 ayələrini oxuyun.)

TƏNHALIQ HİSSİ

3. Özümüzü tənha hiss etməyimizə nələr səbəb ola bilər?

3 Yığıncağımızda çoxlu bacı-qardaşlarımız olsa da, bəzən özümüzü tənha hiss edirik. Məsələn, bəzi gənclər sinif yoldaşlarının qarşısında etiqadları haqqında danışanda və ya yeni yığıncağa keçəndə özlərini tənha hiss edirlər. Bəzilərimizə kədər hissi, bədbin fikirlər aman vermir və fikirləşirik ki, bu cür hisslərlə təkbaşına çarpışmalıyıq. Ola bilsin, kiminləsə bu barədə danışmağa çəkinirik, bizi başa düşməyəcəklərini fikirləşirik. Bəzən isə bizə elə gəlir ki, heç kimə lazım deyilik. Səbəbindən asılı olmayaraq tənhalıq hissi daxilimizdə çarəsizlik, təlaş hissi yaradır. Yehova bizim belə hisslər keçirməyimizi qətiyyən istəmir. Bunu haradan bilirik?

4. Nəyə görə İlyas peyğəmbər «təkcə mən qalmışam» demişdi?

4 Gəlin İlyas peyğəmbərlə baş verən hadisəyə nəzər salaq. Məlikə İzəbil onu öldürəcəyinə and içmişdi. Buna görə də İlyas 40 gündən çox idi ki, canını qurtarmaq üçün İzəbilin əlindən qaçırdı (1 Pad. 19:1—9). Sonra o, mağarada tək olanda Yehovaya fəryad edib demişdi: «[Peyğəmbərlərdən] təkcə mən qalmışam» (1 Pad. 19:10). Əslində, ölkədə başqa peyğəmbərlər də var idi; Əbdiya qatil İzəbilin əlindən 100 peyğəmbəri gizlətmişdi (1 Pad. 18:7, 13). Bəs onda nəyə görə İlyas özünü tək hiss edirdi? Yəqin, fikirləşirdi ki, Əbdiyanın gizlətdiyi peyğəmbərlər artıq ölüb. Bəlkə də, Karmel dağında Baalın saxta allah olduğu sübut olunmasına baxmayaraq, heç kimin pak ibadətdə ona qoşulmadığına görə bu cür hisslər keçirirdi. Yaxud düşünürdü ki, həyatının təhlükə altında olmasından heç kimin xəbəri yoxdur və ya bu, heç kimin vecinə deyil. Müqəddəs Kitabda İlyasın nəyə görə belə hisslər keçirdiyinin səbəbi deyilmir. Amma onu dəqiq bilirik ki, Yehova İlyasın nəyə görə özünü tək hiss etdiyini və ona kömək etməyin yolunu yaxşı bilirdi.

Yehovanın İlyas peyğəmbərə dayaq olduğunu bilmək tənhalığa dözməyə bizə necə kömək edə bilər? (5 və 6-cı abzaslara baxın)

5. Yehova İlyası tək olmadığına necə əmin etdi?

5 Yehova İlyas peyğəmbərə bir neçə yolla kömək etdi. Əvvəla, İlyas ürəyini boşaltsın deyə ona iki dəfə sual verdi: «Burada nə edirsən?» (1 Pad. 19:9, 13). İlyas hər dəfəsində dərdini deyəndə Yehova onu diqqətlə dinlədi və cavabında ona Özünü və möhtəşəm qüdrətini əyan etdi. Həmçinin Yehova İlyası əmin etdi ki, onun hələ də çoxlu dindaşı var (1 Pad. 19:11, 12, 18). Şübhə yoxdur ki, İlyas ürəyini boşaldandan və Yehovanın dediyi sözlərdən sonra xeyli yüngülləşdi. Həmçinin Yehova İlyasa bir neçə vacib tapşırıq verdi. Ona buyurdu ki, Həzaili məsh edib Arama padşah qoysun, Yəhunu məsh edib İsrailə padşah qoysun, Əlyəsəni isə peyğəmbər olmaq üçün məsh etsin (1 Pad. 19:15, 16). Bu tapşırıqları verməklə Yehova İlyasa diqqətini müsbət şeylərə cəmləməyə kömək etdi. Bundan əlavə, İlyasın əməkdaşı olsun deyə Əlyəsəni təyin etdi. Bəs siz özünüzü tək hiss edəndə Yehovanın köməyini duymaq üçün nə edə bilərsiniz?

6. Özünüzü tənha hiss edəndə Yehovaya nə barədə dua edə bilərsiniz? (Zəbur 62:8).

6 Yehova sizi Ona dua etməyə təşviq edir. O sizin nələr yaşadığınızı görür və sizi arxayın edir ki, duanızı həmişə dinləməyə hazırdır (1 Salon. 5:17). Yehova xidmətçilərinin duasını dinləməkdən xoşlanır (Məs. 15:8). Bəs özünüzü tənha hiss edəndə Yehovaya nə barədə dua edə bilərsiniz? İlyas peyğəmbər kimi, ürəyinizi Yehovaya boşaldın. (Zəbur 62:8 ayəsini oxuyun.) Ona qəlbinizdəki narahatlığı, keçirdiyiniz hissləri danışın. Xahiş edin ki, bu hisslərə tab gətirməyin yolunu sizə göstərsin. Məsələn, məktəbdə etiqadınız barədə danışarkən özünüzü yalqız hiss edirsinizsə və təlaş keçirirsinizsə, Yehovadan cəsarət istəyin. Həm də nəzakətli şəkildə şahidlik vermək üçün Yehovadan hikmət də diləyə bilərsiniz (Luka 21:14, 15). Əgər bədbin fikirlərlə mübarizə aparırsınızsa, bu barədə yetkin məsihi ilə danışmaq üçün Yehovadan kömək istəyin. Həmin məsihi üçün də dua edə bilərsiniz ki, sizin hisslərinizi başa düşsün. Bütün narahatlığınızı Yehovaya danışın. Görün O, duanıza necə cavab verir. Həmçinin başqalarının köməyini qəbul edin. Onda özünüzü əvvəlki qədər tənha hiss etməyəcəksiniz.

Xidmətinizi genişləndirmək və başqaları ilə əməkdaşlıq etmək üçün yollar axtarırsınız? (7-ci abzasa baxın)

7. Maurisiyonun nümunəsindən nə öyrənirsiniz?

7 Yehova hər birimizə mənalı iş tapşırıb. Əmin olun ki, Yehova sizin təbliğə və yığıncağın işlərinə can yandırdığınızı görür və bunu çox qiymətləndirir (Zəb. 110:3). Özünüzü tənha hiss edəndə ruhani işlərlə məşğul olmaq sizə necə kömək edə bilər? Gəlin Maurisiyo * adlı cavan qardaşın nümunəsinə baxaq. O, vəftiz olunandan qısa müddət sonra ən yaxın dostlarından biri tədricən həqiqəti tərk etdi. Maurisiyo deyir: «Onun Yehovadan uzaqlaşdığını görmək mənim özümə inam hissimi sarsıtdı. Qorxurdum ki, həsr olunarkən verdiyim əhdə bağlı qalmaram və daha Yehovanın ailəsinin içində olmaram. Özümü çox tənha hiss edirdim və düşünürdüm ki, heç kim mənim hisslərimi başa düşməz». Maurisiyoya nə kömək etdi? O deyir: «Mən xidmətimi genişləndirdim. Bu mənə diqqətimi özümə cəmləməməyə və bədbin fikirlərə qapılmamağa kömək etdi. Xidmətdə bacı-qardaşlarla əməkdaşlıq edəndə xoşbəxt olurdum, özümü elə də tənha hiss etmirdim». Doğrudan da, dindaşlarımızla xidmət edəndə, hətta onlarla canlı yox, məktub və telefon xidmətində əməkdaşlıq edəndə möhkəmlənirik. Maurisiyoya başqa nə kömək etdi? O, sözünə davam edir: «Həmçinin çalışırdım ki, yığıncaqda fəal olum. Şagird tapşırıqlarını hazırlamaq və təqdim etmək üçün can qoyurdum. Bu tapşırıqlar sayəsində həm Yehova, həm də bacı-qardaşlar üçün dəyərli olduğumu hiss edirdim».

ŞİDDƏTLİ SINAQLAR

8. Şiddətli sınaqlar ucbatından bizdə hansı hisslər ola bilər?

8 Yaşadığımız axırzamanda çətinliklərlə üzləşəcəyimizi bilirik (2 Tim. 3:1). Amma bəzən heç gözləmədiyimiz bir vaxtda və heç ağlımıza gəlməyən sınaqla üzləşə bilərik. Ola bilər ki, qəfil maddi çətinliyimiz yaransın, həkim bizdə ciddi xəstəliyin olduğunu desin, yaxud əziz adamımız vəfat etsin. Belə anlarda, xüsusilə də sınaqlar bir-birinin ardınca və ya eyni zamanda baş verəndə çox sarsılırıq, pərişan oluruq. Amma bu zaman unutmamalıyıq ki, Yehovanın gözü bizim üzərimizdədir. Onun köməyi ilə istənilən sınaq qarşısında mətin dura bilərik.

9. Əyyub peyğəmbər hansı sınaqlarla üzləşmişdi?

9 Gəlin Yehovanın Əyyub peyğəmbərə necə dayaq olduğunu xatırlayaq. Qısa vaxtda onun başına dəhşətli bəlalar gəldi. O, bir günün içində ard-arda tükürpərdici xəbərlər eşitdi. Bütün mal-qarasını itirdi, nökərləri qətlə yetirildi, ən betəri isə əziz balaları həlak oldu (Əyy. 1:13—19). Başı bu dərddən açılmamış onu eybəcər hala salan, ağrılı xəstəliyə tutuldu (Əyy. 2:7). Əyyub o qədər acınacaqlı halda idi ki, belə demişdi: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyy. 7:16).

Yehova yaratdıqlarının qeydinə qalmasından danışaraq Əyyubu Öz məhəbbətinə əmin etdi (10-cu abzasa baxın)

10. Yehova Əyyuba sınaqlara dözməyə necə kömək etdi? (Üz qabığındakı şəklə baxın.)

10 Yehovanın nəzəri bu mömin insanın üzərində idi. Yehova Əyyubu sevirdi və sınaqlardan başıuca çıxması üçün ona lazımi köməyi göstərdi. Yehova Əyyubla danışdı, bir Yaradan kimi sahib olduğu misilsiz hikmətini, xilqətinə olan dərin məhəbbətini Əyyuba xatırlatdı. Ona insanı heyrətə gətirən heyvanlardan danışdı (Əyy. 38:1, 2; 39:9, 13, 19, 27; 40:15; 41:1, 2). Həmçinin Yehova Əlihu adlı bir cavan xidmətçisi vasitəsilə Əyyubu möhkəmləndirdi, ona ürək-dirək verdi. Əlihu Əyyuba xatırlatdı ki, Yehova dözüm göstərən xidmətçilərini heç vaxt mükafatsız qoymur. Bundan əlavə, Yehova Əlihunu Əyyuba mehriban şəkildə məsləhət verməyə təşviq etdi. Əlihu ona Yehova ilə, Kainatın Yaradanı ilə müqayisədə nə qədər kiçik olduğunu vurğulayaraq vəziyyətə geniş baxmağa kömək etdi (Əyy. 37:14). Yehova həm də Əyyuba tapşırıq verdi: o, günah işləmiş üç dostu üçün dua etməli idi (Əyy. 42:8—10). Bəs Yehova bizə çətinliklərə dözməyə necə kömək edir?

11. Müqəddəs Kitabdakı hansı fikirlər bizə sınaqlara dözməyə kömək edə bilər?

11 Bu gün Yehova bizimlə Əyyubla olduğu kimi, birbaşa danışmasa da, Kəlamı vasitəsilə danışır (Rom. 15:4). Orada bizə gələcəyə dair gözəl ümid verir. Gəlin Müqəddəs Kitabdan sınaqlar zamanı bizə təsəlli verəcək bəzi fikirlərə nəzər salaq. Yehova bizi əmin edir ki, heç nə bizi Onun «məhəbbətindən ayıra bilməz»; bura üzləşdiyimiz şiddətli sınaqlar da daxildir (Rom. 8:38, 39). Yehova duada Onu «səmimi-qəlbdən çağıranlara yaxındır» (Zəb. 145:18). Ona güvənsək, istənilən sınağa tab gətirə bilərik, hətta əzablarla üzləşsək də, xoşbəxt ola bilərik (1 Kor. 10:13; Yaq. 1:2, 12). Yehova bizə xatırladır ki, indiki sınaqlarımız gələcəkdəki nemətlərlə müqayisədə müvəqqəti və qısadır (2 Kor. 4:16—18). Yehova bütün sınaqlarımıza səbəb olan kəsi, Şeytan İblisi və onun kimi şər işlər görənləri tamamilə məhv edəcəyinə söz verir (Zəb. 37:10). Bəs siz gələcək sınaqlar zamanı sizə dözməyə kömək edəcək ayələri əzbərləyirsiniz?

12. Yehova Kəlamından tam bəhrələnməyimiz üçün nə etməyimizi istəyir?

12 Yehova istəyir ki, biz vaxt ayırıb Müqəddəs Kitabı müntəzəm oxuyaq və oxuduqlarımız haqda dərindən düşünək. Biz öyrəndiklərimizə əməl edəndə imanımız daha da möhkəmlənir və Yehovaya daha yaxın oluruq. Beləcə, sınaqlara dözməyə gücümüz olur. Üstəlik, Yehova Onun Kəlamına üz tutanlara Öz müqəddəs ruhunu verir. Bu ruh isə bizə istənilən sınağa dözməyimiz üçün «insan gücündən üstün olan gücü» verir (2 Kor. 4:7—10).

13. «Sadiq və ağıllı nökər»in verdiyi ruhani qida bizə sınaqlara dözməyə necə kömək edir?

13 Yehovanın köməyi ilə «sadiq və ağıllı nökər» çoxlu nəşrlər, videolar, musiqilər hazırlayır. Bunlar bizə imanımızı möhkəmləndirməyə və ruhani cəhətdən oyaq qalmağa kömək edir (Mət. 24:45). Biz bu ruhani təamların hamısından bəhrələnməliyik. Birləşmiş Ştatlardan olan bir bacı bu yaxınlarda ruhani qidaya görə minnətdarlığını bildirmişdi. O yazır: «40 ildir ki, Yehovaya xidmət edirəm, bu illər ərzində sədaqətim dəfələrlə sınanıb». Bacı ağır çətinliklərlə üzləşib: sərxoş sürücü ucbatından babası avtomobil qəzasında həlak olub, hər iki valideyni ağır xəstəlikdən həyatını itirib, özü isə iki dəfə xərçəng xəstəliyi ilə mübarizə aparıb. Bacı bütün bunlara necə dözüb? O deyir: «Yehova həmişə mənim qeydimə qalıb. Onun verdiyi ruhani qida mənə dözməyə kömək edib. Bunun sayəsində mən də Əyyub kimi deyirəm: “Son nəfəsimədək sadiq qalacağam!”» (Əyy. 27:5).

Yığıncağımızdakı bacı-qardaşlara necə dayaq ola bilərik? (14-cü abzasa baxın)

14. Yehova çətin vaxtlarımızda bacı-qardaşlar vasitəsilə bizə necə dayaq olur? (1 Salonikililərə 4:9).

14 Yehova xidmətçilərinə çətin anlarında bir-birini sevməyi, bir-birinə təsəlli verməyi öyrədir (2 Kor. 1:3, 4; 1 Salonikililərə 4:9 ayəsini oxuyun). Bacı-qardaşlar Əlihudan örnək alaraq çətinliklər zamanı sədaqətimizi qorumağa kömək edirlər (Həv. 14:22). Diana adlı bacının yoldaşının səhhətində ciddi problem var idi. Yığıncağı bacıya həyatının bu ağır dönəmində dayaq oldu və ruhani cəhətdən möhkəm qalmağa kömək etdi. O deyir: «Çox ağır vəziyyət idi. Amma bu çətin aylar ərzində Yehovanın güclü əlini, sevgisini öz həyatımızda hiss edirdik. Yığıncağımız bizə müxtəlif yollarla dayaq olurdu. Onların bizə baş çəkməsi, zəng etməsi, bağrına basıb qucaqlaması bizə dözməyə kömək etdi. Maşın sürə bilmədiyim üçün bacı-qardaşlar əllərindən gələni edirdilər ki, şəraitim yol verdikcə yığıncaqlarda və təbliğdə iştirak edim». Bu cür məhəbbətli ailənin içində olmaq böyük xoşbəxtlikdir!

BÖYÜK MƏHƏBBƏTİNƏ VƏ QAYĞISINA GÖRƏ YEHOVAYA MİNNƏTDARIQ

15. Nəyə görə əminik ki, başımıza gələn bəlalara dözə bilərik?

15 Hər birimiz istər-istəməz hansısa sınaqla üzləşəcəyik. Amma öyrəndiyimiz kimi, bu sınaqlarla tək canımıza mübarizə aparmayacağıq. Qayğıkeş bir Ata kimi, Yehovanın gözü həmişə üzərimizdədir. O, yanımızdadır, kömək üçün etdiyimiz yalvarışları dinləməyə və bizə dayaq olmağa həmişə hazırdır (Əşy. 43:2). Əminik ki, başımıza gələn bəlalara tab gətirə bilərik, çünki dözməyimiz üçün Yehova bizə nə lazımdırsa, hər şeyi verib. O bizə dua ənamı, Müqəddəs Kitab, bol-bol ruhani qida və çətin günümüzdə dadımıza çatan bacı-qardaşlar bəxş edib.

16. Yehovanın himayəsi altında qalmaq üçün nə edə bilərik?

16 Şükürlər olsun ki, bizi qoruyan, gözü üzərimizdə olan səmavi Atamız var! «Könlümüz Onunla sevinər» (Zəb. 33:21). Yehovanın bizə kömək etmək üçün bəxş etdiyi hər şeydən bəhrələnməklə dərin məhəbbətinə və qayğısına görə Ona minnətdarlığımızı göstəririk. Allahın himayəsi altında qalmaq üçün biz öhdəmizə düşəni etməliyik. Başqa sözlə, əgər bundan sonra da Yehovaya itaət etmək, Onun bəyəndiyi işləri görmək üçün əlimizdən gələni etsək, Onun gözü əbədiyyən üstümüzdə olacaq (1 But. 3:12).

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

^ Başımıza gələn bəlalara dözmək üçün Yehovanın köməyinə ehtiyacımız var. Bu məqalə bizi bir daha əmin edəcək ki, Yehovanın nəzəri xalqının üzərindədir. Yehova hər bir xidmətçisinin üzləşdiyi çətinliklərdən agahdır və bu çətinliklərə tab gətirmək üçün onlara kömək edir.

^ Bəzi adlar şərtidir.