Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Məsihi hamiləlikdən qorunma üsulu kimi uşaqlıqdaxili spiraldan (UDS) istifadə edə bilərmi?

Hər cütlük əvvəlcə bu üsulla bağlı bütün məlumatları və Müqəddəs Kitab prinsiplərini araşdırmalı və elə qərar verməlidir ki, Allahın önündə vicdanları təmiz qalsın.

Yehova Allah Adəmlə Həvvaya və Nuhun daşqınından sağ çıxan insanlara törəyib çoxalmağı buyurmuşdu (Yar. 1:28; 9:1). Müqəddəs Kitabda bu buyruğun məsihilərə də aid olduğu deyilmir. Buna görə uşaq sahibi olub-olmamaq, hamiləlikdən qorunma (kontraseptiv) üsullarından istifadə edib-etməmək kimi məsələlərdə qərar vermək hər cütlüyün öz ixtiyarındadır. Bəs qərar verəndə hansı amillər nəzərə alınmalıdır?

Əvvəla bunu demək lazımdır ki, məsihi istənilən ailə planlaşdırma metodunu Müqəddəs Kitabın işığında dəyərləndirməlidir. Məsələn, götürək abortu. Abort hələ doğulmamış insanı qəsdən həyatdan məhrum etməkdir. Məsihi heç vaxt bu üsulu seçməz, çünki bu, Müqəddəs Kitabdakı həyat ənamına hörmət prinsipini pozur (Çıx. 20:13; 21:22, 23; Zəb. 139:16; Ərm. 1:5). Bəs uşaqlıqdaxili spiraldan (hamiləliyin qarşısını almaq üçün uşaqlıq daxilinə yerləşdirilən qurğu) istifadə barədə nə demək olar?

Bu üsulla bağlı «Gözətçi qülləsi»nin 1979-cu il 15 may (30, 31-ci səh. (ing.)) sayında məqalə dərc olunmuşdu. Məqalə yazılan dövrdə əsas etibarı ilə plastik spirallardan istifadə olunurdu. Məqalədə qeyd olunurdu ki, bu spiralların necə təsir göstərdiyi tam məlum deyil. Amma bir sıra mütəxəssisin rəyinə görə, spirallar uşaqlıqda müəyyən reaksiya törədir, bu da spermaya yumurtahüceyrə ilə görüşüb onu mayalandırmağa mane olur. Mayalanma baş vermədən isə yeni həyatın yaranması qeyri-mümkündür.

Sözügedən məqalədə məsələ başqa tərəfdən də işıqlandırılır, spiraldan istifadə zamanı bəzi hallarda mayalanmanın baş verdiyi deyilirdi. Mayalanmış hüceyrə ya uşaqlıq borusunda böyüyür (uşaqlıqdankənar hamiləlik), ya da uşaqlığın içərisinə düşür. İkinci hal baş verəndə, spiral hüceyrənin uşaqlığın selikli qişasına girərək (implantasiya) ona yapışmasına mane olur, bununla da dölün normal inkişafının qarşısı alınır. Yəni inkişafda olan həyata son qoyulur, bu da ki, aborta bərabərdir. Məqalədə mövzuya belə yekun vurulurdu: «Allahın rizasını axtaran məsihi spiraldan istifadənin düzgün olub-olmadığını müəyyən edəndə Müqəddəs Kitabdakı həyat ənamına hörmət prinsipini əsas tutaraq bu məlumatı ciddi şəkildə götür-qoy etməlidir» (Zəb. 36:9).

1979-cu ildən bəri elm və tibb sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub.

Müasir dövrdə spiralın iki növü geniş istifadə olunmağa başlayıb: mis tərkibli və hormonal tərkibli. Mis spirallar Birləşmiş Ştatlarda 1988-ci ildən geniş yayılmağa başlayıb. Hormonal tərkibli spirallar isə 2001-ci ildə satışa buraxılıb. Bəs bu spirallar necə təsir göstərir?

Mis spirallar. Artıq deyildiyi kimi, spirallar spermanın uşaqlıqdan keçib yumurtahüceyrə ilə rastlaşmasına mane olur. Üstəlik, mis spirallar spermatozoidlərə qarşı məhvedici təsir göstərir *. Bu spirallar həmçinin uşaqlığın selikli qişasının xüsusiyyətlərini dəyişir.

Hormonal tərkibli spirallar. Bu spiralların tərkibində hamiləliyə qarşı həblərdəkinə oxşar hormon olur. Spiral bu hormonu uşaqlığa ifraz edir və məlumata görə, bəzi qadınlarda ovulyasiya prosesinin qarşısını alır. Ovulyasiya baş vermədiyi, yəni yumurtahüceyrə yaranmadığı üçün, mayalanma da baş tutmur. Bəzi rəylərə görə, hormonal tərkibli spiralların başqa funksiyaları da var. Onların buraxdığı hormon uşaqlığın selikli qişasını nazildir *. Bundan əlavə, uşaqlıq boynunda olan seliyi qatılaşdırır, bununla da spermatozoidlərin yolunda baryer yaradaraq onların uşaqlığa daxil olmasına mane olur.

Yuxarıda deyildiyi kimi, spiralların hər iki növü uşaqlığın selikli qişasının xüsusiyyətlərini dəyişir. Hətta ovulyasiya baş versə və yumurtahüceyrə mayalanıb uşaqlığa düşsə belə, selikli qişadakı əlverişsiz şəraitə görə implantasiya baş vermir. Bununla da hamiləlik pozulur. Lakin məlumata görə, belə «uğursuz» implantasiyaların baş vermə ehtimalı (kontraseptiv həblərin təsirində də olduğu kimi) çox azdır.

Xülasə, mis və ya hormonal tərkibli spiralların mayalanmanın qarşısını tamamilə aldığını qətiyyətlə iddia etmək olmaz. Bununla belə, elmi qənaətlər göstərir ki, sözügedən spiralların yuxarıda qeyd etdiyimiz təsirlərinə görə hamiləliyin baş vermə ehtimalı azdır.

Spiraldan istifadə etmək istəyən məsihi cütlük yaxşı olardı ki, mütəxəssislə məsləhətləşib spiralların hansı növlərinin satışda olduğunu soruşsun, onların qadın üçün müsbət və mənfi təsiri ilə bağlı məlumat alsın. Lakin onlar unutmamalıdır ki, qərar məsuliyyəti onların öhdəsinə düşür. Nə həkim, nə başqa kimsə onların yerinə qərar verməməlidir (Rom. 14:12; Qal. 6:4, 5). Və əlbəttə ki, qərarlarında Allahı razı salmaq, vicdanlarını təmiz saxlamaq arzusu əks olunmalıdır (1 Timutiyə 1:18, 19; 2 Timutiyə 1:3 ayələri ilə müqayisə edin).

^ abz. 10 İngiltərə Milli Səhiyyə xidmətinin verdiyi məlumata görə «tərkibində daha çox mis olan spirallar 99% effektivdir. Bu da o deməkdir ki, illik hesabla spiraldan istifadə edən 100 qadından 1-i hamilə qalır. Tərkibində misi az olan spiralların isə təsir gücü daha zəifdir».

^ abz. 11 Hormonal tərkibli spirallar uşaqlığın selikli qişasını naziltdiyi üçün bəzən həkimlər ağır aybaşı keçirən evli və subay qadınlara onlardan istifadə etməyi tövsiyə edir.