Oxucuların sualları
Müqəddəs Kitabda deyilir ki, hansısa məsələni araşdırmaq üçün azı iki şahid gərəkdir (Say. 35:30; Qan. 17:6; 19:15; Mət. 18:16; 1 Tim. 5:19). Lakin Musanın qanununa əsasən, kişi «çölün düzündə» nişanlı qıza təcavüz edərdisə və qız qışqırardısa, o, günahsız sayılırdı, kişi isə yox. Təcavüzə heç kim şahid olmadığı halda, nə üçün qız günahsız sayılırdı, kişi isə günahkar?
Qanunun təkrarı 22:25—27 ayələrində söhbət, əsas etibarilə, kişinin günahlı olduğunu sübut etməkdən yox, qadının günahsız olduğunu təsdiq etməkdən gedir. Çünki bu halda kişinin günahlı olduğu aşkar idi. Gəlin kontekstə nəzər salaq.
Öncəki ayələrdə kişinin nişanlı qızla «şəhərdə» yaxınlıq etməsindən söhbət gedir. Bununla kişi zina etməkdə təqsirkar bilinir, çünki nişanlı qız artıq ərli qadın hesab olunurdu. Bəs qadın haqda nə demək olar? O, «şəhərin içində ola-ola qışqırmayıb». Əgər qışqırsa idi, başqaları eşidər və onu qoruyardı. Lakin qadın bunu etməyib. Buna görə də hər ikisi zina etməkdə təqsirkar bilinirdi (Qan. 22:23, 24).
Qanunda digər bir vəziyyət də təsvir olunur: «Kişi nişanlı qızla çölün düzündə rastlaşıb zor gücünə onunla yaxınlıq etsə, onda təkcə qızı zorlayan kişi ölməlidir. Qıza heç nə etməyin. O, ölümə layiq bir iş tutmayıb. Bu, kiminsə başqa bir adamın üstünə hücum çəkib onu öldürməsinə bənzəyir. Kişi qıza çöldə rast gəlib və qız qışqırsa da, imdadına çatan olmayıb» (Qan. 22:25—27).
Belə halda, hakimlər qadının sözlərinə etibar edirdi. Hansı mənada? Ehtimal olunurdu ki, «qız qışqırsa da, imdadına çatan olmayıb». Odur ki, qız zina etmiş sayılmırdı. Lakin kişi «zor gücünə onunla yaxınlıq» etdiyinə görə təcavüzdə və zinada günahkar sayılırdı.
Beləliklə, bu qanunda diqqət əsasən qadının günahsız olduğuna yönəldiyi üçün kişi barədə sadəcə təcavüzdə və zinada günahkar olduğu deyilir. Əmin ola bilərik ki, hakimlər «məsələni yaxşı-yaxşı» araşdırıb Allahın dəfələrlə və aydın şəkildə təkrar etdiyi göstərişlərə uyğun qərar çıxarırdılar (Qan. 13:14; 17:4; Çıx. 20:14).