Yeri miras almağa hazırsınız?
İSA MƏSİH demişdi: «Həlimlər xoşbəxtdir, çünki Yer onların olacaq» (Mət. 5:5, haş.). Biz bu sözlərin yerinə yetməsini həsrətlə gözləyirik. Məsh olunmuşlar göydə İsa ilə hakimiyyət sürəndə yer üzünü miras alacaqlar (Vəhy 5:10; 20:6). Məsihilərin əksəriyyəti isə yerdə əbədiyyən yaşamağa ümid edir. Onlar əmin-amanlıq, firavanlıq içində yaşayacaq və kamilliyə yetişəcəklər. Yer üzünü cənnətə çevirmək üçün onların öhdəsinə müxtəlif işlər düşəcək. Gəlin onlardan üçünə nəzər salaq: yerə sahib olmaq, dirilənləri evlə təmin etmək və onlara təlim vermək. Həmçinin görək bu işlərdə iştirak etmək istədiyinizi artıq indidən necə göstərə bilərsiniz.
YER ÜZÜNƏ SAHİB OLMAĞA HAZIR OLUN
Yehova Adəmlə Həvvaya buyurmuşdu ki, törəyib çoxalsınlar və bütün yer üzünü doldursunlar (Yar. 1:28). Bu göstərirdi ki, bütün dünya nəhayətdə cənnət olacaq. Yer üzünü miras alacaq kəsləri də eyni iş gözləyir. Üstəlik, onlar cənnəti sıfırdan yaradacaqlar, çünki Ədən bağı artıq mövcud deyil. Həm də insanlar indi yeri bərbad günə qoyublar, buna görə də Armageddondan sonra çoxlu təmizlik işləri görmək lazım gələcək. Həqiqətən də, işimiz başımızdan aşacaq!
Babil əsarətindən qayıdan israillilər də, demək olar ki, eyni vəziyyətdə idilər. Onların yurd-yuvaları 70 il xaraba qalmışdı. Bununla belə, Əşiya peyğəmbər demişdi ki, onlar Yehovanın köməyilə ölkəni abadlaşdıracaqlar. O peyğəmbərlik etmişdi: «Onun səhrasını Ədən kimi, çöllərini Yehovanın bağı kimi edəcək» (Əşy. 51:3). Həqiqətən, belə də oldu. Eynilə, Yehova gələcəkdə insanlara yer üzünü cənnətə çevirməyə kömək edəcək. Siz bu işdə iştirak etmək istədiyinizi indidən göstərə bilərsiniz.
Bunun bir üsulu evimizi, ətrafımızı təmiz və səliqəli saxlamaqdır. Bizim təmizliyə münasibətimiz başqa insanların davranışından asılı olmamalıdır. Bundan başqa, ibadət evlərinin və toplantı zallarının təmizliyində və təmirində iştirak edə bilərsiniz. Vəziyyətiniz yol verirsə, fəlakətlərdən zərərçəkənlərə yardım etmək üçün blank doldurun. Bununla göstərəcəksiniz ki, lazım olanda kömək etməyə hazırsınız. Özünüzdən soruşun: «İndidən hansı bacarıqlara yiyələnim ki, Yehova mənə cənnətdə yaşamağı nəsib etsə, onlardan istifadə edim?»
DİRİLƏNLƏRİ EVLƏ TƏMİN ETMƏYƏ HAZIR OLUN
İsa Yairin qızını dirildən kimi dedi ki, ona yeməyə nəsə versinlər (Mark 5:42, 43). Sözsüz, 12 yaşlı qızı yedizdirmək çətin deyildi. İndi təsəvvür edin: İsa demişdi ki, gələcəkdə «qəbirlərdə olanların hamısı onun səsini eşidib qəbirlərindən çıxacaq» (Yəh. 5:28, 29). Müqəddəs Kitabda təfərrüatlar qeyd olunmasa da, biz başa düşürük ki, dirilən insanları qida, ev və geyimlə təmin etmək lazım gələcək. Təsəvvür edirsiniz, biz nə qədər iş görməli olacağıq? Köməyə hazır olduğunuzu indidən göstərə bilərsiniz. Gəlin görək necə.
Yeri miras almağa hazır olduğunuzu necə göstərə bilərsiniz?
Rayon nəzarətçisi yığıncağınızı ziyarət edəndə onu nahara dəvət etmək istəyinizi bildirə bilərsiniz. Xüsusi tamvaxtlı xidmətçilər Beyteldən sahəyə təyin olunanda və ya rayon nəzarətçisi səyyar xidməti başa vuranda onlara ev tapmağa kömək edin. Sizin ərazinizdə regional və xüsusi toplantı keçiriləndə toplantıdan əvvəl və sonra görülən işlərdə iştirak edin və ya qonaqları qarşılayın.
DİRİLƏNLƏRƏ TƏLİM VERMƏYƏ HAZIR OLUN
Həvarilərin işləri 24:15 ayəsinə əsasən, milyardlarla insan diriləcək. Onların əksəriyyətinin Yehovanı tanımaq imkanı olmayıb. Diriləndə isə onların belə imkanı olacaq a. Allahın sadiq xidmətçiləri bu sahədə onlara kömək edəcək (Əşy. 11:9). Avropa, Cənubi Amerika və Afrikada xidmət etmiş Şarlot adlı bacı həmin dövrü həsrətlə gözləyir. O deyir: «Dirilənlərə təlim verəcəyim günü səbirsizliklə gözləyirəm. Keçmişdə yaşayan kimsə haqda oxuyanda tez-tez düşünürəm: “Kaş o, Yehovanı tanıyardı, onda həyatı tamam başqa cür olardı”. Dirilənləri görməyi, onlara Yehova haqda danışmağı səbirsizliklə gözləyirəm».
İsa yer üzünə gəlməzdən öncə yaşamış mömin insanlar da çox şey öyrənməli olacaqlar. Məsələn, Dənyala qələmə aldığı, amma başa düşmədiyi peyğəmbərlikləri izah edəcəyik (Dən. 12:8). Rutla Naiməyə Məsihin nəsil şəcərəsində hansı rolu oynadığını danışacağıq. Bizə o vaxt insanlara dərs keçməyə heç nə mane olmayacaq, nə kimsə bizə təzyiq göstərəcək, nə də Şeytan dünyası diqqətimizi yayındıracaq. Dünyanın dörd bir yanında gedən təlim işində iştirak etməkdən böyük zövq duyacağıq.
Bu təlim işində iştirak etməyə hazır olduğunuzu necə göstərə bilərsiniz? Bunun bir yolu təbliğ işində püxtələşmək və bu işdə müntəzəm iştirak etməkdir (Mət. 24:14). Hal-hazırda yaşımıza və ya digər səbəblərə görə ürəyimiz istəyən qədər təbliğ edə bilməsək də, əlimizdən gələni etməyimiz göstərəcək ki, biz dirilənlərə dərs keçməyə hazırıq.
Növbəti suallar üzərində düşünmək çox vacibdir: «Yeri miras alacağınız günü gözləyirsiniz? Yerə sahib olmağı, dirilənləri evlə təmin etməyi və onlara təlim verməyi arzulayırsınız?» Gəlin indidən hər fürsətdən istifadə edərək yuxarıda sadalanan işləri görək. Bununla göstərəcəyik ki, yeri miras alanda buna bənzər işləri görməyə hazırıq!
a «Gözətçi qülləsi» jurnalının 2022-ci il sentyabr sayında yerləşən «Çoxları salehliyə çatdırılacaq» adlı məqaləyə baxın.