Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 51

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

Göz yaşlarınızın hər damlası Yehova üçün dəyərlidir

Göz yaşlarınızın hər damlası Yehova üçün dəyərlidir

«Göz yaşlarımı tuluğuna yığ. Axı onlar Sənin kitabında yazılıb» (ZƏB. 56:8).

ƏSAS FİKİR

Yehova qəlbimizin ağrısını bilir və əmin ola bilərik ki, O bizə təsəlli verəcək.

1, 2. Hansı hadisələr göz yaşlarımıza səbəb ola bilər?

 HAMIMIZ ömrümüzdə bir dəfə də olsa, göz yaşı tökmüşük. Bəzən bu göz yaşları sevinc göz yaşları olur. Ola bilsin, həyatınızda xüsusi bir hadisə baş verib. Məsələn, uşağınız dünyaya gəlib, xoş xatirələr yadınıza düşüb, ya da uzun illərdir görmədiyiniz dostunuzla görüşmüsünüz.

2 Amma əksər hallarda göz yaşlarımıza səbəb qəlbimizdə duyduğumuz ağrı olur. Məsələn, ola bilsin, kimsə bizi bərk məyus etdiyi üçün ağlayaq. Amansız xəstəlik ucbatından güclü ağrılar çəkəndə, yaxud doğmamız vəfat edəndə də göz yaşı tökürük. Belə vaxtlarda özümüzü Ərəmya peyğəmbər kimi hiss edə bilərik. Babillilər Yerusəlimi işğal edəndə Ərəmya demişdi: «Gözüm bulaq kimi çağlayır. Göz yaşlarım durmadan axır, dayanmır» (Mərs. 3:48, 49).

3. Xidmətçilərinin əzab çəkdiyini görəndə Yehova hansı hissləri keçirir? (Əşiya 63:9).

3 Yehova pərişan anlarımızda nə qədər göz yaşı tökdüyümüzü bilir. Müqəddəs Kitabda deyilir ki, Yehova xidmətçilərinin əzab çəkdiyi hər bir vəziyyətdən agahdır və biz Ondan imdad diləyəndə yalvarışlarımızı eşidir (Zəb. 34:15). Yehova dərdimizi görməklə, yalvarışlarımızı eşitməklə kifayətlənmir. O bizi — Öz balalarını sevir. Buna görə də göz yaşlarımızı görəndə O da kədərlənir və dərhal hayımıza yetir. (Əşiya 63:9 ayəsini oxuyun.)

4. Müqəddəs Kitabdan kimlərin nümunəsini araşdıracağıq və bundan Yehova haqda nə öyrənəcəyik?

4 Yehova sadiq bəndələrinin göz yaşlarına necə yanaşdığını və onlara necə kömək etdiyini Kəlamında açıqlayır. Bunu Hənnənin, Davudun və Hizqiyyənin hadisəsindən görə bilərik. Onların göz yaşlarına səbəb nə idi? Yehova onların kömək üçün etdiyi yalvarışlara necə hay verdi? Kədərli anlarımızda, xəyanətlə üzləşəndə və vəziyyətimiz ümidsiz görünəndə onların nümunəsi bizə necə təskinlik verə bilər?

KƏDƏR GÖZ YAŞLARI

5. Hənnənin üzləşdiyi vəziyyət ona necə təsir etmişdi?

5 Hənnə onu göz yaşlarına qərq edən bir sıra problemlərlə üzləşmişdi. Bir dərdi o idi ki, Hənnə evin tək arvadı deyildi. Onun ərinin Fəninə adlı başqa bir arvadı da var idi. Fəninənin Hənnədən zəhləsi gedirdi. Bu azmış kimi Hənnənin uşağı olmurdu. Fəninənin isə bir neçə uşağı var idi (1 İşm. 1:1, 2). Fəninə gedib-gəlib Hənnəni ələ salırdı, sonsuz olduğunu onun üzünə vururdu. Siz belə vəziyyətdə olsaydınız, hansı hissləri keçirərdiniz? Hənnə o qədər məyus idi ki, «ağlayır və çörək yemirdi», o «çox kədərli idi» (1 İşm. 1:6, 7, 10).

6. Hənnə təsəlli tapmaq üçün nə etdi?

6 Hənnəyə nə təsəlli verdi? Həqiqi ibadətin mərkəzi olan müqəddəs çadıra getməsinin ona böyük köməyi dəydi. Görünür o, oranın həyətinin girişinə yaxın bir yerdə dayanıb «acı-acı ağlayaraq Yehovaya dua etməyə başladı». Yehovaya yalvarıb dedi ki, «bu qulunun dərdinə biganə» qalmasın, ona nəzər salsın (1 İşm. 1:10b, 11). Hənnə duada bütün ürəyini Yehovaya boşaltdı. Yehova bu əziz qızının göz yaşlarını görəndə sözsüz ki, ona ürəyi ağrımışdı.

7. Hənnə ürəyini Yehovaya boşaldandan sonra hansı hissləri keçirdi?

7 Baş kahin Əli Hənnəyə dedi ki, Allah onun duasına cavab verəcək. Hənnə bundan sonra özünü necə hiss etdi? Müqəddəs Kitabda deyilir: «[Hənnə] getdi və yemək yedi. Artıq onun çöhrəsində kədər olmadı» (1 İşm. 1:17, 18). Vəziyyət hələ dəyişməsə də, artıq Hənnənin ürəyində rahatlıq var idi. Hənnə ona ağırlıq edən yükü Yehovanın üzərinə qoymuşdu. Yehova onun əzablarını gördü, yalvarışlarını eşitdi, sonra isə ona övlad payı verdi (1 İşm. 1:19, 20; 2:21).

8, 9. İbranilərə 10:24, 25 ayələrinə əsasən nəyə görə ibadət görüşlərində iştirak etmək üçün əlimizdən gələni etməliyik? (Həmçinin şəklə baxın.)

8 Bizim üçün dərs. Ola bilsin, hazırda ürəyinizi dağlayan dərdiniz var və buna görə gözünüzün yaşı qurumur. Bəlkə də, ailə üzvünüz və ya dostunuz vəfat edib. Belə anlarda insan tək qalmaq istəyir. Bu normaldır. Amma yadınızda, Hənnə nə etdi? O, məbədə getdi və Yehova orada ona təsəlli verib ruhlandırdı. Siz də halınız olmasa belə, ibadət görüşlərinə getsəniz, təsəlli tapacaqsınız. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) İbadət görüşlərində təsəlliverici ayələr eşidirik. Bu zaman Yehova bizə mənfi fikirləri müsbət fikirlərlə əvəz etməyə kömək edir. Beləcə, hal-hazırda vəziyyət olduğu kimi qalsa da, özünüzü daha yaxşı hiss edəcəksiniz.

9 İbadət görüşlərində halımıza yanan bacı-qardaşlarla ünsiyyətdə oluruq. Onların sevgisini duymaq, ruhlandırıcı sözlərini eşitmək bizim əhvalımızı qaldırır (1 Salon. 5:11, 14). Gəlin xüsusi öncül olan bir qardaşın hadisəsinə baxaq. Onun həyat yoldaşı vəfat edib. Qardaş deyir: «Yoldaşım üçün çox darıxıram. Bəzən tək qalmaq istəyirəm, oturub hönkür-hönkür ağlayıram. Amma ibadət görüşlərinə gedəndə çox ruhlanıram. Bacı-qardaşların dediyi xoş sözlər, verdiyi şərhlər yaralı qəlbimi ovudur. Yığıncaqdan qabaq nə qədər məyus, narahat olsam da orada özümü xeyli yaxşı hiss edirəm». Bəli, ibadət görüşlərində olanda Yehova bacı-qardaşlar vasitəsilə bizə dayaq olur.

Dindaşlarımızın xoş sözləri bizə təsəlli verə bilər (8 və 9-cu abzaslara baxın)


10. Kədərli olanda Hənnənin nümunəsi bizə necə kömək edə bilər?

10 Həmçinin Hənnə duada hisslərini Yehovaya açıb boşaldandan sonra da təsəlli tapdı. Siz də «bütün qayğılarınızı Onun [Yehovanın] üzərinə qoyun», əmin olun O sizi dinləyəcək (1 But. 5:7). Bir bacımızın ərini silahlı soyğunçular qətlə yetirmişdi. Bacı deyir: «Sanki qəlbim çilik-çilik olmuşdu. Düşünürdüm, çətin ki nə vaxtsa bir də üzüm gülsün. Amma səmavi Atam Yehovaya etdiyim dualar sayəsində qəlbimə rahatlıq çökdü. Bəzən dua edərkən düzgün sözlər seçə bilmirdim, amma Yehova məni anlayırdı. Emosional cəhətdən çökdüyüm vaxtlarda dua edib Yehovadan qəlb rahatlığı diləyirdim. Bundan sonra ürəyimdə dərhal sakitlik duyurdum və günümə davam edə bilirdim». Siz ürəyinizi Yehovaya boşaldanda O, göz yaşlarınızı görüb sizə ürəyi yanır, nələr keçirdiyinizi yaxşı bilir. Hətta narahatlığınıza səbəb olan vəziyyət dəyişməsə də, Yehova qəlbinizi ovundurub sizə sakitlik bəxş edəcək (Zəb. 94:19; Filip. 4:6, 7). Üstəlik, sadiq qalmaq üçün dözüm göstərdiyinizə görə O sizə mükafat verəcək (İbr. 11:6).

XƏYANƏTİN SƏBƏB OLDUĞU GÖZ YAŞLARI

11. Davud hansı çətinliklərlə üzləşmişdi və buna görə hansı hissləri keçirmişdi?

11 Davudun başı çox bəla çəkmişdi, o çox göz yaşı tökmüşdü. Onunla ədavət aparan insanların sayı çox idi. Hətta etibar etdiyi insanlar ona xəyanət etmişdi (1 İşm. 19:10, 11; 2 İşm. 15:10—14, 30). Bir dəfə o belə sözlər demişdi: «Təngə gəlmişəm ah-naləmdən, yatağım bütün gecəni ağlamaqdan yamyaş olub, sel kimi axır yorğan-döşəyimə göz yaşlarım». Nəyə görə Davud bu cür hisslər keçirirdi? Özünün də dediyi kimi «düşmənlərin əlindən» (Zəb. 6:6, 7). Başqalarının pis rəftarı ucbatından Davudun göz yaşları selə dönmüşdü.

12. Zəbur 56:8 ayəsindən göründüyü kimi Davud nəyə əmin idi?

12 Davudun həyatı çox ağır olsa da, o yenə də əmin idi ki, Yehova onu sevir. Davud yazmışdı: «Yehova hönkürtümü eşidəcək» (Zəb. 6:8). Bir dəfə isə o öz hisslərini çox maraqlı tərzdə ifadə etmişdi. Bu barədə Zəbur 56:8 ayəsində yazılıb. (Ayəni oxuyun.) Bu sözlər Yehovanın bizi nə qədər çox sevdiyini, hisslərimizə qarşı biganə olmadığını gözəl təsvir edir. Davud demişdi ki, Yehova sanki onun göz yaşlarını tuluğa yığır, yaxud kitabında qeyd edir. O, Yehovanın ona nəzər saldığına, çəkdiyi ağrını unutmadığına əmin idi. Davud bilirdi ki, Yehova onun hansı çətinliklərlə üzləşdiyindən və bunun ona necə təsir etdiyindən agahdır.

13. İnsanlar bizə qəlb ağrısı yaşadanda hansı fikirlər bizə təsəlli verə bilər? (Həmçinin şəklə baxın.)

13 Bizim üçün dərs. Ola bilsin, etibar etdiyiniz insan xəyanəti ilə və ya başqa hərəkəti ilə sizin qəlbinizi qırıb. Bəlkə də, gözlənilmədən ailəniz dağılıb, ya da görüşdüyünüz insandan ayrılmısınız. Yaxud doğmanız Yehovaya xidmət etməyi dayandırıb. Bir qardaşın həyat yoldaşı zina edib onu tərk etmişdi. Qardaş deyir: «Mən çox sarsılmışdım. Baş verənləri ağlıma sığışdıra bilmirdim. Özümü lazımsız hiss edirdim, məyus idim, qəzəbli idim». Əgər kimsə sizə xəyanət edib və ya qəlbinizi yaralayıbsa, bilin ki, Yehova sizi heç vaxt atmaz. Qoy bu fikir sizə təsəlli versin. Həmin qardaş deyir: «Bir şeyi başa düşdüm: insan sənə sadiq qalmasa da, Yehova həmişə dostuna sadiqdir. Nə baş versə də, O həmişə bizim yanımızda olacaq. Yehova sadiq bəndələrini əsla tərk etməz» (Zəb. 37:28). Bir şeyi də yadda saxlayın: heç kim sizi Yehova qədər sevə bilməz. Xəyanətə uğrasanız da, bilin ki, siz hələ də Yehovanın gözündə dəyərlisiniz (Rom. 8:38, 39). Unutmayın, insanın sizinlə necə rəftar etməsindən asılı olmayaraq səmavi Atanız sizi çox sevir.

Zəbur kitabı bizi əmin edir ki, Yehova qəlbisınıqlara yaxındır (13-cü abzasa baxın)


14. Zəbur 34:18 ayəsində yazılmış sözlər sizi nəyə əmin edir?

14 Xəyanətlə üzləşmisinizsə, Davudun Zəbur 34:18 ayəsindəki sözləri də sizə təsəlli verə bilər. (Ayəni oxuyun.) Bir elmi mənbəyə əsasən bu ayədə «pərişan insanlar» deyiləndə «gələcəkdə yaxşı bir şeyin olacağına ümid etməyənlər» nəzərdə tutulur. Yehova bu cür hisslər keçirən insanlara necə yanaşır? Valideyn ağlayan övladını qucağına alıb onu ovutduğu kimi Yehova da bizə bu cür «yaxındır». Xəyanətə və digər səbəbə görə məyus olanda, O, dərdimizə şərik olur, hayımıza yetir. Yehova sınmış qəlbimizi sarımağa, ruhumuzu dirçəltməyə hazırdır. Üstəlik, indiki çətinliklərimizə dözək deyə gələcəkdə bizi çoxlu gözəl şeylərin gözlədiyini xatırladır (Əşy. 65:17).

ÜMİDSİZLİKDƏN DOĞAN GÖZ YAŞLARI

15. Hizqiyyənin göz yaşlarına nə səbəb olmuşdu?

15 Yəhuda padşahı Hizqiyyə 39 yaşı olanda ölümcül xəstəliyə tutuldu. Əşiya peyğəmbər Hizqiyyəyə Yehovanın sözünü çatdırıb deyir ki, o bu xəstəlikdən öləcək (2 Pad. 20:1). Hizqiyyənin vəziyyəti ümidsiz görünürdü. Hizqiyyə bu xəbərdən bərk sarsıldı və «acı-acı ağladı». O Yehovaya hərarətlə dua etdi (2 Pad. 20:2, 3).

16. Yehova Hizqiyyənin göz yaşları içində etdiyi duaya necə cavab verdi?

16 Yehova Hizqiyyənin göz yaşları içində etdiyi yalvarışı eşitdi və ona yazığı gəldi. O, Hizqiyyəyə belə dedi: «Duanı eşitdim. Göz yaşlarını gördüm. Sənə şəfa verəcəyəm». Əşiya peyğəmbər vasitəsilə Yehova söz verdi ki, Hizqiyyənin ömrünü uzadacaq və Yerusəlimi aşşurluların əlindən qurtaracaq (2 Pad. 20:4—6).

17. Səhhətimizdə ciddi problemlər varsa, Yehova bizə necə dayaq olur? (Zəbur 41:3; həmçinin şəklə baxın.)

17 Bizim üçün dərs. Ola bilsin, hal-hazırda səhhətinizlə bağlı vəziyyət ümidsiz görünür. Bu zaman Yehovaya üz tutun, ağlaya-ağlaya da olsa Ona dua edin. Müqəddəs Kitab bizi əmin edir ki, Yehova «mərhəmətli Ata və hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli» verəcək (2 Kor. 1:3, 4). Bu gün biz Yehovadan bütün problemlərimizi aradan qaldırmasını gözləyə bilmərik, amma bizə dayaq olacağına arxayın ola bilərik. (Zəbur 41:3 ayəsini oxuyun.) Yehova müqəddəs ruhu vasitəsilə bizə dözmək üçün güc, hikmət və qəlb rahatlığı verir (Məs. 18:14; Filip. 4:13). O həmçinin bütün xəstəlikləri aradan qaldıracağına söz verərək bu ümid vasitəsilə bizə dayaq olur (Əşy. 33:24).

Yehova duamıza cavab olaraq bizə güc, hikmət və qəlb rahatlığı verir (17-ci abzasa baxın)


18. Ağır sınaqlarla üzləşəndə hansı ayələr sizə təsəlli verib? (« Göz yaşlarımızı silən ayələr» adlı çərçivəyə baxın.)

18 Yehovanın sözləri Hizqiyyəyə təsəlli vermişdi. Biz də Allahın Kəlamından təsəlli tapa bilərik. Orada yazılan sözlər həyatımızın ağır anlarında bizə təsəlli, qol-qanad verə bilər (Rom. 15:4). Qərbi Afrikada yaşayan bir bacıya xərçəng diaqnozu qoyulmuşdu. O buna görə tez-tez göz yaşı axıdırdı. Bacı bölüşür: «Mənə ən çox Əşiya 26:3 ayəsi təsəlli verir. Üzləşdiyimiz vəziyyəti çox vaxt dəyişə bilməsək də, bu ayə məni əmin edir ki, Yehovanın verdiyi qəlb rahatlığı vasitəsilə həmin çətinliyə münasibətimizi dəyişə bilərik». Bəs hədsiz dərəcədə ağır, hətta çıxılmaz görünən vəziyyətdə sizə ən çox hansı ayə təsəlli verir?

19. Bizi necə bir gələcək gözləyir?

19 Bu dünya sona yaxınlaşdıqca göz yaşlarımıza səbəb olacaq problemlər artacaq ki, azalmayacaq. Amma Hənnənin, Davudun və Hizqiyyənin nümunəsindən gördüyümüz kimi Yehova axıtdığımız göz yaşlarını görür. Bu Ona qəlb ağrısı verir. Göz yaşlarımızın hər bir damlası Yehova üçün dəyərlidir. Buna görə də çətin vəziyyətlərlə üzləşəndə dua edib dərhal ürəyinizi Yehovaya boşaldın. Özünüzü bacı-qardaşlardan təcrid etməyin. Bundan başqa, Müqəddəs Kitabı oxuyaraq Yehovanın verdiyi təsəllini duyun. Əmin ola bilərik ki, əgər sədaqətimizi qorusaq və dözüm göstərsək, Yehova mütləq bizə mükafat verəcək. Yehova söz verir ki, vaxtı çatanda kədər, xəyanət və ümidsizlik ucbatından axıtdığımız göz yaşlarını siləcək (Vəhy 21:4). O zaman biz yalnız sevinc göz yaşları axıdacağıq.

NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»