Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 51

«Yehova... pərişan insanları azad edir»

«Yehova... pərişan insanları azad edir»

«Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (ZƏB. 34:18).

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

İCMAL *

1, 2. Bu məqalədə nə haqda danışacağıq?

İNSAN ömrü gödək, üstəlik, «əzab-əziyyətlə doludur» (Əyy. 14:1). Buna görə də təbiidir ki, bəzən özümüzü pərişan hiss edirik. Yehovanın qədimdə yaşamış xidmətçiləri də bəzən bu cür hisslər keçirirdi, hətta elələri var idi ki, ölmək istəyirdi (1 Pad. 19:2—4; Əyy. 3:1—3, 11; 7:15, 16). Amma pənah apardıqları Allah Yehova həmişə onlara dayaq olurdu. Onların hadisəsi Müqəddəs Kitabda bizə təsəlli və nəsihət üçün yazılıb (Rom. 15:4).

2 Bu məqalədə Yehovanın çətinliklərə sinə gərmiş xidmətçilərindən danışacağıq: Yaqubun oğlu Yusifdən, dul qalmış Naimədən və gəlini Rutdan, 73-cü məzmuru yazmış lavilidən və həvari Butrusdan. Yehova onlara necə dayaq olmuşdu? Onların hadisəsindən biz necə təsəlli tapa bilərik? Bu sualların cavabından görəcəyik ki, «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəb. 34:18).

HƏZRƏTİ YUSİF BÖYÜK HAQSIZLIQLARLA ÜZLƏŞİR

3, 4. Gənc yaşlarında Yusifin başına nələr gəlmişdi?

3 Həzrəti Yusif 17 yaşı olanda iki yuxu görmüşdü. Hər iki yuxu Yehovadan idi. Bu yuxular göstərirdi ki, Yusif bir gün ailədə hörmət sahibi olacaq (Yar. 37:5—10). Amma yuxu görməsindən çox keçməmiş Yusifin həyatı köklü sürətdə dəyişdi. Yusifə hörmət göstərmələri qalsın bir yana, qardaşları onu qul kimi satdılar (Yar. 37:21—28). Beləcə, atasının əziz övladı olan Yusif çox keçməmiş Misirdə Fitfir adlı bütpərəst saray əyanının evində qul oldu (Yar. 39:1).

4 Bundan sonra Yusifin başına gələn bəlalar daha da artdı. Fitfirin arvadı Yusifi ona təcavüz etməkdə şərlədi. Məsələni aydınlaşdırmadan Fitfir Yusifi həbsə atdırdı və onu zəncirlətdi (Yar. 39:14—20; Zəb. 105:17, 18). Təsəvvür etmək olar, təcavüz etməkdə günahlandırılan gənc Yusif özünü necə hiss edirdi. Üstəlik, bu ittiham Yehovanın adına ləkə gətirə bilərdi. Şübhəsiz, bu şeylər Yusifi çox məyus edirdi!

5. Məyusluğa qapılmamaq üçün Yusif nə etdi?

5 Yusif həm qul olanda, həm də həbsə düşəndə vəziyyəti dəyişmək onun əlində deyildi. Bəs o, nikbin əhvali-ruhiyyəni necə qoruya bildi? O, diqqətini edə bilməyəcəyi şeyə cəmləmirdi. Başını aşağı salıb, ona buyrulan işi görürdü. Ən əsası isə Yehovanı razı salmaq onun üçün həyatda hər şeydən önəmli idi. Buna görə də Yehova Yusifin atdığı hər addımı avand edirdi (Yar. 39:21—23).

6. Çox ehtimal ki, yuxuları Yusifə necə təskinlik verirdi?

6 Çox ehtimal ki, Yusif bir zamanlar gördüyü yuxular haqqında düşünüb toxtaqlıq tapırdı. Bu yuxular onu göstərirdi ki, o, ailəsinə yenidən qovuşacaq və vəziyyət yaxşılığa doğru dəyişəcək. Belə də oldu. Yusifin təxminən 37 yaşı olanda onun yuxuları heyrətamiz şəkildə yerinə yetməyə başladı! (Yar. 37:7, 9, 10; 42:6, 9).

7. 1 Butrus 5:10 ayəsinə əsasən, üzləşdiyimiz sınaqların öhdəsindən gəlməyə bizə nə kömək edə bilər?

7 Bu hadisədən nə öyrənirik? Yusifin başına gələnlər göstərir ki, biz qəddar, haqsızlıqlarla dolu dünyada yaşayırıq. Hətta dindaşımız belə qəlbimizi yaralaya bilər. Amma əgər Yehova bizim qayamız və pənahımız olsa, məyusluğa qapılmayacağıq və Yehovaya xidməti dayandırmayacağıq (Zəb. 62:6, 7; 1 Butrus 5:10 ayəsini oxuyun). Unutmayın ki, Yehova Yusifə xüsusi rəğbət bəsləyib, ona yuxular göstərəndə o, cəmi 17 yaşında idi. Bəli, Yehova gənc xidmətçilərinə etibar edir. Bu gün də Yusif kimi, Yehovaya imanı olan çoxlu gənclər var. Onlardan bəziləri Yehovaya sadiq qaldıqları üçün haqsız yerə həbs olunublar (Zəb. 110:3).

İKİ YASLI QADIN

8. Naimə ilə Rutun başına nələr gəlmişdi?

8 Yəhudada şiddətli aclıq olduğundan Naimə ailəsi ilə birgə qürbət elə, Muaba köçür. Orada Naimənin əri Əliməlik vəfat edir və o, iki oğlu ilə tək qalır. Bir müddət sonra Naimənin oğulları Rut və Orpa adlı muabi qızlarla ailə qururlar. Təxminən 10 ildən sonra Naimənin oğulları da ölür. Onun gəlinləri Rut və Orpa dünyaya övlad gətirməmiş dul qalır (Rut 1:1—5). Görün bu üç qadın nə qədər dərdli idi! Rutla Orpa yenidən ailə qura bilərdi. Bəs yaşa dolmuş Naimənin qayğısına kim qalacaqdı? Naimə o qədər pərişan idi ki, hətta belə demişdi: «Mənə Naimə deməyin. Mənə Mara deyin, çünki Qüdrət Sahibi həyatımı acı etdi». Dərddən qəddi bükülmüş Naimə Beytləhmə qayıdır, Rut da onunla gedir (Rut 1:7, 18—20).

Naimə və Rutun hadisəsi sübut edir ki, Allah Öz xidmətçilərinə kədərə və ruh düşkünlüyünə üstün gəlməyə kömək edə bilər. Allah sizə də kömək ola bilər (8—13 abzaslara baxın) *

9. Rut 1:16, 17, 22 ayələrinə əsasən, Rut Naiməyə necə dayaq oldu?

9 Naiməyə bu dərdə dözməyə nə kömək etdi? Məhəbbət. Məsələn, ona bu məhəbbəti Rut göstərdi. O, Naiməni tək qoymadı. (Rut 1:16, 17, 22 ayələrini oxuyun.) Beytləhmdə Rut özünü və Naiməni dolandırmaq üçün başaq yığmağa başladı. Beləcə, bu cavan gəlin tez biz zamanda yaxşı ad qazandı (Rut 3:11; 4:15).

10. Yehova Naimə və Rut kimi kasıblara məhəbbətini necə göstərirdi?

10 Yehovanın israillilərə verdiyi bir qanunda kasıblara qarşı necə şəfqətli olduğu görünür. Yehova xalqa buyurmuşdu ki, məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməsinlər, onları kasıb-kusub üçün saxlasınlar (Lav. 19:9, 10). Bu qanunun sayəsində Naimə ilə Rut çörək üçün heç kimə əl açmadı. Onlar ləyaqətləri alçalmadan özlərini təmin edə bildilər.

11, 12. Naimə ilə Rutun xoşbəxtliyində Buəzin hansı rolu var idi?

11 Rutun başaq yığdığı tarlanın sahibi Buəz adlı varlı bir kişi idi. Rutun qayınanasına olan sədaqəti və məhəbbəti onu heyran qoymuşdu. Buna görə də bu ailənin mirasına yiyəlik etdi və Rutla ailə qurdu (Rut 4:9—13). Onların Abid adlı oğlu dünyaya gəldi. Sonralar Abid Davud padşahın babası oldu (Rut 4:17).

12 Biz heç təsəvvür belə edə bilmərik, Naimə balaca Abidi qucağına alanda və Yehovaya şükranlığını bildirəndə necə xoşbəxt idi! Amma Naimə ilə Rutu qarşıda daha böyük nemətlər gözləyir. Onlar diriləndə öyrənəcəklər ki, vəd olunmuş Məsih Abidin nəslindən gəlib!

13. Naimə ilə Rutun hadisəsindən hansı vacib dərsləri öyrənirik?

13 Bu hadisədən nə öyrənirik? Üzləşdiyimiz sınaqlar ucbatından pərişan oluruq, ruhdan düşürük. Bəlkə də, vəziyyətimizin çıxılmaz olduğunu düşünürük. Belə vəziyyətdə tamamilə səmavi Atamıza bel bağlamalıyıq. Dindaşlarımızla sıx münasibətlərimizi qorumalıyıq. Düzdür, ola bilsin, Yehova problemimizi aradan qaldırmayacaq. Məsələn, O, Naimənin ərini və iki oğlunu diriltmədi. Amma Yehova bizə dözməyə kömək edəcək. Ola bilsin, dindaşlarımızı yönəldəcək ki, bizim üçün xeyirxah işlər görsünlər (Məs. 17:17).

BİR LAVİLİ AZ QALA BÜDRƏMİŞDİ

73-cü məzmurun yazarı Yehovanı hər şeydən üstün tutmayanların xoş güzəranını görüb az qala büdrəmişdi (14—16 abzaslara baxın)

14. Nəyə görə bir lavili məyusluğa qapılmışdı?

14 73-cü məzmuru bir lavili yazmışdı. Lavili olduğu üçün ona şərəf nəsib olmuşdu, Yehovaya ibadət olunan yerdə xidmət edirdi. Buna baxmayaraq, o, həyatının bir dönəmində ruh düşkünlüyünə qapılmışdı. Səbəb o idi ki, bu lavili pislərə, lovğalara paxıllıq edirdi. O onların pis əməllərinə yox, xoş güzəranlarına həsəd aparırdı (Zəb. 73:2—9, 11—14). Qıraqdan elə görünürdü ki, həmin insanların var-dövləti başlarından aşır, hər işi avand gedir, dərdi-sərləri yoxdur. Lavili bütün bunları görüb o qədər pərişan olmuşdu ki, belə demişdi: «Əbəs yerə ürəyimi saf etmişəm, əllərimi günahsızlıq suyunda yumuşam». Aydındır ki, onun ruhaniliyi ciddi təhlükə altında idi.

15. Zəbur 73:16—19, 22—25 ayələrinə əsasən, bu məzmuru yazan lavili məyusluqdan necə qurtuldu?

15 Zəbur 73:16—19, 22—25 ayələrini oxuyun. Lavili «Allahın müqəddəs məkanına» girir. Orada Yehovanın digər xidmətçiləri arasında olanda sakit şəkildə, aydın düşünərək və dua edərək öz vəziyyətini götür-qoy edə bilir. Beləcə, düşüncələrinin nə qədər axmaq olduğunu başa düşür. Anlayır ki, təhlükəli yola qədəm qoyub, bu onu Yehovadan uzaqlaşdıra bilər. Həmçinin o başa düşür ki, pislər sürüşkən yerdədir və aqibətləri dəhşətli olacaq. Paxıllıq və məyusluq hissindən qurtulmaq üçün lavili məsələyə Yehova kimi yanaşmalı idi. Belə etməyin sayəsində, o, yenidən qəlb rahatlığı və xoşbəxtlik tapdı. O dedi: «[Yehovadan] savayı heç nə gərəyim deyil».

16. Lavilidən nə öyrənirik?

16 Bu hadisədən nə öyrənirik? Biz qıraqdan xoşbəxt kimi görünən pis insanlara paxıllıq etməməliyik. Onların xoşbəxtliyi səthi və ötəridir. Onların əbədi gələcəyi yoxdur (Vaiz 8:12, 13). Belə insanlara paxıllıq etmək məyusluqdan və ruhani məhvdən başqa insana heç nə qazandırmır. Əgər görsəniz ki, sizdə pislərin xoş güzəranına qarşı paxıllıq yaranır, lavili kimi davranın, məhəbbətli Allahımızın məsləhətlərinə əməl edin və Onun iradəsini yerinə yetirən insanlarla oturub-durun. Yehovanı hər şeydən çox sevsəniz, həqiqətən xoşbəxt olacaqsınız. Onda əsl həyata gedən yoldan sapmayacaqsınız (1 Tim. 6:19).

BUTRUS ZƏİF CƏHƏTLƏRİNƏ GÖRƏ MƏYUS OLURDU

Butrus diqqətini xidmətə cəmləməklə ruh düşkünlüyünə üstün gəldi. Onun nümunəsindən özümüz üçün təsəlli tapa bilərik və başqalarına bu sahədə kömək edə bilərik (17—19 abzaslara baxın)

17. Butrusun məyus olmasına nələr səbəb ola bilərdi?

17 Həvari Butrus zirək, enerjili insan idi. Amma bəzən o, çox tələskən olurdu, öz hisslərini düşünmədən ifadə edirdi. Buna görə də elə anlar olurdu ki, etdiyi hansısa hərəkətin, dediyi hansısa sözün peşmançılığını çəkirdi. Məsələn, bir dəfə İsa özü haqda deyəndə ki, əzab çəkib ölməlidir, Butrus onu məzəmmət edərək demişdi: «Belə şey heç vaxt ola bilməz!» (Mət. 16:21—23). İsa Butrusun düşüncəsinə düzəliş etdi. Başqa vaxt bir dəstə insan İsanı tutmağa gələndə Butrus tələskən davranaraq baş kahinin nökərinin qulağını kəsmişdi (Yəh. 18:10, 11). İsa bu dəfə də onun səhvini düzəltdi. Bundan əlavə, Butrus bir dəfə öyünərək İsaya demişdi ki, başqa şagirdlər ondan üz döndərsə də, o ömründə ondan üz döndərməz! (Mət. 26:33). Amma o özündən çox arxayın idi. Elə həmin gecə Butrus insan qorxusuna qapılaraq Ağasını üç dəfə dandı. Buna görə o qədər pərişan oldu ki, «çölə çıxıb hönkür-hönkür ağladı» (Mət. 26:69—75). Bəlkə də, o düşünürdü ki, İsa onu heç vaxt bağışlamaz.

18. İsa Butrusun məyusluğa üstün gəlməsinə necə kömək etdi?

18 Lakin Butrus yol vermədi ki, məyusluq onu üstələsin. O günah işləsə də, ruhən dirçəldi və digər həvarilərlə birgə Yehovaya xidməti davam etdirdi (Yəh. 21:1—3; Həv. 1:15, 16). Bəs ona nə kömək etdi? Birincisi, İsa bir müddət əvvəl dua etmişdi ki, Butrusun imanı tükənməsin. Sonra onu təşviq etmişdi ki, qayıdıb qardaşlarının imanını möhkəmləndirsin. Daha sonra o, Butrusa təklikdə görünmüşdü. Şübhəsiz, onu ruhlandırmaq istəyirdi (Luka 22:32; 24:33, 34; 1 Kor. 15:5). Həmçinin həvarilər bütün gecəni əlləşib-vuruşub, balıq tuta bilməyəndə də İsa onlara görünmüşdü. Həmin vaxt o imkan yaratmışdı ki, Butrus ona olan sevgisini ifadə etsin. İsa əziz dostunu bağışladı və ona daha çox iş həvalə etdi (Yəh. 21:15—17).

19. Zəbur 103:13, 14 ayələrindən göründüyü kimi, Yehova günah işləyən bəndələrinə necə yanaşır?

19 Bu hadisədən nə öyrənirik? İsanın Butrusla davranışından onun nə qədər rəhmli olduğunu görmək olar. İsa Butrusa rəhm etməklə Atasını mükəmməl sürətdə əks etdirirdi. Buna görə də biz səhvlərə yol verəndə düşünməməliyik ki, Yehova bizi heç vaxt bağışlamayacaq. Bizim bu cür düşünməyimizi Şeytan istəyir. Buna görə də gəlin Yehovanın mərhəmətli və məhəbbətli Allah olduğunu unutmayaq. İstər özümüzə, istərsə də bizə qarşı günah edənlərə Yehova kimi yanaşaq. (Zəbur 103:13, 14 ayələrini oxuyun.)

20. Növbəti məqalədə nə haqda danışacağıq?

20 Bəli, bu gün biz bəzən sınaqlarla üzləşirik, pərişan, məyus oluruq. Düzdür, Yehova bunların həmişə qarşısını almır. Amma Yusifin, Naimə və Rutun, lavilinin, Butrusun nümunəsi bizi əmin edir ki, «Yehova qəlbisınıqlara yaxındır» (Zəb. 34:18). Üstəlik, Yehovanın köməyi ilə bu çətinliklərin öhdəsindən gələndə imanımız möhkəmlənir (1 But. 1:6, 7). Növbəti məqalədə görəcəyik ki, qeyri-kamilliyə və digər çətinliklərə görə məyus olan sadiq xidmətçilərinə Yehova daha necə dayaq olur.

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

^ abz. 5 Yusif, Naimə, Rut, Butrus və bir lavili. Onlar həyatda çoxlu çətinliklərlə üzləşmişdilər. Bu məqalədən öyrənəcəyik ki, Yehova onlara pərişan hallarında necə təsəlli oldu, necə möhkəmləndirdi. Həmçinin araşdıracağıq ki, onların hadisəsindən və Yehovanın onlarla şəfqətlə davranmasından nə öyrənə bilərik.

^ abz. 56 ŞƏKLİN İZAHI: Naimə, Rut və Orpa həyat yoldaşlarının ölümünə görə pərişan haldadırlar. Sonralar Abidin doğulması Rutun, Naimənin və Buəzin sevincinə səbəb olur.