TƏLİM MƏQALƏSİ 49
NƏĞMƏ 147 Əbədi həyat vədi
Əbədi yaşamaq üçün nə etməlisiniz?
«Oğulu qəbul edib ona iman edən hər kəs əbədi həyata [qovuşacaq]» (YƏH. 6:40).
ƏSAS FİKİR
Gəlin görək İsa Məsihin fidyə qurbanlığından həm məsh olunmuşlar, həm də başqa qoyunlar necə faydalanır.
1. Bəziləri əbədi yaşamaqla bağlı hansı fikirdədir?
ÇOX adam yeməyinə fikir verir, sağlam qalmaq üçün müntəzəm idmanla məşğul olur. Amma onlar bunu əbədi yaşamaq üçün etmirlər. Çünki bunun mümkün olmadığını düşünürlər. Həm də qocalığın gətirdiyi çətinliklərə görə onlar bunu heç arzulamırlar da. Bununla belə, İsa «əbədi həyat»ın mümkün olduğunu demişdi. Bu haqda Yəhya 3:16 və 5:24 ayələrindən oxuya bilərik.
2. Yəhya 6-cı fəsildə əbədi həyatla bağlı nə deyilir? (Yəhya 6:39, 40).
2 Bir dəfə İsa minlərlə insanı möcüzəvi şəkildə çörək və balıq vasitəsilə doyurmuşdu a. Bu, möhtəşəm hadisə idi, amma onun növbəti gün dedikləri daha da heyrətamiz idi. İsa onun ardınca Kəfərnahuma, Cəlilə dənizinin yaxınlığına gələnlərə dedi ki, insanlar dirilib əbədi yaşaya bilər. (Yəhya 6:39, 40 ayələrini oxuyun.) Bu, sizin ölən dostlarınıza və doğmalarınıza da aiddir. İsanın sözləri göstərir ki, ölən insanların çoxu diriləcək və siz yaxınlarınızla birlikdə əbədi yaşaya biləcəksiniz. Amma İsanın Yəhya 6-cı fəslin davamında dediyi sözləri başa düşmək çox adama çətin olub. Gəlin bu haqda ətraflı danışaq.
3. Yəhya 6:51 ayəsinə əsasən İsa özü haqda nəyi açıqlayır?
3 Kəfərnahumdakı insanlar İsanın möcüzə ilə verdiyi çörəyi Yehovanın qədimdə onların dədə-babalarına verdiyi manna ilə əlaqələndirdilər. Elə Müqəddəs Kitabda da manna «səmavi çörək» adlanır (Zəb. 105:40; Yəh. 6:31). İsa manna əsasında onlara vacib bir şey öyrətdi. Manna Yehovanın yetirdiyi möcüzə olsa da, onu yeyənlər yenə də öldülər (Yəh. 6:49). Özü haqda isə İsa dedi ki, o, «göydən gələn həqiqi çörək», «Allahın verdiyi çörək» və «həyat çörəyi»dir (Yəh. 6:32, 33, 35). O, manna ilə özü arasındakı mühüm bir fərqi göstərmək üçün dedi: «Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq». (Yəhya 6:51 ayəsini oxuyun.) Bu sözlər yəhudiləri çaş-baş qoydu. İsa göydən gələn «çörək» olduğunu, Allahın verdiyi mannadan daha üstün olduğunu necə deyə bilərdi? O, növbəti sözləri ilə onlara maraqlı bir ipucu verdi: «Verəcəyim çörək mənim bədənimdir». İsa bu sözlərlə nəyi nəzərdə tuturdu? Bunu hər birimizin anlaması vacibdir. Çünki cavabdan həm özümüz, həm də doğmalarımız üçün əbədi həyatın mümkün olduğunu görəcəyik. Elə isə gəlin İsanın sözlərinin mənasına baxaq.
DİRİ ÇÖRƏK VƏ ONUN BƏDƏNİ
4. Nəyə görə İsanın dediyi sözlər bəzilərini dəhşətə gətirmişdi?
4 İsa: «Bəşəriyyətin həyatı uğrunda verəcəyim çörək mənim bədənimdir», — deyəndə bəziləri dəhşətə gəldi. Bəlkə də, onlar elə fikirləşirdilər ki, İsa hərfi mənada öz bədənini onlara yemək üçün verəcək. Bu isə kannibalizm olardı (Yəh. 6:52). İsanın dediyi növbəti sözlər onları lap lərzəyə saldı: «Əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız» (Yəh. 6:53).
5. Nəyə görə əmin ola bilərik ki, İsa insanları hərfi mənada onun qanını içməyə təşviq etmirdi?
5 Nuh peyğəmbərin dövründə Yehova insanlara qanı yeməyi qadağan etmişdi (Yar. 9:3, 4). O, israillilərə Qanun verəndə də bu qadağanı təkrarlamışdı. Qan yeyən adam «öldürülməli» idi (Lav. 7:27, haşiyə). İsa bu Qanuna əməl etməyi öyrədirdi (Mət. 5:17—19). Buna görə də ola bilməz ki, o, yəhudiləri onun bədənini və qanını hərfi mənada yeməyə təşviq etsin. Əslində, İsa bu cür güclü sözlərlə «əbədi həyatı» almağın yolunu başa salırdı (Yəh. 6:54).
6. İsanın bədənini yeyib, qanını içməklə bağlı dediyi sözləri necə başa düşməliyik?
6 İsanın sözünün canı nə idi? Aydın məsələdir ki, o bu sözləri məcazi mənada demişdi. Səməriyyəli qadınla danışanda da belə bir məcazdan istifadə etmişdi. İsa ona demişdi: «Ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq. Bu su onun içində qaynayıb əbədi həyat verən bir çeşmə olacaq» (Yəh. 4:7, 14) b. İsa səməriyyəli qadının sadəcə hansısa sudan içib əbədi yaşayacağını nəzərdə tutmurdu. Eynilə Kəfərnahumdakı insanlara hərfi mənada onun bədənini yeyib qanını içsələr, əbədi yaşayacaqlarını demirdi.
İKİ HADİSƏ ARASINDAKI FƏRQLƏR
7. Bəziləri İsanın Yəhya 6:53 ayəsində dediyi sözlərlə bağlı nəyi iddia edir?
7 Bəzi dindar insanlar iddia edir ki, İsanın Yəhya 6:53 ayəsində dediyi sözlər Ağanın şam yeməyinin necə keçirilməsi ilə bağlıdır. Çünki İsa bu mərasim zamanı bənzər sözlər istifadə etmişdi (Mət. 26:26—28). Bu insanların fikrincə, Ağanın şam yeməyində iştirak edən hər kəs şərab və çörək ötürülərkən onlardan qəbul etməlidir. Bu iddia doğrudur? Bunu öyrənməyimiz çox vacibdir, çünki hər il dünyada milyonlarla insan bizimlə birlikdə bu mərasimi qeyd etmək üçün toplaşır. Gəlin İsanın Yəhya 6:53 ayəsindəki sözlərlə Ağanın şam yeməyi mərasimində dediyi sözlər arasındakı bir sıra fərqə nəzər salaq.
8. İki hadisə arasında hansı fərqlər var? (Həmçinin şəkillərə baxın.)
8 Bu hadisələr arasındakı iki fərqə diqqət yetirək. Birincisi, İsa Yəhya 6:53—56 ayələrindəki sözləri nə vaxt və harada demişdi? O bunu Cəlilədə eramızın 32-ci ilində demişdi. Bu onun Yerusəlimdə Ağanın şam yeməyini təsis etməsindən təxminən bir il əvvəl idi. İkincisi, bu sözlər kimlərə ünvanlanmışdı? Cəlilədə onu dinləyənlərin əksəriyyəti ruhani tələbatlarından çox fiziki tələbatlarını düşünən insanlar idi (Yəh. 6:26). Hətta onlar İsanın dediyi sözləri başa düşməyəndə ona imanlarını itirdilər. Şagirdlərindən də bəziləri daha onun ardınca getmədi (Yəh. 6:14, 36, 42, 60, 64, 66). İndi isə gəlin bunu təxminən bir il sonra eramızın 33-cü ilində Ağanın şam yeməyi təsis olunan vaxtla müqayisə edək. Həmin mərasimdə İsa 11 sadiq həvarisi ilə birlikdə idi. Onlar onun öyrətdiyi hər şeyi tam başa düşməsələr də, onun yanında qaldılar. Cəlilədəkilərdən fərqli olaraq sadiq həvarilər İsanın Allahın Oğlu olduğuna, onun göydən gəldiyinə inanırdılar (Mət. 16:16). İsa onları tərifləyib demişdi: «Bütün sınaqlarım boyu mənim yanımda siz olmusunuz» (Luka 22:28). Elə bu iki fərqin özü göstərir ki, Yəhya 6:53 ayəsindəki sözlər Ağanın şam yeməyi mərasiminin keçirilməsi ilə bağlı deyildi. Buna dair hələ başqa sübutlar da var.
SİZƏ AİDİYYƏTİ
9. İsanın Ağanın şam yeməyindəki sözləri kimlərə aiddir?
9 Ağanın şam yeməyi mərasimi zamanı İsa həvarilərinə mayasız çörək verib dedi ki, bu onun bədənini təmsil edir. Sonra onlara şərab verdi və dedi ki, bu, «əhd qanını» təmsil edir (Mark 14:22—25; Luka 22:20; 1 Kor. 11:24). Bu, vacib məqamdır. Yeni əhd bütün insanlarla yox, «Allahın Padşahlığında» olacaq ruhani «İsrail evi ilə» bağlanmışdı (İbr. 8:6, 10; 9:15). Həmin vaxt həvarilər bunun məğzini başa düşməmişdilər. Amma çox keçməmiş onlar müqəddəs ruhla məsh olundular və İsa ilə birlikdə göydə olmaq üçün yeni əhdə daxil oldular (Yəh. 14:2, 3).
10. İsanın Ağanın şam yeməyi mərasimində dedikləri ilə Cəlilədə dedikləri arasında başqa hansı fərq var idi? (Həmçinin şəklə baxın.)
10 Diqqət yetirin ki, İsa Ağanın şam yeməyi mərasimində dediyi sözləri «kiçik sürü»yə aid etmişdi. Bu kiçik sürünün ilk üzvləri həmin vaxt onunla birlikdə otaqda olan sadiq həvarilər oldu (Luka 12:32). Onlar və sonradan bu qrupa daxil olan kəslər çörəkdən və şərabdan qəbul etməli idilər. Bu insanlar İsa ilə birlikdə göydə olacaq. İsanın bu mərasim zamanı həvarilərinə dedikləri Cəlilədəki izdihama dediklərindən fərqlənir. Cəlilədə o, sözlərini daha geniş kütləyə ünvanlamışdı və bu, saysız-hesabsız insana aiddir.
11. İsanın Cəlilədə dediyi sözlərin məhdud sayda insana aid olmadığını nə göstərir?
11 İsa eramızın 32-ci ilində Cəlilədə olanda sözlərini əsas etibarı ilə ondan çörək istəyən insanlara ünvanlamışdı. İsa onların fikrini çörəkdən daha dəyərli bir şeyə yönəltdi. Bunun onlara əbədi həyat verə biləcəyini açıqladı. Üstəlik, onlara dedi ki, ölənlər axırıncı gündə dirilib əbədi yaşaya biləcəklər. İsa bu sözləri deyəndə Ağanın şam yeməyi mərasimində olduğu kimi məhdud sayda insanı nəzərdə tutmurdu. Cəlilədə o bütün insanların alacağı nemətlərdən danışırdı. Elə buna görə də o demişdi: «Bu çörəkdən yeyən əbədi yaşayacaq. Bəli, bəşəriyyətin həyatı uğrunda verəcəyim çörək mənim bədənimdir» (Yəh. 6:51).
12. Əbədi həyatı qazanmaq üçün nə etmək lazımdır?
12 Bəs İsanın Cəlilədəki yəhudilərə dediyi sözlər o deməkdirmi ki, bu nemətləri indiyə kimi yaşamış və bundan sonra doğulacaq hər kəs alacaq? Xeyr. Yalnız «bu çörəkdən yeyən», yəni İsaya iman gətirən kəslər əbədi yaşayacaq. Bu gün Xristian dünyasına mənsub insanlar düşünürlər ki, sadəcə İsaya iman etsələr və onu öz xilaskarları kimi qəbul etsələr, xilas olacaqlar (Yəh. 6:29). Amma bu, kifayət deyil. Cəlilədə də çox adam əvvəl-əvvəl İsaya iman gətirmişdi, amma sonra daha onun ardınca getmədilər. Buna səbəb nə idi?
13. İsanın həqiqi davamçısı olmaq üçün nə etmək lazımdır?
13 Nə qədər ki İsa camaata istədiyini verirdi, onlar onun ardınca gedirdilər. İnsanlar istəyirdi ki, İsa onları sağaltsın, müftə yemək versin, qulaqlarına xoş gedən fikirlər desin. Amma İsa onları başa saldı ki, o, yer üzünə sadəcə insanların cismani istəklərini təmin etməyə gəlməyib. O, insanlara onun həqiqi davamçısı olmağın nə demək olduğunu öyrətməyə gəlib. Onlar İsaya qulaq asmaqla, onun öyrətdiyi hər şeyə itaət etməklə onun «ardımca gəl» dəvətinə hay verə bilərdilər (Yəh. 5:40; 6:44).
14. İsanın uğrumuzda qurban verdiyi bədənindən və axıtdığı qanından faydalanmaq üçün nə etməliyik?
14 İsa izdihama iman etməyin vacibliyini vurğuladı. Onlar İsanın qurban verəcəyi bədəni və axıdılacaq qanı sayəsində əbədi yaşamağın mümkün olduğuna iman etməli idilər. Yəhudilər üçün bu cür iman necə vacib idisə, bizim üçün də vacibdir (Yəh. 6:40). Bəli, İsanın Yəhya 6:53 ayəsində dediyi sözlərin mənası odur ki, biz əbədi həyatı qazanmaq üçün fidyəyə iman gətirməliyik. Çoxlu sayda insanın bu neməti almaq imkanı var (Efes. 1:7).
15, 16. Yəhya 6-cı fəslindən hansı vacib dərsləri öyrəndik?
15 Yəhya 6-cı fəsildən həm özümüz, həm yaxınlarımızla bağlı çox faydalı şeylər öyrəndik. Həmçinin bu fəsildən İsanın insanların qayğısına qaldığını da gördük. Cəlilədə olarkən o, xəstələri sağaltdı, insanlara Padşahlıq haqda öyrətdi və onları yeməklə təmin etdi (Luka 9:11; Yəh. 6:2, 11, 12). Ən əsası isə o özünün «həyat çörəyi» olduğunu öyrədirdi (Yəh. 6:35, 48).
16 İsanın «başqa qoyunlar» adlandırdığı kəslər hər il keçirilən Ağanın şam yeməyi mərasimində çörək və şərabdan qəbul etməməlidirlər (Yəh. 10:16). Bununla belə, onlar «həyat çörəyi»ni məcazi mənada yeyirlər. Bunu İsanın fidyə qurbanlığına və onun gətirdiyi nemətlərə iman gətirməklə edirlər (Yəh. 6:53). Çörəkdən və şərabdan yalnız yeni əhdə daxil olanlar və səmavi Padşahlığın varisləri olacaq kəslər qəbul edir. İstər məsh olunmuş, istərsə də «başqa qoyunlardan» olaq, Yəhya 6-cı fəsildə yazılanlar hamımız üçün böyük məna kəsb edir. Bəli, əbədi həyatı almaq üçün fidyəyə iman etmək vacibdir.
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
a Yəhya 6:5—35 ayələri əvvəlki məqalədə müzakirə olunmuşdu.
b İsanın haqqında danışdığı su Yehovanın bizə əbədi həyat bəxş etmək üçün gördüyü tədbirləri təmsil edir.