Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 52

Dindaşlarınıza çətinliklərə dözməyə kömək edin

Dindaşlarınıza çətinliklərə dözməyə kömək edin

«Əlindən yaxşılıq gəlirsə, ehtiyacı olan kəsdən əsirgəmə» (MƏS. 3:27).

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

İCMAL a

1. Yehova Öz xidmətçilərinin duasına necə cavab verir?

 TƏSƏVVÜR EDİN, kimsə hərarətlə Yehovaya dua edib Ondan kömək istəyir. Yehova da onun duasına sizin vasitənizlə cavab verir. Bu, çox böyük şərəfdir! Yaşlı və ya cavan, bacı və ya qardaş, ağsaqqal, yığıncaq xidmətçisi, öncül və ya adi təbliğçi olmağınızdan asılı olmayaraq, Yehova hər kəsə bu şərəfi nəsib edə bilər. Bəli, Yehova Onu sevən, Ondan imdad diləyən bəndələrinə çox vaxt ağsaqqallar və digər sadiq məsihilər vasitəsilə dayaq olur (Kol. 4:11). Xəstəlik yayılanda, fəlakət baş verəndə, təqiblər olanda biz bu işdə Yehovanın sağ əli ola bilərik.

XƏSTƏLİK YAYILAN DÖVRDƏ DİNDAŞLARINIZA DAYAQ OLUN

2. Nəyə görə xəstəlik yayılanda başqalarına kömək etmək çətin olur?

2 Hansısa xəstəlik yayılanda bir-birimizə kömək etmək çətin olur. Məsələn, dostlarımıza baş çəkmək istəyirik, amma təhlükəli olduğu üçün bunu edə bilmirik. İstəyirik, korluq çəkən dindaşımızı qonaq dəvət edək, amma bu da mümkün olmur. Yaxud dindaşlarımıza kömək etmək istəyirik, amma öz ailə üzvlərimiz xəstə olduğu və ya maddi sıxıntı çəkdiyi üçün bunu etmək çətin olur. Bununla belə, bacı-qardaşlarımıza dayaq olmağın vacibliyini başa düşürük və gücümüz daxilində bunu edəndə Yehovaya xoş olur (Məs. 3:27; 19:17). Bəs dindaşlarımıza necə kömək edə bilərik?

3. Dezinin yığıncağındakı ağsaqqalların nümunəsindən nə öyrənirik? (Ərəmya 23:4).

3 Ağsaqqallar nə edə bilər? Əziz ağsaqqallar, bacı-qardaşlarla yaxından tanış olun. (Ərəmya 23:4 ayəsini oxuyun.) Ötən məqalədə adı çəkilən Dezi b bacı deyir: «Təbliğ qrupumuzdakı ağsaqqallar pandemiyadan əvvəl həmişə bizimlə xidmət edirdilər, birgə vaxt keçirirdilər». Bunun sayəsində COVID-19 pandemiyası başlayanda və Dezi ailə üzvlərindən bəzilərini itirəndə həmin ağsaqqallar ona kömək edə bilmişdilər.

4. Ağsaqqallar nəyin sayəsində Deziyə kömək edə bildi və bundan nə öyrənirik?

4 Dezi deyir: «Ağsaqqallarla dostlaşmışdım, buna görə də onlara hisslərimi, narahatlıqlarımı demək mənə asan oldu». Bu sözlərdə dərin məna var. Əziz ağsaqqallar, çətin vaxtlar yetişməmişdən əvvəl bacı-qardaşlara qayğı göstərin. Onlarla dost olun. Xəstəlik yayıldığı üçün onlara baş çəkə bilmirsinizsə, başqa üsullarla onlarla əlaqə saxlayın. Dezi deyir: «Bəzən gün ərzində bir neçə ağsaqqal mənə ya zəng edirdi, ya da mesaj göndərirdi. Onların dediyi ayələr mənə böyük toxtaqlıq verirdi, baxmayaraq ki, həmin ayələri çox yaxşı bilirdim».

5. Ağsaqqallar bacı-qardaşların nəyə ehtiyac duyduğunu necə öyrənə bilər və onlara necə kömək edə bilərlər?

5 Bacı-qardaşlara nəzakətlə suallar verib nəyə ehtiyac duyduqlarını öyrənin (Məs. 20:5). Görün onların yeməyi, içməyi, lazımi dərmanları var? Bəlkə, başqa şeyə ehtiyac duyurlar? İşlərini itirmək təhlükəsi yoxdur? Kirayə pulunu ödəyə bilirlər? Bəlkə, hökumətdən yardım almaq üçün ərizə yazmağa kömək etmək lazımdır? Dindaşları Deziyə maddi cəhətdən əl tuturdular. Amma ona sınaqlara dözməyə ən çox ağsaqqalların ruhani və mənəvi cəhətdən dayaq olması kömək etdi. O deyir: «Ağsaqqallar mənimlə birgə dua edirdilər. Düzdür, onların duada nə dedikləri yadımda deyil, amma həmin vaxt keçirdiyim hisslər heç yadımdan çıxmır. Sanki Yehova deyirdi: “Sən tək deyilsən”» (Əşy. 41:10, 13).

Yığıncaqda iştirak edənlərin bir çoxu, həmçinin görüşə videokonfrans vasitəsilə qoşulan xəstə qardaş ruhlandırıcı şərhlər verir və bu, görüşü aparan qardaşa çox xoşdur (6-cı abzasa baxın)

6. Məsihilər bir-birinə necə kömək edə bilər? (Şəklə baxın.)

6 Başqaları nə edə bilər? Düzdür, bacı-qardaşların qayğısına qalmaq əsas etibarilə ağsaqqalların öhdəsinə düşür. Amma Yehova hamımızı təşviq edir ki, dindaşlarımızı ruhlandıraq, onlara kömək edək (Qal. 6:10). Xəstələnən dindaşımız üçün etdiyimiz xırda bir şey onu çox ruhlandıra bilər. Məsələn, uşaqlar hansısa qardaşa açıqca və ya rəsm çəkib göndərə bilərlər. Cavan məsihilər bacıya ev işlərində və ya alış-veriş etməkdə kömək edə bilərlər. Yaxud xəstə olan dindaşımız üçün yemək hazırlayıb, qapıdan verə bilərik. Əlbəttə, xəstəlik geniş vüsət alanda yığıncaqda hər kəs ruhlanmağa ehtiyac duyur. İbadət görüşlərində istər canlı iştirak edin, istərsə də videokonfrans vasitəsilə qoşulun, yığıncaqdan sonra bacı-qardaşlarla ünsiyyətə qala bilərsiniz. Unutmayın ki, ağsaqqalların da ruhlanmağa ehtiyacı var. Xəstəlik yayılan zaman ağsaqqalların işi daha çox olur, buna görə də bəzi məsihilər onlara minnətdarlıq məktubları göndərirlər. Gəlin hamımız bir-birimizə təsəlli verək, bir-birimizi möhkəmləndirək (1 Salon. 5:11). Belə etsək, hər birimiz üçün yaxşı olacaq.

FƏLAKƏT ZAMANI DİNDAŞLARINIZA KÖMƏK EDİN

7. Fəlakətlər insanlara hansı zərəri vurur?

7 Fəlakətlər bir göz qırpımında insanın həyatını alt-üst edir. İnsanlar mal-mülklərini, ev-eşiklərini, hətta əzizlərini itirirlər. Bu cür bəlalar bacı-qardaşlarımızdan da yan keçmir. Onlara necə kömək edə bilərik?

8. Ağsaqqallar və ailə başçıları fəlakət baş verməmişdən əvvəl nə etməlidirlər?

8 Ağsaqqallar nə edə bilər? Əziz ağsaqqallar, bacı-qardaşlara əvvəlcədən fəlakətlərə hazırlaşmağa kömək edin. Yığıncaqda hamıya izah edin ki, fəlakətlər zamanı hansı addımları atmalıdırlar və ağsaqqallarla necə əlaqə yaratmalıdırlar. Əvvəlki məqalədə haqqında danışdığımız Marqaret bacı deyir: «Yığıncağın tələbatları bəndində ağsaqqallar bizi xəbərdar etdilər ki, yanğın mövsümü hələ bitməyib. Əgər təhlükə yaransa və dövlət təxliyə elan etsə, dərhal evimizi tərk edək». Onlar bu göstərişi tam vaxtında verdilər, çünki cəmi beş həftə sonra güclü yanğın baş verdi. Ailəvi ibadət vaxtı ailə başçıları fəlakət zamanı hamının nə etməli olduğunu müzakirə etməlidir. Əgər siz və övladlarınız qabaqcadan hazırlıqlı olsanız, fəlakət baş verən zaman təlaşa düşməyəcəksiniz.

9. Ağsaqqallar fəlakətdən əvvəl və fəlakət vaxtı necə fəaliyyət göstərirlər?

9 Qrup nəzarətçiləri fəlakət baş verməmişdən əvvəl mümkün qədər qruplarındakı təbliğçilərin əlaqə məlumatlarını öyrənməlidirlər. Qardaşlar siyahı tutmalıdırlar və vaxtaşırı bu məlumatı yeniləməlidirlər. Bunun sayəsində fəlakət baş verəndə hər bir təbliğçi ilə əlaqə yaradıb, nəyə ehtiyacı olduğunu öyrənə biləcəklər. Bundan sonra onlar əldə etdikləri məlumatı ağsaqqallar şurasının koordinatoruna ötürməlidirlər. O da öz növbəsində rayon nəzarətçisi ilə əlaqə saxlayacaq. Bu qardaşların birgə əməyi sayəsində bacı-qardaşlara lazımi kömək göstəriləcək. Yanğın baş verəndə Marqaret bacının rayon nəzarətçisi 36 saat oyaq qalmışdı. Belə ki, ağsaqqallar evini tərk edən 450 bacı-qardaşla əlaqə yaratmağa, onlara kömək etməyə çalışırdı, rayon nəzarətçisi də bu işi nizamlayırdı (2 Kor. 11:27). Beləcə, hər kəs üçün qalmağa yer tapıldı.

10. Nəyə görə ağsaqqallar bacı-qardaşları ruhlandırmağın vacib olduğunu hesab edirlər? (Yəhya 21:15).

10 Bacı-qardaşlara ruhani və mənəvi kömək göstərmək də ağsaqqalların məsuliyyətinə daxildir (1 But. 5:2). Fəlakət baş verəndə ağsaqqallar ilk növbədə dəqiqləşdirməlidirlər ki, hər bir bacı-qardaş təhlükəsizlikdədir, onların yeməyi, paltarı və qalmağa yeri var. Lakin fəlakətdən aylar sonra da bacı-qardaşların ruhani və mənəvi köməyə ehtiyacı olacaq. (Yəhya 21:15 ayəsini oxuyun.) Filial komitəsinin üzvü olan Harold adlı bir qardaş fəlakətdən zərər çəkən bir çox bacı-qardaşla söhbət edib. O deyir: «Fəlakətin vurduğu yara tez sağalmır. Bu bacı-qardaşlar özlərinə gələndən sonra da ölən əzizlərinin və ev-eşiklərinin xatirəsi, fəlakət zamanı yaşadıqları acı anlar onlara iztirab verə bilər. Bu hisslər təbiidir. Bu, o demək deyil ki, onların imanı zəifdir».

11. Ailələrin hansı sahələrdə köməyə ehtiyacı var?

11 Ağsaqqallar «ağlayanlarla ağlayın» məsləhətinə əməl edirlər (Rom. 12:15). Fəlakətdən sağ çıxanları inandırmaq lazımdır ki, Yehova və bacı-qardaşlar onları hələ də sevir. Ağsaqqallar ailələrə ruhani işlərdən — duadan, mütaliədən, yığıncaqdan, təbliğdən qalmamağa kömək etməlidirlər. Həmçinin ağsaqqallar valideynləri təşviq etməlidirlər ki, onlar övladlarının diqqətini heç bir fəlakətin məhv etməyə qadir olmadığı şeylərə cəmləsinlər. Əziz valideynlər, övladlarınıza aşılayın ki, Yehova həmişə onların Dostu olacaq, heç vaxt onları atmayacaq; həmçinin onlar həmişə ümumdünya ailənin üzvü olacaqlar və bu ailədəki bacı-qardaşlar hər zaman onların köməyinə yetməyə hazırdır (1 But. 2:17).

Yaşadığınız ərazidə fəlakətdən zərərçəkənlərə kömək edə bilərsiniz? (12-ci abzasa baxın) e

12. Başqaları fəlakətdən zərərçəkənlərə necə kömək edə bilər? (Şəklə baxın.)

12 Başqaları nə edə bilər? Əgər fəlakət sizə yaxın ərazidə baş veribsə, kömək etmək istəyinizi ağsaqqallara bildirin. Evlərini tərk edənləri, tikintidə kömək etmək üçün gələn könüllüləri bir müddət evinizdə qonaq saxlaya bilərsiniz. Yaxud darda olanlara ərzaq və digər zəruri şeyləri çatdıra bilərsiniz. Hətta fəlakət sizdən uzaqda baş versə də, yenə də kömək etmək mümkündür. Məsələn, onlar üçün dua edin (2 Kor. 1:8—11). Ümumdünya iş üçün ianə etməklə zərərçəkənlərə yardım işini dəstəkləyin (2 Kor. 8:2—5). Əgər fəlakət baş verən əraziyə kömək etməyə gedə bilərsinizsə, bu barədə ağsaqqallara deyin. Dəvət olunsanız, sizə təlim keçəcəklər ki, tələbat olan yerdə tam töhfə verə biləsiniz.

DİNDAŞLARINIZA TƏQİBLƏRƏ TAB GƏTİRMƏYƏ KÖMƏK EDİN

13. Fəaliyyətimizin qadağan olunduğu ölkələrdə qardaşlarımız hansı çətinliklə üzləşirlər?

13 Fəaliyyətimizin qadağan olunduğu ölkələrdə vəziyyət daha da çətindir. Çünki həmin ərazidə yaşayan dindaşlarımız da maddi çətinliklərlə üzləşirlər, xəstələnirlər, doğmalarını itirirlər. Amma qadağa ucbatından ağsaqqallar onlara baş çəkə bilmir, rahat ünsiyyət edib ruhlandıra bilmir. Ötən məqalədə adı çəkilən Andrey qardaş da belə bir vəziyyətlə üzləşmişdi. Onun təbliğ qrupunda olan bir bacı maddi cəhətdən korluq çəkirdi. Sonra bacı avtomobil qəzasına düşdü. O, bir neçə əməliyyat keçirməli idi, işləyə də bilmirdi. Qadağalara, pandemiyaya baxmayaraq, qardaşlar ona əllərindən gələn qədər kömək etdilər. Bacının vəziyyətini Yehova da görürdü.

14. Yehovaya güvənmək məsələsində ağsaqqallar necə nümunə qoya bilər?

14 Ağsaqqallar nə edə bilər? Andrey Yehovaya dua etdi və əlindən gələni etdi. Yehova da onun duasına cavab olaraq, yığıncaqdakı bacı-qardaşların ürəyində həmin bacıya kömək etmək istəyi oyatdı. Kimisi bacını həkimə aparırdı, kimisi maddi cəhətdən kömək edirdi. Bir sözlə, Yehova onları təşviq etdi ki, kim necə bacarır, bacıya kömək etsin. Beləcə, bacının bütün ehtiyacları ödənildi (İbr. 13:16). Əziz ağsaqqallar, fəaliyyətimiz qadağan altındadırsa, dindaşlarınızdan kömək istəyin (Ərm. 36:5, 6). Ən əsası isə, Yehovaya arxalanın. O, bacı-qardaşların qayğısına qalmağa sizə kömək edəcək.

15. Təqiblər vaxtı aramızdakı birliyi necə qoruya bilərik?

15 Başqaları nə edə bilər? Fəaliyyətimiz qadağa altında olanda biz kiçik qruplar şəklində yığışmalı oluruq. Bu zaman aramızdakı sülhü qorumaq xüsusilə vacibdir. Şeytana qarşı mübarizə aparın, bir-birinizə qarşı yox. Dindaşlarınızın səhvlərinin üstündən keçin, hər bir narazılığı dərhal yoluna qoyun (Məs. 19:11; Efes. 4:26). Bir-birinizə əl tutmağa hazır olun (Tit. 3:14). Darda olan bacıya göstərilən köməyin təbliğ qrupuna müsbət təsiri oldu. Onlar bir ailə kimi mehriban oldular (Zəb. 133:1).

16. Koloslulara 4:3, 18 ayələrinə əsasən, təqib olunan dindaşlarımıza necə kömək edə bilərik?

16 Minlərlə məsihi qadağalara baxmayaraq, Yehovaya xidmət edir. Onlardan bəziləri imanına görə həbsdədir. Biz onlar üçün, ailələri üçün, həmçinin öz azadlığını riskə ataraq onlara ruhani, fiziki və hüquqi yardım göstərən dindaşlarımız üçün dua edə bilərik c. (Koloslulara 4:3, 18 ayələrini oxuyun.) Duanın gücünü heç vaxt unutmayın! (2 Salon. 3:1, 2; 1 Tim. 2:1, 2).

İndidən təqiblərə ailəlikcə necə hazırlaşa bilərsiniz? (17-ci abzasa baxın)

17. İndidən təqiblərə necə hazırlaşa bilərsiniz?

17 Ailəlikcə indidən təqiblərə hazırlaşın (Həv. 14:22). Bu, o demək deyil ki, təsəvvürünüzdə dəhşətli səhnələr canlandırmalısınız. Xeyr, özünüzün və uşaqlarınızın Yehova ilə dostluğunu möhkəmləndirin. Narahatlıq keçirəndə ürəyinizi Yehovaya boşaldın (Zəb. 62:7, 8). Yehovaya etibar etmək üçün hansı əsaslarınızın olduğunu ailəlikcə müzakirə edin d. Fəlakətlərə hazırlaşdığınız kimi, təqiblərə də hazırlaşsanız, övladlarınız cəsarətli olacaq və Yehovaya etibar etdikləri üçün təlaşa düşməyəcəklər.

18. Bizi necə gələcək gözləyir?

18 Allahın sülhü ürəyimizə rahatlıq verir (Filip. 4:6, 7). Bu sülh sayəsində xəstəlik, fəlakət, təqiblə üzləşəndə belə, təlaşa düşmürük. Ağsaqqallar usanmadan bizim qeydimizə qalırlar. Üstəlik, hamımızın bir-birimizə kömək etmək imkanı var. Hazırkı sakitlik dövründə gələcək sınaqlara, hətta böyük müsibətə hazırlaşa bilərik (Mət. 24:21). Həmin vaxt həm özümüz sakitliyi qorumalıyıq, həm də başqalarına təlaşa düşməməyə kömək etməliyik. Bu bəla ötüb keçəndən sonra daha heç nə bizim qəlb rahatlığımızı əlimizdən almayacaq. Nəhayət, Yehovanın əzəldən niyyət etdiyi həyata qovuşacağıq, əbədi sülhdən həzz alacağıq! (Əşy. 26:3, 4).

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

a Yehova darda olan xidmətçilərinə çox vaxt elə bacı-qardaşlar vasitəsilə kömək edir. Siz də bu işə öz töhfənizi verə bilərsiniz. Gəlin görək necə.

b Bəzi adlar şərtidir.

c Filial və ya baş idarə ayrı-ayrı şəxslərin həbsdə olan bacı-qardaşlara yazdığı məktubları onlara göndərmir.

d «Gözətçi qülləsi» jurnalının 2019-cu il iyul sayında yerləşən «Təqiblərə indidən hazırlaşın» adlı məqaləyə baxın.

e ŞƏKLİN İZAHI. Fəlakətdən sonra müvəqqəti olaraq çadırda yaşayan ailəyə bir ər-arvad ərzaq gətirir.