Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin bu il çıxan saylarını diqqətlə oxumusunuz? Onda görün növbəti suallara cavab verə bilərsiniz?

Yehova haqda düşünməyə, Onunla danışmağa və Onu dinləməyə vaxt ayırsaq, bunun bizə hansı faydası olacaq?

Biz daha yaxşı qərarlar verəcəyik, daha yaxşı müəllim olacağıq, imanımız möhkəmlənəcək və Yehovaya məhəbbətimiz güclənəcək (w22.01, s. 30—31).

Yehovaya və Onun Öz xalqına rəhbərlik etmək üçün təyin etdiyi şəxslərə etibar etməyi öyrənsək, bunun hansı xeyrini görəcəyik?

Hal-hazırda Yehovanın gördüyü işlərə etibar etməyin vaxtıdır. Bunun üçün ağsaqqalların verdiyi göstərişlərə və qərarlara şübhə ilə yanaşmamalıyıq. İndidən bunu öyrənsək, böyük müsibət başlayanda hətta bizə qəribə və məntiqsiz gələn göstərişlərə itaət edə biləcəyik (w22.02, s. 4—6).

Mələk Zəkəriyyəyə Zərubabilin əlindəki şaqul barədə danışanda nəyi nəzərdə tuturdu? (Zək. 4:8—10)

Bu sözlərlə mələk Allahın xalqını əmin edirdi ki, məbəd sadə görünsə də, onun tikintisi başa çatacaq və Yehovanın normalarına tam cavab verəcək (w22.03, s. 16—17).

Danışıqda başqalarına necə nümunə ola bilərik? (1 Tim. 4:12)

Təbliğdə insanlarla mehriban və hörmətcil danışmalıyıq, yığıncaqda nəğmələrimizi ürəkdən oxumalı və müntəzəm olaraq şərh verməliyik, təhqiri kənara qoyub, düz danışmalı və imanı möhkəmləndirən sözlər söyləməliyik (w22.04, s. 6—9).

Nəyə görə Dənyal 7-ci fəsildə dörd heyvana (padşahlıqlara) xas olan xüsusiyyətlər Vəhy 13:1, 2 ayələrində bir heyvanda cəmlənib?

Vəhy 13-cü fəsildəki vəhşi heyvan bir hökuməti, məsələn, Romanı təmsil etmir. O, tarix boyu bəşəriyyət üzərində hakimiyyət sürən bütün siyasi qüvvələri təmsil edir (w22.05, s. 9).

Yehovanın ədalətinə etibar etdiyimizi göstərməyin əsas yolu hansıdır?

Əgər kimsə bizi təhqir edibsə, xətrimizə dəyibsə, yaxud bizə qarşı günah işləyibsə, biz çalışırıq ki, qəzəbi buraxaq və kin saxlamayaq, məsələni Yehovaya tapşıraq. Yehova günahın vurduğu bütün zərəri aradan qaldıracaq (w22.06, s. 10—11).

Yığıncaqda dua edən qardaş nəyi nəzərə almalıdır?

Dua yığıncağa məsləhət vermək və ya elanlar etmək üçün deyil. Əsas da görüşün əvvəlində dua edən qardaş «çox söz» deməməlidir (Mət. 6:7) (w22.07, s. 24—25).

«Pis əməl sahibləri» hansı mənada «dirilib mühakimə olunacaqlar»? (Yəh. 5:29)

Onların mühakimə olunması mənfi məna daşımır, onlar keçmişdə etdikləri əməllərə görə məhkum olunmayacaqlar. Onlara diriləndən sonrakı xüsusiyyətlərinə və davranışına əsasən qiymət veriləcək (w22.09, s. 18).

Cozef Ruterford qardaş 1922-ci ilin sentyabrında keçirilən toplantıda hansı təşviqedici sözlər söyləmişdi?

Sidar-Pointdə (Ohayo ştatı, ABŞ) keçirilən toplantıda o, belə sözlər bəyan etmişdi: «Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin» (w22.10, s. 3—5).

Əşiya 30-cu fəsildə Yehovanın bizə çətinliklərə dözməyə kömək etdiyi hansı üç üsul vurğulanır?

Bu fəsildən görünür ki, Yehova 1) bizim dualarımızı diqqətlə dinləyib, onlara cavab verir, 2) bizə yol göstərir, 3) bizə indi nemətlər bəxş edir və gələcəkdə də bunu edəcək (w22.11, s. 9).

Nəyə görə belə qənaətə gəlirik ki, Zəbur 37:10, 11, 29 ayələri həm keçmişdə yerinə yetib, həm də gələcəkdə yerinə yetəcək?

Davud peyğəmbərin bu sözləri İsraildə, məsələn, Süleyman padşahın hakimiyyəti dövründə hökm sürən gözəl şəraiti təsvir edir. İsa Məsih bu ayələrin gələcəkdə Cənnətdə də yerinə yetəcəyini göstərmişdi və 11-ci ayəni sitat gətirmişdi (Mət. 5:5; Luka 23:43) (w22.12, s. 8—10, 14).