Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 50

«Sən mənimlə Cənnətdə olacaqsan!»

«Sən mənimlə Cənnətdə olacaqsan!»

«Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (LUKA 23:43).

NƏĞMƏ 145 Allahın cənnət vədi

İCMAL a

1. İsa Məsih ölüm ayağında olarkən yanındakı cinayətkara nə dedi? (Luka 23:39—43).

 İSA və onun yanındakı iki cinayətkar ölüm ayağında idilər (Luka 23:32, 33). Onların ikisi də əvvəl-əvvəl İsanı təhqir edirdi. Bu, onu göstərir ki, onlar İsanın şagirdi deyildilər (Mət. 27:44; Mark 15:32). Lakin bu cinayətkarlardan biri ona münasibətini dəyişdi və belə dedi: «İsa, Padşahlığına gələndə məni yada sal». İsa ona cavab verdi: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:39—43 ayələrini oxuyun.) Heç bir yerdə deyilmir ki, həmin cinayətkar İsa Məsihin təbliğ etdiyi səmavi Padşahlıq haqda xəbəri qəbul etmişdi. Heç İsa da demədi ki, həmin kişi onunla birlikdə Padşahlıqda idarə edəcək (Mət. 4:17). İsa gələcəkdə yer üzündə olacaq Cənnətdən danışırdı. Gəlin görək bunu haradan bilirik.

İsa ilə danışan cinayətkar barədə nə deyə bilərik? (2 və 3-cü abzaslara baxın)

2. Nəyə əsasən deyə bilərik ki, İsaya iman gətirən cinayətkar yəhudi idi?

2 İsaya iman edən cinayətkar, çox güman ki, yəhudi idi. Həmin cinayətkar digərinə belə demişdi: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən» (Luka 23:40). Yəhudilər bir Allaha ibadət edirdilər, başqa xalqlar isə çoxlu allahlara (Çıx. 20:2, 3; 1 Kor. 8:5, 6). Əgər həmin cinayətkarlar başqa xalqlardan olsaydılar, onda o, sualı belə verərdi: «Sən heç allahlardan qorxmursan?» Üstəlik, İsa qeyri-yəhudilərə təbliğ etmirdi, çünki o, «İsrail evinin itmiş qoyunlarının yanına» göndərilmişdi (Mət. 15:24). Allah israillilərə bildirmişdi ki, ölülər diriləcək. Yəqin, həmin cinayətkar bunu bilirdi. Onun sözlərindən görünür ki, o, İsanın diriləcəyinə və padşah olacağına inanırdı. Görünür, həmin cinayətkar Allahın onu da dirildəcəyinə ümid edirdi.

3. İsa Cənnətdən danışanda çox ehtimal ki, cinayətkar nə barədə düşünmüşdü? İzah edin (Yaradılış 2:15).

3 İsaya iman gətirən cinayətkar yəhudi olduğu üçün Adəmlə Həvva haqqında və Yehovanın onlar üçün yaratdığı cənnət barədə eşitmişdi. Buna görə də İsa ona cənnət barədə danışanda, yəqin, o başa düşürdü ki, söhbət Cənnətə çevrilmiş Yer kürəsindən gedir. (Yaradılış 2:15 ayəsini oxuyun.)

4. İsanın cinayətkara dediyi sözlər bizi nə barədə düşündürür?

4 İsanın cinayətkara dediyi sözləri oxuyanda istər-istəməz Cənnətdə həyatın necə olacağı barədə düşünürük. Yəqin, yadınızdadır, Süleyman padşahın hakimiyyəti dövründə ölkədə sülh, əmin-amanlıq hökm sürürdü. İndi görün Süleymandan daha böyük olan İsa Məsih həmvarisləri ilə birgə hakimiyyət sürəndə dünya necə möhtəşəm olacaq (Mət. 12:42). Təbii ki, «başqa qoyunlar» bu həyatı səbirsizliklə gözləyirlər və onlar başa düşürlər ki, Cənnətdə əbədiyyən yaşamaq üçün müəyyən tələblərə cavab verməlidirlər (Yəh. 10:16).

CƏNNƏTDƏ HƏYAT NECƏ OLACAQ?

5. Cənnəti necə təsəvvür edirsiniz?

5 Cənnəti necə təsəvvür edirsiniz? Bəlkə də, Cənnət deyəndə gözünüzün qabağında Ədən kimi gözəl bir bağ canlanır (Yar. 2:7—9). Yaxud da Mikənin dediyi peyğəmbərlik yadınıza düşür. O yazmışdı: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq» (Mik. 4:3, 4). Bəlkə də, qida bolluğunun olacağı ilə bağlı ayələri xatırlayırsınız (Zəb. 72:16; Əşy. 65:21, 22). İndi isə özünüzü həmin bağda təsəvvür edin. Burada böyük bir süfrə açılıb. Masanın üzərində bir-birindən ləziz təamlar var. Çiçəklərin ətri aləmi bürüyüb. Dostlarınızın, doğmalarınızın gülüş səslərini eşidirsiniz. Bəlkə də, onların arasında elələri var ki, təzəlikcə diriliblər. Bütün bunlar xülya deyil. Həyat belə olacaq. Bununla yanaşı, bizim maraqlı işimiz də olacaq.

Biz dirilənlərə dərs keçəcəyik (6-cı abzasa baxın)

6. Cənnətdə nə işlə məşğul olacağıq? (Şəklə baxın.)

6 Yehova bizi elə yaradıb ki, biz işləyək və əlimizin zəhmətindən zövq alaq (Vaiz 2:24). Xüsusilə, Məsihin minillik hakimiyyəti dövründə işimiz çox olacaq. Böyük müsibətdən sağ çıxanlara, eləcə də dirilən milyonlarla insana yemək, geyim, ev lazım olacaq. Bütün bunları ərsəyə gətirmək üçün çox işləyəcəyik. Necə ki Adəmlə Həvva yaşadıqları bağı becərməli idilər, biz də bütün Yer kürəsini Cənnətə çevirmək üçün çox çalışacağıq. Üstəlik, dirilənlərin arasında Yehovanı tanımayan, Onun niyyəti barədə heç nə bilməyən milyonlarla insan olacaq. Həm onlara, həm də İsadan əvvəl yaşamış mömin insanlara təlim vermək necə də xoş olacaq!

7. Nəyə əmin ola bilərik və nə üçün?

7 Əmin ola bilərik ki, Cənnətdə sülh, firavanlıq, nizam-intizam olacaq. Nəyə əsasən belə deyə bilərik? Çünki Yehova artıq bizə Məsihin rəhbərliyi altında həyatın necə olacağını bir nümunə əsasında göstərib. Həmin nümunə Süleyman padşahın hakimiyyəti dövrüdür.

SÜLEYMANIN HAKİMİYYƏT İLLƏRİ

8. Zəbur 37:10, 11, 29 ayələri keçmişdə necə yerinə yetdi? (Bu sayda olan «Oxucuların sualları» rubrikasına baxın.)

8 Yehova Davud padşaha əyan etmişdi ki, gələcəkdə sadiq və ağıllı padşah taxta çıxanda həyat necə olacaq. (Zəbur 37:10, 11, 29 ayələrini oxuyun.) Biz çox vaxt gələcək Cənnət barədə danışanda Zəbur 37:11 ayəsini oxuyuruq. Bu, yerindədir, çünki İsa özü də vəz edərkən bu ayədən sitat gətirmişdi (Mət. 5:5). Beləcə, bu sözlərin gələcəkdə də yerinə yetəcəyini göstərmişdi. Amma Davudun sözləri həmçinin Süleyman padşahın dövründəki həyata da aid idi. Həmin dövrdə süd və bal axan diyarda Allahın xalqı sülh və firavanlıq içində yaşayırdı. Allah demişdi: «Əgər qanunlarımla oturub-dursanız,.. ölkənizə əmin-amanlıq verəcəyəm, gecəni rahat yatacaqsınız, sizi qorxudan olmayacaq» (Lav. 20:24; 26:3, 6). Bu vədlər Süleymanın padşahlıq etdiyi dövrdə həyata keçdi (1 Saln. 22:9; 29:26—28). Həmçinin Yehovanın vədinə əsasən, ölkədən pislərin kökü kəsilə bilərdi (Zəb. 37:10). Deməli, Zəbur 37:10, 11, 29 ayələri həm qədimdə yerinə yetdi, həm də gələcəkdə yerinə yetəcək.

9. Səba məlikəsi Süleyman padşahın hakimiyyəti barədə nə demişdi?

9 Süleymanın hakimiyyəti dövründə olan sülh və əmin-amanlığın sorağı Səba məlikəsinə də gəlib çatmışdı. O, hər şeyi öz gözü ilə görmək üçün uzaq diyardan Yerusəlimə gəlmişdi (1 Pad. 10:1). Süleyman padşahın səltənətindəki şəraiti görəndə demişdi: «Sən demə, mənə gördüklərimin heç yarısını da danışmayıblar... Bəxtəvər sənin hüzurunda durub hikmətini dinləyən adamların, əyanlarının başına!» (1 Pad. 10:6—8). Lakin bütün bunlar İsanın hakimiyyəti dövründə Yehovanın bəşəriyyət üçün edəcəyi işlərin kiçik bir nümunəsidir.

10. İsa hansı sahələrdə Süleymandan üstündür?

10 İsa Süleymandan hər sahədə üstündür. Süleyman qeyri-kamil idi, ciddi günahlar işləmişdi. Onun ucbatından Allahın xalqının başına min cür bəla gəldi. Ondan fərqli olaraq İsa kamil Rəhbərdir, heç vaxt səhv etmir (Luka 1:32; İbr. 4:14, 15). İsa Şeytanın ən ağır sınaqlarından belə başıuca çıxmışdı. O sübut edib ki, heç vaxt günah işləməyəcək və sadiq təbəələrinin zərərinə heç bir şey etməyəcək. Biz xoşbəxtik ki, belə bir Padşahımız var.

11. İsaya kimlər kömək edəcək?

11 İsa 144 000 həmvarisi ilə çiyin-çiyinə çalışaraq bəşəriyyətin qayğısına qalacaq və Yehovanın yerlə bağlı niyyətini həyata keçirəcək (Vəhy 14:1—3). Bu 144 000 nəfər yer üzündə yaşamış kişi və qadınlardan seçilib. Onlar da çoxlu çətinliklərlə üzləşiblər, buna görə də insanlara şəfqətlə yanaşa biləcəklər. Bəs onlar hansı işləri görəcəklər?

MƏSH OLUNMUŞLAR HANSI İŞLƏRİ GÖRƏCƏKLƏR?

12. Yehova 144 000 nəfərə hansı işi həvalə edəcək?

12 İsa və onun həmvarislərinə Süleymandan qat-qat böyük işlər həvalə olunub. Süleyman yalnız bir ölkədəki milyonlarla insanın rifahı üçün çalışırdı. Allahın Padşahlığında idarə edən kəslər isə yer üzündə yaşayan milyardlarla insanın qayğısına qalacaqlar. Görün Yehova 144 000 nəfərə necə böyük etimad göstərib!

13. İsanın həmvarislərinin üzərinə hansı şərəfli iş düşəcək?

13 İsa kimi 144 000 nəfər də padşah və kahin olacaq (Vəhy 5:10). Musanın qanununa uyğun olaraq, insanlara həm sağlamlıqlarını, həm də Yehova ilə münasibətlərini qorumağa əsas etibarilə kahinlər kömək etməli idilər. Qanun gələcək nemətlərin kölgəsi idi (İbr. 10:1). Deməli, İsanın həmvarisləri də bəşəriyyətə sağlamlıqlarını və Allahla münasibətlərini qorumağa kömək edəcəklər. Görəsən, bu padşahlar və kahinlər yer üzündəki insanlarla necə ünsiyyət quracaqlar? Bilmirik, bizə sadəcə gözləmək qalır. Yəqin ki, Yehova bununla bağlı hansısa tədbir görəcək və yer üzündəki insanlar lazımi göstərişlər alacaqlar (Vəhy 21:3, 4).

YER ÜZÜNDƏ ƏBƏDİ YAŞAMAĞA ÜMİDİ OLANLAR ÜÇÜN TƏLƏBLƏR

14. «Başqa qoyunlar»la «kiçik sürü» arasında hansı münasibət var?

14 İsa Məsih onunla hakimiyyət sürəcək kəsləri «kiçik sürü» adlandırmışdı (Luka 12:32). O həmçinin ikinci qrupdan, «başqa qoyunlar»dan da söz açmışdı. Bu iki qrup bir sürüdə birləşib (Yəh. 10:16). Onlar artıq indidən çiyin-çiyinə çalışırlar və yer üzü Cənnətə çevriləndə də bu əməkdaşlığa davam edəcəklər. O vaxt artıq «kiçik sürü» göydə olacaq, «başqa qoyunlar»ın isə yer üzündə əbədi yaşamaq imkanı olacaq. Amma Cənnətdə yaşamaq üçün «başqa qoyunlar» indidən müəyyən tələblərə cavab verməlidirlər.

Artıq indidən Cənnətdə yaşamağa hazırlaşa bilərik (15-ci abzasa baxın) b

15. a) «Başqa qoyunlar» Məsihin qardaşları ilə necə əməkdaşlıq edirlər? b) Şəkildəki qardaşdan hansı nümunəni götürürsünüz?

15 İsaya iman gətirən cinayətkar ölüm ayağında idi. Buna görə də onun imkanı olmadı ki, İsaya olan minnətdarlığını əməllərində göstərsin. Nə yaxşı ki «başqa qoyunlar»ın belə bir imkanı var. Məsələn, biz İsaya olan sevgimizi onun məsh olunmuş qardaşlarına münasibətimizlə göstərə bilərik. İsa demişdi ki, o məhz bunun əsasında insanlara hökm çıxaracaq (Mət. 25:31—40). Biz təbliğ və şagird hazırlamaq işində fəal iştirak etməklə Məsihin qardaşlarını dəstəkləyə bilərik (Mət. 28:18—20). Buna görə də təlim vəsaitlərindən, məsələn, «Əbədi xoşbəxt həyat!» kitabından məharətlə istifadə etməyi bacarmalıyıq. Ola bilsin, hələ də heç kimlə Müqəddəs Kitab dərsi keçmirsiniz. Onda qarşınıza məqsəd qoyun ki, daha çox insana Müqəddəs Kitab dərsi keçməyi təklif edəsiniz.

16. Allahın Padşahlığının təbəəsi olmaq üçün indidən nə edə bilərik?

16 Yehovanın bəyəndiyi insan olmaq üçün Cənnətin gəlməyini gözləmək lazım deyil. Elə indidən danışığımızda və əməllərimizdə dürüst olmağa çalışmalıyıq. Hər şeydə həddi bilməliyik. Yehovaya, həyat yoldaşımıza və dindaşlarımıza vəfalı olmalıyıq. Bu şər dünyada Yehovanın qanunlarına nə qədər çox əməl etməyə çalışsaq, Cənnətdə bu qanunlarla yaşamaq bir o qədər asan olacaq. Biz həmçinin indidən elə bacarıq və xüsusiyyətlərə yiyələnməliyik ki, Cənnətdə yaşamağa hazırlaşdığımız görünsün. Bu sayda yerləşən «Yeri miras almağa hazırsınız?» adlı məqaləyə baxın.

17. Keçmiş günahlarımıza görə vicdan əzabı çəkməliyik? İzah edin.

17 Ola bilsin, keçmişdə etdiyimiz ciddi günahlara görə vicdan əzabı çəkirik. Amma çalışmalıyıq ki, bu hissdən yaxa qurtaraq. Digər tərəfdən fikirləşməməliyik ki, fidyə bilə-bilə işlənən günahları yuyacaq (İbr. 10:26—31). Əgər biz günahlarımızdan tövbə etmişiksə, kömək üçün Yehovaya üz tutmuşuqsa və davranışımızı dəyişmişiksə, əmin ola bilərik ki, Yehova bizi comərdliklə əfv edir (Əşy. 55:7; Həv. 3:19). Yadınızdadırsa, İsa fərisilərə demişdi: «Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mət. 9:13). İsanın fidyə qurbanlığı bizim bütün günahlarımızı yumağa qadirdir.

ƏBƏDİYYƏN CƏNNƏTDƏ YAŞAYA BİLƏRİK

18. İsanın yanındakı cinayətkarla nə barədə danışmaq istəyərdiniz?

18 Təsəvvür edin ki, Cənnətdəsiniz. Həmin cinayətkarla söhbət edirsiniz. İkinizin də ürəyi İsanın fidyə qurbanlığına görə minnətdarlıqla aşıb-daşır. Ondan xahiş edirsiniz ki, İsanın yer üzündəki həyatının son saatları barədə bir az danışsın. Yaxud soruşursunuz ki, İsa onun xahişinə cavab verəndə hansı hissləri keçirmişdi. O da sizdən soruşur ki, Şeytan dünyasının sonunda həyat necə idi. Cənnətdə belə insanlara Allahın Kəlamını öyrətmək çox maraqlı olacaq! (Efes. 4:22—24).

İsa Məsihin minillik hakimiyyəti dövrüdür; bir qardaş ona verilən talantı artırmaq üçün böyük məmnuniyyətlə çalışır (19-cu abzasa baxın)

19. Cənnətdə həyat darıxdırıcı olacaq? (Üz qabığındakı şəklə baxın.)

19 Cənnətdə həyat darıxdırıcı olmayacaq. Həmişə maraqlı insanlarla tanış olacağıq. Mənalı işimiz olacaq. Ən əsası, səmavi Atamızı hər gün bir az da yaxından tanıyacağıq. Onun verdiyi nemətlərdən həzz alacağıq. Yehova haqqında öyrəndikcə öyrənəcəyik, bunun sonu olmayacaq. Elə yaratdıqları barədə də nə qədər öyrənsək, az olacaq. İllər ötdükcə Allaha məhəbbətimiz daha da artacaq. Bəli, Cənnətdə əbədi yaşamaq bizə zövq verəcək. Belə gözəl vədə görə Yehova Allaha və İsa Məsihə şükürlər olsun!

NƏĞMƏ 22 Qoy Padşahlığın gəlsin!

a Cənnət barədə tez-tez düşünürsünüz? Bu, adamı çox ruhlandırır. Yehovanın gələcək nemətləri barədə nə qədər çox düşünsək, insanlara yeni dünya barədə bir o qədər şövqlə öyrədəcəyik. Bu məqalə kömək edəcək ki, İsanın Cənnətlə bağlı verdiyi vədə imanımızı möhkəmləndirək.

b ŞƏKLİN İZAHI. Cənnətdə dirilənlərə dərs keçməyi arzulayan qardaş indidən insanlara dərs keçir.