Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 48

NƏĞMƏ 97 Həyatımız Allahın Kəlamından asılıdır

Möcüzə ilə verilmiş çörək

Möcüzə ilə verilmiş çörək

«Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq» (YƏH. 6:35).

ƏSAS FİKİR

6-cı fəsildə İsanın çörək və balığı çoxaltmasından danışılır. Görək həmin hadisədən nə öyrənirik.

1. Qədimdə çörək insanların həyatında hansı yeri tuturdu?

 ÇÖRƏK Müqəddəs Kitabın yazıldığı dövrdə süfrənin əsas qidası sayılırdı (Yar. 14:18; Luka 4:4). Hətta o qədər önəmli idi ki, bəzən Müqəddəs Kitabda «çörək» deyiləndə ümumiyyətlə yemək, ruzi nəzərdə tutulur (Mət. 6:11, haşiyə; Yəh. 13:18). İsanın iki məşhur möcüzəsi çörəklə bağlı idi (Mət. 16:9, 10). Bu möcüzələrdən biri haqda Yəhya 6-cı fəsildə yazılıb. Gəlin bu hadisəni araşdıraq və görək oradan özümüz üçün nələr öyrənirik.

2. Minlərlə insanın çörəyə nə vaxt ehtiyacı yarandı?

2 Həvarilər bir xeyli təbliğ edəndən sonra İsa onları dincəlmələri üçün qayıqla Cəlilə dənizinin o tayına apardı (Mark 6:7, 30—32; Luka 9:10). Onlar Beytsəydada sakit bir əraziyə gəlib çıxdılar. Amma ora təzəcə gəlmişdilər ki, minlərlə insanın ora toplaşdığını gördülər. İsa onlara laqeyd yanaşmadı. Vaxt ayırıb Allahın Padşahlığı haqda danışdı və xəstələri sağaltdı. Hava artıq qaraldığından şagirdlər bu qədər insanın nə yeyəcəyinə görə narahat olmağa başladılar. Bəzilərinin, ola bilsin, yeməyə çox az nəyisə varı idi, əksəriyyətin isə ümumiyyətlə heç nəyi yox idi, kəndlərə gedib özlərinə yeməyə bir şey almalı idilər (Mət. 14:15; Yəh. 6:4, 5). Bəs İsa nə etdi?

İSA MÖCÜZƏ İLƏ ÇÖRƏK YETİRİR

3. İsa insanların ac olduğunu görüb nə etdi? (Həmçinin şəklə baxın.)

3 İsa həvarilərinə dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin» (Mət. 14:16). Amma bu qədər insanı doyurmaq mümkünsüz görünürdü. Orada 5 minə yaxın kişi var idi. Qadınlar və uşaqlar da daxil, haradasa 15 min insanı yedizdirmək lazım idi (Mət. 14:21). Andreas dedi: «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var. Amma bu qədər adam üçün bunlar nədir ki?» (Yəh. 6:9). Arpa çörəyi adətən kasıbların və digərlərinin yediyi çörək idi. Balaca balıqlar isə, yəqin, duzlanıb qurudulmuşdu. Uşaqdakı çörək və balıq bu qədər insana necə bəs edə bilərdi?!

İsa insanların həm ruhani, həm də fiziki tələbatlarının qayğısına qalırdı (3-cü abzasa baxın)


4. Yəhya 6:11—13 ayələrindən nə öyrənirik? (Həmçinin şəklə baxın.)

4 İsa insanlara qonaqpərvərlik göstərmək istəyirdi. Buna görə də onlara dedi ki, otluqda dəstə-dəstə əyləşsinlər (Mark 6:39, 40; Yəhya 6:11—13 ayələrini oxuyun). Sonra isə çörəyə və balığa görə Allaha şükür etdi. Bununla İsa göstərdi ki, ruzini yetirən Allahdır və buna görə Ona şükr etməliyik. Biz də istər tək olaq, istərsə də yanımızda kimsə olsun, yemək yeməzdən əvvəl Allaha dua etməliyik. Sonra İsa şagirdlərinə çörəyi paylamağı buyurdu. Hamı yeyib doydu, hələ artıq da qaldı. Heç nə zay olmasın deyə İsa artıq qalan tikələri yığmağı tapşırdı. Yəqin, onları başqa vaxt istifadə etmək üçün saxladılar. İsanın nümunəsindən israfçı olmamağı öyrənirik. Əziz valideynlər, bu hadisəni övladlarınızla araşdırıb onlara dua etməyin, qonaqpərvər və səxavətli olmağın vacibliyini öyrədə bilərsiniz.

Düşünün: «İsadan nümunə götürərək yeməkdən qabaq dua edirəm?» (4-cü abzasa baxın)


5. İnsanlar İsanın həmin gün etdiklərini görüb nəyə cəhd göstərdilər? Bəs İsa nə etdi?

5 İsanın təlim vermək tərzi və göstərdiyi möcüzələr insanları heyran qoymuşdu. Onlar Musa peyğəmbərin sözlərindən bilirdilər ki, Allah xüsusi peyğəmbər göndərəcək. Buna görə də, ola bilsin, İsanın həmin peyğəmbər olduğunu ehtimal edirdilər (Qan. 18:15—18). Yəqin, düşünürdülər ki, İsadan yaxşı başçı çıxar, o hətta bütün xalqı çörəklə təmin edər. Buna görə də «onu zorla padşah» etməyə çalışdılar (Yəh. 6:14, 15). Əgər İsa buna imkan versəydi, o, romalıların tabeliyində olan yəhudilərin siyasətinə qarışmış olardı. Bəs o belə etdi? Xeyr. Bildiyimiz kimi İsa gizlincə «dağa qalxdı». Bəli, İsa bu qədər təzyiqin qarşısında siyasətə qarışmadı. Bu bizim üçün çox mühüm dərsdir!

6. İsa kimi davranmaq istədiyimizi necə göstərə bilərik? (Həmçinin şəklə baxın.)

6 Aydın məsələdir ki, bu gün heç kim bizdən möcüzəvi şəkildə çörəyi çoxaltmağı və ya xəstələri sağaltmağı xahiş etməyəcək, yaxud bizi zorla padşah etməyə çalışmayacaq. Amma ola bilsin, onlar bizi seçkilərdə səs verməyə məcbur etsinlər, ya da hansısa insanın vəziyyəti yaxşılaşdıracağına inanıb ona dəstək olmağa sövq etsinlər. İsanın qoyduğu nümunə aydındır, o, siyasətə qarışmadı. Hətta belə dedi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəh. 17:14; 18:36). Bu gün də məsihilər İsa kimi düşünməyə və davranmağa çalışırlar. Biz onun Padşahlığını dəstəkləyirik, bu haqda şahidlik veririk və dua edirik (Mət. 6:10). Gəlin İsanın möcüzə ilə çörək yetirdiyi hadisəyə qayıdaq və görək ondan daha nə öyrənirik.

İsa nə yəhudilərin, nə də romalıların siyasətinə qarışmadı. Bununla da davamçılarına nümunə qoydu (6-cı abzasa baxın)


«ÇÖRƏKLƏ BAĞLI MÖCÜZƏ»NİN MƏNASI

7. İsa nələr etdi və həvariləri buna necə qarşılıq verdi? (Yəhya 6:16—20).

7 İsa camaatı yedizdirəndən sonra həvarilərinə qayıqla Kəfərnahuma qayıtmağı tapşırdı, özü isə onu padşah etməyə çalışan insanlardan qaçmaq üçün dağa qalxdı. (Yəhya 6:16—20 ayələrini oxuyun.) Həvarilər qayıqda olarkən fırtına qopdu, güclü külək əsdi, dalğalar coşdu. İsa suyun üstü ilə yeriyərək onların yanına gəldi. O, Butrusu da suyun üstü ilə yeriməyə çağırdı (Mət. 14:22—31). İsa qayığa minəndən sonra külək sakitləşdi. Onlar dedilər: «Sən, doğrudan da, Allahın Oğlusan» a (Mət. 14:33). Maraqlıdır ki, onlar bu sözləri İsa çörəklə bağlı möcüzə göstərəndə yox, hələ indi deyirdilər. Görün Mark eyni hadisə ilə bağlı nə yazmışdı: «[Həvarilər] heyrətə gəldilər, çünki onlar çörəklə bağlı möcüzədən nəticə çıxartmamışdılar. Onların zehni hələ də qapalı idi» (Mark 6:50—52). Onlar başa düşmürdülər, Yehova İsaya möcüzələr göstərmək üçün nə qədər böyük güc vermişdi. Bu hadisədən qısa müddət sonra İsa yenidən çörək möcüzəsindən danışdı. Gəlin görək onun dediklərindən nə öyrənirik.

8, 9. İnsanlar nəyə görə İsanı axtarırdılar? (Yəhya 6:26, 27).

8 İsanın verdiyi çörəyi yeyən insanları öz istəkləri və yemək maraqlandırırdı. Səhərisi gün onlar həmin yerə gələndə görürlər ki, İsa ilə həvariləri artıq orada deyillər. Onlar Təbəriyyədən gələn qayıqlara minib İsanı axtarmaq üçün Kəfərnahuma getdilər (Yəh. 6:22—24). Nəyə görə? Padşahlıq haqda daha çox şey öyrənmək istədikləri üçün? Xeyr, həmin insanlar İsadan çörək umurdular. Bunu haradan bilirik?

9 İnsanlar İsanı Kəfərnahum yaxınlığında tapanda görün nə olur. İsa onlara fikirlərinin ancaq qarınlarını doydurmaq olduğunu açıq deyir. Onlara bildirir ki, yeyib doyduqları çörək əslində «xarab olub gedən qida»dır. Buna görə də onları «əbədi həyat gətirən və daim qalan qidadan ötrü» çalışmağa təşviq edir. (Yəhya 6:26, 27 ayələrini oxuyun.) Yəqin, onlar qidanın əbədi həyat gətirdiyini eşidəndə məəttəl qalmışdılar. Görəsən, bu hansı qida idi və onlar bunu necə əldə edə bilərdilər?

10. Camaat əbədi həyatı almaq üçün nə etməli idi?

10 Görünür, həmin yəhudilər başa düşürdülər ki, bu qidanı əldə etmək üçün nəsə etməlidirlər. Bəlkə də, Musanın qanununa əməl etməli olduqlarını düşünürdülər. Amma İsa onlara belə cavab verir: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər» (Yəh. 6:28, 29). Əbədi həyatı almaq üçün Allahın göndərdiyi kəsə iman etmək lazımdır. İsa bundan öncə də bu haqda danışmışdı (Yəh. 3:16—18). O, əbədi həyatı almağın necə mümkün olduğu barədə hələ sonra da danışacaq (Yəh. 17:3).

11. Yəhudilərin fikirlərinin yalnız çörəkdə olduğunu nə göstərdi? (Zəbur 78:24, 25).

11 İsa yəhudilərə nəyin Allaha xoş getdiyini deyəndə onlar bunu qəbul etmək istəmədilər. İsaya dedilər: «Bir möcüzə göstər, biz də görüb sənə inanaq. Nə göstərə bilərsən?» (Yəh. 6:30). Onlar qeyd edir ki, Musanın dövründə əcdadlarına manna verilmişdi, bu isə bir növ çörək idi (Nəh. 9:15; Yəh. 6:31; Zəbur 78:24, 25 ayələrini oxuyun). Aydın görünür ki, bu yəhudilərin fikri hələ də hərfi çörəkdə idi. Hətta İsa sonra onlara «göydən gələn həqiqi çörək» haqda danışanda onlar bunun nə demək olduğunu heç İsadan soruşmadılar. Halbuki bu çörək mannadan fərqli olaraq onlara əbədi həyat verə bilərdi (Yəh. 6:32). Həmin yəhudilər üçün maddi tələbatlarını ödəmək o qədər vacib idi ki, İsanın onlara danışmaq istədiyi ruhani həqiqətlərə əhəmiyyət vermədilər. Bu hadisədən nə öyrənirik?

BİZİM ÜÇÜN ƏN VACİB OLAN NƏDİR?

12. İsanın sözlərinə əsasən həyatda nə daha vacibdir?

12 Yəhya 6-cı fəsildən öyrəndiyimiz əsas dərs budur: bizim başlıca məqsədimiz ruhani tələbatlarımızı ödəmək olmalıdır. Yadınızdadırsa, Şeytan İsanı sınağa çəkəndə İsa bu fikri vurğulamışdı (Mət. 4:3, 4). O, Dağüstü vəzində də Allaha ehtiyacımızı dərk etməyin vacibliyini qeyd etmişdi (Mət. 5:3). Buna görə də özümüzə belə sual verə bilərik: «Həyat tərzim nəyi göstərir? Mən, əsasən, ruhani tələbatlarımı ödəməyə can atıram, yoxsa maddi istəklərimi?»

13. a) Nəyə görə yeməkdən zövq almaqda səhv bir şey yoxdur? b) Hansı xəbərdarlığa ciddi yanaşmalıyıq? (1 Korinflilərə 10:6, 7, 11).

13 Fiziki ehtiyaclarımız barədə dua etməkdə və bu ehtiyaclarımızı təmin etməkdə pis bir şey yoxdur (Luka 11:3). Əlimizin zəhməti sayəsində biz yeyib-içirik. Bu, Allahdandır və bizə sevinc gətirir (Vaiz 2:24; 8:15; Yaq. 1:17). Bununla belə, maddi şeylər həyatımızda əsas yeri tutmamalıdır. Həvari Bulusun məsihilərə yazdığı məktub bunu aydın göstərir. O, qədimdə israillilərlə çöllükdə, o cümlədən Sina dağı yaxınlığında baş verən hadisələrdən danışır. Məsihilərə deyir ki, israillilər kimi «zərərli şeyləri» arzulamasınlar. (1 Korinflilərə 10:6, 7, 11 ayələrini oxuyun.) İsraillilər yeməyə qarşı o qədər acgöz idilər ki, hətta Yehovanın möcüzəvi şəkildə verdiyi manna onlar üçün «zərərli şey» oldu (Say. 11:4—6, 31—34). Qızıl dana hadisəsində də onların fikri-zikri yeyib-içməkdə, əylənməkdə idi (Çıx. 32:4—6). Bulus bu hadisələri eramızın 70-ci ilində Yerusəlimin məhvindən öncə yaşayan məsihilərə ibrət olsun deyə yazmışdı. Biz Şeytan dünyasının sonuna az qaldığı bir vaxtda yaşayırıq. Buna görə də Bulusun xəbərdarlığına ciddi yanaşmalıyıq.

14. Müqəddəs Kitabda qida ilə bağlı nə peyğəmbərlik olunub?

14 İsa «bugünlük çörəklə» bağlı dua etməyi öyrədən vaxt Yehovanın iradəsinin «göydə olduğu kimi, yerdə də» yerinə yetməsi barədə dua etməyi öyrətmişdi (Mət. 6:9—11, haşiyə). Həmin dövrü necə təsəvvür edirsiniz? Müqəddəs Kitaba əsasən Yehovanın Yer kürəsi ilə bağlı niyyətinə faydalı qidanın olması da daxildir. Əşiya 25:6—8 ayələrində deyilir ki, Allahın Padşahlığı hakimiyyət sürən zaman yer üzündə bol ləziz təamlar olacaq. Zəbur 72:16 ayəsində belə yazılıb: «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq». Sevdiyiniz çörəyi bişirməyi, yaxud yeni reseptləri sınaqdan keçirməyi həsrətlə gözləyirsiniz? Bundan əlavə, siz həm də üzüm bağları salıb onun barını yeyəcəksiniz (Əşy. 65:21, 22). Həmin vaxt bu gözəl nemətlər yer üzündə yaşayan hər kəsə nəsib olacaq.

15. Gələcəkdə diriləcək insanlar hansı təlimi alacaqlar? (Yəhya 6:35).

15 Yəhya 6:35 ayəsini oxuyun. İsanın verdiyi çörəkdən və balıqdan yeyən insanlara bir daha qayıdaq. Gələcəkdə dirilmə zamanı, ola bilsin, onlardan bəziləri ilə görüşəcəyik. Hətta keçmişdə onlar İsaya iman gətirməsələr də, ola bilsin, diriləcəklər (Yəh. 5:28, 29). Amma onlara İsanın dediyi bu sözlərin məğzini öyrənmək lazım gələcək: «Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq». Onlar fidyəyə, İsanın onların uğrunda öz həyatını qurban verdiyinə iman gətirməli olacaqlar. Həmin vaxt dirilənlər və Cənnətdə dünyaya gələn uşaqlar ruhani elm alacaqlar. Bu təlim proqramında iştirak etmək böyük bir xoşbəxtlik olacaq! Bu iş bizə yemək yeməkdən daha çox ləzzət gətirəcək. Bəli, ruhani işlər həyatımızın mərkəzində duracaq.

16. Növbəti məqalədə nəyi araşdıracağıq?

16 Bu məqalədə Yəhya 6-cı fəsildəki hadisənin bir hissəsini araşdırdıq. Amma İsadan «əbədi həyat»la bağlı öyrənəcəyimiz hələ çox şey var. O dövrdə yəhudilər İsanın sözlərinə diqqət yetirməli idi. Bu bizə də aiddir. Növbəti məqalədə Yəhya 6-cı fəslin davamını araşdıracağıq.

NƏĞMƏ 20 Əziz Oğlunu qurban verdin