Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 50

NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»

Övladınıza imanını möhkəmləndirməyə kömək edin

Övladınıza imanını möhkəmləndirməyə kömək edin

«Allahın yaxşı, xoş və kamil iradəsini dərk [edin]» (ROM. 12:2).

ƏSAS FİKİR

Bu məqalədəki məsləhətlər sayəsində valideynlər övladları ilə xoş ünsiyyət quraraq onların Allaha və Müqəddəs Kitaba etibarını möhkəmləndirməyə kömək edə bilərlər.

1, 2. Uşaq etiqadımız barədə suallar verəndə valideyn buna necə yanaşmalıdır?

 ÇOXLARI razılaşar ki, uşaq böyütmək böyük zəhmət tələb edir. Əziz valideynlər, övladınızın imanını möhkəmləndirmək üçün çox zəhmət çəkirsiniz. Sizə afərin! (Qan. 6:6, 7). Uşağınız böyüdükcə, ola bilsin, onda etiqadınızla, məsələn, Müqəddəs Kitabdakı əxlaq normaları ilə bağlı müəyyən suallar yaransın.

2 Övladınızın bu cür suallar verməsi əvvəl-əvvəl sizi qorxuya sala bilər. Sizə elə gələ bilər ki, bu onun imanının zəifləməsindən irəli gəlir. Əslində, uşaq böyüdükcə öz imanını möhkəmləndirmək üçün bu cür suallar verməlidir (1 Kor. 13:11). Ona görə də narahatlığa heç bir əsas yoxdur. Bu zaman fürsətdən istifadə edib ona dərin düşünməyi öyrədə bilərsiniz.

3. Bu məqalədə nələr haqda danışacağıq?

3 Bu məqalədə araşdıracağıq ki, valideyn övladına 1) Allaha və Müqəddəs Kitaba iman yetişdirməyə, 2) Kəlamdakı əxlaq normalarının xeyrini görməyə və 3) imanını müdafiə etməyə necə kömək edə bilər. Bununla yanaşı, öyrənəcəyik ki, uşaqların suallar verməsinin hansı müsbət tərəfləri var və valideynlər ailəlikcə nələr etsə, uşaqları ilə etiqadları barədə danışa biləcəklər.

ALLAHA VƏ MÜQƏDDƏS KİTABA İMAN YETİŞDİRMƏYƏ KÖMƏK EDİN

4. Övladınızda hansı suallar yarana bilər və nəyə görə?

4 Məsihi valideynlər başa düşür ki, Allaha iman uşaqlara irsən keçmir. Yehovaya iman sizin özünüzdə anadangəlmə olmayıb, eyni şeyi övladınız barədə də demək olar. Zaman keçdikcə, ola bilsin, uşağınızda belə suallar yaransın: «Haradan bilim ki, Allah var? Müqəddəs Kitabda yazılanlara inanmaq olar?» Əslində, elə Allahın Kəlamında yazılıb ki, biz «ağılla» davranmalıyıq və «hər şeyin doğru olub-olmadığını» yoxlamalıyıq (Rom. 12:1; 1 Salon. 5:21). Bəs övladınıza imanını möhkəmləndirməyə necə kömək edə bilərsiniz?

5. Valideyn övladına Müqəddəs Kitaba iman yetişdirməyə necə kömək edə bilər? (Romalılara 12:2).

5 Övladınızın Kəlamda yazılanların doğruluğuna əmin olmasına kömək edin. (Romalılara 12:2 ayəsini oxuyun.) O, suallar verəndə yaranan fürsətdən istifadə edib ona axtarış vəsaitlərimiz vasitəsilə suallara cavab tapmağın yolunu öyrədin. Məsələn, «Gözətçi qülləsi nəşrlərinin indeksi»ndən (türk.) və «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitindən istifadə edə bilərsiniz. Bu «Axtarış» vəsaitində «Müqəddəs Kitab» mövzusu altında «Allah tərəfindən ilhamlandırılıb» başlığı var. Oradan Müqəddəs Kitabın sadəcə insanların yazdığı bir kitab olmadığını, onun «Allahın sözü» olduğunu göstərən sübutlar tapmaq olar (1 Salon. 2:13). Həmçinin övladınız nəşrlərimizdən qədim Neynəva şəhəri barədə axtarış apara bilər. Əvvəllər Müqəddəs Kitab tənqidçiləri iddia edirdi ki, Neynəva adlı bir şəhər mövcud olmayıb. Amma haradasa 1850-ci illərdə arxeoloqlar qazıntılar zamanı bu şəhərin qalıqlarını aşkar etdilər. Bu tapıntı Allahın Kəlamında yazılanların dəqiq olduğunu təsdiq etdi (Səf. 2:13—15). Neynəvanın məhvi ilə bağlı peyğəmbərliyin necə yerinə yetdiyini öyrənmək üçün övladınız «Gözətçi qülləsi» jurnalının 2021-ci il noyabr sayında yerləşən «Bilirsiniz?» adlı məqaləni oxuya bilər. Onu təşviq edin ki, nəşrlərimizdə yazılanları ensiklopediyalarda və digər mötəbər mənbələrdə yazılanlarla müqayisə etsin. Bunun sayəsində onun Müqəddəs Kitabda yazılanlara imanı getdikcə artacaq.

6. Valideyn uşağına dərin düşünməyi necə öyrədə bilər? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)

6 Övladınıza dərindən düşünməyə kömək edin. Valideynlərin övladları ilə Müqəddəs Kitab, yaxud Allaha iman barəsində maraqlı söhbətlər etməsi üçün müxtəlif imkanları var. Belə bir imkan muzeyə və ya botanika bağına gedəndə, yaxud Yehovanın Şahidlərinin filialındakı sərgini ziyarət edəndə yarana bilər. Məsələn, muzeyə gedəndə, yaxud muzeyin virtual turuna qatılanda uşağınıza hansısa tarixi hadisənin və ya eksponatın Müqəddəs Kitabda yazılanlarla necə əlaqəli olduğunu göstərə bilərsiniz. Bu onun Allahın Kəlamında yazılanların doğru olduğuna etibarını artıracaq. Övladınızın xəbəri var ki, 3000 illik tarixi olan «Muab daşı» adlı plitənin üzərində Allahın adı yazılıb? Muab daşının əsli Parisin (Fransa) Luvr muzeyində sərgilənir. Həmçinin onun surəti Vorvikdə, Yehovanın Şahidlərinin baş idarəsində yerləşən «Müqəddəs Kitab və Allahın adı» sərgisində nümayiş olunur. Həmin daşda yazılıb ki, Muab padşahı Misa (Meşa) İsrailə qarşı qiyam qaldırmışdı. Bu da Müqəddəs Kitabda yazılanlarla üst-üstə düşür (2 Pad. 3:4, 5). Övladınız Müqəddəs Kitabda yazılanların dəqiq və doğru olduğunu öz gözü ilə görəndə imanı daha da möhkəmlənəcək. (2 Salnamələr 9:6 ayəsi ilə əlaqələndirin.)

Muzeydəki eksponatlar vasitəsilə övladınızın imanını necə möhkəmləndirə bilərsiniz? (6-cı abzasa baxın)


7, 8. a) Təbiətdə gördüyümüz gözəl naxışlardan nə öyrənirik? Nümunə çəkin. (Həmçinin şəklə baxın.) b) Hansı suallar övladınızın Yaradana imanını möhkəmləndirə bilər?

7 Övladınızı ətraf aləm barədə düşünməyə təşviq edin. Kəndə gedəndə, yaxud bağda gəzişərkən uşağınızın diqqətini təbiətdə gördüyünüz maraqlı naxışlara, fiqurlara yönəldin. Bu quruluşlar göstərir ki, onlar öz-özünə yaranmayıb, onları yaradan dahi Varlıq var. Məsələn, təbiətdə çox şeyin düzülüşü spiralvaridir və alimlər uzun illərdir bu quruluşları araşdırırlar. Biokimyaçı Nikola Fameli izah edir ki, təbiətdə gördüyümüz spiralları sayanda eyni rəqəm ardıcıllığını aşkar edirik. Buna isə Fibonaççi ədədləri a deyilir. Spiralvari quruluş təbiətdə tez-tez qarşımıza çıxır. Məsələn, bəzi qalaktikaların forması, nautilusun çanağı, bitkilərdə yarpaqların düzülüşü, günəbaxanın səbəti spiralvaridir b.

8 Uşağınız məktəbdə biologiya dərsindən öyrənəcək ki, bir çox şeyin formasında qanunauyğunluq var. Məsələn, hər bir qar dənəciyinin qolları daha kiçik qollara ayrılaraq təkrar-təkrar şaxələnir. Bu cür quruluş fraktal adlanır. Təbiətdə fraktallara çox rast gəlmək olar. Bəs belə gözəl fiqurları əmələ gətirən qanunları kim qoyub? Bu mükəmməl nizam və yaxşı düşünülmüş quruluş kimin sayəsində mövcuddur? Bu kimi sualların üzərində dərindən düşünməsi övladınıza kömək edə bilər ki, hər şeyi Allahın yaratdığına imanı güclənsin (İbr. 3:4). Övladınız böyüdükcə ona belə sual verə bilərsiniz: «Allah bizi yaradıbsa, deməli, bizim xoşbəxt olmağımız üçün əxlaq qaydaları da qoyub, elə deyil?» Sonra isə həmin əxlaq qaydalarının Müqəddəs Kitabda yazıldığını göstərə bilərsiniz.

NASA, ESA, and the Hubble Heritage (STScl/AURA)-ESA/Hubble Collaboration

Təbiətdə gördüyümüz gözəl quruluşların müəllifi kimdir? (7 və 8-ci abzaslara baxın)


KƏLAMDAKI ƏXLAQ NORMALARININ XEYRİNİ GÖSTƏRİN

9. Övladınızın Allahın Kəlamındakı əxlaq normaları barədə suallar verməsinə səbəb nə ola bilər?

9 Əgər övladınız Müqəddəs Kitabın əxlaq normalarının xeyrini sual altına qoyursa, bunun arxasında duran səbəbi görməyə çalışın. Problem nədədir, o bu əxlaq normaları ilə razılaşmır, yoxsa sadəcə bunları başqalarına izah etməyə çətinlik çəkir? Hər bir halda siz uşağınıza Allahın Kəlamındakı əxlaq normalarına əməl etməyin xeyrini göstərə bilərsiniz. Bunun üçün onunla birlikdə «Əbədi xoşbəxt həyat!» kitabını araşdırın c.

10. Övladınızda Yehova ilə dost olmaq istəyini necə yarada bilərsiniz?

10 Övladınıza Yehova ilə yaxın dost olmağa kömək edin. Onunla dərs keçərkən «Əbədi xoşbəxt həyat!» kitabındakı suallardan və nümunələrdən istifadə edərək nə düşündüyünü öyrənməyə çalışın (Məs. 20:5). Məsələn, 8-ci dərsdə Yehovanın yaxşı bir Dost kimi bizi qoruyan, xeyrimizə olan məsləhətlər verdiyi deyilir. 1 Yəhya 5:3 ayəsini müzakirə edəndən sonra övladınızdan soruşun: «Biz gördük ki, Yehova yaxşı Dostdur. Necə düşünürsən, biz Onun dediklərinə necə yanaşmalıyıq?» Bəlkə də, bu sual sadə görünür, amma bunun sayəsində övladınız başa düşəcək ki, Yehova bizə qanunları sevgidən irəli gələrək verir (Əşy. 48:17, 18).

11. Müqəddəs Kitabdakı prinsiplərə əməl etməyin xeyrimizə olduğunu uşağınıza necə başa sala bilərsiniz? (Məsəllər 2:10, 11).

11 Övladınızla Kəlamdakı prinsiplərin faydalarını müzakirə edin. Birlikdə Müqəddəs Kitabı və ya günün ayəsini oxuyanda Yehovanın verdiyi prinsiplərin ailənizə necə kömək etdiyi barədə danışın. Məsələn, övladınıza əməksevər və dürüst olmağın xeyrini başa sala bilərsiniz (İbr. 13:18). Həmçinin Allahın Kəlamındakı prinsiplərə əməl etməyin bizi fiziki və emosional cəhətdən qoruduğunu da vurğulaya bilərsiniz (Məs. 14:29, 30). Uşağınız bu prinsiplərin xeyrini başa düşsə, çox yəqin ki, onlara daha həvəslə əməl edəcək. (Məsəllər 2:10, 11 ayələrini oxuyun.)

12. Stivlə həyat yoldaşı oğullarına Müqəddəs Kitabdakı prinsiplərin dəyərini necə aşılayır?

12 Gəlin görək Fransada yaşayan Stivlə həyat yoldaşı yeniyetmə oğulları İtana necə kömək edir. Onlar Allahın verdiyi qanunların arxasında məhəbbətin durduğunu belə izah edirlər: «Biz ona bu cür suallar veririk: “Səncə, nəyə görə Allah bu prinsipə əməl etməyimizi istəyir? Bu Onun bizi sevdiyini necə göstərir? Əgər bu prinsipə əməl etməsək, nə baş verər?”» Bu kimi söhbətlərin sayəsində İtan əmin olub ki, Allahın buyurduğu kimi yaşamaq onun xeyrinədir. Stiv sözünün davamında belə deyir: «Məqsədimiz odur ki, İtan Allahın Kəlamındakı hikmətin insan hikmətindən üstün olduğunu başa düşsün».

13. Valideynlər övladlarına Müqəddəs Kitabdakı prinsiplərə əməl etməyi necə öyrədə bilər? Nümunə çəkin.

13 Övladınıza Müqəddəs Kitabdakı prinsiplərə əməl etməyi öyrədin. Məktəbdə uşağınıza hansısa bir kitabı oxumaq tapşırılanda belə bir fürsət yarana bilər. Ola bilsin, həmin kitabda əxlaqsızlıq edən, yaxud qəzəbini püskürən personajlar müsbət tərəfdən göstərilir. Övladınıza kömək edə bilərsiniz ki, bu personajların davranışına Müqəddəs Kitabdakı prinsiplərin işığında baxsın (Məs. 22:24, 25; 1 Kor. 15:33; Filip. 4:8). Bunun sayəsində dərsdə həmin material müzakirə olunanda o, müəlliminə və şagirdlərə şahidlik verə biləcək.

İMANINI MÜDAFİƏ ETMƏYİ ÖYRƏDİN

14. Gənc məsihi hansı mövzuda danışmaqdan çəkinə bilər və nəyə görə?

14 Bəzən gənc məsihilər imanlarını müdafiə etməyə qorxurlar. Məsələn, dərs zamanı təkamülə nəyə görə inanmadıqlarını izah etmək onlara çətin gələ bilər. Çünki adətən müəllimlər təkamülü təsdiqini tapmış bir fakt kimi təqdim edirlər. Əgər siz valideynsinizsə, övladınıza inandıqlarının doğru olduğuna tam əmin olmasına necə kömək edə bilərsiniz?

15. Gənc məsihi inandığı şeylərin doğruluğuna necə tam əmin ola bilər?

15 Övladınıza inandığı şeylərin doğru olduğuna əmin olmağa kömək edin. O, yaradılış barədə həqiqəti bildiyinə görə utanmamalıdır (2 Tim. 1:8). Əslində, bir çox alim də həyatın kortəbii və ya təsadüf nəticəsində yaranmadığına inanır. Onlar başa düşür ki, bütün bu mürəkkəb canlı aləm şüurlu Varlıq tərəfindən yaradılıb. Buna görə də bütün dünyada məktəblərdə tədris olunan təkamül nəzəriyyəsini qəbul etmirlər. Övladınız bacı-qardaşlardan həyatın yaradıldığına nəyə görə inandıqlarını soruşub imanını möhkəmləndirə bilər d.

16. Valideyn uşağına Allaha imanını müdafiə etməyə necə kömək edə bilər? (1 Butrus 3:15; həmçinin şəklə baxın.)

16 Övladınıza Allaha nəyə görə inandığını izah etməyi öyrədin. (1 Butrus 3:15 ayəsini oxuyun.) Birlikdə jw.org saytında yerləşən «Gənclərin sualları. Təkamül, yoxsa yaradılış?» adlı silsilə məqalələri oxuyun. Övladınız oradakı hansı fikri başqaları ilə bölüşüb Yaradanın olduğunu izah etmək istəyər? Onunla birlikdə həmin fikirləri müzakirə edin. Ona xatırladın ki, sinif yoldaşları ilə mübahisə etməsin. Əgər kimsə bu mövzuda onunla danışmaq istəyirsə, sadə və məntiqli şəkildə izah gətirsin. Ola bilsin, sinif yoldaşı ona belə desin: «Mən ancaq gördüyüm şeylərə inanıram, Allahı isə heç vaxt görməmişəm». Övladınız belə cavab verə bilər: «Təsəvvür elə ki, şəhərdən çox uzaqda bir meşədə gəzirsən və gözəl bir evə rast gəlirsən. Bu zaman nə düşünərdin? Aydın məsələdir ki, onu kimsə tikib. Onda planetimiz, canlı aləm haqda nə demək olar? Onları da yaradan var!»

Sinif yoldaşlarınızla danışarkən məntiqli şəkildə söhbət aparın (16 və 17-ci abzaslara baxın) e


17. Valideyn övladını başqaları ilə imanı haqda danışmağa necə təşviq edə bilər və uşaq sinif yoldaşlarına hansı sualları verə bilər?

17 Övladınızın öyrəndiklərini başqaları ilə bölüşməsi üçün fürsət axtarmağa təşviq edin (Rom. 10:10). Başqalarına imanı haqda danışmağı musiqi alətində ifa etməyə bənzədə bilərsiniz. Əvvəl-əvvəl insan sadə mahnıları çalmağı məşq edir. Getdikcə musiqi ifa etmək onun üçün asanlaşır. Eynilə gənc məsihi əvvəl-əvvəl imanını sadə şəkildə bölüşə bilər. Misal üçün, o, sinif yoldaşına belə deyə bilər: «Bilirsən, mühəndislər çox vaxt təbiətdə gördüklərinin bənzərini düzəldirlər? Sənə çox maraqlı bir video göstərmək istəyirəm». Sonra isə «Təkamül, yoxsa yaradılış möcüzəsi?» adlı silsilə videolardan birini göstərib belə deyə bilər: «Alimlər təbiətdə artıq mövcud olan bir şeyin bənzərini yaradıb, buna görə tərif eşidirlər. Bəs əslini yaratdığına görə tərif kimə düşür?» Bu cür sadə izahın sayəsində övladınızın sinif yoldaşında maraq yarana bilər və daha çox şey öyrənmək istəyər.

UŞAĞINIZA İMANINI MÖHKƏMLƏNDİRMƏYƏ DAİMA KÖMƏK EDİN

18. Valideynlər övladlarının Allaha imanını möhkəmləndirmək üçün daima nə etməlidirlər?

18 Yaşadığımız dünyada Yehovaya inanmayan insanlar üstünlük təşkil edir (2 But. 3:3). Buna görə də, əziz valideynlər, övladınıza dərs keçəndə onu təşviq edin ki, Allahın Kəlamına və Onun əxlaq normalarına etibarını artıracaq mövzuları araşdırsın. Yaradılışdakı möhtəşəm cəhətləri vurğulayaraq onda dərindən düşünmək qabiliyyəti yetişdirin. Artıq yerinə yetmiş möhtəşəm peyğəmbərlikləri övladınıza izah edin. Ən əsası isə onunla birlikdə və onun üçün dua edin. Bütün bunları etsəniz, onda əmin ola bilərsiniz ki, Yehova övladınızın imanını möhkəmləndirmək üçün çəkdiyiniz zəhməti yerdə qoymayacaq (2 Saln. 15:7).

NƏĞMƏ 133 Gənc çağında Yehovaya ibadət et

a Bu ardıcıllıqda 1-dən sonra gələn hər ədəd özündən öncəki iki ədədin cəminə bərabərdir: 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55 və sairə.

b Daha ətraflı məlumat üçün jw.org saytında «Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir. Naxışlar» adlı videoya (türk.) baxın.

c Əgər övladınızla artıq «Əbədi xoşbəxt həyat!» kitabını bitirmisinizsə, onda onunla birlikdə üçüncüdördüncü bölmədəki Müqəddəs Kitabın əxlaq normaları ilə bağlı bəzi dərsləri yenidən nəzərdən keçirə bilərsiniz.

d «Oyanın!» jurnalının 2006-cı il sentyabr sayında yerləşən «Nəyə görə Yaradanın olduğuna inanırıq?» adlı məqaləyə (türk.), həmçinin «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» adlı broşüra (türk.) baxın. Başqa nümunələr üçün jw.org saytında yerləşən «Həyatın əmələ gəlməsi» adlı silsilə videolara baxın.

e ŞƏKLİN İZAHI. Gənc Yehovanın Şahidi drona marağı olan sinif yoldaşına «Təkamül, yoxsa yaradılış möcüzəsi?» silsilə videolardan birini göstərir.