Kontentə keç

Mündəricatı göstər

«Cənnətdə görüşənədək!»

«Cənnətdə görüşənədək!»

«Sən mənimlə Cənnətdə olacaqsan!» (LUKA 23:43).

NƏĞMƏ: 145, 139

1, 2. Cənnətlə bağlı hansı fərqli fikirlər mövcuddur?

ÇOX təsirli səhnə idi: Koreyanın Seul şəhərində keçirilən toplantıdan sonra xarici qonaqları yola salan yerli Şahidlər onlara əl eləyib «Cənnətdə görüşənədək!» deyirdilər. Onlar cənnət deyərkən nəyi nəzərdə tuturdu?

2 Cənnət sözü hərə üçün bir məna kəsb edir. Bəziləri deyir ki, «cənnət xülyadır». Digərləri düşünür ki, insanın sevinc və məmnunluq duyduğu hər yer onun üçün cənnətdir. Acından ölən bir insan ziyafət masasında əyləşəndə özünü cənnətdə hiss edə bilər. Bəziləri güllü-çiçəkli mənzərə görəndə «Bura əsl cənnətdir!» deyir. Bəs cənnət sizin üçün nə ifadə edir? Siz cənnətin olacağına ümid edirsiniz?

3. Müqəddəs Kitabda cənnət haqqında ilk dəfə harada xatırlanır?

3 Müqəddəs Kitabda həm bir vaxtlar mövcud olmuş, həm də gələcəkdə qurulacaq cənnətdən bəhs olunur. Cənnət anlayışına Müqəddəs Kitabın elə ilk səhifələrində rast gəlirik. Müqəddəs Kitabın latın dilindən edilmiş bir tərcüməsində Yaradılış 2:8 ayəsi belə verilib: «Başlanğıcda Rəbb Allah həzz verən cənnəti saldı və yaratdığı insanı [Adəmi] oraya qoydu» («Catholic Douay Version»). (Kursiv bizimdir.) İbrani mətnində həmin hissədə «Ədəndə bir bağ saldı» yazılıb. Ədən sözü «məmnunluq, həzz» mənasını verir. Həmin bağ, doğrudan da, həzz verən bir məkan idi, orada bol qida, gözəl mənzərə var idi, insanlar heyvanlardan qorxmurdu (Yar. 1:29—31).

4. Nəyə görə Ədən bağını cənnət adlandırırıq?

4 İbrani dilində istifadə olunan «bağ» sözü yunan dilinə cənnət mənası verən paradeisos sözü olaraq tərcümə olunub. «Mak-Klintok və Stronqun ensiklopediyası»nda paradeisos sözünün bir yunan səyyarının təsəvvüründə canlandırdığı səhnə qeyd olunub: «Hər tərəfdən çəpərlənmiş və təbii gözəlliyinə xətər dəyməmiş geniş, açıq park. Parkda büllur çay suları ilə qidalanan və əksəriyyəti meyvə verən hündür meşə ağacları var, çay kənarında ceyran və quzu sürüləri gəzişir». (Yaradılış 2:15, 16 ayələri ilə əlaqələndirin.)

5, 6. Cənnət necə itirildi və bəzilərini hansı suallar düşündürə bilər?

5 Allah Adəmlə Həvvanı məhz belə bir bağda, cənnətdə məskunlaşdırmışdı. Amma onlar Allaha itaətsizlik etməklə özlərini cənnətdən məhrum etdilər. Beləcə, cənnət həm onlar üçün, həm də gələcək övladları üçün itirildi (Yar. 3:23, 24). Bu bağda artıq heç bir insan məskunlaşmasa da, görünür, o, Nuhun günlərindəki Daşqına qədər qalmışdı.

6 Bəzilərini belə suallar düşündürə bilər: «Nə vaxtsa hansısa kişi, qadın və ya uşaq yer üzü cənnətdə yaşaya bilər? Faktlar nəyi göstərir? Cənnətdə əzizlərinizlə birgə yaşamaq ümidiniz etibarlı mənbəyə əsaslanır? Cənnətin olacağına nəyə görə əmin olduğunuzu izah edə bilirsiniz?»

CƏNNƏTİN OLACAĞINA SÜBUTLAR

7, 8. a) Allah İbrahim peyğəmbərə nə vəd etmişdi? b) İbrahim peyğəmbər Allahın verdiyi vədlə əlaqəli nə düşünə bilərdi?

7 Məntiqli olardı ki, bu suallara cavabı cənnəti yaradanın ilhamı ilə yazılmış kitabda axtaraq. Gəlin Allahın İbrahim peyğəmbərə dediyi sözlərə diqqət yetirək. Allah İbrahimin övladlarını «dəniz sahilindəki qum dənələri qədər» çoxaldacağını deyərək ona belə bir vəd vermişdi: «Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yar. 22:17, 18). Yehova bu vədi İbrahimin oğluna və nəvəsinə də təkrarən demişdi. (Yaradılış 26:4; 28:14 ayələrini oxuyun.)

8 Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, İbrahim peyğəmbər insanların sonda mükafat olaraq göydəki cənnətdə yaşayacağını fikirləşirdi. Ona görə də Allah yer üzünün bütün xalqlarının mübarək olacağını deyəndə peyğəmbər sözsüz ki, yer üzündə olacaq nemətlər haqda düşünürdü. Bu vəd Allahdan idi, odur ki, peyğəmbərin gələcəkdə «yer üzünün bütün xalqları» üçün şəraitin daha yaxşı olacağına ümid etməyə əsası var idi. Bəs Müqəddəs Kitabda cənnətin yer üzündə olacağına dair başqa hansı sübutlar var?

9, 10. Daha hansı vədlər gələcək nemətləri gözləməyə əsas verir?

9 İbrahim peyğəmbərin nəslindən olan Davud padşah demişdi ki, gələcəkdə «şər iş görən» və «haqsızlıq edən» insanlar məhv olacaq və «artıq pis adam olmayacaq» (Zəb. 37:1, 2, 10). «Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar». Davud padşah həmçinin Allahdan ilham alaraq peyğəmbərlik etmişdi: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:11, 29; 2 İşm. 23:2). Sizcə, Allahın iradəsini yerinə yetirmək istəyən insanlar bu vədləri oxuyanda hansı hissləri keçirirdilər? Onlar əsaslı olaraq bir gün yer üzündə yalnız saleh insanların yaşayacağına və yer üzünün Ədən bağına bənzər cənnətə çevriləcəyinə ümid edirdilər.

10 Bir müddət sonra Yehovaya ibadət etdiklərini deyən israillilərin əksəriyyəti Ona və haqq dinə arxa çevirdilər. Buna görə də Yehova babillilərə xalqını məğlub etməyə, ərazilərini dağıtmağa və əksəriyyətini əsir aparmağa izin verdi (2 Saln. 36:15—21; Ərm. 4:22—27). Bununla belə, Allahın peyğəmbərləri demişdilər ki, 70 il sonra xalq öz ölkəsinə qayıdacaq. Bu peyğəmbərliklər yerinə yetdi. Amma onların bizə də aidiyyəti var. Gəlin onlardan bəzilərini araşdıraq və cənnətin yer üzündə olacağını düşünməyimizə hansı əsas verdiyinə diqqət yetirək.

11. Əşiya 11:6—9 ayələri necə yerinə yetdi, lakin hansı sual yenə də qalır?

11 Əşiya 11:6—9 ayələrini oxuyun. Yehova Allah Əşiya vasitəsilə peyğəmbərlik etdi ki, xalq öz ölkəsinə qayıdandan sonra artıq onlar üçün təhlükə yaradan heç nə olmayacaq, vəhşi heyvanların və ya insanların hücum edəcəyindən qorxmayacaqlar. Uşaqdan tutmuş böyüyə kimi, hamı təhlükəsizlik içərisində olacaq. Həmin dövrdə bu peyğəmbərlik yerinə yetdi. Məgər bu, Yehova Allahın Ədən bağında yaratdığı şəraiti xatırlatmır?! (Əşy. 51:3). Əşiya təkcə İsrail xalqının yox, bütün dünyanın «başdan-başa Yehova barədə biliklə» dolacağını peyğəmbərlik etmişdi. Bəs bu nə vaxt yerinə yetəcək?

12. a) Babil əsarətindən qayıdanlar hansı nemətləri daddılar? b) Əşiya 35:5—10 ayələrinin həm də gələcəkdə gerçəkləşəcəyini nə göstərir?

12 Əşiya 35:5—10 ayələrini oxuyun. Əşiya peyğəmbər bir daha vurğulayır ki, nə insanlar, nə də heyvanlar əsarətdən qayıdanlara xətər yetirməyəcək. Onların yaşadıqları torpaqda bol meyvə yetişəcək, çünki ora da Ədən bağı kimi yaxşı suvarılacaq (Yar. 2:10—14; Ərm. 31:12). Bəs vəd yalnız həmin dövrdə yerinə yetəcəkdi? Diqqət yetirin ki, peyğəmbərlikdə həmçinin korların görəcəyi, karların eşidəcəyi qeyd olunur. Lakin əsirlikdən qayıdanların möcüzəvi şəkildə sağaldıqlarına dair heç bir dəlil yoxdur. Bu peyğəmbərliklə Yehova gələcəkdə bütün xəstəlikləri sağaldacağına işarə edirdi.

13, 14. Sürgündən qayıdanlar Əşiya 65:21—23 ayələrinin yerinə yetməsinə necə şahid oldular və bu peyğəmbərliyin hansı hissəsi hələ yerinə yetməyib? (Məqalənin əvvəlindəki şəklə baxın.)

13 Əşiya 65:21—23 ayələrini oxuyun. Yəhudilər nə rahat evlərinə qayıtdılar, nə də bol məhsullu tarlalar və üzüm bağları tapdılar. Lakin Yehova onları mübarək qılanda vəziyyət dəyişdi. Onlar evlər tikib orada yaşayanda, əkdikləri məhsulun sağlam, ləziz bəhrəsini dadanda necə də sevinirdilər.

14 Gəlin peyğəmbərlikdəki vacib bir məqama diqqət yetirək. Elə bir vaxt gələcəkmi ki, insan «ömrü ağac ömrütək uzun» olsun? Bəzi ağaclar min illərlə yaşayır. Bu qədər ömür sürmək üçün insan gərək sağlam olsun. Həyat Əşiyanın dediyi kimi olsa, əsl cənnət olar. Əmin ola bilərik ki, bu peyğəmbərlik mütləq gerçəkləşəcək!

İsa Məsihin cənnətlə bağlı vədi necə gerçəkləşəcək? (15 və 16-cı abzaslara baxın)

15. Əşiya kitabında hansı nemətlər təsvir olunub?

15 Yuxarıda bəhs etdiyimiz vədlərin gələcəkdə cənnətin olacağına necə işarə etdiyi haqda düşünək: Allah yer üzünün sakinlərini mübarək qılacaq. Heç kim vəhşi heyvanların və ya insanların hücumuna məruz qalmayacaq. Həmin vaxt korların gözləri açılacaq, karların qulaqları eşidəcək, axsaqlar yeriyəcək. Hər kəs özünə ev tikəcək, sağlam məhsul yetişdirəcək. İnsanlar ağaclardan da uzun ömür sürəcək. Bəli, Müqəddəs Kitabda belə bir gələcəyin olacağına dair sübutlar var. Bununla belə, bəziləri deyə bilər ki, bu peyğəmbərliklər yer üzündə cənnətin olacağı mənasını daşımır. Siz bu fikrin qarşılığında nə deyə bilərsiniz? Yer üzündə əsl cənnətin olacağına ümid etmək üçün hansı əsaslı səbəbiniz var? Bu dünyada yaşamış ən böyük insan bizə əsaslı bir səbəb verib.

SƏN CƏNNƏTDƏ OLACAQSAN!

16, 17. İsa Məsih cənnət haqqında nə vaxt danışmışdı?

16 İsa Məsihi, heç bir günahı olmadığı halda, məhkum edib iki yəhudi cinayətkarla bir yerdə dirəyə mıxlamışdılar. Cinayətkarlardan biri ölümündən əvvəl Məsihin padşah olduğunu anlayaraq ondan belə bir xahiş etmişdi: «İsa, Padşahlığına gələndə məni yada sal» (Luka 23:39—42). İsanın Luka 23:43 ayəsində verdiyi cavab sizin də gələcəyinizə aiddir. Bəzi alimlər bu ayəni belə tərcümə ediblər: «Sənə deyirəm, bu gün sən mənimlə Cənnətdə olacaqsan!» Gəlin «bu gün» sözünə diqqət yetirək. İsa Məsihin nəyi nəzərdə tutduğu ilə bağlı müxtəlif fikirlər var.

17 Bir çox müasir dillərdə fikrə aydınlıq gətirmək və mənanı düzgün vermək üçün vergül işarəsindən istifadə olunur. Lakin yunan əlyazmalarının erkən nüsxələrində durğu işarələri elə də çox istifadə olunmurdu. Belə olan halda sual yaranır: İsa Məsih «sənə deyirəm, bu gün sən mənimlə Cənnətdə olacaqsan» demişdi, yoxsa «sənə deyirəm bu gün, sən mənimlə Cənnətdə olacaqsan» demişdi? Tərcüməçilər İsa Məsihin əslində nə demək istədiyini fərqli başa düşdüyü üçün Müqəddəs Kitabın müxtəlif tərcümələrində vergül işarəsinin fərqli yerlərdə qoyulduğuna rast gəlmək olar.

18, 19. İsa Məsihin sözlərinin nə demək olduğunu necə başa düşə bilərik?

18 İsa Məsihin bu hadisədən öncə davamçılarına söylədiyi sözləri xatırlayaq: «İnsan Oğlu da yerin bağrında üç gün, üç gecə qalacaq». O həmçinin demişdi: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək» (Mət. 12:40; 16:21; 17:22, 23; Mark 10:34). Sonralar həvari Butrus bu sözlərin yerinə yetdiyini təsdiqləmişdi (Həv. 10:39, 40). Deməli, cinayətkarla bir yerdə öldüyü gün İsa Məsih cənnətə getməmişdi. Allah İsanı dirildənə qədər o, bir neçə gün «Məzarda [hadesdə]» qalmışdı * (Həv. 2:31, 32, haş.).

19 Beləliklə görürük ki, İsa Məsih cinayətkara verdiyi vədi «bu gün sənə deyirəm» sözləri ilə başlamışdı. Bu ifadə Musa peyğəmbərin dövründə də tez-tez istifadə olunurdu. Misal üçün, peyğəmbər bir dəfə demişdi: «Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın» (Qan. 6:6; 7:11; 8:1, 19; 30:15).

20. İsanın dediklərini düz anladığımızı nə təsdiq edir?

20 İsa Məsihin yaşadığı ərazidən olan bir Müqəddəs Kitab tərcüməçisi onun sözləri barədə yazmışdı: «Bu mətndə vurğu “bu gün” sözünə düşür və belə oxunmalıdır: “Bu gün sənə deyirəm, sən mənimlə Cənnətdə olacaqsan!” Bu vəd həmin gün verilmişdi, amma sonra yerinə yetəcəkdi. Bu, şərq dil üslubuna xasdır və o deməkdir ki, vəd müəyyən bir vaxtda verildi və mütləq həyata keçiriləcək». Müqəddəs Kitabın beşinci əsrə aid Suriya tərcüməsində İsa Məsihin cavabı bu cür qeyd olunub: «Amin, bu gün sənə deyirəm ki, sən mənimlə Ədən bağında olacaqsan». Bu vəd hər birimizi ruhlandırır.

21. Cinayətkarla nə baş vermədi və nə üçün?

21 İsa Məsih cinayətkara cənnətlə bağlı vəd verəndə göydəki cənnəti nəzərdə tutmurdu. Bunu haradan bilirik? Birincisi, cinayətkar İsanın həvariləri ilə səmavi Padşahlıqda bir yerdə idarə etmək üçün bağladığı əhddən xəbərsiz idi (Luka 22:29). Həmçinin o, heç vəftiz də olunmamışdı (Yəh. 3:3—6, 12). Aydındır ki, İsa ona yer üzü cənnətlə bağlı vəd vermişdi. İllər sonra həvari Bulus cənnətə aparılan bir adamla bağlı görüntü aldığını söyləmişdi (2 Kor. 12:1—4). Cinayətkardan fərqli olaraq, Padşahlıqda İsa ilə hakimiyyət sürəcək Bulus və digər həvarilər göyə aparılmaq üçün seçilmişdilər, bununla belə, həvari Bulus gələcəkdə gerçəkləşəcək bir şeydən — cənnətdən danışırdı *. O, yer üzündə olacaq cənnəti də nəzərdə tuturdu? Bəs siz orada ola bilərsiniz?

NƏYƏ ÜMİD ETMƏK OLAR?

22, 23. Siz nəyə ümid edə bilərsiniz?

22 Nəzərə alaq ki, Davud peyğəmbər salehlərin «yerə sahib» olacağını əvvəlcədən bildirmişdi (Zəb. 37:29; 2 But. 3:13). Peyğəmbər yer üzündə bütün insanların Allahın salehlik normalarına uyğun yaşayacağı bir vaxtdan bəhs edirdi. Əşiya 65:22 ayəsində peyğəmbərlik olunur: «Xalqımın ömrü ağac ömrütək uzun olacaq». Bu o deməkdir ki, insanlar yer üzündə min illər boyu yaşayacaqlar. Bunların olacağına ümid etmək olar? Bəli, Vəhy 21:1—4 ayələrinə əsasən, Allah bəşəriyyətə nəzər salacaq. Onun vəd etdiyi nemətlərdən biri də odur ki, salehlik hökm sürən yeni dünyada mömin bəndələr «artıq ölüm» nədir bilməyəcək.

23 Deməli, hər şey aydındır. Adəm və Həvva keçmişdə Ədən bağındakı cənnəti itirdilər, amma cənnət əbədilik itirilmədi. Allah vəd etdiyi kimi, yer üzündə yaşayan insanları mübarək qılacaq. Davud peyğəmbər Allahdan ilham alaraq həlim və saleh bəndələrin yeri miras alacağını, orada əbədi yaşayacağını demişdi. Əşiya kitabındakı peyğəmbərlikləri oxuyanda bu nemətləri dadacağımız zamanı daha da həvəslə gözləyirik. Bəs bütün bunlar nə vaxt olacaq? İsa Məsihin yəhudi cinayətkara verdiyi vəd yerinə yetəndə. Siz də Cənnətdə ola bilərsiniz. Onda Koreyadan qonaqları yola salan bacı-qardaşların «Cənnətdə görüşənədək!» sözlərinin həyata keçməsinə şahid olacaqsınız.

^ abz. 18 Professor Marvin Peyt qeyd edir ki, bəzi alimlərin fikrincə, İsa Məsih «bu gün» deməklə həmin gün, başqa sözlə, 24 saat ərzində ölüb cənnətə gedəcəyini nəzərdə tuturdu. Marvin Peyt bu nəticəyə gəlməyin Müqəddəs Kitabdakı digər faktlarla ziddiyyət təşkil etdiyini qeyd edir. Misal üçün, Kəlamda yazılıb ki, İsa ölümündən sonra Məzara enmiş, daha sonra göyə qaldırılmışdı (Mət. 12:40; Həv. 2:31; Rom. 10:7).

^ abz. 21 Bu sayın «Oxucuların sualları» rubrikasına baxın.