Kontentə keç

Mündəricatı göstər

Yehovanın spirtli içkiyə baxışını mənimsəyin

Yehovanın spirtli içkiyə baxışını mənimsəyin

YEHOVA bizə bir-birindən fərqli hədiyyələr bəxş edib. Nə yaxşı ki, O bizə iradə azadlığı verərək bu hədiyyələrdən necə istifadə edəcəyimizi öz öhdəmizə buraxıb. Maraqlıdır ki, Müqəddəs Kitabda şərab da Allahın hədiyyəsi adlanır. Orada deyilir: «Çörək üzü güldürər, mey həyatı şən edər» (Vaiz 10:19; Zəb. 104:15). Amma yəqin, bəzilərinin içki ilə bağlı problem yaşadığını görmüsünüz. Həmçinin içki ilə bağlı fikirlər və normalar mədəniyyətdən-mədəniyyətə fərqlənir. Bəs onda məsihilər içki məsələsində hansı mövqeni tutmalıdırlar?

Harada yaşamağımızdan, hansı mədəniyyətdə böyüməyimizdən asılı olmayaraq, bizim üçün insanların yox, Yehovanın nə düşündüyü önəmli olmalıdır. Qərarımızı buna əsasən versək, xeyir tapacağıq və xoşbəxt olacağıq.

Əksər insanların tez-tez, çox içdiyinə, yəqin, şahid olmusunuz. Bəziləri içkinin gətirdiyi xoş hisslərə görə içir. Kimisi dərdini unutmaq üçün içir. Bəzi ərazilərdə isə çox içən insana yetkin, güclü biri kimi baxırlar.

Amma bizi yaradan Allah bununla bağlı hikmətli məsləhətlər verir. Məsələn, O bizi çox içməyin gətirdiyi acı nəticələrdən xəbərdar edir. Məsəllər 23:29—35 ayələrində bir sərxoş insanın vəziyyəti, həmçinin içkinin yaratdığı problemlər təsvir olunub a. Avropada ağsaqqal kimi xidmət edən Daniel qardaş məsihi olmazdan öncəki həyatı barədə belə deyir: «İçkidə həddi yaman aşmışdım. Buna görə də səhv qərarlar verirdim. Çox əzablar çəkdim. Emosional yaralarım hələ də sızıldayır».

Bəs məsihiyə iradə azadlığından düzgün istifadə etməyə və çox içki içməyin gətirdiyi problemlərdən qaçmağa nə kömək edəcək? Bunun üçün düşüncə və davranışlarımız Yehovanın baxışını əks etdirməlidir.

Gəlin görək Müqəddəs Kitabda spirtli içki ilə bağlı nə deyilir və bəziləri nəyə görə içki içir.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allahın Kəlamında qədərində içki içmək mühakimə olunmur. Əslində, Müqəddəs Kitabda deyilir ki, şərab içmək insana xoş hisslər yaşada bilər. Orada yazılıb: «Get şad-xürrəm çörəyini ye, şən ürəklə şərabını iç» (Vaiz 9:7). Yehovanın sadiq xidmətçilərinin, həmçinin İsanın da şərab içdiyi vaxtlar olmuşdu (Mət. 26:27—29; Luka 7:34; 1 Tim. 5:23).

Amma Müqəddəs Kitabda qədərində içki içməklə sərxoş olmaq arasındakı fərq aydın göstərilir. Orada açıqca yazılıb: «Şərabdan sərxoş olanacan içməyin» (Efes. 5:18). Hətta deyilir ki, «içki düşkünləri... Allahın Padşahlığına girməyəcəklər» (1 Kor. 6:10). Bəli, Yehova həddindən artıq çox içməyi və sərxoşluğu qadağan edir. Buna görə də palaza bürünüb ellə sürünməkdənsə, Yehovanın düşüncəsini mənimsəməliyik.

Bəziləri çox içib sərxoş olmamağı bacardığını düşünür. Amma bu, çox təhlükəlidir. Müqəddəs Kitabda aydın göstərilir ki, «şərab düşkünü» olan kişi də, qadın da əxlaqi cəhətdən yolunu aza və Yehova ilə münasibətini korlaya bilər (Tit. 2:3; Məs. 20:1). İsa hətta sərxoşluğun insana yeni dünyaya girməyə mane olacağını demişdi (Luka 21:34—36). Bəs məsihi spirtli içkinin asanlıqla gətirəcəyi problemlərdən necə uzaq ola bilər?

İÇKİ İÇMƏYİNİZİN SƏBƏBİ VƏ MİQDARI BARƏDƏ DÜŞÜNÜN

İçki ilə bağlı düşüncəmizi mədəniyyətimizdəki insanların fikri formalaşdırmamalıdır. Bu, çox təhlükəlidir. Məsihilər yeyib-içmək məsələlərində Yehovanı razı salan tərzdə davranırlar. Müqəddəs Kitabda deyilir: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Kor. 10:31). Gəlin bəzi sualları və Müqəddəs Kitabdakı prinsipləri araşdıraq.

Mən başqalarından seçilməmək üçün içirəm? Çıxış 23:2 ayəsinə əsasən kütləyə qoşulmamalıyıq. Yehova bu ayələrdə israillilərə bildirir ki, Onu razı salmayan insanlara bənzəməməlidirlər. Bu nəsihət bu gün məsihilər üçün də keçərlidir. Əgər başqaları içki mövzusunda düşüncəmizə və qərarlarımıza təsir edirsə, əvvəl-axır Yehovanın qanununu pozub Onunla münasibətlərimizi korlayacağıq (Rom. 12:2).

Mən güclü olduğumu sübut etmək üçün içirəm? Bəzi mədəniyyətlərdə əksəriyyət tez-tez, çox içməyə normal bir şey kimi yanaşır (1 But. 4:3). Amma görün 1 Korinflilərə 16:13 ayəsində hansı hikmətli sözlər yazılıb: «Oyaq qalın, iman yolunda dəyanətli olun, mərd olun, möhkəmlənin». Spirtli içki insanı doğrudan da möhkəmləndirə, güclü edə bilər? Xeyr. Əksinə, içki insanın ağlını dumanlandırır və insan səhv qərarlar verir. Buna görə də çox içmək gücün yox, zəifliyin göstəricisidir. Əşiya 28:7 ayəsində içkinin təsirindən yolunu azan insanın səndələdiyi və səbatsız olduğu deyilir.

Əsl gücü verən Yehovadır. Ruhani cəhətdən oyaq qalıb iman yolunda dəyanətli olan insan güclü insandır (Zəb. 18:32). Bu cür insan olmaq üçün təhlükəli vəziyyətlərdən qaçmalı və Yehova ilə münasibətlərimizi korlayacaq qərarlar verməməliyik. İsa Məsihdə məhz belə bir güc var idi. O, yer üzündə olarkən iradəsinə və cəsarətinə görə çoxlarının hörmətini qazanmışdı.

Mən problemlərimi unutmaq üçün içirəm? Bir məzmurçu yazmışdı: «[Ey Yehova,] fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəb. 94:19). Problemlər başınızdan aşanda rahatlıq tapmaq üçün içkiyə yox, Yehovaya üz tutun. Bunun bir yolu çoxlu dualar etməkdir. Bundan başqa, bəziləri yığıncaqdakı yetkin məsihilərdən məsləhət almağın xeyrini görüb. Əslində, problemlərindən qurtulmaq məqsədi ilə içki içən insanın əxlaqi sayıqlığı və düzgün davranmaq qətiyyəti zəifləyir (Huşə 4:11). Məqalənin əvvəlində adı çəkilən Daniel deyir: «Narahatlıq, günah hissi məni rahat buraxmırdı. Bunlardan qurtulmaq üçün içirdim, amma problemlərim azalmaq yerinə daha da artırdı. Nəticədə, həm dostlarımı, həm də özümə hörmətimi itirdim». Bəs Danielə nə kömək etdi? «Başa düşdüm ki, problemlərimin həlli Yehovadadır, içkidə yox. Axır ki, Yehovanın köməyi ilə problemlərimi həll edə bildim»,— deyə Daniel bölüşür. Bir şey dəqiqdir: ən çıxılmaz vəziyyətlərdə belə Yehova dərdimizi yüngülləşdirməyə hazırdır (Filip. 4:6, 7; 1 But. 5:7).

Qədərində içib-içmədiyinizi yoxlamaq üçün özünüzə bu sualları verə bilərsiniz: «Ailə üzvüm və ya yaxın dostum içki içməyimlə bağlı narahatlığını bildirib?» Əgər bildiribsə, deməli, özünüzün də xəbəri olmadan içki ilə bağlı probleminiz yaranmağa başlayıb. «Həmişəkindən daha çox içirəm?» Deməli, sizdə hələ asılılıq yaranmasa da, artıq o istiqamətdə gedirsiniz. «Bir neçə gün və ya daha uzun müddət içkisiz qalmaq mənə çətin gəlir?» Əgər elədirsə, onda artıq içkiyə aludə olmusunuz və sizdə asılılıq yaranıb. Ola bilsin, bu asılılığın öhdəsindən gəlmək üçün sizə mütəxəssisin köməyi lazım olacaq.

Bəzi məsihilər içkinin gətirdiyi təhlükələri nəzərə alaraq onu ümumiyyətlə dillərinə vurmurlar. Başqaları isə sadəcə dadını bəyənmədiyi üçün içmirlər. Əgər yaxınlarınızdan kimsə belə bir qərara gəlibsə, onu qınamayın, fikrinə hörmətlə yanaşın.

Ola bilsin, qərara gəlmisiniz ki, özünüzə içki ilə bağlı məhdudiyyət qoysanız, yaxşı olar. Nə qədər içəcəyinizə, yaxud da nə qədər tez-tez içəcəyinizə sərhəd qoya bilərsiniz. Məsələn, həftədə bir dəfə və ya yemək zamanı bir az içmək qərarına gələ bilərsiniz. Yaxud içkinin növü ilə bağlı limit qoymaq olar. Yəni qərara gələ bilərsiniz ki, müəyyən miqdarda şərab və ya pivə içəsiniz, amma sərt içkilər, spirtli kokteyllər içməyəsiniz. İnsan içki ilə bağlı özünə konkret məhdudiyyətlər qoyanda buna uyğun davranmaq asan olur. Yetkin məsihi belə bir qərar verdiyinə görə və qərarında qəti olduğuna görə başqalarının yanında utanıb-sıxılmamalıdır.

İçki məsələsində başqalarını da nəzərə almalıyıq. Romalılara 14:21 ayəsində deyilir: «Yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də qardaşının imanını sarsıdan başqa bir iş gör». Bu məsləhətə necə əməl etmək olar? Qardaşlıq məhəbbəti göstərməklə. Əgər görsəniz ki, içki içməyiniz kiməsə pis təsir edəcək, «içki içməyə haqqım var» deməməklə həmin insanı sevdiyinizi göstərmiş olacaqsınız. Həmçinin başqalarına laqeyd yanaşmadığınızı, onların hisslərinə hörmət etdiyinizi, özünüzdən çox onları düşündüyünüzü göstərəcəksiniz (1 Kor. 10:24).

Bundan əlavə, məsihi hökumətin qanunlarını da nəzər almalıdır. Ola bilər, hökumət spirtli içki içməyə minimum yaş həddi qoysun, ya da içkili halda sükan arxasında əyləşməyi və ya hansısa alətlərdən istifadə etməyi qadağan etsin (Rom. 13:1—5).

Yehova verdiyi hədiyyələrdən həzz almağımız üçün bizə iradə azadlığı bəxş edib. Bura nə yeyəcəyimizlə, nə içəcəyimizlə bağlı seçim etmək azadlığımız da daxildir. Qoy seçimlərinizdən iradə azadlığını qiymətləndirdiyiniz, səmavi Atamızı razı salmaq istədiyiniz görünsün!

a «ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi»nin hesabatına əsasən birdəfəyə həddən artıq çox içmək qətlə, intihara, cinsi təcavüzə, münasibətdə olduğun insana qarşı zorakılığa, uşaq salmaya, cinsi münasibət nəticəsində cinsi yolla keçən xəstəliyə və ya arzuolunmaz hamiləliyə səbəb ola bilər.