Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 53

Gənc qardaşlar, yetkin məsihi olmağa can atın

Gənc qardaşlar, yetkin məsihi olmağa can atın

«Mətin ol, mərd ol!» (1 PAD. 2:2).

NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»

İCMAL a

1. Məsihi qardaşlar Davudun məsləhətinə əməl etmək üçün nə etməlidir?

 DAVUD padşah Süleymana nəsihət edib demişdi: «Mətin ol, mərd ol!» (1 Pad. 2:1—3). Bu məsləhətə bütün məsihi qardaşlar əməl etməlidir. Bunun üçün onlar Allahın qanunlarına tabe olmağı və Müqəddəs Kitab prinsiplərini həyatlarının hər sahəsində tətbiq etməyi öyrənməlidirlər (Luka 2:52). Yetkin məsihi olmaq gənc qardaşlar üçün nəyə görə vacibdir?

2, 3. Gənc qardaşın yetkin məsihi olması nəyə görə vacibdir?

2 Məsihi qardaşların ailələrində və yığıncaqda mühüm məsuliyyətləri var. Əziz gənc qardaşlar, şübhəsiz, siz də gələcəkdə üzərinizə müəyyən məsuliyyətlər götürmək barədə düşünürsünüz. Bəlkə də tamvaxtlı xidmətə başlamaq, yığıncaq xidmətçisi, sonralar isə ağsaqqal olmağı məqsəd qoymusunuz. Ola bilsin, gələcəkdə evlənib uşaq sahibi olmağı da istəyirsiniz (Efes. 6:4; 1 Tim. 3:1). Bu məqsədlərə çatıb onları layiqincə icra etmək üçün yetkin məsihi olmalısınız b.

3 Yetkin məsihi olmaq üçün nə edə bilərsiniz? Lazımi bacarıqlara yiyələnməlisiniz. Bəs onda gələcəkdəki məsuliyyətlərinizi layiqincə yerinə yetirmək üçün indidən necə hazırlaşa bilərsiniz?

ADDIMBAADDIM YETKİNLİYƏ DOĞRU

İsanın gözəl keyfiyyətlərini örnək götürməyin sayəsində siz yetkin məsihi ola bilərsiniz (4-cü abzasa baxın)

4. Gənc qardaşlar kimlərdən nümunə götürə bilər? (Həmçinin şəklə baxın.)

4 Yetkin insanlardan nümunə götürün. Müqəddəs Kitabda örnək götürəcəyiniz çoxlu mömin insanların nümunəsi var. Qədimdə yaşamış bu kişilər Allahın yolu ilə gedir və Onun xalqının qayğısına qalmaq üçün müxtəlif işlər görürdülər. Bundan başqa, ailənizdəki və yığıncağınızdakı yetkin məsihi qardaşlardan da örnək götürə bilərsiniz (İbr. 13:7). Ən əsası isə İsa Məsihin mükəmməl nümunəsini izləyə bilərsiniz (1 But. 2:21). Bu insanların həyatlarına nəzər saldıqca onların gözəl keyfiyyətləri barədə fikirləşin (İbr. 12:1, 2). Sonra isə düşünün görün onlara bənzəmək üçün nə edə bilərsiniz.

5. Sağlamdüşüncəli olmaq üçün nə edə bilərsiniz və bunu etmək nəyə görə vacibdir? (Zəbur 119:9).

5 Sağlamdüşüncəli olun (Tit. 1:8). Sağlamdüşüncəli insan tez-tələsik qərar vermir, addımlarını yüz ölçüb bir biçir. Odur ki, bu xüsusiyyətə yiyələnmək və onu qorumaq üçün var gücünüzlə çalışın. Bu nəyə görə vacibdir? Çünki bu dünyadakı gənc oğlanların çoxu öz fikirlərinə, öz hisslərinə qapılıb qərar verirlər (Məs. 7:7; 29:11). Həmçinin televiziya, filmlər, internet, sosial media düşüncə və davranışınıza təsir edə bilər. Sağlamdüşüncəli olmaq üçün nə edə bilərsiniz? Əvvəla, Müqəddəs Kitab prinsiplərini öyrənin və onlara əməl etməyin faydası barədə düşünün. Sonra öyrəndiyiniz prinsipləri tətbiq edərək Yehovanı razı salan qərarlar verin. (Zəbur 119:9 ayəsini oxuyun.) Özünüzdə bu mühüm qabiliyyəti yetişdirməklə yetkin məsihiliyə doğru böyük bir addım atacaqsınız (Məs. 2:11, 12; İbr. 5:14). Gəlin görək sağlamdüşüncəli olmaq sizə növbəti iki sahədə necə kömək edəcək: 1) bacılarla rəftarda və 2) xarici görünüşünüzlə bağlı qərarlarınızda.

6. Sağlamdüşüncəli olmaq gənc qardaşa bacılara hörmət etməyə necə kömək edəcək?

6 Sağlamdüşüncəli olmaq sizə qadınlara hörmətlə yanaşmağa kömək edəcək. Məsələn, gənc qardaş məsihi bacını daha yaxından tanımaq üçün ona diqqət göstərə bilər. Bu, normaldır. Bununla belə, sağlamdüşüncəli gənc qardaş evlənmək niyyəti yoxdursa, sözlərinə, yazışmalarına və hərəkətlərinə fikir verəcək ki, qarşı tərəfə romantik hisslər ötürməsin (1 Tim. 5:1, 2). Amma əgər qardaş bacı ilə evlənmək məqsədi ilə görüşürsə, o, yanlarında kimsə olmadan bacı ilə heç vaxt təklikdə qalmayacaq. O, bununla bacının yaxşı adını qoruyacaq (1 Kor. 6:18).

7. Sağlamdüşüncəli olmaq gənc qardaşa geyim və xarici görünüşlə bağlı qərarlarında necə kömək edəcək?

7 Əziz gənc qardaşlar, sizin sağlamdüşüncəli olduğunuz həmçinin geyiminizdən və xarici görünüşünüzdən də görünəcək. Adətən dəbdə olan geyimlər Yehovaya hörmət etməyən, əxlaqsız həyat sürən insanlar tərəfindən hazırlanır və reklam edilir. Onların əxlaqsız düşüncələri hazırladıqları geyimlərə də sirayət edir. Çox vaxt onlar dar, kişini qadına bənzədən geyimlər dizayn edirlər. Amma yetkin məsihi olmağa can atan gənc qardaşlar geyim seçərkən Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutacaqlar və yığıncaqdakı yetkin qardaşlardan nümunə götürəcəklər. Odur ki, əziz qardaşlar, özünüzə bu sualları verin: «Seçimlərimdən sağlamdüşüncəli olduğum və başqalarını nəzərə aldığım görünür? İnsanlar geyimimə baxıb Allahın xidmətçisi olduğumu deyə bilər?» (1 Kor. 10:31—33; Tit. 2:6). Gənc qardaşlar sağlamdüşüncəli olmaqla təkcə dindaşlarının yox, həm də Yehovanın rəğbətini qazanacaq.

8. Gənc qardaş etibarlı olmağı necə öyrənə bilər?

8 Etibarlı olun. Etibarlı gənc qardaş ona tapşırılan bütün məsuliyyətləri canla-başla görür (Luka 16:10). Gəlin İsanın qoyduğu mükəmməl nümunəyə baxaq. O, laqeyd, məsuliyyətsiz insan deyildi. Yehovanın ona həvalə etdiyi tapşırıqları çətin olanda belə yerinə yetirirdi. İsa Məsih insanları, xüsusilə də davamçılarını sevirdi, hətta onlar üçün həyatını da qurban vermişdi (Yəh. 13:1). İsadan örnək götürərək sizə tapşırılan istənilən işi görmək üçün əlinizdən gələni edin. Əgər hansısa bir işi necə görəcəyinizi dəqiq bilmirsinizsə, təvazökar olub yetkin qardaşlardan kömək istəyin. Heç vaxt az iş görüb ona qane olmayın (Rom. 12:11). Əksinə, gördüyünüz hər işi «insanlar üçün yox, Yehova üçün» görün (Kol. 3:23). Əlbəttə, siz kamil deyilsiniz, bəzən səhvlər edəcəksiniz. Ona görə də təvazökar olun və səhvinizi boynunuza alın (Məs. 11:2).

LAZIMİ BACARIQLARA YİYƏLƏNİN

9. Gənc qardaşlar nəyə görə müəyyən bacarıqlara yiyələnməlidir?

9 Yetkin məsihi qardaş olmaq üçün bəzi bacarıqlara da yiyələnməlisiniz. Onlar sizə yığıncaqda üzərinizə məsuliyyət götürməyə, özünüzü və ailənizi təmin etmək üçün iş tapmağa, insanlarla gözəl münasibət qurmağa kömək edəcək. Gəlin görək hansı bacarıqlara yiyələnə bilərsiniz.

Oxumağı və yazmağı yaxşı bilmək həm özünüzə, həm də yığıncaqdakılara fayda gətirəcək (10 və 11-ci abzaslara baxın)

10, 11. Qardaşın oxumağı və yazmağı bilməyinin həm özünə, həm də yığıncağa hansı faydası var? (Zəbur 1:1—3). (Həmçinin şəklə baxın.)

10 Oxumağı və yazmağı öyrənin. Müqəddəs Kitabda deyilir ki, Allahın Kəlamını hər gün oxuyub üzərində düşünən insan xoşbəxtdir və hər işində uğur qazanar. (Zəbur 1:1—3 ayələrini oxuyun.) Belə insan Müqəddəs Kitabı hər gün oxumaqla Yehovanın düşüncə tərzini qavrayacaq. Beləcə, o, aydın düşünəcək və Müqəddəs Kitab ayələrini necə tətbiq edə biləcəyini öyrənəcək (Məs. 1:3, 4). Yığıncaqda bu cür qardaşlara ehtiyac var. Nəyə görə?

11 Dindaşlarımızın Müqəddəs Kitaba əsaslanan göstərişlər və məsləhətlər verən bacarıqlı qardaşların köməyinə ehtiyacı var (Tit. 1:9). Oxumağı və yazmağı yaxşı bilməyin sayəsində siz insanlara fayda gətirən, eləcə də onların imanını möhkəmləndirən nitqlər və şərhlər hazırlayacaqsınız. Həmçinin mütaliə edəndə, yığıncaq görüşlərində, toplantılarda nitqlərə qulaq asanda maraqlı fikirləri özünüz üçün qeyd edə biləcəksiniz. Bu qeydlərin sayəsində həm öz imanınızı artıracaqsınız, həm də başqalarını ruhlandıracaqsınız.

12. Yaxşı ünsiyyət qurmağa sizə nə kömək edəcək?

12 Ünsiyyət qurmağı öyrənin. Məsihi qardaş yaxşı ünsiyyət qurmağı öyrənməlidir. Yəni o başqalarının fikirlərinə qulaq asmalı, hisslərini başa düşməlidir (Məs. 20:5). Həmçinin qardaş qarşısındakı insanın səs tonundan, üz ifadəsindən və bədən dilindən onun keçirdiyi hissləri oxumağı öyrənməlidir. İnsanlarla vaxt keçirmədən bunları öyrənmək mümkün deyil. Əgər ünsiyyət qurmaq üçün e-mail, mesaj və bu kimi vasitələrdən müntəzəm istifadə edirsinizsə, insanlarla üz-üzə söhbət etmək sizə çətin olacaq. Ona görə də insanlarla canlı söhbət etməyə çalışın (2 Yəh. 12).

Hansısa bacarığa yiyələnmək yaxşıdır, çünki bu sizə iş tapmağa kömək edəcək (13-cü abzasa baxın)

13. Gənc qardaş daha nəyi öyrənməlidir? (1 Timutiyə 5:8). (Həmçinin şəklə baxın.)

13 Özünüzü maddi cəhətdən təmin etməyi öyrənin. Yetkin məsihi qardaş həm özünü, həm də ailəsini dolandırmalıdır. (1 Timutiyə 5:8 ayəsini oxuyun.) Bəzi ölkələrdə gənc qardaşlar atalarından və ya qohumlarından müəyyən peşə öyrənirlər. Başqa ölkələrdə isə gənc oğlanlar orta məktəbdə oxuyan zaman hansısa sənətə və ya başqa peşə bacarığına yiyələnirlər. Hər necə olsa da, müəyyən bacarığa yiyələnmək yaxşıdır, çünki bu sizə iş tapmağa kömək edəcək (Həv. 18:2, 3; 20:34; Efes. 4:28). Qoy başqaları sizi zəhmətkeş, işini axıra çatdıran insan kimi tanısın. Bunun sayəsində iş tapmaq sizin üçün daha asan olacaq. Məqalədə araşdırdığımız keyfiyyətlərə və bacarıqlara sahib olmaq məsihi qardaşa gələcəkdə digər məsuliyyətləri də icra etməyə kömək edəcək. Gəlin görək bu hansı məsuliyyətlərdir.

İNDİDƏN GƏLƏCƏYƏ HAZIRLAŞIN

14. Gənc qardaş tamvaxtlı xidmətə necə hazırlaşa bilər?

14 Tamvaxtlı xidmətçi olmağa. Ruhən yetkin məsihi qardaşların çoxu gənc yaşdan tamvaxtlı xidmətə başlayıb. Öncül xidməti gənc qardaşlara müxtəlif insanlarla əməkdaşlıq etməyi öyrədir. Həmçinin bu xidmət onlara puldan ağılla istifadə etməyə və yersiz xərclər etməməyə kömək edir (Filip. 4:11—13). Köməkçi öncül xidməti tamvaxtlı xidmətə açılan qapıdır. Çoxları bir müddət köməkçi öncül kimi xidmət edir. Bu onları öncül xidmətinə hazırlayır. Öncül xidməti isə tamvaxtlı xidmətin digər növlərinə qapı aça bilər. Məsələn, tikintidə və ya Beyteldə xidmət etməyə.

15, 16. Gənc qardaş yığıncaq xidmətçisi və ağsaqqal olmaq üçün nə edə bilər?

15 Yığıncaq xidmətçisi və ya ağsaqqal olmağa. Məsihi qardaşlar yığıncaqda dindaşlarına ağsaqqal kimi xidmət etmək üçün lazımi tələblərə cavab verməyə çalışmalıdırlar. Müqəddəs Kitabda deyilir ki, bu məsuliyyətə can atan qardaş «yaxşı şey arzulayır» (1 Tim. 3:1). Ağsaqqal olmazdan qabaq qardaş ilk növbədə yığıncaq xidmətçisi olmaq üçün tələblərə cavab verməlidir. Yığıncaq xidmətçiləri bir çox işlərdə ağsaqqallara kömək edirlər. Həm ağsaqqallar, həm də yığıncaq xidmətçiləri bacı-qardaşlarına təvazökarlıqla xidmət edirlər və təbliğ işində şövqlə çalışırlar. 17—19 yaş aralığında olan gənc qardaşlar yığıncaq xidmətçisi kimi xidmət etməyə yararlı ola bilərlər. Təcrübəli yığıncaq xidmətçiləri isə 20 yaşlarının əvvəllərində ağsaqqal kimi xidmət edə bilərlər.

16 Bu məsuliyyətlərə yararlı olmaq üçün nə edə bilərsiniz? Bunun konkret düsturu yoxdur. Amma bir şeyi unutmayın: bu məsuliyyətlərə yiyələnmək üçün lazım olan tələblərin hamısı Müqəddəs Kitaba əsaslanır və təməlində Yehovaya, ailənizə, yığıncağa məhəbbət dayanır (1 Tim. 3:1—13; Tit. 1:6—9; 1 But. 5:2, 3). Çalışın bu tələblərin hər birini başa düşəsiniz. Tələblərə cavab vermək üçün duada Yehovadan kömək istəyin c.

Yehova ərin arvadını və uşağını sevməyini, onların fiziki, emosional, ən əsası isə ruhani tələbatlarının qayğısına qalmağını istəyir (17-ci abzasa baxın)

17. Gənc qardaş ər və ailə başçısı olmağa necə hazırlaşa bilər? (Həmçinin şəklə baxın.)

17 Ər və ailə başçısı olmağa. Bəzi yetkin məsihi qardaşlar, İsanın dediyi kimi, subay qalmağı seçir (Mət. 19:12). Amma əgər siz evlənmək qərarına gəlsəniz, ər və ailə başçısı rolunu da üzərinizə götürmüş olacaqsınız (1 Kor. 11:3). Yehova ərdən arvadını sevməyi, onun fiziki, emosional və ruhani tələbatlarının qayğısına qalmağını gözləyir (Efes. 5:28, 29). Məqalənin əvvəlində araşdırdığımız keyfiyyətlər və bacarıqlar, məsələn, sağlamdüşüncəli olmaq, qadınlara hörmət qoymaq, etibarlı olmaq sizə yaxşı ər olmağa kömək edəcək. Bununla siz ər və ailə başçısı kimi öhdənizə düşən məsuliyyəti icra etməyə hazır olacaqsınız.

18. Gənc qardaş ata olmağa necə hazırlaşa bilər?

18 Ata olmağa. Evlənəndən sonra, ola bilsin, uşağınız olsun. Yaxşı ata olmaqla bağlı Yehovadan çox şey öyrənə bilərsiniz (Efes. 6:4). Yehova Oğlu İsaya onu sevdiyini, ondan razı qaldığını demişdi (Mət. 3:17). Ata olsanız, uşaqlarınıza həmişə onları sevdiyinizi deyin. Yaxşı işlərinə görə onları tez-tez tərifləyin. Yehovadan örnək götürən atalar övladlarına yetkin məsihi olmağa kömək edirlər. Ona görə də nə qədər ki subaysınız, indidən ailə üzvlərinizin, yığıncaqdakı bacı-qardaşların qayğısına qalın, onlara sevginizi, minnətdarlığınızı bildirməyi öyrənin (Yəh. 15:9). Bu sizə gələcəkdə yaxşı ər, yaxşı ata olmağa kömək edəcək. Beləcə, artıq indidən Yehova üçün, ailəniz üçün və yığıncağınız üçün dəyərli məsihi olacaqsınız.

İNDİ NƏ EDƏCƏKSİNİZ?

Müqəddəs Kitabı öyrənən və öyrəndiklərinə əməl edən gənc qardaşlar yetkin məsih olublar (19 və 20-ci abzaslara baxın)

19, 20. Gənc qardaşlara yetkin məsihi olmağa nə kömək edəcək? (Üz qabığındakı şəklə baxın.)

19 Əziz gənc qardaşlar, yetkin məsihi olmaq öz-özünə baş verən proses deyil. Bunun üçün yaxşılardan örnək götürməli, sağlamdüşüncəli, etibarlı olmalı, müəyyən bacarıqlara yiyələnməli və gələcək məsuliyyətlərinizə hazırlaşmalısınız.

20 Yəqin, fikirləşirsiniz: «Mən nə qədər şeyin üzərində işləməliyəm!» Narahat olmayın, sizdə alınacaq. Unutmayın, Yehova sizə kömək etməyi çox istəyir (Əşy. 41:10, 13). Sözsüz, yığıncaqdakı bacı-qardaşların da dəstəyinə arxalana bilərsiniz. Artıq yetkin məsihi olanda həyatınız dolğun, mənalı olacaq. Əziz gənc qardaşlar, biz sizi çox sevirik. Qoy Yehova yetkin məsihi olmaq üçün gördüyünüz hər bir işi avand etsin! (Məs. 22:4).

NƏĞMƏ 65 İrəli get!

a Yığıncaqda yetkin məsihi qardaşlara ehtiyac var. Gənc qardaşlar yetkin məsihi olmaq üçün nə edə bilər? Məqalədə bu mövzu araşdırılacaq.

b Ötən məqalədəki «Bəzi ifadələrin izahı»na baxın.

c «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 5 və 6-cı fəsillərinə baxın.