Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 52

Gənc bacılar, yetkin məsihi olmağa can atın

Gənc bacılar, yetkin məsihi olmağa can atın

«Qadınlar... hər şeydə hədd bilməli, hər sahədə sədaqətli olmalıdırlar» (1 TİM. 3:11).

NƏĞMƏ 133 Gənc çağında Yehovaya ibadət et

İCMAL a

1. Yetkin məsihi olmaq üçün nə etməliyik?

 UŞAQLAR çox tez böyüyür. Bu proses insanı heyran qoyur. Adama elə gəlir ki, uşaq öz-özünə böyüyür. Amma ruhani cəhətdən böyümək, yetkinləşmək öz-özünə baş verən bir proses deyil b (1 Kor. 13:11; İbr. 6:1). Bunun üçün Yehova ilə möhkəm dostluq münasibəti gərəkdir. Həmçinin Onun bəyəndiyi keyfiyyətlərə sahib olmaq, müəyyən bacarıqlara yiyələnmək və gələcək həyata hazırlaşmaq üçün Yehovanın müqəddəs ruhuna ehtiyacımız var (Məs. 1:5).

2. Yaradılış 1:27 ayəsindən nə öyrənirik və bu məqalədə nə haqda danışacağıq?

2 Yehova insanı kişi və qadın olaraq yaradıb. (Yaradılış 1:27 ayəsini oxuyun.) Onlar fiziki cəhətdən bir-birindən çox fərqlənir. Onların fərqli olduqları digər sahələr də var. Yehova kişi ilə qadını yaradanda hərəsinə xüsusi bir rol verdi. Onlar bu şərəfli rolları icra etmək üçün müəyyən keyfiyyətlərə və bacarıqlara sahib olmalıdırlar (Yar. 2:18). Bu məqalədə gənc bacılarımızdan danışacağıq. Görəcəyik ki, onlar yetkin məsihi olmaq üçün nə edə bilərlər. Növbəti məqalə isə gənc qardaşlarımıza həsr olunub.

YEHOVANIN BƏYƏNDİYİ KEYFİYYƏTLƏR YETİŞDİRİN

Rəfəqə, Əstər, Abiqayil və digər mömin qadınlarda olan keyfiyyətləri yetişdirmək sizə ruhən yetkin məsihi olmağa kömək edəcək (3 və 4-cü abzaslara baxın)

3, 4. Gənc bacılar kimlərdən nümunə götürə bilər? (Həmçinin şəklə baxın.)

3 Müqəddəs Kitabda Yehovanı sevən, Ona xidmət edən çoxlu mömin qadınlardan danışılır. (jw.org saytında «Müqəddəs Kitabda adı çəkilən qadınlardan nə öyrənə bilərik?» adlı məqaləyə baxın.) Bu qadınlar, məqalənin əsas ayəsində də deyildiyi kimi, «hər şeydə [hədd bilən]» və «hər sahədə sədaqətli» idilər. Həmçinin gənc bacılarımız yığıncaqlarında xidmət edən ruhən yetkin bacılardan da çox şey öyrənə bilərlər.

4 Əziz gənc bacılarımız, fikirləşin görün hansı yetkin bacılardan nümunə götürə bilərsiniz? Onların gözəl keyfiyyətlərini müşahidə edin. Sonra isə düşünün: siz necə onlar kimi davrana bilərsiniz? Növbəti abzaslarda yetkin bacı olmaq üçün lazım olan iki keyfiyyətdən danışacağıq.

5. Nəyə görə yetkin məsihi bacı üçün təvazökar olmaq vacibdir?

5 Təvazökarlıq ruhən yetkin məsihi olmaq üçün vacib xüsusiyyətdir. Əgər qadın təvazökardırsa, Yehova ilə münasibəti möhkəm olacaq və başqaları ilə yaxşı yola gedəcək (Yaq. 4:6). Məsələn, Yehovanı sevən qadın Onun təsis etdiyi başçılıq prinsipinə təvazökarlıqla tabe olur (1 Kor. 11:3). Bacı bu prinsipin yığıncaqda və ailədə necə tətbiq olunduğunu bilməlidir c.

6. Gənc bacılar Rəfəqədən təvazökarlıqla bağlı nə öyrənə bilər?

6 Gəlin Rəfəqəni yadımıza salaq. O, ağıllı-kamallı qadın idi, həyatı boyu cəsur qərarlar vermişdi, nəyi nə vaxt edəcəyini yaxşı bilirdi (Yar. 24:58; 27:5—17). Rəfəqə eyni zamanda itaətkar idi, insanlara hörmətlə yanaşırdı (Yar. 24:17, 18, 65). Siz də Rəfəqə kimi təvazökar olub Yehovanın səlahiyyət verdiyi kəslərə tabe olsanız, həm ailənizə, həm də yığıncağa yaxşı nümunə qoyacaqsınız.

7. Gənc bacılar Əstərdən təvazökarlıqla bağlı nə öyrənə bilər?

7 Bütün məsihilərə təvazökarlıq lazımdır. Müqəddəs Kitabda deyilir: «Hikmət... təvazökar insanladır» (Məs. 11:2). Əstər də təvazökar, Allaha sadiq qadın idi. O, təvazökarlığı sayəsində məlikə olanda qürurlanmadı. Əstər özündən böyük olan əmisi oğlu Mərdəhayın məsləhətinə qulaq asıb əməl etmişdi (Əst. 2:10, 20, 22). Siz də başqalarından məsləhət almaqla və verilən yaxşı məsləhətə əməl etməklə Əstər kimi təvazökar olduğunuzu göstərə bilərsiniz (Tit. 2:3—5).

8. 1 Timutiyə 2:9, 10 ayələrinə əsasən təvazökarlıq bacılara geyim-kecim məsələsində ağıllı qərar verməyə necə kömək edir?

8 Əstərin təvazökarlığı başqa bir sahədən də görünür. O, «şux qamətli gözəl bir qız idi», amma özünə yersiz diqqət çəkməyə çalışmırdı (Əst. 2:7, 15). Əziz bacılarımız, Əstərdən necə nümunə götürə bilərsiniz? Bunun bir yolu 1 Timutiyə 2:9, 10 ayələrində yazılıb. (Ayələri oxuyun.) Bulus məsihi bacılara məsləhət görür ki, geyimləri ləyaqətli, abır-həyalı olsun. Burada istifadə edilən yunan sözləri o deməkdir ki, məsihi bacının geyimindən başqalarına hörmət etdiyi, onların fikirlərini və hisslərini nəzərə aldığı görünməlidir. Bu məsləhətə qulaq asıb ləyaqətli geyinən bacılarımızla fəxr edirik!

9. Abiqayilin nümunəsindən nə öyrənirik?

9 Bəsirətli olmaq hər bir yetkin məsihi bacının yiyələnməli olduğu ikinci keyfiyyətdir. Bəsirət nədir? Bəsirət yaxşı ilə pisi ayırd edib yaxşını seçmək qabiliyyətidir. Abiqayilin hadisəsi yadınızdadır? Onun əri bir pis qərarı ilə bütün ev əhlini az qala fəlakətə sürükləyirdi. Abiqayil bunu biləndə cəld hərəkətə keçdi. O, bəsirəti sayəsində xeyli insanın həyatını xilas etdi (1 İşm. 25:14—23, 32—35). Bəsirətli olmaqla biz də danışmağın və susmağın vaxtını müəyyən edə bilərik. Həmçinin bu keyfiyyət bizə kömək edir ki, insanlarla söhbət edərkən haqqımız çatmayan və ya onları pis vəziyyətdə qoyacaq suallar verməyək (1 Salon. 4:11).

MÜƏYYƏN BACARIQLARA YİYƏLƏNİN

Oxuyub-yazmağı bacarmağın hansı xeyrini görmüsünüz? (11-ci abzasa baxın)

10, 11. Oxuyub-yazmağı bacarmağınızın həm özünüzə, həm də başqalarına hansı xeyri var? (Həmçinin şəklə baxın.)

10 Hər bir məsihi bacı müəyyən bacarıqlara yiyələnməlidir. Gənc bacıların uşaq vaxtı öyrəndiyi bəzi bacarıqlar onlara ömürləri boyu xeyir gətirəcək. Gəlin görək hansı bacarıqlara yiyələnmək lazımdır.

11 Oxumağı və yazmağı öyrənin. Bəzi mədəniyyətlərdə qadın üçün oxumağı və yazmağı bilmək elə də vacib hesab olunmur. Amma hər bir məsihinin bu bacarığa yiyələnməsi çox vacibdir d (1 Tim. 4:13). Bu səbəbdən maneələr olsa da, öyrənməyə davam edin. Bəs bunun hansı xeyrini görəcəksiniz? Məsələn, özünüzə iş tapa biləcəksiniz. Allahın Kəlamını öyrənmək və başqalarına öyrətmək daha asan olacaq. Ən əsası, Müqəddəs Kitabı oxuyub mütaliə edə bildiyiniz üçün Yehovaya daha da yaxınlaşacaqsınız (Yuş. 1:8; 1 Tim. 4:15).

12. Məsəllər 31:26 ayəsindən nə öyrənirsiniz?

12 Ünsiyyət qurmağı öyrənin. Bütün məsihilər ünsiyyət qurmağı bacarmalıdır. Şagird Yaqub bununla bağlı yaxşı məsləhət vermişdi: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaq. 1:19). Başqaları danışanda diqqətlə qulaq asmaqla onların «dərdinə şərik» olduğunuzu, onlara şəfqətlə yanaşdığınızı göstərəcəksiniz (1 But. 3:8). Qarşınızdakı insanın dediklərini, hisslərini başa düşməyəndə münasib suallar verə bilərsiniz. Sonra isə danışmazdan qabaq bir az düşünün (Məs. 15:28, haşiyə). Özünüzə bu sualları verin: «Danışacağım şeylər həqiqətdir, ruhlandırıcıdır? Sözlərim nəzakətli, mülayim səslənəcək?» Yaxşı ünsiyyət qurmağı bacaran yetkin bacılardan da çox şey öyrənə bilərsiniz. (Məsəllər 31:26 ayəsini oxuyun.) Onlar danışanda diqqətlə izləyin, görün nəyi necə deyirlər. Bu bacarığı püxtələşdirdikcə başqaları ilə gözəl münasibətiniz olacaq.

Ev işlərini görməyi öyrənən bacılarımız həm ailələri, həm də yığıncaq üçün əsl hədiyyədir (13-cü abzasa baxın)

13. Ev işlərini görməyi necə öyrənə bilərsiniz? (Həmçinin şəklə baxın.)

13 Ev işlərini görməyi öyrənin. Bir çox yerdə evin yükü qadının üzərinə düşür. Ananızdan, yaxud bacarıqlı bir bacıdan ev işlərini öyrənə bilərsiniz. Sindi adlı bir bacı deyir: «Anam mənə çalışqan olmağı, gördüyüm işdən zövq almağı öyrədib. Bu onun mənə verdiyi ən dəyərli hədiyyələrdən biridir. Yemək bişirməyi, təmizlik etməyi, tikiş tikməyi, bazarlıq etməyi bacardığım üçün həyatım xeyli asanlaşıb. Bunların sayəsində Yehovaya xidmətdə daha çox iş görə bilirəm. Həmçinin anam mənə qonaqpərvər olmağı öyrədib. Beləcə, mən örnək götürə biləcəyim gözəl bacı-qardaşlarla tanış olmuşam» (Məs. 31:15, 21, 22). Ev işlərini görməyi öyrənən çalışqan, qonaqpərvər bacılarımız həm ailələri, həm də yığıncaq üçün əsl hədiyyədir (Məs. 31:13, 17, 27; Həv. 16:15).

14. Kristalın hadisəsindən nə öyrənirsiniz və nəyin vacibliyini unutmamalısınız?

14 Öz ayaqlarınız üzərində durmağı öyrənin. Bütün məsihilər buna can atmalıdır (Filip. 4:11). Kristal adlı bacı deyir: «Məktəbdə oxuyanda valideynlərimin məsləhəti ilə müəyyən bacarığa yiyələnməyimə kömək edən fənlər üzrə oxumağa başladım. Atam məni mühasibat təmayüllü sinifdə oxumağa təşviq etdi. Bu sahəni öyrənməyimin mənə böyük köməyi dəydi». İşə düzəlmək üçün hansısa bacarığa yiyələnməklə yanaşı, qazandığınız pulu düzgün xərcləməyi də öyrənməyə çalışmalısınız (Məs. 31:16, 18). Aza qane olmaqla və yersiz borca girməməklə Yehovaya xidmətdə daha çox iş görə bilərsiniz (1 Tim. 6:8).

İNDİDƏN GƏLƏCƏYƏ HAZIRLAŞIN

15, 16. Subay bacıları yığıncaq üçün dəyərli edən nədir? (Mark 10:29, 30).

15 Ruhani keyfiyyətlərə və vacib bacarıqlara yiyələnməyin gələcəkdə verəcəyiniz qərarlar zamanı xeyrini görəcəksiniz. Görək bu qərarlardan bəziləri hansılardır.

16 Bir müddət subay qala bilərsiniz. Bəzi bacılar mədəniyyətlərində xoş qarşılanmasa da, İsanın sözlərinə uyğun olaraq, evlənməmək qərarına gəlir (Mət. 19:10—12). Kimisi də başqa səbəblərə görə ailə qurmur. Əmin olun ki, nə Yehova, nə də İsa subay olduğunuz üçün sizin dəyərsiz olduğunuzu düşünmür. Dünyanın hər bir yerində subay bacılar yığıncaq üçün əsl nemətdirlər. Onlar sevgiləri, qayğıları sayəsində yığıncaqda çoxlarına bacı və ana olublar. (Mark 10:29, 30 ayələrini oxuyun; 1 Tim. 5:2.)

17. Gənc bacı indidən tamvaxtlı xidmətə necə hazırlaşa bilər?

17 Tamvaxtlı xidmətə başlaya bilərsiniz. Bacılar ümumdünya təbliğ işində böyük pay sahibidirlər (Zəb. 68:11). Əziz bacılarımız, tamvaxtlı xidmətə başlamağı indidən planlaşdıra bilərsiniz? Siz tikintidə kömək edə, öncül və ya beytelli ola bilərsiniz. Məqsədiniz barədə dua edin. Artıq bu məqsədə çatmış kəslərlə söhbət edin, görün sizə hansı tələblərə cavab vermək lazımdır. Sonra da məqsədinizə doğru getmək üçün plan cızın. Tamvaxtlı xidmətə başlasanız, Yehovanın yolunda daha çox iş görmək üçün qarşınızda böyük imkanlar açılacaq.

Evlənmək qərarına gəlmisinizsə, həyat yoldaşı seçimində çox diqqətli olmalısınız (18-ci abzasa baxın)

18. Bacı gələcək həyat yoldaşını nəyə görə diqqətlə seçməlidir? (Həmçinin şəklə baxın.)

18 Evlənmək qərarına gələ bilərsiniz. Yuxarıda sadaladığımız keyfiyyətlər və bacarıqlar sizə yaxşı arvad olmağa kömək edəcək. Evlənmək qərarına gəlmisinizsə, həyat yoldaşı seçimində çox diqqətli olmalısınız. Çünki bu, həyatda verdiyiniz ən vacib qərarlardan biridir. Unutmayın ki, ailə quracağınız insanın başçılığı altında olacaqsınız (Rom. 7:2; Efes. 5:23, 33). Ona görə də bu suallar üzərində düşünün: «O, yetkin məsihidir? Yehova onun üçün həyatda hər şeydən vacibdir? Düzgün qərarlar verir? Səhvlərini boynuna alır? Qadınlara hörmət edir? Yehova ilə dostluğumu möhkəmləndirməyi, maddi cəhətdən məni təmin etməyi və mənimlə yaxşı dost olmağı bacaracaq? Məsuliyyətlərinin öhdəsindən yaxşı gəlir? Məsələn, yığıncaqda hansı tapşırıqları var, onları necə yerinə yetirir?» (Luka 16:10; 1 Tim. 5:8). Əgər sizə yaxşı ər olacaq bir insanla ailə qurmaq istəyirsinizsə, əlbəttə ki, özünüz də yaxşı həyat yoldaşı olmaq üçün indidən çalışmalısınız.

19. «Köməkçi» olmaq nəyə görə şərəfli işdir?

19 Müqəddəs Kitabda deyilir ki, yaxşı arvad ərini «tamamlayan bir köməkçi»dir (Yar. 2:18). Qadının köməkçi olması onu alçaltmır, onun kişidən daha aşağı səviyyədə olduğunu göstərmir. Əksinə, bu şərəfli bir mövqedir. Müqəddəs Kitabda Yehovanın Özü də «yardımçı», yəni köməkçi adlanır (Zəb. 54:4; İbr. 13:6). Qadın ərinə dayaq olanda, verdiyi qərarı həyata keçirmək üçün onu dəstəkləyəndə əsl köməkçi olduğunu göstərir. O, Yehovanı sevdiyi üçün əlindən gələni edir ki, əri başqalarının yanında yaxşı ad sahibi olsun (Məs. 31:11, 12; 1 Tim. 3:11). Siz də gələcəkdə yaxşı həyat yoldaşı olmaq üçün Yehovaya sevginizi artırın və həm evdə, həm də yığıncaqda başqalarına kömək edin.

20. Yaxşı ana ailəsi üçün nə edir?

20 Ana ola bilərsiniz. Ailə qurandan sonra övlad sahibi ola bilərsiniz (Zəb. 127:3). Ona görə də bu barədə qabaqcadan düşünsəniz yaxşı olardı. Məqalədə araşdırdığımız keyfiyyətlərin və bacarıqların sizə böyük köməyi dəyəcək. Sizin sevginiz, xeyirxahlığınız və səbriniz ailənizdə mehriban mühit yaradacaq. Uşaqlarınız da sevildiklərini və güvəndə olduqlarını hiss edəcək (Məs. 24:3).

Müqəddəs Kitabı öyrənən və öyrəndiklərinə əməl edən gənc bacılar yetkin məsihi olublar (21-ci abzasa baxın)

21. Bacılarımız barədə hansı fikirdəsiniz və nəyə görə? (Üz qabığındakı şəklə baxın.)

21 Əziz gənc bacılarımız, sizi çox sevirik. Siz Yehova və Onun xalqı üçün çox iş görürsünüz (İbr. 6:10). Ruhani keyfiyyətlərə yiyələnmək və lazımi bacarıqlara sahib olmaq üçün əlinizdən gələni edirsiniz. Bununla həm özünüzün, həm də ətrafınızda olan insanların həyatını gözəlləşdirirsiniz. Üstəlik, indidən gələcəkdə verəcəyiniz qərarlara hazırlaşırsınız. Siz Yehovanın təşkilatı üçün əsl xəzinəsiniz!

NƏĞMƏ 137 Mömin qadınlar — məsihi bacılar

a Əziz gənc bacılarımız, siz yığıncaq üçün çox dəyərlisiniz. Siz ruhani keyfiyyətlər yetişdirməklə, lazımi bacarıqlara sahib olmaqla və gələcəkdə verəcəyiniz qərarlara hazırlaşmaqla yetkin məsihi ola bilərsiniz. Bunun sayəsində Yehovaya xidmətdə çoxlu nemət əldə edəcəksiniz.

b BƏZİ İFADƏLƏRİN İZAHI. Yetkinliyə çatan məsihi dünyanın hikməti ilə yox, Allahın ruhunun göstərdiyi yolla gedir. O, İsadan nümunə götürür, Yehova ilə münasibətlərini möhkəmləndirmək üçün əlindən gələni edir və insanlara fədakar məhəbbət göstərir.

d Oxumağın vacibliyi barədə ətraflı məlumat almaq üçün jw.org saytında yerləşən növbəti məqaləyə baxın: «Uşaqların kitab oxuması nəyə görə vacibdir? I Hissə. Oxumaq, yoxsa baxmaq?»