Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Hər şeyi qoyub Ağanın ardınca getdim

Hər şeyi qoyub Ağanın ardınca getdim

«Təbliğə getsən, evə qayıtma. Qayıtsan, ayaqlarını sındıraram». Atamın bu hədəsi məni evdən getməyə məcbur etdi. Bu, Ağanın ardınca getmək üçün verdiyim ilk qurban idi. Onda mənim cəmi 16 yaşım var idi.

İSTƏYƏRDİM, sizə bu hadisəyə qədər həyatımda baş verənlər barədə danışım. Mən 1929-cu il, iyul ayının 29-u anadan olmuşam. Filippinin Bulakan əyalətinin kəndində böyümüşəm. İqtisadi böhran dövrü olduğundan kəndimizdə həyat səviyyəsi çox aşağı idi. Mən yeniyetmə olanda ölkədə müharibə başladı. Yaponiya ordusu Filippinə hücum etdi. Ölkənin ucqar ərazisində yaşadığımız üçün müharibənin kəndimizə birbaşa təsiri olmamışdı. Kəndimizdə radio, televiziya, qəzet kimi informasiya vasitələri olmadığından müharibə barədə xəbərləri yalnız ağızdan-ağıza eşidirdik.

Ailədə səkkiz uşaqdan ikincisi idim. Səkkiz yaşımdan sonra mənə bir müddət nənəmlə babam baxıb. Babam din məsələsində geniş düşünən insan idi, baxmayaraq ki, katolik idi. Dostları ona çoxlu dini nəşrlər verirdi və o, hamısını yığıb saxlayırdı. Bir dəfə o, mənə taqal dilində «Müdafiə», «Təhlükəsizlik», «İfşa» adlı bukletləri * və Müqəddəs Kitabı göstərmişdi. Mən Müqəddəs Kitabı oxumağı çox sevirdim, xüsusilə də, müjdələr hissəsini. Oxuduqlarım məni Məsih kimi yaşamağa təşviq etmişdi (Yəh. 10:27).

AĞANIN ARDINCA GETMƏK ÜÇÜN ATDIĞIM İLK ADDIMLAR

1945-ci ildə Filippinin Yaponlar tərəfindən işğalı sona çatdı. Elə bu ərəfələrdə valideynlərim mənim evə qayıtmağımı istədilər. Nənəmlə babam da məni dilə tutmağa başladı, beləcə, mən evimizə qayıtdım.

Bundan qısa müddət sonra, 1945-ci ilin dekabr ayında Anqat şəhərində yaşayan Yehovanın Şahidləri bizim kəndə təbliğ etməyə gəldi. Bir yaşlı qardaş bizə gəlib Müqəddəs Kitabda axırzamanla bağlı yazılanları danışdı (2 Tim. 3:1—5). O, bizi qonşu kənddə keçirilən Müqəddəs Kitab dərsinə dəvət etdi. Valideynlərim getmək istəməsə də, mən getdim. Orada təxminən 20 nəfər var idi; bəziləri Müqəddəs Kitabla bağlı suallar verirdi.

Bu insanların nədən danışdığını başa düşə bilmədiyim üçün durub getmək istəyirdim. Elə bu vaxt onlar həmd nəğməsi oxumağa başladılar. Nəğmə mənə elə güclü təsir etdi ki, getmək fikrindən daşındım. Nəğmədən və duadan sonra hamı növbəti bazar günü Anqatda keçiriləcək görüşə dəvət olundu.

Görüş Kruzlar ailəsinin evində keçirdi. Ora çatmaq üçün bəzilərimiz təxminən 8 kilometr yol getməli olduq. Görüşdə haradasa 50 nəfər var idi. Hətta uşaqların belə, Müqəddəs Kitabdakı dərin mövzularla bağlı şərhlər verdiyini görəndə məəttəl qalmışdım. Bir neçə görüşdən sonra Damian Santos adlı bir qardaş məni gecəni onlarda qalmağa dəvət etdi. Biz, demək olar, bütün gecəni Müqəddəs Kitabla bağlı söhbət etdik.

O vaxtlar Müqəddəs Kitabı araşdıran insan əsas təlimləri öyrənən kimi vəftiz ola bilərdi. Mən cəmi bir neçə görüşə gələndən sonra qardaşlar məndən soruşdular: «Vəftiz olmaq istəyirsən?» Mən «Ağa Məsihə xidmət» etmək istəyirdim, buna görə də dedim: «Bəli, istəyirəm» (Kol. 3:24). Biz yaxınlıqda yerləşən çayın kənarına getdik. Mən və başqa bir qardaş həmin çayda vəftiz olduq. Onda 1946-cı il, fevral ayının 15-i idi.

Mən başa düşürdüm ki, vəftiz olunmuş məsihi İsa Məsih kimi müntəzəm təbliğ etməlidir. Atam mənim təbliğ etməyimi istəmirdi. O deyirdi: «Sən təbliğ etmək üçün çox gəncsən. Sadəcə suya girib-çıxmağın səni təbliğçi etmir». Mən atama dedim: «Bu, Allahın tələbidir, biz Allahın Padşahlığı haqda müjdəni təbliğ etməliyik» (Mət. 24:14). Həmçinin dedim ki, mən Allaha verdiyim sözün üstündə durmalıyam. Bundan sonra atam mənə məqalənin əvvəlindəki sözləri dedi. O, qəti qərarlı idi ki, məni təbliğ etməyə qoymasın. Bu hadisə məni Yehovanın yolunda ilk qurbanı verməyə sövq etdi.

Kruzlar ailəsi məni Anqatda onlarla yaşamağa dəvət etdi. Onlar məni və kiçik qızları Noranı öncül olmağa təşviq edirdilər. 1947-ci ilin noyabr ayından ikimiz də öncül xidmətinə başladıq. Mən Anqatda, Nora isə başqa şəhərdə xidmət edirdi.

AĞANIN ARDINCA GETMƏK ÜÇÜN VERDİYİM NÖVBƏTİ QURBAN

Artıq üçüncü il idi ki, öncül idim. Filialdan gələn Erl Stüart qardaş Anqatda keçirilən görüşdə 500-dən artıq adamın qarşısında məruzə deyirdi. O, ingiliscə danışır, mən isə onun dediyi fikirləri yığcam şəkildə taqal dilinə tərcümə edirdim. Məktəbdə cəmi yeddi il oxusam da, müəllimlərimiz tez-tez ingiliscə danışdığı üçün bu dili müəyyən qədər bilirdim. Nəşrlərimizin çoxu taqal dilində olmadığı üçün onları ingilis dilində oxuyurdum. Bu da mənə ingilis dilini yaxşılaşdırmağa kömək etmişdi və mən ingilis dilini kifayət qədər başa düşürdüm. Buna görə də qardaşın məruzəsini və sonra başqa məruzələri də tərcümə edə bilmişdim.

Həmin gün Erl qardaş yığıncaqda qeyd etdi ki, xüsusi təyinatlı müjdəçilər Nyu-Yorkda (ABŞ) keçirilən «Teokratiyanın inkişafı» adlı toplantıya (1950-ci il) getdiyi üçün filial Beytelə bir və ya iki qardaş dəvət etmək istəyir. Dəvət olunan qardaşlardan biri mən idim. Mən yenə də öyrəşdiyim yeri tərk etməli idim, bu dəfə Beyteldə kömək etmək üçün.

Yeni təyinatıma başlayanda, yəni Beytelə gələndə 1950-ci il, iyun ayının 19-u idi. Beytel binası bir hektarlıq ərazidə yerləşən böyük və köhnə tikili idi. Binanın ətrafında böyük ağaclar bitirdi. Burada təxminən on subay qardaş xidmət edirdi. Mən səhər tezdən mətbəxdə kömək edirdim. Sonra haradasa saat doqquzdan nahara qədər camaşırxanada paltar ütüləyirdim. Nahardan sonra eyni qrafiklə işimi davam etdirirdim. Xüsusi təyinatlı müjdəçilər beynəlxalq toplantıdan qayıdandan sonra da Beyteldə qaldım. Mənə hansı işi tapşırırdılar, o işi də görürdüm; jurnalları bükür, abunə işinə baxır və qəbul şöbəsində xidmət edirdim.

FİLİPPİNİ TƏRK EDİB GİLAD MƏKTƏBİNƏ GEDİRƏM

1952-ci ildə mən və Filippindən olan daha altı qardaş Gilad məktəbinin 20-ci sinfində oxumağa dəvət olunduq. Mən çox həyəcanlanırdım! Birləşmiş Ştatlarda gördüyümüz çox şey bizim üçün yeni idi. Burada həyat bizim balaca kəndimizdəki həyatdan tamam fərqlənirdi.

Gilad məktəbində sinif yoldaşlarımla

Misal üçün, burada əvvəllər görmədiyimiz elektrik avadanlıqlar və qab-qacaqlar var idi, biz onlardan istifadə etməyi öyrənməli olduq. Buranın havası da tamamilə başqa idi. Bir səhər bayıra çıxanda çox gözəl mənzərə gördüm: hər yan ağappaq idi. Həyatımda birinci dəfə idi ki, qar görürdüm. Sonra bu gözəl şeyin, çox soyuq olduğunu kəşf elədim.

Bu çətinliklər məktəbdə aldığımız təlimin gətirdiyi sevincin yanında heç nə idi. Müəllimlər çox effektiv təlim üsullarından istifadə edirdilər. Onlar bizə yaxşı araşdırma aparmağı, mütaliəni səmərəli keçirməyi öyrədirdilər. Gilad məktəbinin mənim bir məsihi kimi tərəqqi etməyimdə böyük rolu olub.

Məktəbi bitirəndən sonra məni müvəqqəti Nyu-York şəhərinin Bronks rayonuna xüsusi öncül təyin etdilər. Buna görə də, mən 1953-cü ilin iyul ayında burada keçirilən «Yeni dünyanın cəmiyyəti» adlı toplantıda iştirak edə bildim. Toplantıdan sonra məni yenə Filippinə təyin etdilər.

ŞƏHƏR HƏYATININ RAHATLIĞINI QOYUB GEDİRƏM

Filialdakı qardaşlar mənə dedilər ki, «bu dəfə sən səyyar xidmətə təyin olunursan». Bu təyinat Ağanın izləri ilə getmək üçün qarşımda çoxlu imkanlar açdı. Mən də onun kimi ucqar şəhər və kəndlərə gedərək Yehovanın xalqına kömək etməli idim (1 But. 2:21). Mən Filippinin ən böyük adası olan Mərkəzi Luson kimi böyük bir əraziyə təyinat almışdım. Bu əraziyə Bulakan, Nueva-Esiha, Tarlak, Zambales əyalətləri daxil idi. Bəzi şəhərlərə getmək üçün enişli-yoxuşlu Syerra-Madre dağlarını aşmaq lazım gəlirdi. Bu yerlərdə ictimai nəqliyyat yox idi. Mən odun daşıyan yük maşınlarının sürücülərindən xahiş edirdim ki, odunların üstündə oturum məni də aparsınlar. Adətən, onlar razılaşırdılar, amma sizə deyim ki, bu heç də rahat nəqliyyat vasitəsi deyildi.

Ziyarət etdiyim yığıncaqların çoxu kiçik və yeni olduğu üçün mən qardaşlara görüşləri və təbliğ xidmətini yaxşı şəkildə təşkil etməyə kömək edirdim.

Sonrakı təyinatım bütün Bikol bölgəsi idi. Bu bölgəyə, əsas etibarı ilə, ucqar ərazilərdə yerləşən çoxsaylı qruplar daxil idi. Qruplardakı xüsusi öncüllər Yehovanın Şahidlərinin heç vaxt ayağı dəyməyən yerlərdə təbliğ edirdilər. Buradakı bir evin tualeti quyudan ibarət idi. Quyunun ağzına iki taxta parçası qoyulmuşdu. Ayağımı taxtaların üstünə qoyan kimi, taxta qarışıq quyunun içinə düşdüm. Yuyunub-təmizlənməyə xeyli vaxtım getdi.

Bu ərazidə xidmət edəndə mənimlə eyni vaxtda öncül xidmətinə başlayan Nora bacı barədə fikirləşməyə başladım. Həmin vaxt o, Dumaqete şəhərində xüsusi öncül kimi xidmət edirdi. Bir gün mən Dumaqeteyə onu görməyə getdim. Sonra biz məktublaşmağa başladıq və 1956-cı ildə ailə qurduq. Toyumuzdan sonrakı həftə Rapu-Rapu adasındakı yığıncağı ziyarət etdik. Burada biz dağlar aşır, piyada xeyli yol gedirdik. Bu ucqar ərazilərdəki bacı-qardaşlara birlikdə baş çəkdiyimiz üçün çox xoşbəxt idik.

YENƏ BEYTELƏ TƏYİNAT ALIRAM

Nora ilə birlikdə haradasa dörd il səyyar xidmətdə iştirak edəndən sonra bizi Beytelə təyin etdilər. Beləcə, 1960-cı ilin yanvar ayından uzun illər davam edən Beytel xidmətimiz başlandı. Zamanla Yehovanın təşkilatında məsul işləri həyata keçirən qardaşlardan çox şey öyrəndim. Nora da Beyteldə müxtəlif işlər görürdü.

Toplantıda məruzə deyirəm, qardaş isə sebuan dilinə tərcümə edir

Beyteldə xidmət etmək mənə Filippində təbliğ sahəsindəki güclü artımı görmək sevincini yaşadır. Mən subay və gənc vaxtı birinci dəfə Beytelə gələndə Filippində təxminən 10 000 təbliğçi var idi. Hazırda burada təbliğçilərin sayı 200 000-ə çatıb. Beyteldə isə təbliğ işini dəstəkləyən yüzlərlə bacı-qardaş xidmət edir.

Vaxt keçdikcə Beytel ərazisini böyütməyə ehtiyac yarandı. Rəhbərlik Şurası bizə yeni, daha böyük bina tikmək üçün münasib torpaq sahəsi tapmağı tapşırdı. Çapxana nəzarətçisi ilə birgə qonşu evləri gəzərək torpaq sahəsi axtarmağa başladıq. Heç kəs torpağını satmaq istəmirdi, hətta bir kişi bizə dedi ki, «biz çinlilər satmırıq, ancaq alırıq».

Albert Şröder qardaşın məruzəsini tərcümə edirəm

Amma bir gün gözlənilməz hadisə baş verdi: qonşulardan biri Birləşmiş Ştatlara köçdüyü üçün bizə onun torpağını almağı təklif etdi. Bundan sonra inanılmaz şeylər oldu. Başqa qonşu da torpağını satmaq istədi və o biri qonşuları da dilə tutdu ki, onlar da satsın. Hətta «biz çinlilər satmırıq» deyən kişi də torpağını bizə satdı. Qısa bir müddətə filialın sahəsi üçqat böyüdü. Mən əminəm ki, bu, Yehovanın istəyi idi.

1950-ci ildə mən Beytel ailəsinin ən gənc üzvü idim. Bu gün isə mən və həyat yoldaşım bu ailənin ən qocaman üzvləriyik. Ağa məni hara göndərsə, ora da gedirdim və buna görə əsla peşman deyiləm. Ailəm məni evdən qovsa da, Yehova Allah mənə iman bacı-qardaşlarımdan ibarət böyük bir ailə nəsib etdi. Mən zərrə qədər də şübhə etmirəm ki, harada xidmət edirik-edək, Yehova bütün ehtiyaclarımızı ödəyəcək. Nora və mən bizə verdiyi bütün nemətlərə görə Yehovaya ürəkdən minnətdarıq. Biz başqalarını da Yehovanı sınayıb Onun kəramətini dadmağa təşviq edirik (Məl. 3:10).

İsa Məsih Mətta adlı vergiyığana «ardımca gəl» deyəndə «o, hər şeyi qoyub ayağa qalxdı və İsanın ardınca getdi» (Luka 5:27, 28). Mən də onun kimi hər şeyi qoyub Ağanın ardınca getdim. Siz də belə edin və saysız nemətlər dadın!

Filippində Yehovanın işinə töhfə verə bildiyim üçün xoşbəxtəm

^ abz. 6 Yehovanın Şahidləri tərəfindən dərc edilib, artıq çap olunmur.