TƏLİM MƏQALƏSİ 49
Əbədi yaşamaq mümkündür
«Allahın verdiyi ənam... əbədi həyatdır» (ROM. 6:23).
NƏĞMƏ 147 Əbədi həyat vədi
İCMAL a
1. Yehovanın vədi barədə düşünəndə hansı hissləri keçirirsiniz?
«ƏBƏDİ HƏYAT». Yehovaya itaət edən kəsləri gələcəkdə məhz belə həyat gözləyir. Bu, Yehovanın vədidir (Rom. 6:23). Bu haqda düşünəndə Yehovaya məhəbbətimiz daha da artır. Görün səmavi Atamız bizi nə qədər sevir ki, bizə belə bir nemət vəd edir. O istəmir ki, biz Ondan ayrılaq.
2. Əbədi həyat ümidi bizə necə kömək edir?
2 Əbədi həyat ümidi bizə indi üzləşdiyimiz sınaqlara dözməyə kömək edir. Hətta düşmənlərimiz bizi ölümlə hədələsələr də, imandan dönmürük. Çünki bilirik ki, ölənədək Yehovaya sadiq qalsaq, O bizi dirildəcək və əbədi yaşamaq imkanımız olacaq (Yəh. 5:28, 29; 1 Kor. 15:55—58; İbr. 2:15). Bəs nəyə görə əmin ola bilərik ki, əbədi yaşamaq mümkündür? Gəlin bəzi səbəbləri araşdıraq.
YEHOVA ƏBƏDİDİR
3. Nəyə görə əmin ola bilərik ki, Yehova bizi əbədi yaşatmağa qadirdir? (Zəbur 102:12, 24, 27).
3 Yehova bizi əbədi yaşatmağa qadirdir. Çünki O, həyat Mənbəyidir və Özü də əbədi yaşayır (Zəb. 36:9). Yehova Allah həmişə var olub və olacaq. Gəlin bunu təsdiq edən bir neçə ayəyə baxaq. Zəbur 90:2 ayəsində Yehova haqda deyilir: «Əzəldən əbədiyyətə Allah Sənsən». 102-ci məzmurda da eyni fikir yazılıb. (Zəbur 102:12, 24, 27 ayələrini oxuyun.) Həmçinin görün Həbquq peyğəmbər səmavi Atamız haqqında nə demişdi: «Ey Yehova, axı Sən əzəldən varsan, Pərvərdigara, ey Müqəddəs Allahım, Sən ölməzsən!» (Həb. 1:12).
4. Yehovanın həmişə var olduğunu başa düşmədiyimizə görə narahat olmalıyıq? İzah edin.
4 Yehovanın «əbədiyyən» var olduğunu dərk etmək, bəlkə də, sizə çətin gəlir (Əşy. 40:28). Ancaq siz tək deyilsiniz, bunu başa düşmək çoxlarına çətindir. Məsələn, Əlihu Allah barədə demişdi ki, Onun «illəri dərkedilməzdir» (Əyy. 36:26). Amma biz nəyisə dərk etmiriksə, bu, o demək deyil ki, o, həqiqət deyil. Məsələn, işığın nə olduğunu tam qavraya bilmirik. İndi bu, o deməkdir ki, işıq mövcud deyil? Əlbəttə ki, yox. Yehovanın həmişə var olduğu və var olacağını da insan zəkası tam dərk etməyə qadir deyil. Amma bu, o demək deyil ki, Allah əbədi deyil. Biz başa düşsək də, düşməsək də bu, həqiqətdir (Rom. 11:33—36). Kainat, günəş və ulduzlar mövcud olmazdan əvvəl Allah var idi. Biz əminik ki, «Odur yeri qüdrəti ilə xəlq edən». Bəli, göylər yaranmazdan əvvəl O, mövcud idi (Ərm. 51:15; Həv. 17:24). Bəs başqa hansı səbəbə görə əmin ola bilərik ki, əbədi yaşamağımız mümkündür?
İNSAN ƏBƏDİ YAŞAMAQ ÜÇÜN YARANIB
5. Adəmlə Həvvanın hansı imkanı var idi?
5 Yehovanın yer üzündə yaratdığı bütün canlı varlıqlar əvvəl-axır ölməli idi. Amma bu, insana aid deyildi. Yehova insanların qarşısında heç vaxt ölməmək imkanı açmışdı. Amma bir şərtlə. O, Adəmə xəbərdarlıq etmişdi: «Xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:17). Adəmlə Həvva Yehovaya itaət etsəydilər, heç vaxt ölməyəcəkdilər. Aydın məsələdir ki, Yehova onlara nə vaxtsa «həyat ağacının meyvəsindən» yeməyə izin verəcəkdi. Bu da onların əbədi yaşayacağına zəmanət olacaqdı b (Yar. 3:22).
6, 7. a) İnsanların ölmək üçün yaradılmadığını göstərən daha hansı sübutlar var? b) Siz Cənnətdə nə etməyi arzulayırsınız? (Şəkillərə baxın.)
6 Bəzi alimlər elmi sübutlara əsaslanaraq deyirlər ki, beyin insanın ömrü boyu əldə etdiyi məlumatdan qat-qat artığını yadda saxlamağa qadirdir. 2010-cu ildə dərc olunan bir jurnalda qeyd olunmuşdu ki, insan beyninin təxminən 2,5 milyon giqabayt yaddaşı var. Bu, 3 milyon saat və ya 300 ildən çox davam edən televiziya verilişinə bərabərdir («Scientific American Mind»). Reallıqda isə bu rəqəmlər qat-qat çox ola bilər. Deməli, Yehova bizim beynimizi sadəcə 70—80 illik məlumatı yadda saxlamaq üçün yaratmayıb (Zəb. 90:10).
7 İnsanların ürəyi həyat eşqi ilə döyünür, çünki Yehova insanı belə yaradıb. Müqəddəs Kitabda deyilir ki, Yehova insanların ürəyinə əbədiyyət qoyub (Vaiz 3:11). Elə buna görə də biz ölümə düşmən kimi baxırıq (1 Kor. 15:26). Adətən adam ciddi xəstəliyə tutulanda nə edir? Vəziyyətlə barışıb ölümünü gözləyir? Əlbəttə ki, yox. O, həkimə gedir, dava-dərman qəbul edir ki, şəfa tapsın, ölməsin. Yaxud gənc, yaşlı olmasından asılı olmayaraq, adamın doğması vəfat edəndə adamın ürəyi qan ağlayır, uzun müddət özünə gələ bilmir (Yəh. 11:32—34). Məgər Yehova insanı əbədiyyən yaşatmaq fikrində olmasaydı, onun ürəyinə həyat eşqi qoyardı? Ona belə möhtəşəm beyin verərdi? Amma insanın əbədiyyən yaşayacağını sübut edən başqa dəlillər də var. Bu, Yehovanın keçmişdə və hazırda gördüyü işlərdir. Gəlin onlardan bəzilərini nəzərdən keçirək və görək nəyə görə əmin ola bilərik ki, Yehova ilk niyyətindən dönməyib.
YEHOVANIN NİYYƏTİ DƏYİŞMƏYİB
8. Əşiya 55:11 ayəsindən nə öyrənirik?
8 Adəmlə Həvva günah edib, ölümü övladlarına ötürsə də, Yehova niyyətindən dönmədi. (Əşiya 55:11 ayəsini oxuyun.) O hələ də sadiq insanlara əbədi həyat vermək fikrindədir. Bunu haradan bilirik? Yehovanın dediyi və etdiyi şeylərdən. Gəlin onları araşdıraq.
9. Allah nə vəd edib? (Dənyal 12:2, 13).
9 Yehova vəd edir ki, ölüləri dirildəcək və onlara əbədi yaşamaq imkanı verəcək (Həv. 24:15; Tit. 1:1, 2). Mömin insan olan Əyyub əmin idi: Yehova ölüləri diriltməyi həsrətlə gözləyir (Əyy. 14:14, 15). Dənyal peyğəmbərə də məlum idi ki, ölülər diriləcək və onların əbədi yaşamaq imkanı olacaq (Zəb. 37:29; Dənyal 12:2, 13 ayələrini oxuyun). Həmçinin İsanın dövründə yaşayan yəhudilər bilirdilər ki, Yehova sadiq bəndələrinə «əbədi həyat» bəxş edəcək (Luka 10:25; 18:18). İsa da bu vəd barədə dəfələrlə danışmışdı. Üstəlik, elə onun özü də öləndə Atası onu diriltmişdi (Mət. 19:29; 22:31, 32; Luka 18:30; Yəh. 11:25).
10. Qədimdə ölülərin dirilməsi nəyi sübut edir? (Şəklə baxın.)
10 Yehova həyat Mənbəyidir və ölən insanları həyata qaytarmağa qadirdir. Yehovanın verdiyi güclə İlyas peyğəmbər Sarfatda yaşayan dul qadının oğlunu diriltmişdi (1 Pad. 17:21—23). Sonralar Əlyəsə peyğəmbər Allahın köməyilə şunamlı qadının oğlunu həyata qaytarmışdı (2 Pad. 4:18—20, 34—37). Müqəddəs Kitabda başqa ölülərin də dirilməsi barədə yazılıb. Bütün bu hadisələr sübut edir ki, Yehova ölüləri diriltməyə qadirdir. İsa Məsih yer üzündə olanda sübut etmişdi ki, Allah ona ölüləri diriltmək səlahiyyəti verib (Yəh. 11:23—25, 43, 44). Hal-hazırda İsa göydədir. «Göydə və yerdə bütün hakimiyyət» ona verilib. Buna görə də o, «qəbirlərdə olanların hamısı»nı həyata qaytarmağa qadirdir. Üstəlik, dirilənlərin əbədi yaşamaq ümidi olacaq (Mət. 28:18; Yəh. 5:25—29).
11. Allah əbədi yaşamağımız üçün nə etdi?
11 Yehova nəyə görə sevimli Oğlunun, İsa Məsihin işgəncə ilə öldürülməsinə izin verdi? İsa özü bunun səbəbini belə izah etmişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16). Allah insanların günahını yumaq üçün Oğlunu fidyə qurbanı olaraq təqdim etdi. Bununla da insanların qarşısında əbədi yaşamaq imkanı açdı (Mət. 20:28). Həvari Bulus bu vacib məqamı belə izah etmişdi: «Ölüm insan vasitəsilə gəldiyi kimi, ölülərin dirilməsi də insan vasitəsilədir. Necə ki Adəmin ucbatından hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq» (1 Kor. 15:21, 22).
12. Yehova Öz niyyətini necə həyata keçirəcək?
12 İsa davamçılarına öyrədirdi ki, Allahın Padşahlığının gəlməsi və Allahın iradəsinin yer üzündə yerinə yetməsi barədə dua etsinlər (Mət. 6:9, 10). Allahın iradəsinə insanların yer üzündə əbədi yaşamağı da daxildir. Bunu yerinə yetirmək üçün Yehova Oğlunu Padşah təyin edib. Üstəlik, Yehova bu işdə İsaya kömək etmək üçün birinci əsrdən bəri yer üzündən 144 000 nəfər də seçir (Vəhy 5:9, 10).
13. Yehova bu gün nə edir və bizim öhdəmizə nə düşür?
13 Hazırda Yehova böyük izdihamı toplayır və onlara Padşahlığın hakimiyyəti altında yaşamağı öyrədir (Vəhy 7:9, 10; Yaq. 2:8). Bu gün dünya parçalanıb. İnsanlar bir-birinə nifrət edir, bir-biri ilə müharibə edir. Ancaq Yehovanın seçdiyi kəslər ürəklərindən hər cür nifrəti silib atmağa çalışırlar. Onlar artıq indidən məcazi mənada «qılınclarından gavahın» düzəldirlər (Mik. 4:3). Milyonlarla insanın qanına bais olan müharibələrdə iştirak etmirlər. Əksinə, insanlara əsl həyatı tapmağa kömək edirlər, yəni onlara Yehova Allah haqqında, Onun niyyətləri barədə öyrədirlər (1 Tim. 6:19). Yehovanın tərəfini tutduqlarına görə bəzən məsihilər ailə üzvlərinin təqibinə məruz qalır və ya maddi cəhətdən korluq çəkirlər. Lakin Yehova Öz xidmətçilərinin qayğısına qalır, həmişə onların ruzisini yetirir (Mət. 6:25, 30—33; Luka 18:29, 30). Bütün bunlar göstərir ki, Allahın Padşahlığı hazırda idarə edir və o, Yehovanın niyyətini həyata keçirməyə davam edəcək.
GÖZƏL GƏLƏCƏK YAXINDIR
14, 15. Yehova ölümü birdəfəlik nə vaxt məhv edəcək?
14 İsa artıq göydə Padşahdır və tezliklə Yehovanın bütün vədlərini həyata keçirəcək (2 Kor. 1:20). O, 1914-cü ildən bəri düşmənləri arasında hakimiyyət sürür (Zəb. 110:1, 2). Tezliklə İsa hakimiyyət şərikləri ilə birlikdə pisliyin kökünü kəsəcək və tam zəfər çalacaq (Vəhy 6:2).
15 İsanın minillik hakimiyyəti dövründə ölülər diriləcək və itaətkar insanlar kamilliyə yetişəcək. Sonuncu sınaqdan sonra Yehovanın saleh hesab etdiyi kəslər «yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:10, 11, 29). Nəhayət, «axırıncı düşmən olan ölüm» məhv ediləcək (1 Kor. 15:26).
16. Yehovaya hansı niyyətdən irəli gələrək xidmət etməliyik?
16 Gördüyümüz kimi, əbədi həyat ümidi Allahın Kəlamına əsaslanıb. Bu ümid bizə kömək edir ki, son dərəcə çətin dövr olan axırzamanda Yehovaya sadiq qalaq. Amma Yehovanın rəğbətini qazanmaq istəyiriksə, Ona yalnız əbədi yaşamaq niyyətindən irəli gələrək ibadət etməməliyik. Əsas səbəb Yehovaya və İsaya bəslədiyimiz dərin məhəbbət olmalıdır (2 Kor. 5:14, 15). Bu məhəbbət bizi təşviq edir ki, onlara bənzəyək və insanlara ümidimiz barədə danışaq (Rom. 10:13—15). Biz fədakar, səxavətli olmağı öyrəndikcə Yehova bizimlə əbədiyyən dostluq etmək istəyəcək (İbr. 13:16).
17. Hər birimizin öhdəsinə nə düşür? (Mətta 7:13, 14).
17 Bəs siz əbədi yaşayan insanların arasında olacaqsınız? Yehova hər kəsə bu fürsəti verib. Həyata aparan yolda qalmaq bizim əlimizdədir. (Mətta 7:13, 14 ayələrini oxuyun.) Görəsən, əbədi yaşayanda yerdə həyat necə olacaq? Bu sualın cavabı növbəti məqalədə müzakirə olunur.
NƏĞMƏ 141 Həyat bir möcüzə
a Əbədi yaşamaq istəyirsiniz? Yehova vəd edir ki, gün gələcək, insanlar əbədi yaşayacaqlar, ölüm qorxusu nədir bilməyəcəklər. Yehova bu vədini mütləq həyata keçirəcək. Buna tam əmin ola bilərik. Nəyə görə? Məqalədə bunun bir neçə səbəbini araşdıracağıq.
b « Müqəddəs Kitabda “əbədi” sözü» adlı çərçivəyə baxın.
c ŞƏKLİN İZAHI. Yaşlı qardaş əbədi yaşayanda nələr edəcəyini təsəvvüründə canlandırır.