Kontentə keç

Mündəricatı göstər

«Hər şeyə görə təşəkkür edin»

«Hər şeyə görə təşəkkür edin»

SİZ minnətdar, təşəkkür etməyi bacaran birisiniz? Hər birimiz bu sualın üzərində düşünməliyik. Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, bizim dövrümüzdə əksər insanlar «nankor» olacaq (2 Tim. 3:2). Bəzi adamlar elə düşünür ki, hamı onlara borcludur, onlar üçün nə isə etməlidir, onlara nəsə verməlidir, yəqin siz də belə adamlara rast gəlmisiniz. Belə adamlar elə düşünür ki, onlara verilən və edilən şeylərə görə minnətdarlıq bildirməməlidirlər. Yəqin razılaşarsınız ki, bu cür insanların əhatəsində olmaq xoş deyil.

Amma Yehova xidmətçilərinə «şükür edənlərdən» olmağı buyurub. Biz «hər şeyə görə təşəkkür» etməliyik (Kol. 3:15; 1 Salon. 5:18). Üstəlik, minnətdar olmaq öz xeyrimizədir. Gəlin görək hansı sahələrdə.

MİNNƏTDARLIQ ÖZÜNƏİNAM HİSSİ BƏXŞ EDİR

Bu hissi yetişdirməli olduğumuz səbəblərdən biri odur ki, minnətdarlıq başqalarına sevinc gətirməklə yanaşı, özümüz barədə pozitiv düşünməyə kömək edir. Nəyə görə? Minnətdar olsaq, başqalarının gözündə dəyərli olduğumuzu görə biləcəyik. Gəlin nümunəyə nəzər salaq: əgər kimsə sizin üçün nə isə edirsə, deməli, sizi buna layiq bilir, sizi düşünür. Bu cür diqqət görəndə yəqin ki, özünüzü yaxşı hiss edirsiniz. Bunu Rutun nümunəsindən də görmək olar. Buəz Ruta səxavət göstərmişdi. Şübhəsiz, kiminsə onun qeydinə qaldığını bilmək Ruta çox xoş təsir bağışlamışdı (Rut 2:10—13).

Xüsusilə də, Allaha minnətdar olmalıyıq. Əlbət ki, Yehovanın bəxş etdiyi və bəxş etməyə davam etdiyi ruhani və fiziki nemətlər barədə vaxtaşırı düşünürsünüz (Qan. 8:17, 18; Həv. 14:17). Lakin Allahın sizə və yaxınlarınıza verdiyi nemətlər haqda ötəri yox, dərindən düşünün. Yaradanın səxavəti barədə düşünmək Ona minnətdarlığınızı artıracaq və Onun sizi nə qədər çox sevdiyinə, Onun üçün nə qədər dəyərli olduğunuza əminliyinizi möhkəmləndirəcək (1 Yəh. 4:9).

Amma Yehovanın səxavəti və verdiyi nemətlər haqda düşünməklə kifayətlənməyin, xeyirxahlığına görə Ona minnətdarlığınızı bildirin (Zəb. 100:4, 5). Minnətdarlıq ifadə etmək insanın xoşbəxtliyində mühüm rol oynayır.

MİNNƏTDARLIQ İNSANLARI BİR-BİRİNƏ YAXINLAŞDIRIR

Minnətdarlığın xeyrimizə olduğu digər sahə onun dostluq tellərini möhkəmləndirməsidir. Hər kəs özünü dəyərli hiss etmək istəyir. Kiməsə xeyirxah əməlinə görə səmimi minnətdarlıq bildirəndə dostlaşırıq (Rom. 16:3, 4). Üstəlik, minnətdar insanlar başqalarına kömək etməyə daha çox meyilli olur. Onlar özlərinə olunan xeyirxahlığı dəyərləndirir və bu onları qarşılıq verməyə təşviq edir. Başqalarına kömək etmək xoşbəxtlik gətirir. Eynilə İsa Məsihin dediyi kimi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35).

Kaliforniya Universitetinin minnətdarlıq üzrə araşdırma layihəsinin direktor müavini Robert Emmons belə fikir qeyd etmişdi: «Minnətdar baxışa sahib olmaq üçün verməklə almaq arasındakı bağlılığı görmək gərəkdir». Bu faktdır ki, yaşamaq və xoşbəxt olmaq üçün insanın insana bir çox sahələrdə ehtiyacı var. Məsələn, kimsə bizi qida ilə təmin edir, yaxud tibbi yardım göstərir (1 Kor. 12:21). Yaxşılıq bilən insan başqalarının onun üçün etdiklərini görür. Siz adətən başqalarının sizin üçün etdiklərinə görə minnətdarlığınızı bildirirsiniz?

MİNNƏTDARLIQ VƏ HƏYATA BAXIŞINIZ

Minnətdarlıq yetişdirməyin daha bir səbəbi var: bu xüsusiyyət diqqətimizi mənfi yox, müsbət şeylərə yönəltməyə kömək edir. Müəyyən mənada, zehnimiz filtrə bənzəyir. Bu filtr sayəsində diqqətimizi ətrafımızda baş verən müəyyən məqamlara cəmləyir, digər məqamlara isə əhəmiyyət vermirik. Minnətdar olanda biz yaxşı şeyləri görməyə, pis şeylərə isə daha az fikir verməyə meyilli oluruq. Nə qədər çox minnətdar olsaq, bir o qədər yaxşı şeyləri görə biləcəyik, nəticədə, daha minnətdar insan olacağıq. Diqqətimizi minnətdar ola biləcəyimiz şeylərə cəmləsək, həvari Bulusun növbəti məsləhətinə əməl edə biləcəyik: «Rəbbə xidmətdə həmişə sevinin» (Filip. 4:4).

Minnətdarlıq hissi mənfi fikirləri dəf edir. Çətin ki, insan eyni vaxtda həm minnətdar, həm də qısqanc, məyus və acıqlı olsun. Minnətdar insan həmçinin maddi şeylərə daha az önəm verir. O, əlində olana görə şükr edir və daha çox şey əldə etməyə çalışmır (Filip. 4:12).

ALDIĞINIZ NEMƏTLƏRİ XATIRLAYIN!

Başa düşürük ki, Şeytan bu axırzamanda üzləşdiyimiz çətinliklərin bizi məyus etməsini və ruhdan salmasını istəyir. Mənfi düşüncəli, deyingən olmağımız onun ürəyincə olar. Bu cür əhval-ruhiyyədə olsaq, xoş xəbərin müjdəçisi kimi o qədər də bəhrə gətirməyəcəyik. Minnətdarlıq hissi müqəddəs ruhunun bəhrəsi ilə bağlıdır, məsələn, götürək sevinci və imanı. Allahın bizə verdiyi bütün yaxşı nemətlərə görə sevinirik, həmçinin Onun bütün vədlərinə iman gətiririk. Bu da bizdə minnətdarlıq hissi doğurur (Qal. 5:22, 23).

Yehovanın Şahidi olaraq, yəqin ki, bu məqalədə minnətdarlıqla bağlı deyilənlərlə razısınız. Bununla belə, razı olarsınız ki, minnətdar, nikbin baxışa sahib olmaq heç də həmişə asan deyil. Qoy bu sizi ruhdan salmasın. Siz minnətdarlıq xüsusiyyətini yetişdirə və onu qoruya bilərsiniz. Necə? Hər gün vaxt ayırıb həyatınızda minnətdar ola biləcəyiniz şeylər barədə düşünün. Bunu daha çox etdikcə, minnətdarlıq bildirmək içinizdən gələcək. Beləcə, həyatın çətinliklərinə köklənən insanlardan daha xoşbəxt olacaqsınız. Allahın və insanların etdiyi yaxşılıqlar — sizi ruhlandıran, sizə sevinc bəxş edən şeylər barədə düşünün. Hətta bunları bir yerə qeyd etməyə başlaya bilərsiniz. Hər gün minnətdarlıq duyduğunuz iki-üç şeyi yaza bilərsiniz.

Araşdırmalar göstərir ki, «insan həmişə minnətdarlıq bildirəndə beynindəki neyronların impulsları dəyişir və müsbət impulslar yaranır». Minnətdar insan daha xoşbəxt olur. Odur ki, aldığınız nemətlər haqda düşünün, həyatınızdakı müsbət şeylərdən zövq alın və həmişə minnətdar olun! Yaxşı şeylərə etinasız yanaşmayın, əksinə, «Yehovaya şükür edin, çünki kəramətlidir». Bəli, «hər şeyə görə təşəkkür edin» (1 Saln. 16:34; 1 Salon. 5:18).