Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 36

Yehovanın xalqı salehliyi sevir

Yehovanın xalqı salehliyi sevir

«Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir, çünki onlar doyacaqlar» (MƏT. 5:6).

NƏĞMƏ 9 Yehova Padşahımızdır!

İCMAL *

1. Yusif hansı sınaqla üzləşmişdi və bu sınaqdan necə çıxdı?

 YAQUBUN oğlu Yusif çətin bir sınaqla üzləşmişdi. Ağasının arvadı ona «mənimlə yat» deyərək əxlaqsız təklif etmişdi. Yusif onun sözünə uymadı. Kimdəsə sual yarana bilər: «Nəyə görə Yusif bu təklifi rədd etdi?» Həmin vaxt onun ağası Fitfir evdə yox idi. Üstəlik, Yusif həmin evdə qul idi, qadının istədiyini etməsəydi, o, Yusifin gününü qara edə bilərdi. Buna rəğmən, Yusif qadının təkidlərinə qarşı durdu. Nəyə görə? O belə demişdi: «İndi mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» (Yar. 39:7—12).

2. Yusif zinanın Allaha qarşı günah olduğunu haradan bilirdi?

2 Yusif zinanın Allaha qarşı günah olduğunu haradan bilirdi? Axı Musanın qanunundakı «zina etməyin» əmri bu hadisədən ən azı iki yüz il sonra verilmişdi (Çıx. 20:14). Yusif Yehovanı yaxşı tanıyırdı. Başa düşürdü ki, Yehova əxlaqsızlığı bəyənməz. Məsələn, Yusif Yehovanın nikaha dair mövqeyini dərk edirdi: nikah bir kişi və bir qadın arasında olmalıdır. Həmçinin, yəqin, o eşitmişdi ki, Yehova atasının nənəsi Saranın ləyaqətini iki dəfə qorumuşdu. Eynilə Yehova Yusifin nənəsi Rəfəqəni də zinadan qorumuşdu (Yar. 2:24; 12:14—20; 20:2—7; 26:6—11). Yusif bu kimi hadisələrin üzərində düşünməyin sayəsində Yehovanın gözündə nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilirdi. Yusif Yehovanı sevdiyi üçün Onun salehlik qaydalarını da sevirdi və onlara uyğun davranırdı.

3. Bu məqalədə nə haqda danışacağıq?

3 Salehliyi sevirsiniz? Buna şübhə yoxdur, amma hamımız qeyri-kamilik. Əgər ehtiyatlı olmasaq, bu dünyanın salehliyə baxışı bizə də sirayət edə bilər (Əşy. 5:20; Rom. 12:2). Odur ki, gəlin görək salehlik nədir və bu xüsusiyyəti sevmək həyatımızı necə yaxşılaşdırır. Həmçinin Yehovanın normalarını daha çox sevməyimizə kömək edəcək üç addımı araşdıracağıq.

SALEHLİK NƏDİR?

4. Salehlik nə deyil?

4 Bəzi insanlar özlərini saleh hesab edir. Lakin lovğadırlar, özlərini başqalarından üstün sayırlar, insanlara tənqidi yanaşırlar. Yehova bu xüsusiyyətləri qətiyyən bəyənmir. İsanın dövründəki din xadimləri haqqa-nahaqqa dair öz qayda-qanunlarını qoymuşdular və buna görə İsa onları məzəmmət etmişdi (Vaiz 7:16; Luka 16:15). Əsl saleh insan özünün hamıdan daha yaxşı olduğunu hesaba etmir.

5. Müqəddəs Kitaba əsasən salehlik nədir? Nümunələr çəkin.

5 Salehlik çox gözəl keyfiyyətdir. Sadə dillə desək, bu, Yehovanın bəyəndiyi kimi davranmaq deməkdir. Müqəddəs Kitabda «salehlik» sözü ən yüksək normalara, yəni Yehovanın normalarına uyğun yaşamaq mənasını verir. Məsələn, Yehova əmr etmişdi ki, tacirlər düz çəki daşından istifadə etsinlər (Qan. 25:15). Maraqlıdır ki, «düz» kimi tərcümə olunan ibrani sözünü həmçinin «saleh» kimi də tərcümə etmək olar. Beləliklə, Yehovanın gözündə saleh olmaq istəyən məsihi bütün işgüzar məsələlərdə düz davranacaq. Saleh insan həmçinin haqq-ədaləti də sevir. Kiminsə ədalətsizliyə məruz qaldığını görmək qətiyyən ona xoş gəlmir. Bundan əlavə, əsl saleh insan Allahı «tam razı» salmaqdan ötrü qərar verərkən Onun fikrini nəzərə alır (Kol. 1:10).

6. Yehovanın doğruya və yanlışa dair normalarına nəyə görə etibar edə bilərik? (Əşiya 55:8, 9).

6 Müqəddəs Kitabda Yehova salehliyin, doğruluğun mənbəyi kimi təsvir olunur. Buna görə də O, «doğruluq məskəni» adlanır (Ərm. 50:7). Yaradan olduğu üçün yalnız Yehovanın nəyin doğru, nəyin yanlış olduğuna dair normalar təsis etməyə ixtiyarı çatır. Kamil olduğu üçün O dəqiq bilir düz nədir, səhv nədir. Bizim isə baxışlarımız günahın və qeyri-kamilliyin ucbatından təhrif olunub (Məs. 14:12; Əşiya 55:8, 9 ayələrini oxuyun). Bununla belə, biz Yehovanın salehlik normalarına uyğun yaşaya bilərik, çünki Onun bənzərində yaradılmışıq (Yar. 1:27). Üstəlik, bu cür davranmaq bizə xoşdur. Yehovaya məhəbbət bizi təşviq edir ki, bacardığımız qədər Ona bənzəməyə çalışaq (Efes. 5:1).

7. Nəyə görə sabit qayda-qanunların olması vacibdir? Nümunə çəkin.

7 Yehovanın qoyduğu normalara uyğun yaşamaq bizim xeyrimizədir. Bunun səbəbi aydındır. Təsəvvür edin, əgər hər şəhər öz yol hərəkəti qaydalarını və nişanlarını təsis etsəydi, yaxud hər tikinti şirkəti öz tikinti normalarını qoysaydı, necə olardı? Nəticədə xaos yaranardı. Yaxud tibb işçiləri insanların müalicəsi ilə bağlı qəbul olunmuş normalara uyğun davranmasaydı, bu, çoxlu xəstənin ölümünə gətirib çıxarardı. Aydındır ki, sabit qaydaların olması bizim müdafiəmizə xidmət edir. Eynilə Yehovanın doğruya və yanlışa dair normaları da bizi qoruyur.

8. Salehliyi sevənləri hansı nemətlər gözləyir?

8 Yehova Onun normalarına uyğun yaşayan insanları mükafatsız qoymayacaq. O vəd edir: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:29). Təsəvvür edin, hamı bir nəfər kimi, Yehovanın normalarına uyğun yaşayır. Görün həmin vaxt insanlar necə xoşbəxt olacaq. Onların arasında birlik, mehribançılıq hökm sürəcək. Yehova sizin məhz bu cür yaşamağınızı istəyir. Bəli, hər birimizin salehliyi sevməsi üçün əsaslı səbəblərimiz var. Bəs bu xüsusiyyəti daha çox sevməyimizə bizə nə kömək edəcək? Gəlin üç addıma nəzər salaq.

YEHOVANIN NORMALARINA SEVGİNİZİ ARTIRIN

9. Salehliyi sevməyə bizə nə kömək edə bilər?

9 Addım 1: Normaları təsis edən Varlığı sevin. Salehliyi sevmək üçün salehliyə dair normaları təsis edən Varlığa sevgimizi artırmalıyıq. Yehovaya sevgimiz artdıqca salehliyə uyğun yaşamaq istəyimiz də artacaq. Razılaşarsınız ki, əgər Adəmlə Həvva Yehovanı sevsəydilər, Onun qanununu heç vaxt pozmazdılar (Yar. 3:1—6, 16—19).

10. İbrahim peyğəmbərə Yehovanın düşüncəsini daha yaxşı anlamağa nə kömək etdi?

10 Əlbəttə ki, biz Adəmlə Həvvanın səhvini təkrarlamaq istəmirik. Bunun bizimlə baş verməməsi üçün daima Yehova haqqında öyrənməliyik, Onun xüsusiyyətlərini qiymətləndirməliyik və düşüncə tərzini anlamağa çalışmalıyıq. Nəticədə Yehovaya məhəbbətimiz artacaq. İbrahim peyğəmbərin nümunəsinə nəzər salaq. O, Yehovanı ürəkdən sevirdi. Yehovanın qərarının səbəbini başa düşməyəndə belə Ona asi çıxmırdı, əksinə, Onu daha yaxşı tanımağa can atırdı. Misal üçün, İbrahim biləndə ki, Yehova Sədum və Əmurəni məhv edəcək, əvvəl-əvvəl o qorxurdu ki, birdən «dünyanın Hakimi» saleh adamla şər adamı bir yerdə məhv edər. Bu, İbrahimin ağlına sığmırdı, buna görə də hörmətcil şəkildə Yehovaya bir neçə sual verdi. Yehova da onun suallarını səbirlə cavablandırdı. Nəhayətdə, İbrahim anladı ki, Yehova bəndələrinin ürəyini bir-bir araşdırır və heç vaxt günahsız insanı günahlı ilə bir yerdə cəzalandırmır (Yar. 18:20—32).

11. İbrahim Yehovanı sevdiyini və Ona etibar etdiyini necə göstərdi?

11 Sədum və Əmurə haqda Yehova ilə etdiyi söhbət İbrahim peyğəmbərə dərin təsir bağışlamışdı. Şübhəsiz, bu hadisədən sonra o, Yehovanı daha çox sevdi, Ona ehtiramı daha da artdı. İllər sonra İbrahim peyğəmbərin Yehovaya etibarı güclü sınandı. Yehova İbrahimə əziz oğlu İshaqı qurban gətirməyi buyurdu. Amma İbrahim peyğəmbər indi Yehovanı daha yaxşı tanıdığı üçün bir dənə də olsun sual vermədi; tərəddüd etmədən Yehovanın dediklərini etməyə başladı. Amma təsəvvür etmək olar, İbrahim hazırlıqları görə-görə ürəyi necə sızıldayırdı. Çox yəqin ki, o, Yehova haqqında bildikləri üzərində dərindən düşünürdü. O bilirdi ki, Yehova heç vaxt ədalətsiz, insafsız davranmaz. İbrahimlə bağlı Bulus demişdi: «O, belə qənaətə gəldi ki, oğlu ölsə də, Allah onu diriltməyə qadirdir» (İbr. 11:17—19). Axı Yehova vəd etmişdi ki, İshaq xalqların atası olacaq, İshaqın isə həmin vaxt hələ uşağı yox idi. İbrahim Yehovanı sevirdi və o əmin idi ki, Yehova heç vaxt haqsızlıq etməz. Buna görə nə qədər çətin olsa da, o, imanı sayəsində Yehovaya itaət etdi (Yar. 22:1—12).

12. İbrahim peyğəmbərdən necə örnək götürə bilərik? (Zəbur 73:28).

12 İbrahim peyğəmbərdən necə örnək götürə bilərik? Onun kimi, biz də daim Yehova haqqında öyrənməliyik. Bunun sayəsində Yehovaya daha yaxın olacağıq, Onu daha çox sevəcəyik. (Zəbur 73:28 ayəsini oxuyun.) Vicdanımız elə tərbiyələnəcək ki, Yehovanın düşüncəsini əks etdirəcəyik (İbr. 5:14). Nəticədə kimsə bizi səhv yola çəkməyə çalışsa, ona uymayacağıq. Yehovanın qəlbini incidəcək və Onunla münasibətlərimizi korlayacaq hərəkətə yol verməyi ağlımızın ucundan belə keçirməyəcəyik. Bəs salehliyə sevgimiz daha nədən görünəcək?

13. Salehliyə necə can ata bilərik? (Məsəllər 15:9).

13 Addım 2: Salehliyə sevginizi günbəgün artırın. Əzələni möhkəmləndirmək üçün müntəzəm, davamlı məşqlər etdiyimiz kimi, Yehovanın salehlik normalarına sevgimizi möhkəmləndirmək üçün də var gücümüzlə çalışmalıyıq. Bu, hər gün asanlıqla edə biləcəyimiz bir işdir. Yehova anlayışlı Allahdır, O bizdən gücümüzdən artığını tələb etmir (Zəb. 103:14). O bizi əmin edir ki, «salehliyə can atanı» sevir. (Məsəllər 15:9 ayəsini oxuyun.) Yehovaya xidmətdə hansısa məqsədə can atanda davamlı şəkildə səy göstəririk, eyni şeyi salehliyə can atanda da etməliyik. Yehova da bizə səbirlə kömək edəcək ki, davamlı olaraq inkişaf edək (Zəb. 84:5, 7).

14. «Salehlik zirehi» nədir və nəyə görə ona ehtiyacımız var?

14 Qayğıkeş Allahımız Yehova bizə salehliyin ağır olmadığını deyir (1 Yəh. 5:3). Əksinə, salehlik bizi qoruyur, bu müdafiəyə isə hər gün ehtiyacımız var. Həvari Bulusun təsvir etdiyi ruhani yaraqları yadınıza salın (Efes. 6:14—18). Əsgərin ürəyini hansı yaraq qoruyurdu? Zireh. Zireh ürəyi qoruduğu kimi, Yehovanın salehlik normalarını təmsil edən «salehlik zirehi» də bizim məcazi ürəyimizi, daxili varlığımızı qoruyur. Buna görə də geyindiyimiz yaraqların içərisində salehlik zirehinin olması çox vacibdir (Məs. 4:23).

15. Salehlik zirehini necə geyinə bilərsiniz?

15 Salehlik zirehini necə geyinə bilərsiniz? Hər gün verdiyiniz qərarlarda Yehovanın normalarını əsas tutun. Nə haqqında danışacağınız, hansı musiqiyə qulaq asacağınız, nəyə baxacağınız və hansı kitabı oxuyacağınızla bağlı seçim edərkən ilk növbədə özünüzdən soruşun: «Mən ürəyimi nə ilə qidalandırıram? Yehova seçimimdən razıdır, yoxsa Yehovanın saleh hesab etmədiyi əməllər — əxlaqsızlıq, zorakılıq, acgözlük, xudbinlik təlqin olunur?» (Filip. 4:8). Əgər qərarlarınızı Yehovanın iradəsinə uyğun versəniz, Onun salehlik normaları sizin ürəyinizi qoruyacaq.

Salehliyiniz «dəniz dalğaları kimi» ola bilər (16 və 17-ci abzaslara baxın)

16, 17. Əşiya 48:18 ayəsi əbədiyyən Yehovanın salehlik normalarına uyğun yaşaya biləcəyimizə bizi necə əmin edir?

16 Sizdə nə vaxtsa belə bir qorxu olub ki, aylar-illər ötdükcə siz Yehovanın salehlik normalarına uyğun yaşaya bilməyəcəksiniz? Görün Əşiya 48:18 ayəsində Yehova hansı bənzətmədən istifadə edir. (Ayəni oxuyun.) Yehova vəd edir ki, salehliyimiz «dəniz dalğaları kimi» olacaq. Təsəvvür edin, ucu-bucağı olmayan bir dənizin sahilində durmusunuz. Nəhayətsiz dalğaların bir-birinin ardınca sahilə yuvarlandığını seyr edirsiniz. Məgər siz narahat olursunuz ki, bir gün bu dalğalar olmaz? Xeyr. Siz bilirsiniz ki, min illərdir bu dalğalar sahilə vurur və bundan sonra da belə olacaq.

17 Sizin də salehliyiniz dəniz dalğaları kimi ola bilər. Bunun üçün qərar verməmişdən öncə düşünün ki, Yehova sizin necə davranmağınızı istəyir. Sonra isə buna uyğun davranın. Verəcəyiniz qərar nə qədər çətin olsa da, əmin olun ki, Yehova sizi köməksiz qoymayacaq. Hər gün Onun saleh normalarına əməl etməyiniz üçün sizə güc verəcək (Əşy. 40:29—31).

18. Nəyə görə başqalarını öz normalarımıza uyğun mühakimə etməməliyik?

18 Addım 3: Mühakimə etməyi Yehovanın öhdəsinə buraxın. Yehovanın salehlik normalarına uyğun yaşamağa çalışarkən özümüzü başqaları ilə müqayisə edib onlardan daha yaxşı olduğumuzu düşünməməliyik. Kiminsə Yehovanın qayda-qanunlarına uyğun davranıb-davranmadığı ilə bağlı qərar çıxarmağa ixtiyarımız yoxdur. Unutmamalıyıq ki, «bütün dünyanın Hakimi» Yehovadır (Yar. 18:25). Yehova bizə başqalarını mühakimə etmək ixtiyarı verməyib. Hətta İsa belə bir əmr vermişdi: «İnsanları mühakimə etməyin ki, özünüz də mühakimə olunmayasınız» (Mət. 7:1) *.

19. Yusif Yehovanın hökmünə etibar etdiyini necə göstərdi?

19 Gəlin saleh insan olan Yusifin nümunəsinə yenidən qayıdaq. O, başqalarını mühakimə etməkdən uzaq idi. O hətta onunla pis rəftar edən insanları belə mühakimə etmirdi. Yusifin doğma qardaşları onun üstünə hücum çəkmişdilər, onu qul kimi satmışdılar və yalandan atalarına Yusifin öldüyünü demişdilər. İllər sonra Yusif ailəsinə qovuşdu. İndi o, qüdrətli ölkə başçısı idi. İstəsəydi, qardaşlarına ağır hökm kəsib, onlardan qisas ala bilərdi. Qardaşları etdiklərinə görə peşman olsalar da, Yusifin onlarla məhz belə davranacağını düşünürdülər. Amma Yusif onların ürəyinə su səpərək belə dedi: «Qorxmayın. Məgər mən Allaham?» (Yar. 37:18—20, 27, 28, 31—35; 50:15—21). Yusif təvazökarlıq göstərib mühakimə etməyi Yehovanın öhdəsinə buraxdı.

20, 21. Özümüzü saleh saymamaq üçün nə edə bilərik?

20 Yusif kimi, biz də başa düşürük ki, mühakimə etmək Yehovaya məxsusdur. Məsələn, biz bacımızın və ya qardaşımızın hansısa hərəkətinin arxasında duran niyyəti bildiyimizi düşünmürük. Biz insanın ürəyini görmürük. Yalnız Yehova insanın niyyətini yoxlayır (Məs. 16:2). Yehova mədəniyyətindən, milliyətindən asılı olmayaraq, bütün insanları sevir və bizi də təşviq edir ki, ürəyimizi geniş açaq (2 Kor. 6:13). Biz çalışırıq ki, bütün bacı-qardaşları sevək, onları mühakimə etməyək.

21 Bu həmçinin imanımıza şərik olmayan insanları da mühakimə etməməyə aiddir (1 Tim. 2:3, 4). Nə vaxtsa hansısa qohumunuz haqqında hökm çıxararaq «o, heç vaxt həqiqətə gələn deyil» demisiniz? Belə düşünmək lovğalıq, özündənrazılıq olardı. Yehova hələ imkan verir ki, «insanların hamısı, harada yaşamalarından asılı olmayaraq, tövbə etsinlər» (Həv. 17:30). Unutmayın ki, özünü saleh sayan insan Yehovanın gözündə qeyri-saleh insana bərabərdir.

22. Nəyə görə salehliyi sevmək əzmindəsiniz?

22 Yehovanın salehlik normalarına olan sevgimiz bizə xoşbəxtlik gətirəcək və yaxşı nümunəmiz başqalarına kömək edəcək ki, həm bizi, həm də Allahı sevsinlər. «Salehlik üçün susayıb» ona can atmaqdan heç vaxt usanmayın (Mət. 5:6). Yehova sizin nə qədər çalışdığınızı görür və inkişafınız Onun qəlbini sevindirir. Bu dünya getdikcə qeyri-salehlik girdabına batsa da, məyus olmayın, unutmayın ki, «Yehova salehləri sevir» (Zəb. 146:8).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

^ Bu şər dünyada saleh insana rast gəlmək çətin məsələdir. Bununla belə, bu gün salehlik yolunda yeriyən milyonlarla insan var. Şübhəsiz, siz də onların arasındasınız. Siz salehlik normalarına uyğun yaşayırsınız, çünki Yehovanı sevirsiniz, Yehova da salehliyi sevir. Bu gözəl xüsusiyyəti daha çox sevmək üçün nə edə bilərik? Bu məqalədə müzakirə edəcəyik ki, salehlik nədir, bu xüsusiyyəti sevmək həyatımızı necə yaxşılaşdırır və ona sevgimizi necə möhkəmləndirə bilərik.

^ Bəzən ağsaqqallar ciddi günah və tövbə məsələsində hakim qismində çıxış edir (1 Kor. 5:11; 6:5; Yaq. 5:14, 15). Amma onlar unutmurlar ki, günah işləyən insanın ürəyini görə bilməzlər və Yehovanın adından hökm çıxarırlar. (2 Salnamələr 19:6 ayəsi ilə əlaqələndirin.) Ağsaqqallar hökm çıxaranda çalışırlar ki, Yehovadan örnək alaraq dərrakəli, mərhəmətli və ədalətli olsunlar.