TƏLİM MƏQALƏSİ 50
Salehliyə gedən yol — iman və əməllər
«İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı» (ROM. 4:3).
NƏĞMƏ 119 İman sahibi olaq
İCMAL a
1. İbrahimin imanı barədə düşünəndə hansı sual yaranır?
İBRAHİM PEYĞƏMBƏR. Çox insan onun adını bilsə də, barəsində az məlumatı var. Amma biz məsihilər onun haqda çox şey bilirik. Məsələn, Müqəddəs Kitabda İbrahim peyğəmbər «iman gətirənlərin atası» adlanır (Rom. 4:11). Bəlkə də düşünürsünüz: «Görəsən, onun kimi məndə də Allaha güclü iman ola bilər?» Əlbəttə! Bu sizdə də alınar.
2. İbrahimin nümunəsini araşdırmaq nəyə görə vacibdir? (Yaqub 2:22, 23).
2 Bunun bir yolu İbrahim peyğəmbərin nümunəsini dərindən araşdırmaqdır. O, həmişə Allahın əmrlərinə boyun əyirdi. Məsələn, uzaq bir diyara köçmüşdü, uzun illər çadırlarda yaşamışdı, hətta sevimli oğlu İshaqı qurban gətirməyə hazır olduğunu göstərmişdi. Bütün bunlar İbrahimin imanının nə qədər güclü olduğundan xəbər verirdi. O, imanı və əməlləri sayəsində Allahın razılığını qazandı və Onun dostu oldu. (Yaqub 2:22, 23 ayələrini oxuyun.) Yehova, siz də daxil olmaqla, hər bir kəsin Onun razılığını qazanıb dostu olmasını istəyir. Elə buna görə də Yehova Bulusla Yaquba İbrahim peyğəmbərin nümunəsini yazdırıb. Romalılara 4-cü fəsildə və Yaqub 2-ci fəsildə İbrahim peyğəmbər haqda vacib məqamlar vurğulanır. Gəlin bu fəsillərə nəzər salaq.
3. Həm Bulus, həm də Yaqub hansı ayədən sitat gətirmişdi?
3 Həm Bulus, həm də Yaqub Yaradılış 15:6 ayəsindən sitat gətirmişdi: «[İbrahim] Yehovaya iman gətirdi, O da bunu salehliyə yazdı». Yehova insandan razı qaldığı halda onu saleh, hətta günahsız adlandırır. Qeyri-kamil, günahlı insanın Allah tərəfindən günahsız adlanması böyük lütfdür! Yəqin, Allahın sizi də saleh saymasını istəyərdiniz. Bu, mümkündür. Necə? Bu suala cavab verməzdən öncə gəlin görək Yehova İbrahimi nəyə görə saleh adlandırmışdı.
İMAN SALEHLİYİN ÖZƏYİDİR
4. İnsana saleh olmağa nə mane olur?
4 Bulus romalılara yazdığı məktubunda bütün insanların günahlı olduğunu qeyd edir (Rom. 3:23). Bəs onda Allahın bizdən razı qalması, bizi saleh, günahsız adlandırması necə mümkündür? İbrahimin nümunəsini çəkməklə Bulus bu suala cavab verir.
5. Yehova İbrahimi nəyə görə saleh adlandırmışdı? (Romalılara 4:2—4).
5 İbrahim peyğəmbər Kənan diyarında yaşayan vaxt Yehova onu saleh adlandırmışdı. Nəyə görə? O, Musanın qanununun hər kəlməsinə əməl etdiyi üçün saleh sayılırdı? Xeyr! (Rom. 4:13). Musanın qanunu İbrahim saleh adlanandan təxminən 400 il sonra verildi. Deməli, səbəb başqa idi. Yehova onun imanını görmüşdü. Buna görə də lütf göstərib onu saleh adlandırmışdı. (Romalılara 4:2—4 ayələrini oxuyun.)
6. Nəyə əsasən Yehova günahlı insanı saleh adlandırır?
6 Bulus izah etmişdi ki, insan Allaha iman edəndə «imanına görə saleh sayılır» (Rom. 4:5). Sözünün davamında o belə demişdi: «Davud da əməllərdən asılı olmayaraq, Allah tərəfindən saleh sayılan adamı xoşbəxt adlandırır: “Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib. Xoşbəxtdir o kəs ki, Yehova onun günahlarını hesaba almır”» (Rom. 4:6—8; Zəb. 32:1, 2). Bəli, Yehova Ona iman edən insanların təqsirini bağışlayır, günahlarını heç hesaba da almır. Onun gözündə belə insanlar günahsız və salehdirlər.
7. Allahın qədimdə yaşayan xidmətçilərinin saleh olduğunu nəyə əsasən deyə bilərik?
7 İbrahim, Davud və digər mömin insanlar saleh adlansalar da, qeyri-kamil, günahlı idilər. Amma Yehovaya ibadət etməyən insanlardan fərqli olaraq, onlar imanlı idilər, buna görə də Allah onları günahsız sayırdı (Efes. 2:12). Romalılara yazdığı məktubunda Bulusun aydın izah etdiyi kimi, Yehova ilə dost olmaq üçün iman şərtdir. Elə bu səbəbdən İbrahimlə Davud peyğəmbər Allahla dost olub. Biz də ola bilərik.
İMAN VƏ ƏMƏLLƏR ARASINDAKI ƏLAQƏ
8, 9. Bəziləri Bulusla Yaqubun yazdıqları ilə bağlı hansı yanlış qənaətə gəlmişdi və nəyə görə?
8 Yüz illərdir ki, imanla əməllər arasındakı əlaqə din xadimlərinin qızğın mübahisəsinə səbəb olub. Onlardan bəziləri öyrədir ki, xilas olmaq üçün Ağa İsa Məsihə iman etmək kifayətdir. Hətta onların belə bir şüarı var: «İsaya iman et, xilas ol!» Onlar Bulusun sözlərindən sitat gətirərək deyirlər: «“Əməllərdən asılı olmayaraq” Allah insanı saleh sayır» (Rom. 4:6). Digər din xadimləri isə xilas olmaq üçün əməllərin əsas olduğunu deyir. Onlara görə müqəddəs sayılan yerləri ziyarət etmək və kilsənin tələb etdiyi ayinləri icra etmək şərtdir. Ola bilsin, onlar Yaqub 2:24 ayəsini əsas gətirirlər: «İnsan əməlləri ilə saleh bilinir, ancaq imanla deyil».
9 Bu kimi fikirlərin nəticəsində bəzi Müqəddəs Kitab alimləri belə qənaətə gəlib ki, Allahın razılığını qazanmaq mövzusunda Bulusla Yaqubun sözü üst-üstə düşmür. Bəzi din xadimlərinin fikrincə, Allahın razılığını qazanmaq üçün Bulus təkcə imanın vacib olduğunu, Yaqub isə əməllərin də vacib olduğunu deyir. Bir ilahiyyatçı bunu belə izah edir: «Yaqub başa düşə bilmirdi ki, saleh sayılmaq üçün Bulus nəyə görə əməllərin yox, imanın vacib olduğunu qeyd edir. Yaqub Bulusun bu açıqlaması ilə razı deyildi». Amma bir şeyi nəzərə almaq lazımdır ki, Bulus da, Yaqub da bu sözləri Yehovanın ilhamı ilə qələmə alıb (2 Tim. 3:16). Deməli, onların bir-birindən fərqli fikirlər yazmalarının məntiqli bir izahı olmalıdır. Bunu müəyyən etmək üçün ayələrin kontekstinə nəzər salmaq lazımdır.
10. Bulus əsas etibarilə hansı «əməllərdən» danışırdı? (Romalılara 3:21, 28). (Həmçinin şəklə baxın.)
10 Həvari Bulus Romalılara 3 və 4-cü fəsillərdə hansı «əməllərdən» danışırdı? O, əsasən, Yehovanın Musa peyğəmbərə Sina dağında verdiyi Qanundan, bu «qanunun tələb etdiyi əməllərdən» danışırdı. (Romalılara 3:21, 28 ayələrini oxuyun.) Görünür, Bulusun dövründəki bəzi yəhudi məsihilər Musanın qanununun ləğv olunması ilə barışa bilmirdilər. Buna görə də Bulus İbrahim peyğəmbərin nümunəsini çəkərək deyir ki, o, «qanunun tələb etdiyi əməllər»in sayəsində yox, imanı sayəsində saleh adlanmışdı. Əslində, bunu bilmək bizi çox ruhlandırır. Bundan öyrənirik ki, Yehovaya və İsa Məsihə iman yetişdirsək, biz də Allahın razılığını qazana bilərik.
11. Yaqub hansı əməlləri nəzərdə tuturdu?
11 Yaqub 2-ci fəsildə isə «qanunun tələb etdiyi əməllərdən» söhbət getmir. Yaqub burada məsihinin gündəlik həyatda gördüyü əməllərdən və ya işlərdən danışır. Məsihinin Allaha iman edib-etmədiyi məhz bu cür əməllərdən görünür. Gəlin Yaqubun çəkdiyi iki nümunəyə baxaq.
12. Yaqub imanla əməllər arasında əlaqənin olduğunu necə izah etmişdi? (Həmçinin şəklə baxın.)
12 Yaqub birinci nümunəsində məsihilərin başqalarına qarşı ayrı-seçkilik etməməli olduğundan danışır. O bu fikri varlıya hörmət göstərən, kasıba isə yuxarıdan aşağı baxan bəzi insanları misal çəkərək izah edir. Yaqub qeyd edir ki, belə insanlar imanlı olduqlarını desə də, əməlləri bunu göstərmir (Yaq. 2:1—5, 9). İkinci nümunədə isə o, dindaşının paltardan, yeməkdən korluq çəkdiyini görə-görə ona kömək etməyən insandan danışır. Həmin insan da imanlı olduğunu söyləsə də, əməlləri bunun əksini deyir. Belə adamda iman yoxdur. Bəli, Yaqubun təbirincə desək, «iman... əməlsiz ölüdür» (Yaq. 2:14—17).
13. Yaqub imanla yanaşı əməllərin də vacib olduğunu göstərmək üçün hansı nümunəni çəkmişdi? (Yaqub 2:25, 26).
13 Yaqub imanını əməldə sübut etmiş Rahabın nümunəsini çəkir. (Yaqub 2:25, 26 ayələrini oxuyun.) Rahab Yehova haqda eşitmişdi, Onun israillilərə dayaq olduğunu bilirdi (Yuş. 2:9—11). O, imanını əməlində sübut etdi: həyatı təhlükədə olan iki israilli kəşfiyyatçını gizlətdi. Baxmayaraq ki, Rahab qeyri-kamil idi, heç israilli də deyildi, İbrahim peyğəmbər kimi saleh sayıldı. Onun nümunəsi imanı əməldə göstərməyin vacib olduğunu vurğulayır.
14. Bulusla Yaqubun yazdıqları bir-biri ilə necə uzlaşır?
14 Bulusla Yaqub iman və əməl mövzusuna sadəcə olaraq fərqli prizmalardan yanaşmışdılar. Bulus yəhudi məsihilərə başa salmaq istəyirdi ki, təkcə Musanın qanununda yazılan əməllərə riayət etməklə Yehovanın razılığını qazana bilməzlər. Yaqub isə bütün məsihilərin imanlarını xeyirxah əməllərlə sübut etməli olduğunu demişdi.
15. Hansı yollarla imanımızı əməldə göstərə bilərik? (Həmçinin şəkillərə baxın.)
15 Saleh sayılmağımız üçün Yehova bizdən İbrahim peyğəmbərin etdiklərini birə-bir təkrarlamağımızı gözləmir. Əslində, imanımızı əməldə göstərməyin yolları çoxdur. Məsələn, yığıncağa təzə gələnləri xoş qarşılaya, ehtiyacı olan dindaşlarımıza əl tuta və ailə üzvlərimizə yaxşılıq edə bilərik. Bütün bunlar bizə Allahın razılığını qazandıracaq və bol nemətlər alacağıq (Rom. 15:7; 1 Tim. 5:4, 8; 1 Yəh. 3:18). İmanımızı sübut etməyin ən vacib yollarından biri isə xoş xəbəri canla-başla insanlara çatdırmaqdır (1 Tim. 4:16). Hər birimiz əməllərimizlə sübut edə bilərik ki, Yehovanın vədlərinin gerçəkləşəcəyinə və işlərinin mükəmməl olduğuna iman edirik. Belə etsək, Yehovanın bizi də saleh sayacağına və dostu adlandıracağına arxayın ola bilərik.
İMAN ÜÇÜN ÜMİD GƏRƏKDİR
16. İbrahimin imanı ilə ümidi arasında hansı əlaqə var idi?
16 Romalılara 4-cü fəsildə İbrahim peyğəmbərin nümunəsindən daha bir şeyi — ümidin vacib olduğunu öyrənirik. Yehova ona vəd etmişdi ki, onun vasitəsilə «çoxlu xalqları» mübarək qılacaq. İbrahim peyğəmbərin, doğrudan da, möhtəşəm bir ümidi var idi! (Yar. 12:3; 15:5; 17:4; Rom. 4:17). Amma iş onda idi ki, İbrahimin artıq 100, Saranın isə 90 yaşı var idi, vəd edilmiş övladları isə hələ olmamışdı. İnsan gözü ilə baxanda İbrahimlə Saranın bundan sonra çətin ki övladı olardı. Hər halda, bu, İbrahim peyğəmbər üçün də böyük bir sınaq idi, amma «o, ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq» (Rom. 4:18, 19). İbrahimin ümidi boşa çıxmadı: uzun illər həsrətində olduğu oğlu İshaq dünyaya gəldi (Rom. 4:20—22).
17. Allahın dostu olmağın mümkün olduğuna bizi nə əmin edir?
17 İbrahim peyğəmbər kimi biz də Allahın razılığını qazanıb Onun dostu ola bilərik. Bulus da bu fikrə toxunmuşdu: «“Saleh sayıldı” sözləri yalnız İbrahim üçün yazılmayıb, bu sözlər həm də saleh sayılacaq bizlərdən ötrü yazılıb, çünki biz Ağamız İsanı dirildən Allaha inanırıq» (Rom. 4:23, 24). Deməli, İbrahim peyğəmbər kimi bizim də həm imanımız, həm gözəl əməllərimiz, həm də ümidimiz olmalıdır. Bulus Romalılara 5-ci fəsildə ümid mövzusunda danışmağa davam edir. Növbəti məqalədə söhbət elə bundan gedəcək.
NƏĞMƏ 28 Yehovanın dostu olaq
a Hər birimiz Yehovanın razılığını qazanıb Onun gözündə saleh olmaq istəyirik. Bunun necə mümkün olduğunu görmək üçün Bulusla Yaqubun yazdıqlarını araşdıracağıq. Həmçinin öyrənəcəyik ki, Allahın razılığını qazanmaq üçün nəyə görə həm iman, həm də əməllər vacibdir.
b ŞƏKLİN İZAHI. Bulus yəhudi məsihiləri iman yetişdirməyə təşviq etmişdi. Onlara «qanunun tələb etdiyi əməllər»ə riayət etmək, məsələn, göy iplikdən paltar geyinmək, Pasxanı qeyd etmək və yuyunma ayinlərini icra etmək lazım deyildi.
c ŞƏKLİN İZAHI. Yaqub məsihiləri təşviq etmişdi ki, imanlarını xeyirxah əməlləri ilə göstərsinlər, məsələn, kasıblara əl tutsunlar.