Kontentə keç

Mündəricatı göstər

Valideynlər, övladınıza xilasa aparan hikmət verin

Valideynlər, övladınıza xilasa aparan hikmət verin

«Sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən bilirsən. Bu hikmət... səni xilasa çatdıracaq» (2 TİM. 3:15).

NƏĞMƏ: 141, 134

1, 2. Nəyə görə bəzi valideynlər uşaqları vəftiz olmaq istəyəndə həyəcan keçirirlər?

HƏR il minlərlə insan həyatını Yehova Allaha həsr edib vəftiz olur. Bu sayın böyük qismi uşaqlıqdan Yehovanı tanıyan və Ona ibadəti öz həyat yolu edən gənclərin payına düşür (Zəb. 1:1—3). Bir məsihi valideyn kimi, yəqin siz də övladınızın vəftiz olacağı günü səbirsizliklə gözləyirsiniz. (3 Yəhya 4 ayəsi ilə müqayisə edin.)

2 Amma eyni zamanda, ola bilsin, bir sıra şübhələr sizi narahat edir. Bəlkə də siz bəzi gənclərin vəftiz olandan bir müddət sonra məsihi qanunlarına uyğun yaşamaq istəmədiyini, hətta bəzilərinin həqiqət yolundan uzaqlaşdığını görmüsünüz. Bütün bunlar sizdə narahatlıq yarada bilər, birdən mənim də övladım Yehovaya xidmət etməyə başlayar, amma sonra imanı zəifləyər. Qorxursunuz ki, birdən Efes yığıncağındakı bəzi məsihilər kimi, onun da Yehovaya ilk məhəbbəti soyuyar (Vəhy 2:4). Bəs siz bir valideyn kimi nə edə bilərsiniz ki, qorxduğunuz şeylər övladınızın başına gəlməsin? Ona böyüyüb xilasa yetişməyə necə kömək edə bilərsiniz? (1 But. 2:2). Timutinin həyatını nəzərdən keçirməklə bu suallara cavab tapacağıq.

«MÜQƏDDƏS YAZILARI... BİLİRSƏN»

3. a) Timuti nə vaxt məsihi olmuşdu və o, öyrəndiklərinə necə yanaşırdı? b) Bulus Timutiyə yazdığı məktubda onun Müqəddəs Yazılardan öyrəndiyi biliklə bağlı hansı üç məqamı vurğulamışdı?

3 Timutinin Məsihi dini ilə tanışlığı eramızın 47-ci ilinə, həvari Bulusun Listranı ilk dəfə ziyarət etdiyi vaxtlara təsadüf edir. Görünür, həmin vaxt o, yeniyetmə olub, amma buna baxmayaraq, öyrəndiklərini tətbiq edir və artıq iki ildən sonra həvari Bulusu səyyar xidmətdə müşayiət etməyə başlayır. Üstündən təxminən on altı il keçəndən sonra Bulus Timutiyə yazmışdı: «Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal, axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən. Bundan başqa, sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları [Tövratı] körpəlikdən bilirsən. Bu hikmət Məsih İsaya gətirdiyin iman vasitəsilə səni xilasa çatdıracaq» (2 Tim. 3:14, 15). Burada həvari üç məqama toxunur: 1) Müqəddəs Yazıları bilmək, 2) öyrəndiyi şeylərin doğruluğuna əmin olmaq, 3) Məsih İsaya iman vasitəsilə xilasa aparan hikmətə yiyələnmək.

4. Uşağınızın tərbiyəsində hansı vəsaitlər karınıza gəlib? (Məqalənin əvvəlindəki şəklə baxın.)

4 Sözsüz, bir məsihi valideyn kimi arzulayırsınız ki, sizin də övladınız Timuti kimi, Allahın Kəlamını yaxşı bilsin. Qavrama qabiliyyətindən asılı olaraq, hətta azyaşlı uşaqlar belə, Müqəddəs Kitabda adı çəkilən insanlar, hekayələr barədə müəyyən bilikləri mənimsəyə bilər. Valideynlərə uşaqlarının tərbiyəsində kömək məqsədi ilə sadiq və ağıllı nökər çoxsaylı vəsaitlər təqdim edib. Sizin dilinizdə onlardan hansı var? Unutmayın, uşağınızın Yehova Allahla dostluğu Müqəddəs Kitabdan aldığı biliklərdən asılıdır.

«DOĞRULUĞUNA ƏMİN» OLMAQ

5. a) Timutinin öyrəndiyi şeyin «doğruluğuna əmin» olması nə deməkdir? b) Timutinin Məsih haqqında müjdənin doğruluğuna əmin olduğu nədən görünür?

5 Düzdür, Müqəddəs Kitabdan bilik almaq vacibdir. Bununla belə uşağınıza təkcə Müqəddəs Kitabdakı personajlar və hekayələr haqqında öyrətməklə kifayətlənməyin. Məsələn, Timuti öyrəndiyi şeylərin doğruluğuna əmin olmuşdu. Yəni o, bu şeylərin həqiqət olduğuna şəkk-şübhəsiz inanırdı. Timuti Tövratı uşaq vaxtından bilirdi. Sonralar o, əsaslı dəlillərin sayəsində İsanın Məsih olduğuna əmin olmuşdu. Başqa sözlə, Timuti dəlilləri araşdıraraq biliyini möhkəmləndirmişdi. Nəticədə, həqiqət yoluna əminliyi o dərəcədə güclənmişdi ki, Timuti vəftiz olmuş və həvari Bulusla birgə təbliğ səyahətinə çıxmışdı.

6. Uşağınıza Müqəddəs Kitabdan aldığı biliklərin doğruluğuna əmin olmağa necə kömək edə bilərsiniz?

6 Siz uşağınıza Timuti kimi, öyrəndiyi şeylərin doğruluğuna əmin olmağa necə kömək edə bilərsiniz? Əvvəla, səbirli olun. Əminlik bir gecənin içində yaranmır. Bir də, gözləməyin ki, sizdəki əminlik mütləq uşağınıza da sirayət edəcək. Uşaq özü ağlını işlətməklə qəlbində Müqəddəs Kitabda yazılanların həqiqət olduğuna əminlik yetişdirməlidir. (İbranilərə 5:14 ayəsini oxuyun.) Amma bir valideyn kimi sizin bu işdə uşağa böyük köməyiniz dəyə bilər, xüsusən də o, suallar verəndə. Gəlin görək bir ata bunu necə edir.

7, 8. a) Bir məsihi ata qızına nəyisə başa salanda necə səbir göstərir? b) Bəs sizdən hansı hallarda səbir tələb olunur?

7 On bir yaşında qızı olan Tomas deyir: «Qızım hərdən belə suallar verir: “Yehova dünyanı təkamül vasitəsilə yarada bilməzdi ki? Biz niyə ictimai işlərdə, məsələn, seçkilərdə iştirak etmirik, bəlkə, bu yolla dünyadakı vəziyyəti düzəltmək olar?” Özümü zorla saxlayıram ki, qəti cavab verməyim. Axı faktı böyük bir daş kimi uşağın qarşısına qoymaqla onda əminlik yaratmaq mümkün deyil. Bunun üçün xırda daşlardan, yəni dəlillərdən istifadə etmək lazımdır».

8 Tomas qardaşın da sözlərindən gördüyümüz kimi uşağı öyrətmək səbir tələb edir. Səbir təkcə valideynlər üçün yox, bütün məsihilər üçün vacib xüsusiyyətdir (Kol. 3:12). Tomas qardaş bilir ki, qızının öyrəndiyi şeylərin həqiqət olduğuna əmin olması üçün vaxt keçməlidir, onunla bu barədə hələ çoxlu söhbət etmək, ona Müqəddəs Kitabdan dəlillər gətirmək lazımdır. O deyir: «Həyat yoldaşımla mən həmişə, xüsusən də, vacib mövzularda əmin olmağa çalışırıq ki, qızımız öyrəndiklərinə ürəkdən inanır və başa düşür. O, suallar verəndə sevinirəm. Amma suallar verməsə, hər dediyimizlə razılaşsa, çox narahat olaram».

9. Uşağınıza Müqəddəs Kitaba inanmağa necə kömək edə bilərsiniz?

9 Valideyn uşağı səbirlə öyrədərsə, o, yavaş-yavaş «həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini» qavrayacaq (Efes. 3:18). O, uşağı öyrədəndə onun yaşını və götürmə qabiliyyətini nəzərə almalıdır. Öyrəndiklərinin doğruluğuna əmin olduqca uşaq sinif yoldaşlarının, eləcə də digər insanların qarşısında imanı barədə cəsarətlə danışacaq (1 But. 3:15). Məsələn, uşağınız «insan öləndə nə baş verir?» sualına Müqəddəs Kitab vasitəsilə cavab verə bilərmi? Müqəddəs Kitabın bu suala verdiyi cavab onun özünə məntiqli gəlirmi *? Düzdür, uşağa Allahın Kəlamını aşılamaq səbir tələb edən işdir. Amma buna dəyər (Qan. 6:6, 7).

10. Uşaqlara iman yolunda təlim verməyə kömək edən ən güclü vasitə hansıdır?

10 Sözsüz, valideynin qoyduğu nümunə də uşağın iman yolundakı əminliyinə güclü təsir edir. Üç qız anası olan Stefani deyir: «Qızlarım hələ uşaq ikən özümdən soruşurdum: “Heç onlara Allaha nəyə görə inandığım, Onun bizi sevdiyinə, yollarının haqq olduğuna nəyə görə əmin olduğum barədə danışıram? Onlar mənim Yehovanı ürəkdən sevdiyimi aydın görə bilir?” Özüm öyrəndiklərimin həqiqət olduğuna əmin deyiləmsə, övladlarımdan bunu gözləyə bilmərəm».

XİLASA APARAN HİKMƏT

11, 12. Hikmət nədir və nəyə görə bu, təkcə insanın yaşı ilə ölçülmür?

11 Artıq gördüyümüz kimi, Timuti 1) Müqəddəs Yazıları bilirdi və 2) öyrəndiyi şeylərin doğruluğuna əmin idi. Bəs həvari Bulus Müqəddəs Yazılar Timutini xilasa çatdıracaq hikmət verməyə qadirdir deyəndə nəyi nəzərdə tuturdu?

12 «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 2-ci cildində deyilir ki, Müqəddəs Kitabda hikmət sözü altında «bilik və anlayışdan düzgün istifadə edərək problemləri həll etmək, təhlükələrdən qaçmaq və ya onların qarşısını almaq, məqsədlərə çatmaq və faydalı məsləhətlər vermək» nəzərdə tutulur. «Hikmət axmaqlığın tam əksidir». Müqəddəs Kitabda deyilir: «Axmaqlıq uşağın ürəyində kök salar» (Məs. 22:15). Deməli, hikmət yetkinliyin əlamətidir. Amma yetkinlik, sadəcə yaşla gələn xüsusiyyət deyil. İnsan Allah xofu ilə yaşadıqca və Allahın əmrlərinə əməl etdikcə yetkinləşir. (Zəbur 111:10 ayəsini oxuyun.)

13. Gəncin xilasa aparan hikmətə yiyələndiyi nədən görünür?

13 Ruhani cəhətdən yetkin gənci cismani arzuları və həmyaşıdlarının təzyiqi külək kimi ora-bura aparmır, dəniz dalğaları kimi, atıb-tutmur (Efes. 4:14). Əksinə o, «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa» öyrəşdirir (İbr. 5:14). O, valideynləri və böyüklər yanında olmayanda belə, hikmətli qərarlar verməklə yetkinliyə can atdığını göstərir (Filip. 2:12). Məhz bu cür hikmət xilasa aparır. (Məsəllər 24:14 ayəsini oxuyun.) Övladınızın bu cür hikmətə yiyələnməsi üçün nə edə bilərsiniz? Hər şeydən əvvəl əmin olun ki, övladınız sizin hansı dəyərlərə sahib olduğunuzu aydın görür. Sözləriniz və əməllərinizlə onlara Müqəddəs Kitabda yazılan dəyərlərə sahib olduğunuzu göstərin (Rom. 2:21—23).

Nəyə görə valideyn övladına davamlı kömək etməlidir? (14—18 abzaslara baxın)

14, 15. a) Vəftiz olmaq istəyən gənc hansı vacib məqamların üzərində düşünməlidir? b) Uşağınıza Allaha itaət etməyin insanın xeyrinə olduğunu başa düşməyə necə kömək edirsiniz?

14 Övladınızın imanını möhkəmləndirmək üçün ona sadəcə nəyin doğru, nəyin yanlış olduğunu demək kifayət deyil. Uşağınıza bu kimi suallar verərək onu düşünməyə vadar edin: Nəyə görə insanı özünə cəlb edən bəzi şeylər Müqəddəs Kitabda qadağan olunur? Müqəddəs Kitabdakı qanunların sənin xeyrinə olduğuna nəyə görə inanırsan? (Əşy. 48:17, 18).

15 Əgər övladınız vəftiz olmaq istəyirsə, ona vəftizin nə dərəcədə məsuliyyətli addım olduğunu başa salın. Vəftiz olmağın hansı nemətləri gətirdiyini, hansı qurbanları tələb etdiyini, nemətlərin qurbanlardan qat-qat artıq olduğunu görməyə kömək edin (Mark 10:29, 30). Vəftizdən əvvəl uşağınızla bunu müzakirə etmək mütləqdir, çünki vəftizdən sonra, demək olar, hamı bu şeyləri yaşayır. Övladınıza Allaha itaətkar olmağın insana hansı faydanı gətirdiyi, itaətsizliyin hansı acıları yaşatdığı barədə düşünməyə kömək etsəniz, çox ehtimal ki, o, hər şeydə Müqəddəs Kitabdakı qanunlara itaət etməyin xeyirli olduğunu başa düşəcək (Qan. 30:19, 20).

VƏFTİZ OLUNMUŞ GƏNCİN İMANI SINANANDA

16. Vəftiz olunmuş gəncin həqiqət yolu ilə bağlı şübhələri yarananda valideyn nə etməlidir?

16 Bəs əgər vəftiz olunandan sonra övladınızın məsihi yolu ilə bağlı müəyyən şübhələri yaranarsa, ona necə kömək edə bilərsiniz? Məsələn, dünyadakı şeylər onu özünə cəlb etməyə başlayarsa, Müqəddəs Kitab prinsiplərinə əsasən yaşamağın doğru olduğuna şübhə ilə yanaşarsa, bunu necə qarşılayarsınız? (Zəb. 73:1—3, 12, 13). Nəzərə alın ki, göstərdiyiniz münasibət uşağınızın Yehovanın yolunda qalıb-qalmayacağına təsir edə bilər. Fərqi yoxdur, övladınız hələ uşaqdır, yoxsa yeniyetmədir, belə hallar yarananda onunla qətiyyən mübahisə etməyin. Çalışın ona məhəbbət göstərəsiniz və kömək əlinizi uzadasınız.

17, 18. Övladınızda şübhələr yaranırsa, ona necə kömək edə bilərsiniz?

17 Bütün məsihilər kimi, sizin övladınız da vəftizdən əvvəl duada Yehovaya Onu sevəcəyinə, Onun iradəsini hər şeydən üstün tutacağına söz verərək həyatını Ona həsr edib. (Mark 12:30 ayəsini oxuyun.) Yehova üçün bu çox ciddi məsələdir, əhd verən insan da buna eyni cür yanaşmalıdır (Vaiz 5:4, 5). Münasib bir vaxtda və mülayim şəkildə verdiyi sözü onun yadına salın. Amma əvvəlcə yaxşı olardı ki, sadiq nökərin valideynlərə kömək məqsədi ilə təqdim etdiyi vəsaitləri incələyib araşdırasınız. Sonra uşağınıza həyatını Yehovaya həsr edib vəftiz olmağın ciddi addım olduğu, həmçinin insana çoxlu nemətlər bəxş etdiyi barədə danışın.

18 Sizə kömək edəcək vəsaitlərdən biri «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabıdır (1-ci cild). Kitabın sonunda yerləşən «Valideynlərin sualları» adlı əlavədə valideynlərə belə bir məsləhət verilir: «Yaxşı olardı ki, uşağınızın həqiqəti rədd etdiyi qənaətinə gəlməyə tələsməyəsiniz. Ola bilsin, problem tamamilə başqa şeydədir». Səbəb həmyaşıdların təzyiqi, tənhalıq hissi, yığıncaqdakı başqa gənclərin ruhani cəhətdən ondan daha tez inkişaf etməsi ola bilər. Kitabın əlavələr bölməsində həmçinin deyilir: «Razılaşın ki, yuxarıda sadalananların Müqəddəs Kitab təlimləri ilə heç bir əlaqəsi yoxdur. Bu səbəblər daha çox məsihi kimi yaşamağı çətinləşdirən şəraitlə əlaqəlidir — ən azından, hələlik». Həmin bölmədə imanı zəifləyən uşaqların valideynlərinə bir sıra tövsiyələr verilir. Onlar bu məsləhətlərin vasitəsi ilə övladlarına kömək edə bilərlər.

19. Valideynlər uşaqlarına xilasa aparan hikmətə sahib olmağa necə kömək edə bilər?

19 Bir valideyn kimi sizin çiyninizə övladınızı «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütmək kimi böyük məsuliyyət düşür (Efes. 6:4). Bu, məsuliyyət olmaqla yanaşı, həm də böyük şərəfdir. Məqalədən gördüyümüz kimi, valideyn övladına, sadəcə Müqəddəs Kitabdakı bilikləri öyrətməməlidir, həmçinin ona öyrəndiklərinə iman aşılamalıdır. Güclü iman uşağı həyatını Yehovaya həsr etməyə, Ona sidqi-ürəkdən xidmət etməyə təşviq edəcək. Arzu edirik ki, Allahın Kəlamı, müqəddəs ruh və sizin əməyiniz övladınızda xilasa aparan hikmət yetişdirsin!

^ abz. 9 «Müqəddəs Kitab əslində nə öyrədir?» rubrikasında çıxan çalışma vərəqələri həm uşaqlara, həm də böyüklərə Müqəddəs Kitab təlimlərini başa düşməyə və başqalarına izah etməyə kömək edən çox gözəl vəsaitdir. Bu vərəqələr jw.org saytında bir çox dillərdə var. (MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK ÜÇÜN VƏSAİTLƏR bölməsinə baxın.)