Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 36

Öz yükünü daşı, qalanını kənara at

Öz yükünü daşı, qalanını kənara at

«Gəlin hər cür yükü... kənara ataq və qarşımızdakı yarışda dözümlə qaçaq» (İBR. 12:1).

NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver

İCMAL a

1. İbranilərə 12:1 ayəsinə əsasən həyat uğrunda yarışda finiş xəttinə çatmaq üçün nə etməliyik?

 MÜQƏDDƏS KİTABDA məsihinin həyatı qaçışa bənzədilir. Finiş xəttini keçənlər əbədi həyat mükafatını alacaq (2 Tim. 4:7, 8). Biz var gücümüzlə qaçıb yarışı davam etdirməliyik. Çünki finiş xəttinə çatmağımıza çox az qalıb. Həvari Bulusun verdiyi məsləhət bizə kömək edə bilər. O, həyat uğrunda yarışı uğurla başa vurmuşdu. Bulus demişdi: «Hər cür yükü... kənara ataq və qarşımızdakı yarışda dözümlə qaçaq». (İbranilərə 12:1 ayəsini oxuyun.)

2. «Hər cür yükü... kənara ataq» deyiləndə nə nəzərdə tutulur?

2 Həvari Bulus «hər cür yükü... kənara ataq» deyəndə nəyi nəzərdə tuturdu? Biz heç bir yükü daşımamalıyıq? Xeyr. Onun sözünün canı o idi ki, biz lazımsız yüklərdən azad olmalıyıq. Çünki bu cür yüklər sürətimizi zəiflədə və bizi taqətdən sala bilər. Biz cəld tərpənib onları ayırd etməli və kənara atmalıyıq. Amma ehtiyatlı olmalıyıq ki, daşımalı olduğumuz yükləri də atmayaq. Əks halda, qaçışdan kənar olunarıq (2 Tim. 2:5). Bəs biz hansı yükləri daşımalıyıq?

3. a) Qalatiyalılara 6:5 ayəsinə əsasən biz nəyi daşımalıyıq? b) Məqalədə nə haqda danışacağıq və nəyə görə?

3 Qalatiyalılara 6:5 ayəsini oxuyun. Həvari Bulus daşımalı olduğumuz bir yüklə bağlı belə yazıb: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq». O burada hər kəsin Allahın qarşısında daşıdığı məsuliyyəti nəzərdə tuturdu. Bu yükü bizim əvəzimizə heç kəs daşıya bilməz. Məqalədə öyrənəcəyik ki, bizim məsuliyyət yükümüzə nələr daxildir və onları necə daşıya bilərik. Həmçinin araşdıracağıq ki, daşıdığımız hansı yüklər lazımsızdır və onlardan necə azad ola bilərik. Öz yükümüzü daşımaq və lazımsız yükləri kənara atmaq həyat uğrunda yarışı uğurla başa vurmağa kömək edəcək.

DAŞIMALI OLDUĞUMUZ YÜKLƏR

Həsr olunma əhdimizə uyğun yaşamaq, ailə məsuliyyətlərimizi icra etmək və qərarlarımıza görə cavabdeh olduğumuzu qəbul etmək daşımalı olduğumuz yüklərdən bəziləridir (4—9 abzaslara baxın)

4. Nəyə əsasən deyə bilərik ki, həsr olunma əhdimizi yerinə yetirmək ağır deyil? (Həmçinin şəklə baxın.)

4 Həsr olunma əhdimiz. Özümüzü Yehovaya həsr edəndə söz vermişdik ki, Ona ibadət edəcəyik və iradəsini yerinə yetirəcəyik. Biz sözümüzün üstündə durmalıyıq. Əhdimizə uyğun yaşamaq ciddi məsuliyyət olsa da, ağır deyil. Axı Yehova bizi yaradıb ki, iradəsini yerinə yetirək (Vəhy 4:11). O, daxilimizə Onu tanımaq, Ona ibadət etmək istəyi qoyub və bizi Öz bənzərində yaradıb. Bunun sayəsində Ona yaxınlaşa və istəyini yerinə yetirməkdən həzz ala bilirik (Zəb. 40:8). Bundan əlavə, Allahın iradəsini yerinə yetirəndə və İsanın nümunəsini izləyəndə canımız təravətlənir (Mət. 11:28—30).

(4 və 5-ci abzaslara baxın)

5. Həsr olunma əhdinizi yerinə yetirməyə sizə nə kömək edə bilər? (1 Yəhya 5:3).

5 Bu yükü necə daşıya bilərsiniz? İki şeyin köməyi ilə. Birincisi, Yehovaya məhəbbətinizi möhkəmləndirin. Bunun üçün Yehovanın sizin üçün etdiyi bütün yaxşılıqlar və gələcəkdə verəcəyi nemətlər barədə düşünün. Allaha məhəbbətiniz artdıqca Ona itaət etmək sizə daha asan olacaq. (1 Yəhya 5:3 ayəsini oxuyun.) İkincisi, İsanın nümunəsini izləyin. O nəyin sayəsində Yehovanın iradəsini yerinə yetirə bildi? İsa Yehovadan kömək istəyirdi və diqqətini alacağı mükafata cəmləyirdi (İbr. 5:7; 12:2). Siz də onun kimi duada Yehovadan güc istəyin və əbədi həyat ümidinizi daima ağlınızda saxlayın. Yehovaya məhəbbətiniz artdıqca və İsanın nümunəsini izlədikcə həsr olunma əhdinizi yerinə yetirə biləcəksiniz.

6. Nəyə görə biz ailə məsuliyyətlərimizi icra etməliyik? (Həmçinin şəklə baxın.)

6 Ailə məsuliyyətləri. Həyat uğrunda yarışda biz Yehovanı və İsanı ailə üzvlərimizdən çox sevməliyik (Mət. 10:37). Amma bu o demək deyil ki, biz ailə məsuliyyətlərimizi icra etməməliyik, sanki onlar əlimizi-qolumuzu bağlayır, Yehova ilə İsanı razı salmağa mane olur. Əksinə, Yehovanı və İsanı razı salmaq üçün biz ailədə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik (1 Tim. 5:4, 8). Bunu edəndə daha xoşbəxt oluruq. Axı Yehovanın niyyətinə əsasən ailənin xoşbəxt olması üçün ərlə arvad bir-birinə məhəbbət və hörmət göstərməlidir, valideynlər uşaqlarını sevməli və onlara tərbiyə verməlidir və uşaqlar ata-analarının sözünə qulaq asmalıdır (Efes. 5:33; 6:1, 4).

(6 və 7-ci abzaslara baxın)

7. Ailədəki rolunuzu necə icra edə bilərsiniz?

7 Bu yükü necə daşıya bilərsiniz? Ailədəki rolunuzdan asılı olmayaraq Müqəddəs Kitabda yazılan hikmətli məsləhətlərə əməl edin. Özünüzün düzgün bildiyi, yaşadığınız ərazidə qəbul olunan, yaxud da mütəxəssislərin dediyi fikirləri bu məsləhətlərdən üstün saymayın (Məs. 24:3, 4). Müqəddəs Kitaba əsaslanan nəşrlərdən yaxşıca istifadə edin. Orada prinsipləri tətbiq etməyin yolları izah olunur. Məsələn, «Ailələrə kömək» silsilə məqalələrində bu gün ər-arvadların, valideynlərin və yeniyetmələrin üzləşdiyi konkret problemlər işıqlandırılır b. Qarşınıza məqsəd qoyun ki, ailə üzvləriniz əməl etməsə də, Müqəddəs Kitabdakı prinsiplərə siz özünüz əməl edəsiniz. Bu bütün ailəyə xeyir gətirəcək. Yehovanın da lütfü üzərinizdə olacaq (1 But. 3:1, 2).

8. Verdiyimiz qərarlar bizə necə təsir edir?

8 Qərarlarımıza görə cavabdehliyimiz. Yehova bizə iradə azadlığı verib və istəyir ki, biz yaxşı qərarlar verib onların xeyrini görək. Amma yanlış qərar versək, Yehova bizi bunun acı nəticələrindən qorumayacaq (Qal. 6:7, 8). Buna görə də verdiyimiz səhv qərarın, düşünmədən dediyimiz sözün və ya etdiyimiz hərəkətin məsuliyyətini daşımalıyıq. Bəzən ola bilər ki, etdiklərimizə görə vicdan əzabı bizi rahat buraxmasın. Amma verdiyimiz qərara görə cavabdeh olduğumuzu dərk etsək, günahımızı boynumuza alacağıq, səhvimizi düzəldəcəyik və bir də onu təkrarlamamağa çalışacağıq. Bu addımları atmaq həyat uğrunda yarışda qalmağa kömək edəcək.

(8 və 9-cu abzaslara baxın)

9. Yanlış qərar vermisinizsə, nə edə bilərsiniz? (Həmçinin şəklə baxın.)

9 Bu yükü necə daşıya bilərsiniz? Yanlış qərar vermisinizsə, nə edə bilərsiniz? Qəbul edin ki, olan-olub, keçən-keçib. Vaxtınızı, gücünüzü özünüzə bəraət qazandırmağa, yaxud da özünüzü və başqalarını günahlandırmağa sərf etməyin. Əksinə, səhvinizi qəbul edin və indiki vəziyyətdə əlinizdən gələni edin. Əgər səhvinizə görə özünüzü günahkar hiss edirsinizsə, təvazökarlıqla Yehovaya dua edin, səhvinizi etiraf edin və Ondan əfv diləyin (Zəb. 25:11; 51:3, 4). İncitdiyiniz insanlardan da üzr istəyin və lazımdırsa, kömək üçün ağsaqqallara yaxınlaşın (Yaq. 5:14, 15). Səhvlərinizdən nəticə çıxarın və onları təkrarlamamağa çalışın. Onda arxayın ola bilərsiniz ki, Yehova sizə rəhm edəcək və dayaq olacaq (Zəb. 103:8—13).

KƏNARA ATMALI OLDUĞUMUZ YÜKLƏR

10. Nəyə görə özümüzdən real olmayan şeylər gözləmək ağır yükdür? (Qalatiyalılara 6:4).

10 Özümüzdən real olmayan şeylər gözləmək. Özümüzü başqaları ilə müqayisə etsək, özümüzdən çox şey gözləyərik və yükümüzü ağırlaşdırarıq. (Qalatiyalılara 6:4 ayəsini oxuyun.) Bu hətta başqalarına paxıllıq etməyimizə, rəqabət aparmağımıza gətirib çıxara bilər (Qal. 5:26). Ola bilər ki, bacarığımız və vəziyyətimiz yol vermədiyi halda başqasının nail olduğu şeyə nail olmaq üçün dəridən qabıqdan çıxaq. Bununla özümüzə yalnız ziyan vurarıq. Həmçinin düşünün: Müqəddəs Kitabda deyilir ki, «uzun intizar ürəyi xəstə salar» (Məs. 13:12). İndi görün heç vaxt yerinə yetməyəcək şeylərin intizarını çəkmək adamı hansı hala salar! Bu bizim bütün gücümüzü əlimizdən alar və həyat uğrunda yarışda sürətimizi azaldar (Məs. 24:10).

11. Özümüzdən real olmayan şeylər gözləməmək üçün nə etməliyik?

11 Bu yükü necə ata bilərsiniz? Yehova sizdən gücünüz çatmayan şeyi gözləmir. Siz də özünüzdən Yehovanın gözlədiyindən artığını gözləməyin (2 Kor. 8:12). Əmin olun ki, Yehova sizin etdiklərinizi başqalarının etdikləri ilə müqayisə etmir (Mət. 25:20—23). O sizin ürəkdən etdiyiniz xidməti, sizin sədaqətinizi, sizin dözümünüzü qiymətləndirir. Təvazökar olun, qəbul edin ki, yaşınıza, səhhətinizə və vəziyyətinizə görə istədiyiniz hər şeyi edə bilməzsiniz. Bərzillay kimi səhhətiniz və ya yaşınız hansısa təyinatı icra etməyə yol vermirsə, «yox» deməyi bacarın (2 İşm. 19:35, 36). Musa peyğəmbər kimi köməyi qəbul edin və yeri gələndə məsuliyyətlərinizi başqalarına ötürün (Çıx. 18:21, 22). Bu cür təvazökar olanda biz özümüzdən real olmayan şeylər gözləməyəcəyik və həyat uğrunda yarışda taqətdən düşməyəcəyik.

12. Başqasının yanlış qərarına görə biz məsuliyyət daşıyırıq? İzah edin.

12 Başqalarının səhv qərarlarına görə özümüzü qınamaq. Biz kiminsə yerinə qərar verə bilmərik. Heç onu verdiyi yanlış qərarın acı nəticəsindən də həmişə qoruya bilmərik. Məsələn, ola bilsin, kiminsə övladı Yehovaya xidməti dayandırmaq qərarına gəlsin. Bu, valideyn üçün ağır dərddir. Övladının səhv qərarına görə özünü qınayan valideynlər üzərlərinə ağır yük götürür. Yehova bu cür yükü daşımağınızı istəmir (Rom. 14:12).

13. Övladı yanlış qərar verəndə valideyn necə davranmalıdır?

13 Bu yükü necə ata bilərsiniz? Başa düşün ki, Yehova hər kəsə iradə azadlığı verib. Hərə öz istədiyi qərarı verə bilər. Yehovaya qulluq edib-etməmək də hər kəsin şəxsi seçimidir. Əziz valideynlər, Yehova bilir ki, siz kamil deyilsiniz. O sadəcə sizdən əlinizdən gələni etməyinizi istəyir. Uşağınız verdiyi qərara görə özü məsuliyyət daşıyır, siz yox (Məs. 20:11). Amma ola bilsin, yenə də bir valideyn kimi etdiyiniz səhvlərin fikrini çəkirsiniz. Əgər elədirsə, hisslərinizi Yehovaya danışın və Ondan əfv diləyin. O bilir ki, siz keçmişi, baş verənləri dəyişə bilməzsiniz. Eyni zamanda Yehova gözləmir ki, övladınızı qərarlarının nəticəsindən qoruyasınız. Unutmayın, övladınız Yehovaya tərəf cüzi də olsa addım atsa, Yehova qucaq açıb onu qəbul edəcək (Luka 15:18—20).

14. Nəyə görə hədsiz günahkarlıq hissindən qurtulmalıyıq?

14 Hədsiz günahkarlıq hissi. Günah edəndə özümüzü günahkar hiss etməyimiz təbiidir. Amma Yehova bizim hədsiz dərəcədə günahkarlıq hissi keçirməyimizi istəmir. Bu yükü kənara atmalıyıq. Əgər biz günahımızı boynumuza almışıqsa, tövbə etmişiksə və onu bir də təkrarlamamaq üçün əlimizdən gələni ediriksə, əmin ola bilərik ki, Yehova bizi bağışlayıb (Həv. 3:19). Bu addımları atandan sonra Yehova bizim daha özümüzü günahkar hiss etməyimizi istəmir. O bilir ki, insanın daima özünü günahkar hiss etməsi onu əldən sala bilər (Zəb. 31:10). Hətta insanın bədbinliyə qapılması onun həyat uğrunda yarışı dayandırmasına gətirib çıxara bilər (2 Kor. 2:7).

Siz ürəkdən tövbə etdikdən sonra Yehova işlədiyiniz günah barədə daha düşünmür, siz də düşünməyin (15-ci abzasa baxın)

15. Hədsiz günahkarlıq hissindən necə yaxa qurtara bilərsiniz? (1 Yəhya 3:19, 20). (Həmçinin şəklə baxın.)

15 Bu yükü necə ata bilərsiniz? Əgər hədsiz günahkarlıq hissi sizə rahatlıq vermirsə, diqqətinizi Yehovanın «həqiqətən bağışlayan» Allah olduğuna cəmləyin (Zəb. 130:4). O, tövbə edən günahkarı bağışlayanda belə bir söz verir: «Günahlarını bir də yada salmayacağam» (Ərm. 31:34). Yəni Yehova keçmiş günahlarınızı gələcəkdə sizə qarşı istifadə etməyəcək. Buna görə də etdiyiniz günahın altını çəkirsinizsə, düşünməyin ki, bu, Yehovanın sizi bağışlamadığının göstəricisidir. Həmçinin etdiyiniz günaha görə yığıncaqda hansısa məsuliyyətinizi itirmisinizsə, özünüzü yeyib bitirməyin. Yehova işlətdiyiniz günah barədə daha düşünmür, siz də düşünməyin. (1 Yəhya 3:19, 20 ayələrini oxuyun.)

QALİBİYYƏTƏ DOĞRU QAÇIN

16. Bir qaçışçı kimi nəyin fərqində olmalıyıq?

16 Həyat uğrunda yarışda «elə qaçın ki, mükafatı alasınız» (1 Kor. 9:24). Bunun üçün daşımalı və kənara atmalı olduğunuz yükləri ayırd etmək lazımdır. Məqalədə bu yüklərin bəzilərindən danışdıq. Amma hələ danışmadığımız başqa yüklər də var. İsa Məsih demişdi ki, biz ürəyimizi «qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə» yükləməməliyik (Luka 21:34). Bu və digər ayələr sizə kömək edə bilər ki, nələri dəyişməli olduğunuzu müəyyən edəsiniz və həyat uğrunda gedən yarışı davam etdirəsiniz.

17. Nəyə görə həyat uğrunda yarışda qalib gələcəyinizə əmin ola bilərsiniz?

17 Əmin ola bilərik ki, həyat uğrunda yarışda qalib gələcəyik, çünki Yehova bizə güc verəcək (Əşy. 40:29—31). Odur ki, sürəti azaltmayın. Həvari Bulusdan nümunə götürün. O, qarşıda onu gözləyən mükafatı almaq üçün var gücü ilə qaçırdı (Filip. 3:13, 14). Bu yarışda sizin əvəzinizə heç kim qaça bilməz. Amma Yehovanın köməyi ilə sizdə hər şey alınacaq. O sizə öz yüklərinizi daşımağa və lazımsız yükləri kənara atmağa kömək edəcək (Zəb. 68:19). Yehova sizinlə olduğu üçün bu yarışda dözümlə qaçıb qalib gələ biləcəksiniz!

NƏĞMƏ 65 İrəli get!

a Bu məqalə bizə kömək edəcək ki, həyat uğrunda yarışda qaça bilək. Qaçış zamanı müəyyən yüklər daşımalıyıq. Bu hansı yüklərdir? Həsr olunma əhdimiz, ailə məsuliyyətlərimiz və qərarlarımıza görə cavabdehliyimiz daşımalı olduğumuz yüklərdən bəziləridir. Bundan əlavə, biz sürətimizi azaldan lazımsız yüklərdən azad olmalıyıq. Bəs bunlar hansı yüklərdir? Məqalədə bu sualın cavabını tapacağıq.

b «Ailələrə kömək» silsilə məqalələri jw.org saytında yerləşir. Məsələn, orada ər-arvadlar üçün «Aranızdakı hörməti qoruyun» və «Bir-birinizə dəyər verin» məqalələri, valideynlər üçün «Uşağa smartfonu ağılla işlətməyi öyrədin» və «Yeniyetmə ilə necə dil tapmalı?» məqalələri, yeniyetmələr üçün «Yaşıdların təzyiqinə necə qarşı durmalı?» və «Yalqızlığın daşını atın» məqalələri var.