TƏLİM MƏQALƏSİ 33
Dənyal peyğəmbərin nümunəsini izləyin
«Sən çox istəkli bəndəsən» (DƏN. 9:23).
NƏĞMƏ 73 Bizə cəsarət ver
İCMAL a
1. Nəyə görə Dənyal peyğəmbər babillilərin diqqətini çəkmişdi?
BABİLLİLƏR Dənyalı yurd-yuvasından didərgin edib əsir aparanda o, çox gənc idi. Amma görünür, o, işğalçıların diqqətini çəkmişdi. Onlar «zahiri» amillərə — Dənyalın «eyibsiz, yaraşıqlı» və zadəgan ailədən olmasına fikir vermişdilər (1 İşm. 16:7). Elə buna görə də babillilər Dənyala təlim keçdilər ki, onların elit təbəqəsinə mənsub olsun (Dən. 1:3, 4, 6).
2. Yehovanın Dənyala münasibəti necə idi? (Hizqiyal 14:14).
2 Yehova isə Dənyalı xarici görünüşünə və ya cəmiyyətdə tutduğu mövqeyə görə yox, Ona sadiq olduğuna görə sevirdi. Dənyalın haradasa 20 yaşı olanda Yehova onun adını Nuh və Əyyub kimi Ona uzun illər sədaqətlə xidmət etmiş insanlarla bir çəkmişdi (Yar. 5:32; 6:9, 10; Əyy. 42:16, 17; Hizqiyal 14:14 ayəsini oxuyun). Dənyal sürdüyü uzun və gözəl ömrü boyu Yehova tərəfindən sevildi (Dən. 10:11, 19).
3. Bu məqalədə nə haqda danışacağıq?
3 Bu məqalədə biz Yehovanın Dənyalda qiymətləndirdiyi iki xüsusiyyətdən danışacağıq. Gəlin bu xüsusiyyətləri bir-bir araşdıraq və görək Dənyal bu xüsusiyyətləri nə vaxt təzahür etdirmişdi. Daha sonra görəcəyik ki, ona bu xüsusiyyətləri yetişdirməyə nə kömək etmişdi. Ən sonda isə onun nümunəsini necə izləyə biləcəyimizdən danışacağıq. Bu məqalə əsas etibarı ilə gənclər üçün yazılsa da, Dənyaldan hamımız nümunə götürə bilərik.
DƏNYAL KİMİ CƏSARƏTLİ OLUN
4. Dənyalın cəsur olduğu nədən görünür? Nümunə çəkin.
4 Cəsarətli insan qorxu hissi keçirə bilər, amma bu ona düzgün davranmağa mane olmur. Dənyal çox cəsur bir gənc idi. Gəlin onun cəsarət göstərdiyi iki hadisəyə nəzər salaq. Görünür, ilk hadisə babillilər Yerusəlimi məhv edəndən təxminən iki il sonra baş vermişdi. Babil padşahı Navuxodonosor yuxuda nəhəng heykəl görmüşdü və bu onu vahiməyə salmışdı. O, Dənyal da daxil olmaqla, bütün müdriklərə əmr etdi ki, onun yuxuda nə gördüyünü desinlər və yozumunu açsınlar, əks halda, hamısı öldürüləcək (Dən. 2:3—5). Dənyal cəld hərəkət etməli idi, çünki bundan insanların həyatı asılı idi. O, «padşahın hüzuruna gəlib yuxunu yozmaq üçün ondan möhlət istədi» (Dən. 2:16). Bunun üçün cəsarət və iman lazım idi. Müqəddəs Kitabın heç bir yerində oxuya bilmərik ki, Dənyal bundan əvvəl yuxu yozub. O, Babil adları Sədrah, Misah və Abidnağu olan dostlarından xahiş etdi ki, «göylərin Allahına dua edib lütf diləsinlər» (Dən. 2:18). Yehova onların duasına cavab verdi. Onun köməyi ilə Dənyal Navuxodonosorun yuxusunu yozdu. Bununla Dənyal həm özünün, həm də dostlarının həyatını xilas etdi.
5. Dənyal cəsarətini sınayan başqa hansı vəziyyətlə üzləşmişdi?
5 Dənyal nəhəng heykəllə bağlı yuxunu yozandan bir müddət sonra cəsarətini sınayan başqa bir vəziyyətlə üzləşdi. Navuxodonosor padşah daha bir yuxu gördü və bu yuxu da onu təlaşa saldı. O, yuxusunda çox hündür bir ağac görmüşdü. Dənyal bu yuxunun da yozumunu padşaha açdı. Üstəlik, dedi ki, padşah bir müddətlik ağlını itirəcək və taxtdan düşəcək (Dən. 4:25). Padşah bunu qiyam kimi qəbul edib Dənyalın ölümünə hökm verə bilərdi. Amma Dənyal bunu gözə alıb Allahın fərmanını padşaha cəsarətlə çatdırdı.
6. Dənyala cəsarətli olmağa nə kömək etmiş ola bilərdi?
6 Dənyala bütün həyatı boyu cəsarətlə davranmağa nə kömək etmiş ola bilərdi? Sözsüz ki, atası ilə anası ona uşaqlıqdan gözəl nümunə qoymuşdu. Şübhəsiz, onlar Yehovanın israilli valideynlərə verdiyi əmrə uyğun davranaraq övladlarına Allahın qanununu öyrətmişdilər (Qan. 6:6—9). O, təkcə əsas qanunların yazıldığı On əmri yox, Qanunun xırdalıqlarını da bilirdi. Məsələn, Yehovanın israillilərə hansı heyvanın ətini yeməyə icazə verdiyini, hansına icazə vermədiyini yaxşı bilirdi b (Lav. 11:4—8; Dən. 1:8, 11—13). Dənyal həmçinin Allahın xalqının tarixini də öyrənmişdi və bilirdi ki, onlar Allahın əmrlərini pozanda axırları pis olub (Dən. 9:10, 11). O, həyatı boyu yaşadıqlarından da əmin olmuşdu ki, Yehova və Onun qüdrətli mələkləri ona hər zaman dayaqdır (Dən. 2:19—24; 10:12, 18, 19).
7. Dənyala cəsarətli olmağa daha nə kömək etmişdi? (Həmçinin şəklə baxın.)
7 Dənyal peyğəmbərlərin yazdıqlarını, o cümlədən Ərəmyanın peyğəmbərliklərini mütaliə edirdi. Bunun sayəsində o, müəyyən etmişdi ki, yəhudilər uzun sürən Babil əsarətindən tezliklə azad olunacaqlar (Dən. 9:2). Dənyal Yehovanın sözünün düz çıxdığını görəndə Ona etibarı möhkəmləndi. İnsanda Allaha möhkəm etibar olanda isə onda qeyri-adi cəsarət olur. (Romalılara 8:31, 32, 37—39 ayələri ilə əlaqələndirin.) Ən əsası Dənyal duadan qalmırdı (Dən. 6:10). O, Yehovaya günahlarını etiraf edirdi, bütün ürəyini Ona açırdı. Həmçinin Ondan kömək istəyirdi (Dən. 9:4, 5, 19). Dənyal bizim kimi adi insan idi, o, cəsarət xüsusiyyəti ilə doğulmamışdı. O bu xüsusiyyəti mütaliə, dua və Yehovaya etibar sayəsində yetişdirmişdi.
8. Cəsarətli olmağı necə öyrənə bilərik?
8 Cəsarətli olmağı öyrənmək üçün nə etməliyik? Valideynlərimiz bizə deyə bilər ki, cəsarətli olaq, amma onlar bu xüsusiyyəti bizə irsən ötürə bilməzlər. Cəsarətli olmağı öyrənmək yeni bacarığa yiyələnməyə bənzəyir. Adətən hansısa bacarığa yiyələnəndə müəllimimizi diqqətlə izləyirik, sonra isə onun etdiklərini təkrarlayırıq. Eynilə cəsarətli olmağı öyrənmək üçün də bu xüsusiyyətə sahib olan insanları diqqətlə izləməli və nümunələrini təqlid etməliyik. Elə qayıdaq Dənyalın nümunəsinə. Ondan nə öyrəndik? Öyrəndik ki, onun kimi biz də Allahın Kəlamına yaxşı bələd olmalıyıq. Yehova ilə tez-tez, səmimi söhbət edərək Onunla dostluğumuzu möhkəmləndirməliyik. Həmçinin Yehovaya etibar etməliyik, Onun bizə arxa-dayaq olduğuna əmin olmalıyıq. Onda imanımız sınananda cəsarətli olacağıq.
9. Cəsarətli olmağın bizə hansı xeyri var?
9 Cəsarətli olmağın çox xeyri var. Almaniyada yaşayan Benin nümunəsinə baxaq. Onun oxuduğu məktəbdə hər kəs təkamülə inanırdı və Müqəddəs Kitabda yaradılışla bağlı yazılanların əfsanə olduğunu düşünürdü. Bir gün Benin sinfin qarşısında nəyə görə həyatın yaradıldığına inandığını izah etmək imkanı yaranmışdı. O öz etiqadı barədə cəsarətlə danışdı. Bəs nəticə nə oldu? Ben deyir: «Müəllimim diqqətlə qulaq asdı. O, gətirdiyim dəlillərin əsaslandığı materialı götürüb nüsxəsini çıxartdı və şagirdlərə payladı». Sinif yoldaşları barədə isə Ben belə deyir: «Çoxları maraqla qulaq asdı və mənimlə fəxr etdiklərini dedilər». Benin nümunəsindən gördüyümüz kimi adətən başqaları cəsarətli insanlara hörmət qoyur. Həmçinin bu cür insan səmimi-qəlbli insanlara Yehovaya yaxınlaşmağa kömək edə bilər. Doğrudan da, cəsarətli olmağa dəyər!
DƏNYALIN SƏDAQƏTİNDƏN NÜMUNƏ GÖTÜRÜN
10. Sədaqət nədir?
10 Müqəddəs Kitabda «sədaqət» və ya «məhəbbət» kimi tərcümə olunan ibrani sözü çox vaxt Allahın Öz xidmətçilərinə bəslədiyi isti münasibəti və bağlılığı bildirir. Həmçinin eyni söz Allahın xidmətçilərinin bir-birinə bəslədiyi məhəbbətə aid də işlənir (2 İşm. 9:6, 7). Sədaqətimiz günü-gündən daha möhkəm ola bilər. Bunu Dənyalın nümunəsindən aydın görə bilərik.
11. Qoca yaşında Dənyalın sədaqəti necə sınanmışdı? (Üz qabığındakı şəklə baxın.)
11 Dənyalın həyatında Yehovaya sadiqliyini sübut etdiyi çoxlu hadisələr olub. Amma o ən böyük sınaqla təxminən 90 yaşında üzləşmişdi. Artıq Babil madalılar və farslar tərəfindən işğal olunmuşdu və ölkəni şah Dara idarə edirdi. Saray əyanlarının Dənyalı görəsi gözü yox idi və onun ibadət etdiyi Allahı saymırdılar. Buna görə də onlar Dənyalı öldürmək üçün tədbir tökdülər. Onlar şaha fərman imzalatdılar. Bununla Dənyalın şaha, yoxsa Allaha sadiq qalacağı bəlli olacaqdı. Başqalarından fərqlənməyib şaha sədaqətini sübut etmək üçün Dənyal sadəcə 30 gün Yehovaya dua etməməli idi. Amma o, Yehovaya sədaqətindən dönmədi. Bunun da nəticəsində o, şirlər quyusuna atıldı. Yehova onun sədaqətini əvəzsiz qoymadı, onu şirlərin ağzından qurtardı (Dən. 6:12—15, 20—22). Dənyal kimi bizim də sədaqətimizin sarsılmaz olması üçün nə edə bilərik?
12. Dənyal nəyin sayəsində Yehovaya sarsılmaz sədaqət göstərmişdi?
12 Öyrəndiyimiz kimi sədaqət güclü məhəbbətin məhsuludur. Dənyal Yehovanı ürəkdən sevdiyi üçün onun sədaqətini heç nə sındıra bilmədi. Dənyalda bu cür sevgi haradan idi? O, Yehovanın xüsusiyyətləri, onları necə təzahür etdirdiyi barədə dərin-dərin düşünürdü (Dən. 9:4). Həmçinin Yehovanın onun üçün və Öz xalqı üçün etdiyi işləri də yadına salırdı və bu şeylərə görə minnətdar idi (Dən. 2:20—23; 9:15, 16).
13. a) Gənclərimiz hansı sınaqlarla üzləşirlər? Nümunə çəkin. (Həmçinin şəklə baxın.) b) Videoda göstərildiyi kimi əgər kimsə sizdən Yehovanın Şahidlərinin homoseksuallara dəstək olub-olmadığını soruşsa, necə cavab verə bilərsiniz?
13 Bu gün də gənclərimizin ətrafında Yehovanı və Onun normalarını saymayan insanlar var. Adətən bu cür insanların onlardan fərqli fikirləri və inancları olanlardan xoşu gəlmir. Hətta bəziləri gənclərimizə hərbə-zorba gəlir, onların Yehovaya sədaqətini sındırmaq istəyir. Avstraliyada yaşayan Qreym adlı gənc qardaşın başına gələnlərə baxaq. O, orta məktəbdə oxuyanda çox çətin vəziyyətə düşmüşdü. Müəllim sinfə belə bir sual vermişdi: «Dostunuz homoseksual olduğunu desə, necə davranarsınız?» Sonra müəllim dedi ki, kim dostunun bu cür həyat tərzini dəstəkləyərsə, sinfin bir tərəfində dursun, kim dəstəkləməzsə, o biri tərəfə keçsin. Qreym deyir: «Məndən və sinifdəki digər Yehovanın Şahidindən başqa hamı dostunu dəstəkləyən tərəfə keçdi». Bundan sonra baş verənlər Qreymin Yehovaya sədaqətini əməlli-başlı sınadı. O deyir: «Bir saat davam edən dərsin sonuna qədər bütün sinif yoldaşlarım, hətta müəllim bizi təhqir etməyə, ələ salmağa başladı. İmanımı sakit və məntiqli şəkildə müdafiə etmək üçün əlimdən gələni etdim. Amma onlar məni heç eşitmək də istəmədilər». Bəs bu sınaqdan sonra Qreym hansı hissləri keçirmişdi? O belə deyir: «Onların acı sözlərini eşitmək xoş deyildi. Amma çox sevinirdim ki, Yehovaya sədaqətimi qoruyub imanımı müdafiə edə bildim» c.
14. Yehovaya sarsılmaz sədaqət yetişdirməyin bir yolu hansıdır?
14 Əgər Yehovaya sədaqətimizin Dənyalınkı kimi sarsılmaz olmasını istəyiriksə, ürəyimizdə Ona dərin məhəbbət yetişdirməliyik. Bunun bir yolu Yehovanın xüsusiyyətləri barədə öyrənməkdir. Məsələn, Yehovanın yaratdıqlarını araşdıra bilərik (Rom. 1:20). Bu sahədə bizə «Təkamül, yoxsa yaradılış möcüzəsi?» adlı silsilə məqalələr və ya videolar kömək edə bilər. Həmçinin «Həyat necə yaranıb?» və «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» (türk.) adlı broşürləri də oxuya bilərik. Danimarkada yaşayan Ester adlı gənc bacı bu nəşrlər barədə deyir: «Hər şey o qədər məntiqlə izah olunub ki, adamın ağzı açıq qalır. Broşürlərdə deyilmir ki, nəyə inanmalısan, sadəcə dəlillər gətirilir və qərar sənin öhdənə buraxılır». Bayaq adı çəkilən Ben isə deyir: «Bunları oxuyandan sonra imanım çox möhkəmləndi. Əmin oldum ki, həyatı Allah yaradıb». Bu materialları araşdırsanız, çox yəqin ki, siz də növbəti sözlərlə razı olacaqsınız: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11) d.
15. Yehova ilə münasibətimizi möhkəmləndirməyin digər yolu hansıdır?
15 Yehovaya məhəbbətimizi artırmağın digər yolu İsa Məsihin həyatını dərindən araşdırmaqdır. Almaniyada yaşayan Samirə adlı gənc bacı belə də edib. Uşaq vaxtı ona elə gəlirdi ki, Allahın hisslərinin olması, kimisə sevməsi mümkün deyil. Amma İsanın hansı hisslər keçirdiyini başa düşmək ona asan idi. Samirə deyir: «İsanı çox istəyirdim. Çünki o, mehriban idi, uşaqları sevirdi… Mən Yehovanı İsanın vasitəsilə daha yaxşı tanımışam». Samirə İsa haqqında daha çox öyrəndikcə Yehova ilə arasındakı bağ daha da möhkəm oldu. O, sözünə əlavə edir: «Tədricən başa düşdüm ki, İsa tam şəkildə Yehovanın nümunəsini izləyir. Onların oxşar cəhətləri çoxdur. Anladım ki, Yehovanın İsanı yer üzünə göndərməsinin səbəblərindən biri də bu idi: insanların Onu daha yaxından tanımasını istəyirdi» (Yəh. 14:9). Bəlkə, siz də Yehova ilə münasibətlərinizi möhkəmləndirmək üçün vaxt ayırıb İsa haqqında daha çox şey öyrənəsiniz? Onda Yehovanı daha çox sevəcəksiniz və Ona sadiq qalmaq istəyəcəksiniz.
16. Nəyə görə sədaqətli olmağa dəyər? (Zəbur 18:25; Mikə 6:8).
16 Sədaqətli insanların qurduğu dostluqlar möhkəm və davamlı olur (Rut 1:14—17). Yehovaya sadiq qalan insanların isə bundan əlavə qəlb rahatlığı da olur. Çünki Yehova söz verir ki, Ona sadiq olan kəslərə qarşı sadiq olacaq. (Zəbur 18:25; Mikə 6:8 ayələrini oxuyun.) Bir düşünün: Külli-İxtiyar Yaradanın qarşısında nə qədər cılız olsaq da, O bizimlə dost olmaq istəyir. Bu cür dostluğa sahib olandan sonra isə nə sınaq, nə təqib, nə də ölüm bizi Yehovadan ayıra bilməyəcək (Dən. 12:13; Luka 20:37, 38; Rom. 8:38, 39). Bəli, Dənyala bənzəyib Yehovaya sədaqətimizi qorumaq çox vacibdir.
DƏNYALDAN ÖYRƏNİLƏSİ ÇOX ŞEY VAR
17, 18. Növbəti məqalədə nə haqda danışacağıq?
17 Bu məqalədə Dənyalın sadəcə iki xüsusiyyətini araşdırdıq. Amma ondan öyrənə biləcəyimiz çox şey var. Məsələn, Dənyal bir sıra görüntülər və röyalar görmüşdü və Yehova Ona peyğəmbərlikləri açıqlamaq bacarığı vermişdi. Bu peyğəmbərliklərin əksəriyyəti artıq yerinə yetib. Digər peyğəmbərliklərdən isə gələcəkdə baş verəcək hadisələrlə bağlı təfərrüatlar öyrənirik. Bu hadisələr yer üzündə yaşayan heç bir insandan yan keçməyəcək.
18 Növbəti məqalədə Dənyalın qələmə aldığı iki peyğəmbərlikdən danışacağıq. Peyğəmbərlikləri başa düşmək gənclərə də, yaşlılara da hikmətli qərarlar verməyə kömək edəcək. Həmçinin bu peyğəmbərliklər bizim cəsarətimizi və sədaqətimizi möhkəmləndirəcək və biz yaxın zamanda baş verəcək sınaqlara hazır olacağıq.
NƏĞMƏ 119 İman sahibi olaq
a Bu gün Yehovanın gənc xidmətçilərinə cəsarətli olmaq və Yehovaya sadiq qalmaq asan deyil. Bu gənclər təkamülə yox, yaradılışa inandıqlarına görə sinif yoldaşları onlara lağ edir. Yaşıdları onların Allaha qulluq etdiyini və Onun qanunlarına əməl etdiyini görüb ələ salırlar. Əslində isə Dənyal peyğəmbərdən örnək alıb Yehovaya cəsarətlə və sədaqətlə xidmət edənlər ağıllı davranırlar. Məqalədən bunu aydın görəcəyik.
b Dənyalın Babildə olan qidaları napak hesab etməsinin üç səbəbi ola bilərdi: 1) Ola bilsin, Yehova Qanunda bu heyvanların ətini yeməyi qadağan etmişdi (Qan. 14:7, 8). 2) Bəlkə də ətin qanı lazımınca axıdılmırdı (Lav. 17:10—12). 3) Həmin qidalardan yemək yalan allahlara ibadət kimi qəbul oluna bilərdi, çünki adətən bütpərəstlər bu heyvanları əvvəlcə allahlarına qurban gətirirdilər. (Lavililər 7:15 və 1 Korinflilərə 10:18, 21, 22 ayələri ilə əlaqələndirin.)
c jw.org saytında «Əsl salehlik sülh gətirəcək» adlı videoya baxın.
d Yehovaya məhəbbətinizi artırmaq üçün «Yehovaya yaxınlaş» kitabını da (türk.) araşdıra bilərsiniz. Orada Onun xüsusiyyətləri, necə bir Varlıq olduğu ilə bağlı dərin fikirlər yazılıb.