TƏLİM MƏQALƏSİ 51
Ümid məyusluq gətirməz
«Ümid... məyusluq gətirməz» (ROM. 5:5).
NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq
İCMAL a
1. İbrahimin ümidi nəyə görə boş yerə deyildi?
YEHOVA dostu İbrahimə belə bir vəd vermişdi: «Yer üzünün bütün xalqları sənin övladın vasitəsilə mübarək olacaq» (Yar. 15:5; 22:18). İbrahimin Yehovaya imanı güclü olduğu üçün o bu vədin gerçəkləşəcəyinə əmin idi. Ancaq İbrahimin 100, Saranın 90 yaşı olsa da, onların hələ də oğulları dünyaya gəlməmişdi (Yar. 21:1—7). Bununla belə, Müqəddəs Kitabda deyilir: «[İbrahim] ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq» (Rom. 4:18). Bildiyimiz kimi, İbrahim peyğəmbərin ümidi gerçəkləşdi. Onun uzun illərdir həsrətində olduğu oğlu İshaq dünyaya gəldi. İbrahim peyğəmbərdə Yehovanın vədlərinin gerçəkləşəcəyinə əminlik haradan idi?
2. İbrahim Yehovanın vədinin gerçəkləşəcəyinə nəyə görə əmin idi?
2 İbrahim peyğəmbərin Yehova ilə sıx dostluq münasibəti var idi. Buna görə də o, tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirəcək (Rom. 4:21). Yehova İbrahimdən razı qaldı və imanına görə onu saleh saydı (Yaq. 2:23). Romalılara 4:18 ayəsindən də görmək olar ki, İbrahimin imanı və ümidi bir-biri ilə bağlı idi. Gəlin Romalılara 5-ci fəsildən bəzi ayələrə nəzər salaq və görək Bulus ümid barədə nə yazıb.
3. Bulus ümidlə bağlı nəyi izah edir?
3 Romalılara 5:1—5 ayələrində Bulus bir prosesdən danışır. Həmçinin o, ümidin məyusluq gətirmədiyini deyir və buna nəyə görə əmin ola biləcəyimizi izah edir (Rom. 5:5). Bundan başqa, Bulus ümidimizi necə möhkəmləndirə biləcəyimizi vurğulayır. Həmin ayələri araşdırdıqca öz ümidiniz barədə düşünün. Bununla gələcəyə ümidinizin vaxt keçdikcə daha da möhkəmləndiyini görəcəksiniz. Həmçinin öyrənəcəksiniz ki, ümidimizin indikindən də möhkəm olması üçün nə etmək olar. Gəlin əvvəlcə bizə məyusluq gətirməyəcək bu möhtəşəm ümiddən danışaq.
MÖHTƏŞƏM ÜMİDİMİZ
4. Romalılara 5:1, 2 ayələrində söhbət nədən gedir?
4 Romalılara 5:1, 2 ayələrini oxuyun. Bulus bu sözləri Romadakı yığıncağa ünvanlamışdı. Oradakı bacı-qardaşlar Yehova və İsa haqda öyrənmiş, iman yetişdirmiş və məsihi olmuşdular. Yehova imanlarına görə onları saleh saymış və müqəddəs ruhla məsh etmişdi. Bəli, onlar canlı, möhtəşəm ümidə sahib olmuşdular.
5. Məsh olunmuşların hansı ümidi var?
5 Bulus sonralar Efesdəki məsh olunmuş məsihilərə Allahın onlara verdiyi ümid barədə yazmışdı. Bu ümid müqəddəslərə «miras kimi» verilmişdi (Efes. 1:18). Koloslulara yazdığı məktubda isə Bulus məsh olunmuş məsihilərə ümidlərinin harada gerçəkləşəcəyini demişdi. O bu ümidin onlar üçün «göylərdə» qorunub saxlanıldığını bildirmişdi (Kol. 1:4, 5). Deməli, məsh olunmuş məsihilər göydə əbədi həyat üçün dirilib Məsihlə birgə hakimiyyət sürəcəklərinə ümid edirlər (1 Salon. 4:13—17; Vəhy 20:6).
6. Bir məsh olunmuş qardaş öz ümidi ilə bağlı nə demişdi?
6 Məsh olunmuş məsihilər bu ümidlərini qiymətləndirirlər. Onlardan biri də Frederik Frans qardaş idi. O, 1991-ci ildə ümidi barədə demişdi: «Bizim ümidimiz mütləq gerçəkləşəcək. 144 000-in hər bir üzvü Allahın vəd etdiyi mükafatı alacaq. Bu mükafat sahib olduğumuz hər şeydən qat-qat dəyərlidir». Frederik qardaş bu sözləri uzun illər Yehovaya xidmət etdikdən sonra demişdi. O, sözünə belə davam edir: «Sahib olduğumuz bu ümid bizim üçün hələ də dəyərini itirməyib... Nə qədər çox gözləyiriksə, minnətdarlığımız da bir o qədər artır. Çünki bu ümidi gözləməyə dəyər. Yeri gəlsə, lap milyon il də gözləyərik. İndi ümidim mənim üçün əvvəlkindən daha da dəyərlidir».
7, 8. Yehovanın əksər xidmətçilərinin hansı ümidi var? (Romalılara 8:20, 21).
7 Bu gün Yehovaya xidmət edən əksər məsihilərin isə başqa ümidi var. Onların ümidləri İbrahim peyğəmbərin ümidi ilə eynidir. Yəni onlar Allahın Padşahlığı altında yer üzündə əbədi yaşamağa ümid edirlər (İbr. 11:8—10, 13). Bulus bu ümidə sahib olanları gözləyən möhtəşəm nemətlər barədə yazmışdı. (Romalılara 8:20, 21 ayələrini oxuyun.) Müqəddəs Kitabdan gələcəklə bağlı vədlər haqda ilk dəfə öyrənəndə ən çox hansı vəd sizin xoşunuza gəlmişdi? Bir gün hər kəsin kamil, günahsız olacağı vədi, yoxsa ölən əzizlərinizin Cənnətdə dirilib yenidən yaşayacağı vədi? Allahın verdiyi ümid sayəsində gerçəkləşməsini səbirsizliklə gözlədiyimiz çox nemət var.
8 Fərqi yoxdur, biz göydə, yoxsa yer üzündə əbədi yaşamağa ümid edirik, onların hər biri möhtəşəmdir və bizə sevinc gətirir. Sahib olduğumuz bu ümid getdikcə daha möhkəm ola bilər. Bulus bunun necə baş verdiyini izah edir. Gəlin görək, o, ümidimizlə bağlı nə yazmışdı. Onun sözləri ümid etdiyimiz şeyin mütləq gerçəkləşəcəyinə əminliyimizi artıracaq.
ÜMİDİMİZ ARTDIQCA ARTIR
9, 10. Bulusun həyatından göründüyü kimi məsihilər nəyin olacağını gözləməlidir? (Romalılara 5:3). (Həmçinin şəkillərə baxın.)
9 Romalılara 5:3 ayələrini oxuyun. Bulus qeyd edir ki, əziyyətlərlə üzləşəndə ümidimizin gerçəkləşəcəyinə əminliyimiz daha da möhkəmlənir. Bu fikir sizə qəribə gələ bilər. Amma bir şey var ki, Məsihin bütün davamçıları əziyyətlərlə üzləşəcəyini gözləməlidir. Bulusu yadımıza salaq. O, Salonikidəki məsihilərə demişdi: «Yanınızda olanda da bütün bu əziyyətlərin baş verəcəyindən sizi xəbərdar edirdik. Bildiyiniz kimi, belə də oldu» (1 Salon. 3:4). Korinflilərə isə o yazmışdı: «Qardaşlar, sizi... başımıza gələn bəladan bixəbər qoymaq istəmirik... Hətta sağ qalacağımıza... ümid etmirdik» (2 Kor. 1:8; 11:23—27).
10 Bu gün də məsihilər əziyyətlərinin olacağını bilir (2 Tim. 3:12). Sizin hansı sınaqlarınız olub? Bəlkə də İsaya iman edib onun şagirdi olduğunuz üçün hansısa çətinlikləriniz olub. Ola bilsin, dostlarınız, qohumlarınız sizi lağa qoyub, hətta sizə düşmən kəsilib. Bəlkə də hər sahədə dürüst olmağınız işdə müəyyən problemlər yaradıb (İbr. 13:18). Yaxud ümidiniz barədə insanlarla danışdığınız üçün hökumət tərəfindən təqib olunmusunuz. Amma hansı əziyyətlərlə üzləşməyimizdən asılı olmayaraq, Bulus demişdi ki, biz sevinməliyik.
11. Nəyə görə hər cür sınağa dözməyə qətiyyətli olmalıyıq?
11 Əziyyətlərlə üzləşəndə nəyə görə sevinməliyik? Çünki bu bizdə vacib bir keyfiyyəti yetişdirir. Romalılara 5:3 ayəsində deyilir: «Əziyyətlər dözümlü olmağı öyrədir». Bütün məsihilər əziyyətlərlə üzləşəcəyi üçün bu keyfiyyət onların hamısına lazımdır. Biz istənilən sınaq zamanı dözüm göstərməyə qətiyyətli olmalıyıq. Yalnız bu halda ümid etdiyimiz mükafatı alacağıq. İsa Məsih bir məsəlində toxumun daşlı torpağa düşdüyünü demişdi. Biz onun bu məsəldə nəzərdə tutduğu insanlara bənzəmək istəmirik. Bu cür insanlar sözü sevinclə qəbul etsələr də, «çətinlik, təqib» başlayanda imanları sarsılır (Mət. 13:5, 6, 20, 21). Düzdür, təqiblərlə, sınaqlarla üzləşmək insana xoş deyil, amma bunlara dözməyin xeyri böyükdür. Gəlin bunun xeyrindən danışaq.
12. Sınaqlara dözməyin bizə hansı xeyri var?
12 Şagird Yaqub dözüm göstərməyin xeyrini vurğulamışdı. O yazmışdı: «Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın» (Yaq. 1:2—4). Yaqub dözümün sanki bir iş gördüyünü deyir. Dözüm hansı işi görür? O bizə səbir, iman və Allaha etibar kimi xüsusiyyətləri daha da inkişaf etdirməyə kömək edir. Amma dözümün xeyri bununla bitmir.
13, 14. Dözüm nə qazandırır və bu, ümidlə necə bağlıdır? (Romalılara 5:4).
13 Romalılara 5:4 ayəsini oxuyun. Bulus dözümün «Allahın razılığını» qazandırdığını qeyd edir. Bu o demək deyil ki, əzab çəkdiyinizi görmək Allaha xoşdur. Əksinə, Yehovaya xoş olan sizin sadiq qalmağınızdır. Bəli, dözümünüzlə Allahın qəlbini şad edirsiniz. Bundan gözəl nə ola bilər? (Zəb. 5:12).
14 Gəlin, İbrahim peyğəmbəri yadımıza salaq. O da çoxlu çətinliklərlə üzləşmişdi, amma sadiq qaldığı üçün Yehovanın razılığını qazanıb, Onun dostu olmuşdu və saleh sayılmışdı (Yar. 15:6; Rom. 4:13, 22). Biz də onun kimi ola bilərik. Yehovanın razılığını qazanmaq Onun yolunda nə qədər iş görməyimizdən, təyinatlarımızdan asılı deyil. O, sədaqətlə dözüm göstərdiyimizə görə bizdən razı qalır. Yaşımızdan, vəziyyətimizdən, bacarığımızdan asılı olmayaraq, hamımız dözüm göstərə bilərik. Bəlkə də hal-hazırda hansısa sınağınız var və sədaqətlə dözürsünüz. Əmin olun ki, Yehova sizdən çox razıdır. Bunu biləndə gələcəyə ümidiniz daha da möhkəmlənir.
İNDİ ÜMİDİMİZ DAHA MÖHKƏMDİR
15. Romalılara 5:4, 5 ayələrində Bulus nə deyir və nəyə görə bu bəzilərində çaşqınlıq yaradır?
15 Bulusun da qeyd etdiyi kimi, sınaqlara tab gətirməyin sayəsində biz Yehovanın razılığını qazanırıq. Bulus sözünə belə davam edir: «Allahın razılığından ümid doğur. Ümid isə məyusluq gətirməz» (Rom. 5:4, 5). Bu fikir bəzilərini çaş-baş qoyur. Çünki bundan əvvəl Romalılara 5:2 ayəsində Bulus Romada yaşayan məsihilərə artıq ümidlərinin olduğunu deyir. Bu məsihilər Allahın onları şərəfə çatdıracağına ümid edirdi. Kimdəsə sual yarana bilər: «Onların artıq ümidi olduğu halda nəyə görə Bulus siyahının sonunda yenə ümidi qeyd edir?»
16. İnsanın ümidi necə artır? (Həmçinin şəkillərə baxın.)
16 Bunu başa düşmək üçün ümidin arta bildiyini unutmamalıyıq. Məsələn, Allahın Kəlamında verilən möhtəşəm ümid barədə ilk dəfə eşitdiyiniz vaxtlar yadınızdadır? Yəqin, həmin vaxt düşünürdünüz ki, yer üzündə əbədi yaşamaq sadəcə gözəl bir xəyaldır. Amma Yehova və Onun vədləri barədə daha çox öyrəndikcə bu ümidinizin doğrulacağına əminliyiniz get-gedə artdı.
17. Həsr olunub vəftiz olunduqdan sonra ümidiniz artmağa necə davam edir?
17 Həsr olunub vəftiz olunandan sonra da Yehovanı daha yaxından tanıdığınız və yetkinləşdiyiniz üçün ümidiniz böyüməyə davam etdi (İbr. 5:13—6:1). Yəqin, Romalılara 5:2—4 ayələrində yazılanları öz təcrübənizdə yaşamısınız. Yəni siz müxtəlif əziyyətlərlə üzləşmisiniz, amma dözüm göstərib Allahın razılığını qazanmısınız. Bunu biləndən sonra isə Allahın vəd etdiyi şeyləri alacağınızı gözləmək üçün daha çox səbəbiniz yaranıb. Ümidiniz əvvəlkindən də möhkəm olub. Artıq o sizin üçün daha gerçək, daha realdır. Sahib olduğunuz ümid həyatınızın hər sahəsinə güclü təsir edir, məsələn, ailənizlə rəftarınıza, verdiyiniz qərarlara və vaxtınızdan necə istifadə etməyinizə.
18. Yehova hansı zəmanəti verir?
18 Bulus Allahın razılığını qazanandan sonra sahib olduğunuz ümid barədə vacib bir fikri vurğulayır. O sizi ümidinizin gerçəkləşəcəyinə əmin edir. Buna nəyə görə əmin ola bilərsiniz? Bulus Allahın ilhamı ilə məsihilərə belə bir zəmanət verir: «Ümid... məyusluq gətirməz. Çünki bizə verilmiş müqəddəs ruh vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur» (Rom. 5:5). Yehovanın sizə verdiyi ümidin gerçəkləşəcəyinə tam arxayın ola bilərsiniz!
19. Ümidinizlə bağlı nəyə əmin ola bilərsiniz?
19 Yehovanın İbrahim peyğəmbərə verdiyi vəd, ondan razı qalması, onu dostu adlandırması üzərində düşünün. İbrahimin ümidi boşa çıxmadı. Müqəddəs Kitabda deyilir: «İbrahim səbir göstərəndən sonra bu vədi aldı» (İbr. 6:15; 11:9, 18; Rom. 4:20—22). O, səbir göstərdiyinə görə qətiyyən peşman olmadı. Əgər sadiq qalsanız, siz də ümidinizə görə mükafat alacaqsınız. Ümidiniz gerçəkdir, o, sevinc gətirir, məyusluq yox! (Rom. 12:12). Bulus yazmışdı: «Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın» (Rom. 15:13).
NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et
a Bu məqalədə gələcəyə olan ümidimizdən danışılır. Görəcəyik ki, ümidimizin doğrulacağına əmin olmaq üçün hansı əsaslı səbəblərimiz var. Həmçinin Romalılara 5-ci fəslin əsasında ümidimizin həqiqəti ilk dəfə öyrənəndən bu yana necə artdığını müzakirə edəcəyik.