Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

İndiyədək Yehovadan elm alıram

İndiyədək Yehovadan elm alıram

BÖYÜK Nəsihətçim olduğuna görə Yehovaya minnətdaram (Əşy. 30:20). O, bəndələrinə Öz Kəlamı, heyrətamiz xilqəti və təşkilatı vasitəsilə elm verir. Həmçinin Yehova iman bacı-qardaşlarımız vasitəsilə də bizə kömək edir. Yüzə yaxın yaşım olsa da, indiyənə qədər bu yollarla Yehovadan nəsihət alıram. Gəlin bu barədə sizə ətraflı danışım.

Ailəmlə birlikdə, 1948-ci il

Mən 1927-ci ildə Çikaqonun (ABŞ, İllinoys) yaxınlığındakı balaca bir şəhərdə anadan olmuşam. Ailədə beş uşaq idik — Ceta, Don, mən, Karl və Coy. Hamımız Yehovaya var qüvvəmizlə xidmət etməyə əzmli idik. Ceta 1943-cü ildə Gilad məktəbinin ikinci sinfində təlim aldı. Don 1944-cü ildə, Karl 1947-ci ildə və Coy 1951-ci ildə Bruklin Beytelində xidmətə başladı. Həm onların, həm də valideynlərimin gözəl nümunəsi məni xidmətə can qoymağa təşviq etdi.

AİLƏMİZ YEHOVA HAQDA ÖYRƏNİR

Atamla anam Müqəddəs Kitabı oxuyan, Allahı sevən insanlar olub. Onlar bu sevgini övladlarına da aşılayırdılar. Atam Birinci Dünya müharibəsində Avropada hərbi xidmətdə olandan sonra kilsələrə olan etibarını itirdi. Anam onun müharibədən sağ-salamat qayıtdığına görə Allaha çox minnətdar idi. Buna görə də atama demişdi: «Karl, gəl əvvəllər olduğu kimi kilsəyə gedək». Atam isə belə cavab vermişdi: «Səni ora kimi yola salaram, amma özüm içəri girməyəcəyəm». Anam bunun səbəbini soruşanda atam belə izah etmişdi: «Müharibə vaxtı eyni dinə mənsub olan, amma əks tərəflərdə olan din xadimləri öz ölkələrinin əsgərlərinə xeyir-dua verirdi. Yaxşı, bəs Allah kimin tərəfində idi?»

Bir dəfə anam kilsədə olan vaxt iki Yehovanın Şahidi qapımızı döydü. Onlar atama «Nur» adlı ikicildli kitab təklif etdilər. Orada «Vəhy» bölməsi araşdırılırdı. Bu, atama maraqlı gəldi və hər iki cildi götürdü. Anam kitabları görəndə onları oxumağa başladı. Bir dəfə anam qəzetdə bir elana rast gəldi. İstəyən hər kəs «Nur» kitabı vasitəsilə keçirilən dərslərə dəvət olunurdu. Anam ora getməyə qərar verdi. Ora çatanda qapını ortayaşlı bir qadın açdı. Anam əlindəki kitabı göstərib soruşdu: «Dərsləri burada keçirsiniz?» Qadın cavab verdi: «Hə, canım, gəl». Növbəti həftə anam bizi də özü ilə apardı. O vaxtdan ora hər həftə getdik.

Bir dəfə görüşü aparan qardaş məndən Zəbur 144:15 ayəsini oxumağı xahiş etdi. Həmin ayədə Yehovaya ibadət edən insanların bəxtiyar olduğu yazılıb. Bu ayə məni çox düşündürdü. Növbəti iki ayə də xoşuma gəlmişdi: 1 Timutiyə 1:11 ayəsində deyilir ki, Yehova xoşbəxt Allahdır, Efeslilərə 5:1 ayəsi isə bizi Allaha bənzəməyə səsləyir. Özüm üçün bu qənaətə gəldim ki, Yaradanıma xidmət etməkdən sevinc duymalıyam və bu şərəfə görə Ona şükür etməliyəm. Həyatım boyu belə də etməyə çalışmışam.

Bizə ən yaxın yığıncaq Çikaqoda, bizdən 32 kilometr aralıda idi. Buna rəğmən, biz yığıncaqlara gedirdik və mənim Müqəddəs Kitab biliyim artırdı. Yadımdadır, görüşlərin birində Ceta əlini qaldırıb şərh verdi. Ona qulaq asa-asa düşündüm: «Ay da, mən də bunu bilirdim, əlimi qaldırıb şərh verə bilərdim». Bundan sonra qabaqcadan hazırlaşıb öz sözümlə şərh verməyə başladım. Ən əsası isə bacı-qardaşlarım kimi mən də ruhani cəhətdən inkişaf etdim və beləcə, 1941-ci ildə vəftiz olundum.

TOPLANTILARDA YEHOVADAN ELM ALIRAM

1942-ci ildə Klivlenddə (Ohayo ştatı) keçirilən toplantı heç vaxt yadımdan çıxmaz. Birləşmiş Ştatların 50-dən çox şəhərindən bacı-qardaşlar toplantıya telefon vasitəsilə qoşulmuşdu. Ailəmiz qardaşların təşkil etdiyi «çadır şəhərciyində» qalırdı. İkinci Dünya müharibəsinin qızğın vaxtları idi və Yehovanın Şahidlərinə qarşı təqiblər getdikcə artırdı. Axşam gördüm ki, bir qrup qardaş maşınlarının üzünü yola tərəf saxlayıb. Onlar danışmışdılar ki, həmin gecə hər maşında bir nəfər qarovul çəkəcək. Əgər hər hansı təhlükə hiss etsələr, maşınların işıqlarını eyni vaxtda yandıracaqlar və siqnal verəcəklər. Beləcə, hücum edən kəslərin gözləri qamaşacaq və digər qardaşlar qaçıb tez köməyə gələcəklər. Onda mən düşündüm: «Yehovanın xalqı hər şeyə tam hazırlıqlıdır!» Ürəyim rahat olduğu üçün həmin gecə bərk yatdım və heç bir problem də olmadı.

İllər sonra həmin toplantı barədə düşünəndə anamın az da olsa, qorxu, təlaş keçirmədiyini başa düşdüm. O, Yehovaya və Onun təşkilatına tam etibar edirdi. Onun bu gözəl nümunəsini heç vaxt unutmaram.

Toplantıdan bir az əvvəl anam öncül xidmətinə başlamışdı. Buna görə də o, tamvaxtlı xidmətlə bağlı çıxışlara diqqətlə qulaq asırdı. Evimizə qayıdanda yolda anam bizə dedi: «Öncül xidmətinə davam etmək istəyirəm, amma bunu edə-edə ev işlərini çatdıra bilmirəm». Sonra o bizdən kömək istədi, biz də razılaşdıq. Anam hərəmizə bir və ya iki otağı yığışdırmağı tapşırdı. Bunu səhər yeməyindən əvvəl etməli idik. Biz məktəbə gedəndən sonra anam evdə səliqə-səhmanın olduğunu yoxlayıb xidmətə gedirdi. Anamın işi başından aşsa da, heç vaxt qayğısını bizdən əsirgəmirdi. Biz evə nahara gələndə və məktəbdən qayıdanda o, həmişə evdə olurdu. Bəzi günlərdə dərsdən sonra anam bizi özü ilə xidmətə aparırdı. Bunun sayəsində öncül olmağın nə demək olduğunu başa düşürdük.

TAMVAXTLI XİDMƏTƏ BAŞLAYIRAM

16 yaşım olanda öncül xidmətinə başladım. Atam o vaxt hələ Yehovanın Şahidi olmasa da, xidmətimlə həmişə maraqlanırdı. Bir axşam ona şikayətlənib dedim ki, nə qədər çalışsam da, Müqəddəs Kitab dərsi keçməyə adam tapa bilmirəm. Sözümə qısa fasilə verib atamdan soruşdum: «Bəlkə, elə sənə dərs keçim?» Atam bir anlıq düşünüb cavab verdi: «Niyə də yox?» Bəli, ilk şagirdim atam oldu. Bu mənim üçün böyük fəxr idi!

Biz «Həqiqət sizi azad edəcək» adlı kitabı araşdırırdıq. Vaxt keçdikcə başa düşdüm ki, atam mənə daha yaxşı şagird və müəllim olmağa kömək edir. Məsələn, bir dəfə biz bir abzası oxuyandan sonra atam dedi: «Kitabda yazılanlar aydındır. Amma bunun doğru olduğunu necə sübut edərdin?» Bu sualın cavabını bilmirdim. Ona görə də dedim: «İndi bunu sənə sübut edə bilməyəcəyəm, amma növbəti dərsimizdə bu suala cavab verəcəyəm». Sözümün üstündə durdum. Mən oxuduğumuz fikirləri təsdiq edən ayələr tapdım. Bundan sonra araşdırma aparıb dərslərə daha yaxşı hazırlaşmağı öyrəndim. Bunun sayəsində atam da, mən də ruhani cəhətdən inkişaf etdik. Atam öyrəndiklərinə əməl edirdi. O, 1952-ci ildə vəftiz olundu.

YENİ MƏQSƏDLƏR, YENİ BİLİKLƏR

17 yaşım olanda ayrı yaşamağa başladım. Ceta xüsusi təyinatlı müjdəçi oldu a, Don isə beytelli. Onların ikisi də öz təyinatlarını çox sevirdi. Bu məni də həvəsləndirdi. Buna görə də həm Beytelə, həm də Gilad məktəbinə ərizə doldurdum. Qalanını isə Yehovanın öhdəsinə buraxdım. Bilirsiniz, O hansı qərarı verdi? Mən 1946-cı ildə Beytelə dəvət aldım.

İllər ərzində Beyteldə müxtəlif təyinatlarım olub. Bunun da sayəsində çoxlu yeni şeylər öyrənmişəm. Beyteldə olduğum 75 il ərzində mən çapxanada, mühasibat və alqı-satqı şöbəsində işləmişəm. Ən çox xoşuma gələn isə səhər ibadətləri və nitqlər vasitəsilə Beyteldə davamlı olaraq aldığım ruhani təlimdir.

Ağsaqqallar üçün məktəbdə dərs deyirəm

Kiçik qardaşım Karldan da çox şey öyrənmişəm. O, 1947-ci ildə Beytelə gəldi. Karl Müqəddəs Kitabı araşdırmağı və təlim verməyi çox yaxşı bacarırdı. Bir dəfə mənə təyin olunan nitqlə bağlı ondan kömək istədim. Karla dedim ki, çoxlu material toplamışam, amma bilmirəm bundan necə istifadə edim. O, həll yolu tapmağım üçün mənə bir sual verdi: «Coel, nitqinin mövzusu nədir?» Onun nə demək istədiyini dərhal anladım. Mövzu ilə əlaqəli olan məlumatları istifadə etməli, qalanlarını isə qırağa qoymalı idim. Bu, ömürlük yaddaşımda qaldı.

Beyteldə xoşbəxt olmaq istəyirsənsə, təbliğ işində tam iştirak etməlisən. Bunun nəticəsində maraqlı hadisələrlə üzləşə bilərik. Yadımdadır, bir dəfə Bronksda (Nyu-York şəhəri) xidmət edirdik. «Gözətçi qülləsi» və «Oyanın!» jurnalını götürmüş bir qadının qapısını döydük. Özümüzü təqdim edib dedik: «Bu axşam insanlara Müqəddəs Kitabdakı ruhlandırıcı fikirləri danışırıq». Qadın dedi: «Müqəddəs Kitab barədə danışırsınızsa, buyurun keçin». Biz Allahın Padşahlığı və yeni dünya ilə bağlı bir neçə ayə oxuyub izah etdik. Görünür, bu, qadının çox xoşuna gəlmişdi, çünki növbəti həftə gələndə gördük ki, bizi dinləmələri üçün bir neçə dostunu dəvət edib. Sonralar o, yoldaşı ilə birlikdə Yehovanın sadiq xidmətçisi oldu.

HƏYAT YOLDAŞIMDAN DA ÇOX ŞEY ÖYRƏNİRƏM

Ailə həyatı qurmağa qərar verəndən təxminən 10 il sonra öz yarıma rast gəldim. Bilirsiniz, yaxşı həyat yoldaşı tapmağa mənə kömək etdi? Mən Yehovaya dua edib bu sual üzərində düşünürdüm: «Ailə qurandan sonra yoldaşımla birlikdə nələr etmək istəyirəm?»

Meri ilə birlikdə səyyar xidmətdəyəm

1953-cü ildə «Yanki» stadionunda keçirilən toplantıdan sonra mən Meri Anyol adlı bir bacı ilə tanış oldum. O, Ceta ilə birlikdə Gilad məktəbinin ikinci sinfində oxumuşdu. Onlar xüsusi təyinatlı müjdəçi kimi əməkdaşlıq edirdilər. Meri mənə Karib adalarındakı təyinatı və illər ərzində keçirdiyi Müqəddəs Kitab dərsləri barədə ağızdolusu danışırdı. Bir-birimizi daha yaxından tanıdıqca anladıq ki, ruhani məqsədlərimiz eynidir. Aramızdakı sevgi artdı və 1955-ci ilin aprel ayında evləndik. Meri mənim üçün Yehovadan bir pay idi. O, hər sahədə gözəl nümunə idi. Meri istənilən təyinatı sevinclə qarşılayırdı. O, çox çalışqan idi, başqalarının qeydinə qalırdı, Padşahlığın işini həmişə həyatda birinci yerə qoyurdu (Mət. 6:33). Biz üç il səyyar xidmətdə olduq. 1958-ci ildə isə Beytelə dəvət aldıq.

Meridən çox şey öyrənmişəm. Məsələn, ailə həyatımızın başlanğıcında qərar verdik ki, Müqəddəs Kitabı birgə mütaliə edək. Hər dəfə haradasa 15 ayə oxuyurduq. Birimiz müəyyən hissəni oxuyandan sonra həmin ayələrlə bağlı fikir söyləyirdik, həyatımızda necə tətbiq edəcəyimizi müzakirə edirdik. Meri həmişə mənimlə Gilad məktəbində və xüsusi təyinatlı müjdəçi kimi xidmətdə öyrəndiklərini bölüşürdü. Onun danışdıqları mənə nitqlərimi yaxşılaşdırmağa kömək etdi. Həmçinin onun sayəsində bacıları ruhlandırmağın yolunu daha yaxşı anladım (Məs. 25:11).

Əziz həyat yoldaşım Meri 2013-cü ildə vəfat etdi. Yeni dünyada onu görəcəyim günü həsrətlə gözləyirəm. O vaxta qədər isə Yehovadan elm almağa, Ona bütün qəlbimlə etibar etməyə davam edəcəyəm (Məs. 3:5, 6). Yeni dünyada Yehovanın xalqının görəcəyi işlər haqda düşünəndə ürəyim sevinclə dolur, təsəlli tapıram. Sözsüz ki, həmin vaxt Böyük Nəsihətçimiz haqda və Onun yaratdıqları barədə çox şey öyrənəcəyik. Yehovanın mənə indiyə kimi öyrətdiklərinə və lütfünə görə nə qədər şükr etsəm, azdır!