Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 33

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

Yığıncaq Yehovanın günahkara münasibətini necə örnək ala bilər?

Yığıncaq Yehovanın günahkara münasibətini necə örnək ala bilər?

«Əgər kimsə bir günah iş tutsa,.. yardımçımız var» (1 YƏH. 2:1).

ƏSAS FİKİR

Gəlin görək birinci əsrdəki Korinf yığıncağı ciddi günah işləmiş bir qardaşın məsələsini necə həll etdi və biz bundan nə öyrənirik.

1. Yehovanın insanlarla bağlı istəyi nədir?

 YEHOVA insanları yaradanda onlara iradə azadlığı bəxş etmişdi. Siz hər dəfə qərarlar verəndə bu ənamdan istifadə etmiş olursunuz. İnsanın həyatda verdiyi ən mühüm qərar özünü Yehovaya həsr etmək və Onun xidmətçilərinin sırasına qoşulmaqdır. Yehova hər kəsin bu qərarı verməsini istəyir, çünki O, insanları sevir və onların xeyrini düşünür. O, insanların Onunla dost olmasını və əbədi yaşamasını istəyir (Qan. 30:19, 20; Qal. 6:7, 8).

2. Yehova tövbə etməyən insana necə yanaşır? (1 Yəhya 2:1).

2 Bununla belə, Yehova kimisə Ona xidmət etməyə məcbur etmir. O necə davranmağı hər kəsin öz öhdəsinə buraxır. Tutaq ki, vəftiz olunmuş məsihi Allahın qanununu pozaraq ciddi günah işləyib. Əgər o, tövbə etməsə, yığıncaqdakıların arasından çıxarılmalıdır a (1 Kor. 5:13). Hətta bu halda da Yehova həmin insanın Ona geri qayıdacağını həsrətlə gözləyir. Əslində, Yehovanın fidyəni verməsinin əsas səbəblərindən biri elə budur: O bunun əsasında günahlarından tövbə edən insanı bağışlayır. (1 Yəhya 2:1 ayəsini oxuyun.) Yehova çox məhəbbətli Allahdır. O, ciddi günah işləyən insanı tövbəyə səsləyir (Zək. 1:3; Rom. 2:4; Yaq. 4:8).

3. Bu məqalədə nələri araşdıracağıq?

3 Yehova günaha və günah işləyən insanlara Onun kimi yanaşmağımızı istəyir. Bu məqalə bizə bu sahədə kömək edəcək. Məqaləni oxuyarkən növbəti amillərə fikir verin: 1) Birinci əsrdə Korinf yığıncağında ciddi günah işləmiş bir məsihi ilə bağlı hansı tədbir görüldü? 2) Həmin insan tövbə edəndə həvari Bulus yığıncağa hansı göstərişi verdi? 3) Bu hadisədən Yehovanın ciddi günah işləmiş məsihilərə münasibəti barədə nə öyrənirik?

BİRİNCİ ƏSRDƏ CİDDİ GÜNAH İŞLƏYƏN İNSANLA BAĞLI HANSI TƏDBİR GÖRÜLDÜ?

4. Birinci əsrdə Korinf yığıncağında hansı vəziyyət yaranmışdı? (1 Korinflilərə 5:1, 2).

4 1 Korinflilərə 5:1, 2 ayələrini oxuyun. Bulus üçüncü təbliğ səyahəti zamanı Korinfdə yaranmış yeni yığıncaqla bağlı dəhşətli bir xəbər aldı. Həmin yığıncaqda bir qardaş ögey anası ilə əxlaqsızlıq edirdi. Bu, çox biabırçı hərəkət idi və «beləsi heç imansızların arasında da yox» idi! Yığıncaqdakılar onun hərəkətinə nəinki göz yumurdu, hətta bununla öyünürdülər. Görünür, bəziləri düşünürdü ki, bu, Yehovanın günahlı insanlara qarşı nə qədər mərhəmətli, anlayışlı olduğunu göstərir. Amma Yehova xalqından kiminsə ciddi günah işləməsinə ötəri yanaşmır. Həmin insan azğın davranışı ilə yığıncağın təmiz adına ləkə gətirirdi. Onun bu hərəkəti oturub-durduğu məsihilərə də mənfi təsir göstərə bilərdi. Görəsən, Bulus məsələ ilə bağlı yığıncağa hansı göstərişi verdi?

5. Bulus yığıncağa nə etməyi buyurmuşdu və onun sözlərinin mənası nə idi? (1 Korinflilərə 5:13; həmçinin şəklə baxın.)

5 1 Korinflilərə 5:13 ayəsini oxuyun. Bulus Allahın ilhamı ilə məktub yazıb bildirmişdi ki, tövbə etməyən kəsi aralarından çıxarmalıdırlar. Sadiq məsihilər həmin insana necə münasibət göstərməli idi? Bulus demişdi ki, daha onunla oturub-durmasınlar. Hətta sözünə əlavə edib demişdi ki, həmin insanla «bir süfrəyə də əyləşmə»sinlər (1 Kor. 5:11). Nəyə görə? Çünki kiminləsə bir süfrə arxasında əyləşəndə onunla söhbət edirik, aramızda münasibət yaranır. Bulusun nə demək istədiyi aydındır: yığıncaq həmin insanla asudə vaxt keçirməməli idi. Bu, bacı-qardaşları onun pis təsirindən qoruyacaqdı (1 Kor. 5:5—7). Üstəlik, bunun sayəsində, ola bilsin, günah edən insan Allahın qanunlarından nə qədər uzaqlaşdığını başa düşəcəkdi, hərəkətinə görə utanacaqdı və tövbə edəcəkdi.

Həvari Bulus Allahın ilhamı ilə məktub yazıb bildirir ki, tövbə etməyən kəsi yığıncaqdakıların arasından çıxarmaq lazımdır (5-ci abzasa baxın)


6. Bulusun yazdığı məktub yığıncağı və günah işləyən insanı nəyə təşviq etdi?

6 Bulus Korinfdəki məsihilərin onun məktubuna necə yanaşacaqlarını bilmək istəyirdi. Titus Bulusun ürəyini açan xəbər gətirir. Yığıncaq onun məktubunu yaxşı qarşılamışdı (2 Kor. 7:6, 7). Onlar Bulusun dediyi kimi davranmışdı. Bundan əlavə, ciddi günah işləyən insan Bulusun məktubundan çox keçməmiş tövbə etmişdi! O, əməllərindən əl çəkmişdi, düşüncə tərzini dəyişmişdi və Yehovanın saleh normalarına uyğun yaşamağa başlamışdı (2 Kor. 7:8—11). Bəs Bulus bundan sonra yığıncağa hansı göstərişi vermişdi?

YIĞINCAQ TÖVBƏ EDƏN İNSANLA NECƏ RƏFTAR ETMİŞDİ?

7. Ciddi günah işləyən insanı yığıncaqdakıların arasından çıxarmağın nəticəsi nə oldu? (2 Korinflilərə 2:5—8).

7 2 Korinflilərə 2:5—8 ayələrini oxuyun. Bulus qeyd etmişdi ki, «əksəriyyətin məzəmməti belə adama kifayət» etdi. Başqa sözlə, verilən cəza öz məqsədinə çatdı. Bəs məqsəd nə idi? Onu tövbəyə təşviq etmək (İbr. 12:11).

8. Bulus yığıncağa daha nə etməyi buyurdu?

8 Buna görə də Bulus yığıncağa belə bir göstəriş verir: günah işləyən qardaşı «mərhəmət göstərib bağışlayın və ona təsəlli verin», «onu sevdiyinizə inandırın». Bulusun sözlərindən göründüyü kimi həmin insanı Allahın xalqının arasına qəbul etmək kifayət deyildi. Bulus istəyirdi ki, yığıncaq sözü, davranışı və hərəkəti ilə tövbə edən insanı ürəkdən bağışladığını və onu sevdiyini göstərsin. Belə olan halda həmin insan hiss edəcəkdi ki, yığıncaq onun geri qayıtmasına sevinir.

9. Nəyə görə bəzilərinə tövbə edən qardaşı bağışlamaq çətin ola bilərdi?

9 Bəlkə də, tövbə edən insan yığıncaqda bərpa olunanda bəziləri üçün onu qəbul etmək asan deyildi. Düzdür, bununla bağlı heç nə yazılmasa da, belə bir şeyin olduğunu ehtimal etmək olar. Çünki həmin insanın hərəkətləri bütün yığıncaqda müəyyən problemlər yaratmışdı və bəlkə də, kimlərisə başqalarının yanında başıaşağı etmişdi. Bəziləri isə, ola bilsin, onu yenidən yığıncağa qəbul etməyi ədalətsizlik hesab edirdi. Çünki onlar əxlaqlarını təmiz saxlamaq üçün əlləşib-vuruşduqları halda, həmin insan ciddi günahlar işləmişdi. (Luka 15:28—30 ayələri ilə əlaqələndirin.) Bütün bunlara baxmayaraq, nəyə görə yığıncaqdakıların tövbə edən qardaşa sevgi göstərməsi vacib idi?

10, 11. Yığıncaq tövbə edən insanı bağışlamaq istəməsəydi, nə baş verə bilərdi?

10 Təsəvvür edirsiniz, əgər ağsaqqallar ürəkdən tövbə edən insanın yenidən yığıncağa qayıtmasına razı olmasaydılar, yaxud da o, geri qayıdandan sonra bacı-qardaşlar ona məhəbbət göstərməsəydilər, bu ona necə təsir edərdi? Həmin insan «hədsiz kədərə» qərq olardı. Düşünərdi ki, nə etsə də xeyri yoxdur. Hətta, ola bilsin, o, Yehova ilə münasibətlərini bərpa etmək üçün daha heç bir cəhd göstərməyəcəkdi.

11 Ən betəri isə o idi ki, bacı-qardaşlar tövbə edən insanı bağışlamasaydılar, Yehova ilə öz münasibətlərini təhlükə altına atmış olardılar. Çünki bununla onlar günahkarı bağışlamağa hazır olan Yehovaya yox, qəddar və rəhmsiz olan Şeytana bənzəmiş olardılar. Bir növ İblisin əlində bir alət olub, həmin insanın ruhani cəhətdən yıxılmasına bais ola bilərdilər (2 Kor. 2:10, 11; Efes. 4:27).

12. Korinfdəki yığıncaq Yehovanın nümunəsini necə izləyə bilərdi?

12 Bəs onda Korinfdəki yığıncaq Şeytana yox, Yehovaya bənzəmək üçün nə etməli idi? Onlar Yehovadan nümunə götürüb tövbə edən insanı bağışlamalı idilər. Gəlin görək Müqəddəs Kitabın bəzi yazarları Yehova barədə nə demişdi. Davud Yehovanın kəramətli, bağışlayan olduğunu qeyd etmişdi (Zəb. 86:5). Mikə yazmışdı: «[İnsanın] günahını bağışlayan, asiliyini əfv edən Sənin kimi Allah varmı?» (Mik. 7:18). Əşiya isə belə demişdi: «Qoy pis adam pis yolunu, şər adam şər fikirlərini atsın. Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər. Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər» (Əşy. 55:7).

13. Nəyə görə Korinfdəki adamı yığıncaqda bərpa etmək düzgün idi? (« Korinf yığıncağındakı kişi neçə müddətdən sonra bərpa olundu?» adlı çərçivəyə baxın.)

13 Korinfdəki yığıncaq Yehovadan nümunə götürərək tövbə edən insanı bağışlamalı və onu sevdiyini göstərməli idi. Onlar Bulusun sözünə əməl edib tövbə edən insanı qəbul etməklə «hər məsələdə itaətkar» olduqlarını göstərəcəkdilər (2 Kor. 2:9). Düzdür, onunla bağlı görülən tədbirin üstündən cəmi bir neçə ay keçmişdi, amma aldığı cəza işə yaramışdı, o, tövbə etmişdi. Ona görə də bu insanı bərpa etməyi gecikdirməyin bir mənası yox idi.

YEHOVANIN ƏDALƏTİNDƏN VƏ MƏRHƏMƏTİNDƏN ÖRNƏK ALIN

14, 15. Korinfdəki yığıncaqda baş verənlərdən nə öyrənirik? (2 Butrus 3:9; həmçinin şəklə baxın.)

14 Korinf yığıncağındakı hadisə və onun necə həll olunması «bizə nəsihət olaraq yazılıb» (Rom. 15:4). Bu hadisədən öyrənirik ki, Yehova xidmətçilərinin ciddi günah işləməsinə göz yummur. O, bəziləri kimi düşünmür ki, tövbə etməyən insana «mərhəmət» göstərilməli və yığıncaqda qalmasına izin verilməlidir. Düzdür, Yehova mərhəmətlidir, amma insanın istədiyini etməsinə göz yummur, O Öz normalarını aşağı salmır (Yhd. 4). Yehova tövbə etməyən insanın yığıncaqda qalmasına izin versə idi, bu heç də mərhəmətli hərəkət olmayacaqdı. Çünki bununla yığıncaqda olanların hamısını təhlükəyə atmış olardı (Məs. 13:20; 1 Kor. 15:33).

15 Bununla belə, bilirik ki, Yehova heç kəsin ölməsini istəmir. O, mümkün olduğu qədər insanları xilas etmək istəyir. Yehova insanın yaxşılığa doğru dəyişdiyini və Onunla münasibətini bərpa etmək istədiyini görəndə ona mərhəmət göstərir (Hizq. 33:11; 2 Butrus 3:9 ayəsini oxuyun). Buna görə də Korinfdəki kişi tövbə edəndə və günahlı əməllərinə son qoyanda Yehova Bulus vasitəsilə yığıncağa izah etdi ki, onu bağışlamaq və qəbul etmək lazımdır.

Bacı-qardaşlar Yehovanın məhəbbətindən və mərhəmətindən nümunə götürür, onlar bərpa olunan insanı mehriban qarşılayır (14 və 15-ci abzaslara baxın)


16. Korinf yığıncağındakı məsələ barədə öyrəndikləriniz sizə necə təsir bağışladı?

16 Biz Korinf yığıncağındakı məsələnin necə həll olunduğunu nəzərdən keçirdik. Bu hadisədən Yehovanın məhəbbətli olduğunu, salehliyi, ədaləti sevdiyini gördük (Zəb. 33:5). Adamın ürəyindən Yehovaya mədhlər söyləmək keçir! Axı hamımız günahlıyıq və Onun əfvinə möhtacıq. Yehovanın verdiyi fidyə qurbanlığına görə hər birimiz minnətdar olmalıyıq, çünki günahlarımız onun sayəsində bağışlanır. Yehovanın Öz xalqını sevdiyini və onların rifahını düşündüyünü bilmək qəlbimizə rahatlıq, təsəlli verir!

17. Növbəti məqalədə hansı sualları araşdıracağıq?

17 Bəs bu gün ciddi günah işləmiş məsihinin məsələsinə necə baxılır? Ağsaqqallar Yehovanın məhəbbətini örnək alıb günah işləyən insanı tövbəyə necə təşviq edə bilər? Kiminsə artıq Yehovanın Şahidi olmadığı və ya yığıncaqda bərpa olunduğu elan olunanda bacı-qardaşlar buna necə yanaşmalıdır? Növbəti məqalədə bu sualların cavabını öyrənəcəyik.

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

a Daha belə insanlarla bağlı yığıncaqdan kənar olunub ifadəsini işlətməyəcəyik. Bundan sonra onların artıq Yehovanın Şahidi olmadığını deyəcəyik.