Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 6

Qadının başı kişidir

Qadının başı kişidir

«Qadının başı kişi, Məsihin başı isə Allahdır» (1 KOR. 11:3).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İCMAL *

1. Kiminlə ailə quracağını qərarlaşdırmazdan öncə subay bacı hansı sualların üzərində düşünməlidir?

BÜTÜN məsihilər mükəmməl başçı olan İsa Məsihin tabeliyindədir. Amma məsihi qadın ailə quranda qeyri-kamil kişinin başçılığı altında olur. Bu da öz növbəsində, müəyyən çətinliklər yaradır. Ona görə də qadın həyat yoldaşı seçəndə növbəti suallar üzərində yaxşıca düşünməlidir: «Bu qardaşın yaxşı ailə başçısı olacağını nə göstərir? Ruhani işlər onun həyatında vacib yeri tutur? Tutmursa, bəs nəyin əsasında düşünürəm ki, ailə qurandan sonra o, yaxşı ailə başçısı kimi ruhaniliyimizin qayğısına qalacaq?» Təbii ki, qadın özünə bu sualları da verməlidir: «Məndə ailəmizin xoşbəxtliyinə töhfə verəcək hansı xüsusiyyətlər var? Səbirliyəm? Səxavətliyəm? Yehova ilə münasibətlərim möhkəmdir?» (Vaiz 4:9, 12). Qadının ailə qurandan sonra nə qədər xoşbəxt olacağı, müəyyən dərəcədə, ailə qurmamışdan öncə verdiyi qərarlardan asılıdır.

2. Bu məqalədə nəyi araşdıracağıq?

2 Milyonlarla məsihi bacımız ərlərinə tabe olmaqda gözəl nümunədir. Onlar tərifə layiqdir! Bu sədaqətli qadınlarla birgə Yehovaya xidmət etmək bizə çox xoşdur! Bu məqalədə növbəti sualların cavabı araşdırılır: 1) Ailədə arvadların hansı çətinlikləri ola bilər? 2) Qadını ərinə tabe olmağa nə təşviq edir? 3) Məsihi ərlər və arvadlar İsanın, Abiqayilin, İsanın anası Məryəmin nümunəsindən tabeçiliklə bağlı nə öyrənə bilər?

MƏSİHİ ARVADLARIN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR

3. Nəyə görə nikahdan kamillik gözləməməliyik?

3 Nikah Allahın bəxş elədiyi kamil ənamdır, amma insanlar qeyri-kamildir (1 Yəh. 1:8). Elə bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, ailə quran cütlüklər «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Kor. 7:28). Gəlin görək qadınların üzləşdiyi bəzi çətinliklər hansılardır.

4. Nəyə görə qadına elə gələ bilər ki, ərə tabe olmaq onun ləyaqətini alçaldır?

4 Ola bilsin, aldığı tərbiyəyə görə qadın ərə tabeçiliyin onun ləyaqətini alçaltdığını düşünsün. Birləşmiş Ştatlarda yaşayan Marisol bacı deyir: «Böyüyüb boya-başa çatdığım ərazidə qadınların beyninə yeridilirdi ki, onlar hər şeydə kişilərlə eyni olmalıdır. Bilirəm ki, Yehova başçılıq quruluşu təsis edib; qadının rolu ərinə itaət etməkdir və bu rol şərəfli və vacibdir. Amma dünyanın təsiri ucbatından mənim üçün ərin başçılığına düzgün yanaşmaq bəzən çətin olur».

5. Bəzilərində arvadın rolu ilə bağlı Müqəddəs Kitaba əsaslanmayan hansı fikir var?

5 Başqa vəziyyət də ola bilər. Qadının ərə getdiyi kişi qadınlara ikinci dərəcəli insan kimi baxır. Cənubi Amerikada yaşayan İvon bacı deyir: «Yaşadığım ərazidə birinci kişilər yemək yeyir, sonra qadınlar. Qız uşaqları biş-düşlə, təmizlik işləri ilə məşğul olmalıdır. Oğlan uşaqlarına isə anaları və bacıları qulluq etməlidir. Oğlanlara deyirlər ki, siz evdə “padşahsınız”». Asiyada yaşayan Yinqlinq bacı deyir: «Bizim dilimizdə bir ifadə var, mənası odur ki, qadının savadlı olmasına, hansısa bacarığa yiyələnməsinə ehtiyac yoxdur. Qadın ondan ötrüdür ki, evin işini-gücünü görsün, onun ərinə öz fikrini deməyə ixtiyarı çatmır». Bu cür düşüncəsi olan ərin arvadına sevgisi yoxdur və o, Müqəddəs Kitaba zidd davranır; belə ər arvadının gününü qara edir, İsanın nümunəsini izləmir, Yehova da ondan narazıdır (Efes. 5:28, 29; 1 But. 3:7).

6. Ailəli qadın Yehova ilə münasibətlərini möhkəmləndirmək üçün nə etməlidir?

6 Öncəki məqalədə araşdırdığımız kimi, Yehova istəyir ki, ər ailənin ruhani, emosional və maddi tələbatını ödəsin (1 Tim. 5:8). Amma arvad özü də hər gün vaxt ayırıb Allahın Kəlamını dərindən mütaliə etməli, sidqi-ürəkdən Yehovaya dua etməlidir. Qadının gün ərzində işi-gücü çox olduğu üçün bu ona çətin gələ bilər. O düşünə bilər ki, vaxtı yoxdur, yaxud çox yorğundur. Amma bunları etmək çox vacibdir. Çünki Yehova istəyir ki, hər birimizin Onunla öz münasibəti olsun və bu münasibətləri möhkəm saxlayaq (Həv. 17:27).

7. Qadına öhdəsinə düşən rolu icra etməyə nə kömək edə bilər?

7 Aydındır ki, qadın üçün qeyri-kamil ərinə tabe olmaq çətin gələ bilər. Amma o başa düşsə ki, Müqəddəs Kitaba əsasən, nəyə görə ərinə tabe olmalıdır, onda Yehovanın buyurduğu kimi davranmaq daha asan olacaq.

QADINI ƏRİNƏ TABE OLMAĞA NƏ TƏŞVİQ EDİR?

8. Efeslilərə 5:22—24 ayələrinə əsasən, məsihi qadını ərinə tabe olmağa nə təşviq edir?

8 Qadın Yehova buyurduğu üçün ərinə tabe olmaq istəyir. (Efeslilərə 5:22—24 ayələrini oxuyun.) O, Yehovaya etibar edir, bilir ki, Yehova onu sevir, nə deyirsə, onun xeyri üçün deyir (Qan. 6:24; 1 Yəh. 5:3).

9. Qadının ərinin başçılığına tabe olması hansı bəhrələri gətirir?

9 Bu dünyada təlqin olunur ki, ərə tabeçilik qadını alçaldır. Bu düşüncənin təsiri altında çoxları Yehovanın təsis etdiyi başçılıq quruluşuna tabe olmurlar. Söz yox ki, bu cür fikirləri təlqin edən insanlar məhəbbətli Allahımızı tanımır. Yehova heç vaxt dəyərli qızlarının ləyaqətini alçaldan əmr verməz. Yehovanın buyruğuna əməl edərək ərinə tabe olan bacı ailəsində mehribançılıq yaradır (Zəb. 119:165). Bu həm onun özünün, həm ərinin, həm də övladlarının xeyrinədir.

10. Karol bacının dediklərindən özümüzə nə götürə bilərik?

10 Arvad qeyri-kamil ərinə tabe olanda Yehovaya, başçılığı təsis edən Allaha sevgisini və hörmətini sübut etmiş olur. Cənubi Amerikada yaşayan Karol bacı deyir: «Mən bilirəm ki, ərim səhvlər edəcək. Amma onu da bilirəm ki, Yehova ilə dostluğumu dəyərləndirirəmsə, ərimin səhvlərinə baxmayaraq, ona hörmətsizlik etməyəcəyəm. Ona görə də səmavi Atamın qəlbini şad etmək istədiyim üçün ərimə tabe olmağa çalışıram».

11. Anis bacıya bağışlayan olmağa nə kömək edir və biz ondan nə öyrənə bilərik?

11 Bacı görəndə ki, əri onun hisslərini, narahatlığını nəzərə almır, onda ona ərinə hörmət göstərmək və tabe olmaq çətin ola bilər. Görün Anis bacı belə məqamlarda nə edir: «Çalışıram, inciməyim. Axı hamımız səhvlər edirik. Məqsədim Yehova kimi ürəkdən bağışlamaqdır. Bağışlayanda qəlb rahatlığı tapıram» (Zəb. 86:5). Bağışlamağı bacaran qadına ərinə tabe olmaq daha asandır.

MÜQƏDDƏS KİTAB ÖRNƏKLƏRİ

12. Müqəddəs Kitabda hansı insanların nümunəsi var?

12 Bəziləri düşünür ki, itaətkar insan zəif insandır. Amma bu, qətiyyən belə deyil. Müqəddəs Kitabda itaətkar olan, amma eyni zamanda güclü xarakterə sahib olan çoxlu insanın nümunəsi var. Məsələn, onların sırasında İsanın, Abiqayilin və Məryəmin adını çəkmək olar. Gəlin görək onlardan nə öyrənə bilərik.

13. Nəyə görə İsa Yehovaya tabe olur? İzah edin.

13 İsa Yehovaya tabe olur, amma ona görə yox ki, o, əqlən zəif, yaxud bacarıqsızdır. Yalnız yüksək zəkaya sahib olan insan İsa kimi aydın və sadə şəkildə təlim verə bilərdi (Yəh. 7:45, 46). Yehova İsanın bacarığına o qədər etibar edirdi ki, hətta Kainatı yaradanda yanında çalışmasına izin vermişdi (Məs. 8:30; İbr. 1:2—4). İsa diriləndən sonra isə Yehova «göydə və yerdə bütün hakimiyyət»i ona verdi (Mət. 28:18). Baxmayaraq ki, İsa çox istedadlıdır, o, yenə də Allahın göstərdiyi yolla gedir. Çünki Onu sevir (Yəh. 14:31).

14. Ailə başçısı a) Yehovanın qadınlara münasibətindən, b) Məsəllər 31-ci fəsildə yazılan fikirlərdən nə öyrənə bilər?

14 Ərlər nə öyrənə bilər? Yehovanın qadını ərinin tabeliyində yaratması o demək deyil ki, O, qadını kişidən aşağı hesab edir. Bunu Yehova İsa ilə hakimiyyət sürmək üçün kişilərlə yanaşı, qadınları da seçməklə aydın göstərib (Qal. 3:26—29). Yehova İsaya səlahiyyət verməklə ona etibar etdiyini göstərib. Eynilə, hikmətli ər də arvadına müəyyən səlahiyyət həvalə edəcək. Allahın Kəlamında bacarıqlı qadın haqda deyilir ki, o, ev-eşiyə nəzarət edir, əmlak alır-satır, pul sövdələşmələri aparır. (Məsəllər 31:15, 16, 18 ayələrini oxuyun.) Qadın fikrini bildirmək haqqı olmayan qul deyil. Əksinə, əri ona etibar edir, onun təkliflərini dinləyir. (Məsəllər 31:11, 26, 27 ayələrini oxuyun.) Əgər ər arvadı ilə bu cür hörmətlə davransa, arvadı ona sevə-sevə tabe olacaq.

Bacarıqlı arvad İsanın Yehovaya tabe olmasından nə öyrənə bilər? (15-ci abzasa baxın)

15. Arvadlar İsanın nümunəsindən nə öyrənə bilər?

15 Arvadlar nə öyrənə bilər? Baxmayaraq ki, İsa böyük işlər görmüşdü, o, Yehovanın başçılığına tabe olmağın onu alçaltdığını düşünmürdü (1 Kor. 15:28; Filip. 2:5, 6). Eynilə, İsadan örnək alan bacarıqlı qadın da, ərinə tabe olmağın onun ləyaqətini alçaltdığını düşünməyəcək. O, ərinə dayaq olacaq, amma bunu tək onu sevdiyi üçün yox, ən əsası, Yehovanı sevdiyi və Ona hörmət etdiyi üçün edəcək.

Abiqayil əvvəlcə Davudla adamlarına ərzaq payı göndərir, sonra Davudun hüzuruna gəlir. O, yerə qədər təzim edir və Davuda yalvarır ki, qisas alıb qan tökməsin (16-cı abzasa baxın)

16. 1 İşmuil 25:3, 23—28 ayələrinə əsasən, Abiqayilin hansı çətinlikləri var idi? (Üz qabığındakı şəklə baxın.)

16 Abiqayilin Nabal adlı əri var idi. Bu kişi çox xudbin, təkəbbürlü və naşükür insan idi. Abiqayil istəsəydi, susub Davudla adamlarının ərini öldürməsinə göz yuma bilərdi və beləliklə, bu cür nikahdan asanlıqla canını qurtarardı. Amma belə etmədi. Nabalı və bütün ev əhlini qorumaq üçün hərəkətə keçdi. Təsəvvür edirsiniz, 400 əlisilahlı kişinin qarşısına çıxmaq üçün ona nə qədər cəsarət lazım idi? Üstəlik, o, hörmətcil şəkildə Davudla məsələ barədə danışmalı idi. Abiqayil hətta ərinin günahını öz üzərinə götürdü. (1 İşmuil 25:3, 23—28 ayələrini oxuyun.) Davud o dəqiqə başa düşdü ki, Yehova bu şücaətli qadının məsləhəti ilə onu ciddi günah etməkdən çəkindirir.

17. Ərlər Davud və Abiqayilin nümunəsindən nə öyrənə bilər?

17 Ərlər nə öyrənə bilər? Abiqayil çox dərrakəli qadın idi. Davud da ağıllı davranıb onun məsləhətinə qulaq asdı. Beləcə, o, qan töküb günaha batmadı. Eynilə, hikmətli ər vacib qərarlar verməzdən öncə arvadının fikirlərinə böyük əhəmiyyət verəcək. Ola bilsin, arvadının dedikləri onu ağılsız qərar verməkdən saxlayacaq.

18. Arvadlar Abiqayilin nümunəsindən nə öyrənə bilər?

18 Arvadlar nə öyrənə bilər? Yehovanı sevən və Ona ehtiramla yanaşan arvadın ailəsinin xoşbəxtliyində böyük rolu var. Hətta əri Yehovanın Şahidi olmasa da və ya Onun qayda-qanunlarına uyğun yaşamağa çalışmasa da, bacı ailəsinin rifahı üçün çox şey edə bilər. O, nikahına son qoymaq üçün yollar axtarmayacaq. Əksinə, öz hörmətcil davranışı və itaətkarlığı ilə ərinin ürəyində Yehovaya xidmət etmək istəyi oyatmağa çalışacaq (1 But. 3:1, 2). Ola bilər, əri onun gözəl davranışına baxmayaraq, Yehovaya xidmət etmək istəməsin. Buna baxmayaraq, Yehova bacının Ona sədaqət göstərərək ərinə tabe olmasını yüksək qiymətləndirir.

19. Arvad hansı halda ərinə itaət etməməlidir?

19 Məsihi arvadın əri ondan Allahın qanununu və ya prinsipini pozan bir şey tələb edərsə, qadın buna razılaşmayacaq. Tutaq ki, bacının əri onun imanına şərik deyil və ona deyir ki, yalan danışsın, oğurluq etsin, yaxud Müqəddəs Kitaba zidd olan hansısa əməl tutsun. Bütün məsihilər, o cümlədən ərdə olan bacılar da ilk növbədə Yehovaya itaət etməlidir. Buna görə də ər arvadını Allahın Kəlamındakı prinsipləri pozmağa təhrik edəndə o razılaşmamalıdır, mülayim, amma qəti şəkildə bunun səbəbini izah etməlidir (Həv. 5:29).

20-ci abzasa baxın *

20. Məryəmin Yehova ilə sıx münasibətə sahib olduğunu haradan bilirik?

20 Məryəmin Yehova ilə sıx münasibəti var idi. Görünür, Məryəm Müqəddəs Yazıları çox yaxşı bilirdi. Çünki Vəftizçi Yəhyanın anası olan İlsəba ilə söhbətində o, Tövratdan 20-dən çox sitat gətirmişdi (Luka 1:46—55). Bir məqama da diqqət yetirək. Baxmayaraq ki, Məryəm Yusifə nişanlı idi, Yehovanın mələyi əvvəlcə Yusifə görünməmişdi. Mələk ilk növbədə Məryəmlə danışmışdı, ona bildirmişdi ki, Allahın Oğlunu dünyaya gətirəcək (Luka 1:26—33). Yehova Məryəmin necə insan olduğunu bilirdi, əmin idi ki, o, İsanı sevəcək, onun qayğısına qalacaq. Şübhəsiz ki, Məryəm İsanın ölümündən və onun göylər həyatına dirilməsindən sonra da Yehova ilə sıx münasibətlərini qorumuşdu (Həv. 1:14).

21. Ərlər Məryəm haqda yazılanlardan nə öyrənə bilər?

21 Ərlər nə öyrənə bilər? Hikmətli ər sevinir ki, arvadı Müqəddəs Kitabı yaxşı bilir. Ər qorxuya düşmür ki, birdən arvadı onu üstələməyə çalışar. O başa düşür ki, Müqəddəs Kitaba və oradakı prinsiplərə yaxşı bələd olan qadın ailə üçün əsl xəzinədir. Söz yox ki, arvad daha savadlı olsa da, ailəvi ibadətə və digər ruhani fəaliyyətlərə başçılıq etmək ərin məsuliyyətidir (Efes. 6:4).

Qadınlar İsanın anası Məryəmdən mütaliə ilə bağlı nə öyrənə bilər? (22-ci abzasa baxın) *

22. Arvadlar Məryəmdən nə öyrənə bilər?

22 Arvadlar nə öyrənə bilər? Ailənin ruhani tələbatını ödəmək ərin üzərinə düşsə də, qadın özü də ruhani sağlamlığının qeydinə qalmalıdır (Qal. 6:5). O, fərdi mütaliə etmək və oxuduqlarının dərinliyinə varmaq üçün vaxt ayırmalıdır. Bunun sayəsində o, Yehovaya sevgisini və hörmətini qoruyacaq və ərinə tabe olmaq ona sevinc gətirəcək.

23. Arvadın itaətkar olması özünə, ailəsinə və yığıncağa necə fayda gətirir?

23 Yehovaya məhəbbətdən irəli gələrək ərlərinə itaət edən qadınlar başçılıq quruluşunu rədd edənlərdən fərqli olaraq, daha çox sevinc və məmnunluq duyur. Onlar gənc oğlanlara və qızlara gözəl nümunədir. Bundan əlavə, onlar nəinki öz ailələrində, həmçinin bütün yığıncaqda xoş ab-hava yaradır (Tit. 2:3—5). Bu gün Yehovaya sədaqətlə xidmət edənlərin böyük qismini qadınlar təşkil edir (Zəb. 68:11). Qadın və ya kişi olmağımızdan asılı olmayaraq, hər birimiz yığıncaqda vacib rol oynayırıq. Növbəti məqalədə danışacağıq ki, yığıncaqda öhdəmizə düşən rolu necə icra edə bilərik.

NƏĞMƏ 131 «Allahın birləşdirdiyini insan ayırmasın»

^ abz. 5 Yehovanın təsis etdiyi ailə quruluşunda qadın ərinə tabe olmalıdır. Ər-arvad bu quruluşa hörmətini necə göstərə bilər? Onlar İsa Məsihin və Müqəddəs Kitabda adları çəkilən qadınların nümunəsindən tabeçiliklə bağlı çox şey öyrənə bilər.

^ abz. 68 ŞƏKLİN İZAHI: Məryəm Vəftizçi Yəhyanın anası İlsəba ilə danışan zaman Tövrat kitabından əzbərdən ayələr sitat gətirmişdi.

^ abz. 70 ŞƏKLİN İZAHI: Məsihi qadın imanını möhkəm saxlamaq üçün Müqəddəs Kitabın mütaliəsinə vaxt ayırır.