Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 8

Sınaqlar zamanı sevincimizi qoruyaq

Sınaqlar zamanı sevincimizi qoruyaq

«Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın» (YAQ. 1:2).

NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz

İCMAL *

1, 2. Mətta 5:11 ayəsinə əsasən, üzləşdiyimiz sınaqlara necə yanaşmalıyıq?

İSA MƏSİH davamçılarının, sözün əsl mənasında, xoşbəxt olacağını vəd etmişdi. Bununla yanaşı, xəbərdar etmişdi ki, onlar çətinliklərlə üzləşəcək (Mət. 10:22, 23; Luka 6:20—23). Biz İsanın şagirdi olduğumuz üçün xoşbəxtik. Bəs ailəmiz bizə mane olursa, dövlət tərəfindən təqiblərə məruz qalırıqsa, iş və ya sinif yoldaşımız bizi pis hərəkətlərə vadar edirsə, hansı hissləri keçiririk? Ola bilər, bu şeylər bizdə narahatlıq doğurur.

2 İnsanlar təqiblərə sevindirici bir şey kimi baxmır. Ancaq Müqəddəs Kitab bizə məhz bunu buyurur. Şagird Yaqub yazmışdı ki, sınaqlarla üzləşərkən biz təlaşa düşməməliyik, əksinə, onları sevinclə qarşılamalıyıq (Yaq. 1:2, 12). İsa da demişdi ki, biz təqiblərə məruz qalsaq da, xoşbəxt olmalıyıq. (Mətta 5:11 ayəsini oxuyun.) Bəs sınaqlarla üzləşərkən sevinci qorumaq necə mümkündür? Yaqubun birinci əsrdəki məsihilərə yazığı məktubdan bununla bağlı çox şey öyrənə bilərik. Onun yazdığı bəzi fikirləri araşdırmazdan öncə gəlin görək həmin məsihilər hansı çətinliklərlə üzləşmişdilər.

BİRİNCİ ƏSRDƏKİ MƏSİHİLƏRİN ÜZLƏŞDİYİ SINAQLAR

3. Yaqub İsanın şagirdi olandan qısa müddət sonra nələr baş verdi?

3 İsanın qardaşı Yaqub şagird olandan qısa müddət sonra Yerusəlimdəki məsihilərə qarşı təqiblər başladı (Həv. 1:14; 5:17, 18). Şagird Stefan öldürüləndən sonra məsihilər «Yəhudiyyə və Səməriyyə bölgələrinə dağılışdı». Hətta bəziləri daha uzağa, «Kipr və Antakyaya gedib çıxdılar» (Həv. 7:58—8:1; 11:19). Sözsüz ki, onlar çoxlu çətinliklərlə üzləşmişdilər. Bütün bunlara baxmayaraq, onlar getdikləri hər yerdə xoş xəbəri canla-başla təbliğ edirdilər və Roma imperiyasının bir çox ərazilərində yığıncaqlar yaranmağa başladı (1 But. 1:1). Amma birinci əsrdəki məsihiləri qarşıda daha ağır dövr gözləyirdi.

4. Birinci əsrdəki məsihilərin başqa hansı çətinlikləri olmuşdu?

4 Birinci əsrdəki məsihilərin çətinliklərinin sayı-hesabı yox idi. Məsələn, eramızın təxminən 50-ci ilində Roma imperatoru «Klavdi bütün yəhudilərə Romadan çıxmağı əmr etmişdi». Buna görə də məsihiliyi qəbul edən yəhudilər öz evlərini tərk edib, başqa yerlərdə yaşamağa məcbur qalmışdılar (Həv. 18:1—3). Təxminən eramızın 61-ci ilində həvari Bulus yazmışdı ki, dindaşları camaat qarşısında təhqir olunur, zindana atılır, varları, yoxları talan olunur (İbr. 10:32—34). Üstəlik, digər insanlar kimi, bəzi məsihilər də kasıb idi və xəstəlikdən əziyyət çəkirdi (Rom. 15:26; Filip. 2:25—27).

5. Hansı sualları araşdıracağıq?

5 Yaqub eramızın 62-ci ilindən öncə məktubunu yazarkən bacı-qardaşların hansı sınaqlarla üzləşdiyini çox yaxşı bilirdi. Yaqub Yehovanın ilhamı ilə həmin məsihilərə sınaqlara baxmayaraq, sevinclərini qorumağa kömək edəcək bəzi məsləhətlər yazmışdı. Gəlin Yaqubun məktubuna nəzər salaq və növbəti sualların cavabını tapaq. Yaqub hansı sevincdən danışırdı? Məsihinin sevincini itirməsinə nə səbəb ola bilər? Hikmət, iman və cəsarət hansı sınaqla üzləşiriksə üzləşək, sevincimizi qorumağa necə kömək edə bilər?

MƏSİHİYƏ SEVİNC VERƏN NƏDİR?

Çırağın içindəki alov aramsız yandığı kimi, Yehovanın verdiyi sevinc də məsihinin ürəyində daima alovlanır (6-cı abzasa baxın)

6. Luka 6:22, 23 ayələrinə əsasən, məsihilər sınaqlarla üzləşəndə nəyə görə sevinə bilər?

6 Bəziləri düşünür ki, sağlam olsalar, çoxlu pulları olsa və yaxşı ailə münasibətləri olsa, onda xoşbəxt olarlar. Amma Yaqub Allahın ruhunun bəhrəsinin bir hissəsi olan sevincdən danışırdı. İnsanın bu cür sevincə sahib olması onun vəziyyətindən asılı deyil (Qal. 5:22). Məsihi Yehovanı razı saldığını, İsanın nümunəsini izlədiyini bildiyi üçün sevinc, başqa sözlə dərin xoşbəxtlik hissi duyur. (Luka 6:22, 23 ayələrini oxuyun; Kol. 1:10, 11.) Sevincimizi çırağın alovuna bənzətmək olar. Alov çırağın içində olduğu üçün o, küləyə və yağışa rəğmən, yanmağa davam edir. Eləcə də bizim həyatımızda nə baş verirsə versin, sevincimiz sönmür. Xəstə olmağımız, pulumuzun olmaması sevincimizin alovunu zəiflətmir. Ailə üzvləri və ya başqaları tərəfindən olunan təqiblər də onu söndürmür. Hər dəfə təqiblə üzləşəndə bu sevinc azalmır, daha da alovlanır. Üzləşdiyimiz iman sınaqları göstərir ki, biz Məsihin əsl şagirdləriyik (Mət. 10:22; 24:9; Yəh. 15:20). Elə buna görə də Yaqub yazmışdı: «Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın» (Yaq. 1:2).

Nəyə görə çətinlikləri poladdan kəskin alət düzəltmək üçün istifadə olunan oda bənzətmək olar? (7-ci abzasa baxın) *

7, 8. Sınaqlar nəticəsində imanımız necə möhkəmlənir?

7 Yaqub məsihilərin hətta ağır sınaqlara tab gətirməyə hazır olmasının daha bir səbəbini izah edir. O yazır: «Sınanmış imanınız sizdə dözüm hasil edir» (Yaq. 1:3). Sınaqları poladdan kəsici alət düzəltmək üçün istifadə olunan oda bənzətmək olar. Poladı hər dəfə qızdırıb soyutduqca daha da möhkəm olur. Eynilə də, biz sınaqlarla üzləşəndə imanımız möhkəmlənir. Məhz buna görə də Yaqub yazmışdı: «Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız» (Yaq. 1:4). Sınaqların imanımızı möhkəmləndirdiyini görəndə onlara sevinclə tab gətirə biləcəyik.

8 Yaqub həmçinin məktubunda göstərmişdi ki, nələr sevincimizi itirməyimizə gətirib çıxa bilər. İndi isə gəlin bu maneələr haqda danışaq və görək onları necə aşa bilərik.

SEVİNCİMİZƏ MANE OLAN ƏNGƏLLƏRİ AŞAQ

9. Nəyə görə bizə hikmət lazımdır?

9 Maneə: nə etməli olduğumuzu bilməmək. Çətinliklərlə üzləşən zaman biz Yehovanı razı salacaq, bacı-qardaşlara fayda gətirəcək və sədaqətimizi qorumağımıza kömək edəcək hikmətli qərarlar vermək istəyirik (Ərm. 10:23). Düzgün davranmaq və bizi təqib edənlərə düzgün cavab verə bilmək üçün bizə hikmət lazımdır. Nə edəcəyimizi bilməsək, özümüzü vəziyyətin qurbanı kimi hiss edəcəyik və asanlıqla sevincimizi itirəcəyik.

10. Yaqub 1:5 ayəsinə əsasən, hikmət sahibi olmaq üçün biz nə etməliyik?

10 Çıxış yolu: Yehovadan hikmət diləyin. Çətinliklərə sevinclə tab gətirmək üçün əvvəla Yehovaya dua etməliyik. Ondan hikmət diləməliyik ki, bizə düzgün qərar verməyə kömək etsin. (Yaqub 1:5 ayəsini və haşiyəni oxuyun.) Bəs Yehovanın dualarımıza dərhal cavab vermədiyini düşünürüksə, onda necə? Yaqub qeyd edir ki, biz daima diləməliyik. Bizim Yehovadan daima hikmət diləməyimiz Onu bezdirmir. Buna görə O bizə acıqlanmayacaq. Bizim səmavi Atamız Ondan hikmət diləyənə «səxavətlə» verir (Zəb. 25:12, 13). O, vəziyyətimizdən agahdır, bizə ürəyi yanır, bizə kömək etməyi çox istəyir. Əlbəttə ki, bunu bilmək bizə böyük sevinc bəxş edir! Bəs Yehova bizə hikməti hansı yolla verir?

11. Hikmətə yiyələnmək üçün daha nə etməliyik?

11 Yehova bizə Öz Kəlamı vasitəsilə hikmət verir (Məs. 2:6). Bunun üçün biz Allahın Kəlamını və ona əsaslanan nəşrləri mütaliə etməliyik. Amma məqsədimiz sadəcə bilik toplamaq olmalı deyil. Biz Allahın məsləhətinə əməl etməklə Onun hikmətinin həyatımıza yön verməsinə imkan verməliyik. Yaqub yazmışdı: «Həm də sözün icraçısı olun,.. onu təkcə eşitməklə kifayətlənməyin» (Yaq. 1:22). Biz Allahın məsləhətinə əməl edəndə daha sülhpərvər, mülayim və mərhəmətli oluruq (Yaq. 3:17). Bu məsləhətlər bizə istənilən sınağa sevincimizi itirmədən tab gətirməyə kömək edir.

12. Allahın Kəlamına yaxşı bələd olmaq nəyə görə vacibdir?

12 Allahın Kəlamı güzgü kimidir. Zəif cəhətlərimizi görməyə kömək edir və onları düzəltməyin yollarını öyrədir (Yaq. 1:23—25). Tutaq ki, Allahın Kəlamını mütaliə edəndə görürük ki, bizdə təmkin çatışmır. Yehovanın köməyilə biz mülayim olmağın yollarını öyrənirik. Beləcə, hansısa insan və ya problem ucbatından bizi özümüzdən çıxaracaq vəziyyət yarananda necə davranacağımızı bilirik. Biz mülayim olanda gərgin vəziyyətin öhdəsindən daha yaxşı gəlirik, daha aydın düşünürük və daha yaxşı qərarlar veririk (Yaq. 3:13). Görün Allahın Kəlamına yaxşı bələd olmaq necə vacibdir!

13. Nəyə görə Müqəddəs Kitabda adları çəkilən şəxslərin nümunəsinə nəzər salmalıyıq?

13 Bəzən biz səhv edəndən sonra başa düşürük ki, o hərəkəti etməməli idik. Öz acı təcrübəmizdən öyrənməkdənsə, yaxşı olar ki, başqalarına baxaq, onların həm səhvlərindən, həm də düzgün qərarlarından nəticə çıxaraq. Elə bu səbəbdən Yaqub bizi İbrahim, Rahab, Əyyub, İlyas kimi mömin insanların nümunəsinə nəzər salmağa təşviq edir (Yaq. 2:21—26; 5:10, 11, 17, 18). Onlar sevinclərinə əngəl olacaq sınaqları aşa bilmişdilər. Bu dözüm örnəkləri göstərir ki, Yehovanın köməyi ilə biz də bacararıq.

14, 15. Nəyə görə ürəyimizdəki şübhələri aradan qaldırmalıyıq?

14 Maneə: aradan qaldırılmayan şübhələr. Bəzən elə ola bilər ki, Allahın Kəlamında yazılmış hansısa fikri başa düşməyə çətinlik çəkək. Yaxud elə ola bilər ki, dua etmişik, amma Yehova duamıza istədiyimiz kimi cavab verməyib. Bu da ürəyimizdə şübhələr yarada bilər. Əgər bu şübhələrə əhəmiyyət verməsək, imanımız zəifləyər və Yehova ilə münasibətimiz korlana bilər (Yaq. 1:7, 8). Gələcəyə olan ümidimizi itirə bilərik.

15 Həvari Bulus gələcəyə olan ümidimizi lövbərə bənzətmişdi (İbr. 6:19). Lövbər fırtına zamanı gəmini sabit saxlayır və onun qayalara çırpılmasının qarşısını alır. Amma gərək lövbəri gəmiyə birləşdirən zəncir möhkəm olsun. Pas zənciri yeyərsə, lövbər yararsız olar. Eynilə şübhələr də imanımızı zəiflədə bilər. Şübhələri olan insan təqiblərlə üzləşən zaman Yehovanın Öz vədini yerinə yetirəcəyinə imanını itirə bilər. İmanımızı itirsək, ümidimizi itirəcəyik. Yaqubun da dediyi kimi, «şübhə edən adam küləyin qaldırıb ora-bura çırpdığı dəniz dalğasına bənzər» (Yaq. 1:6). Belə insan çətin ki sevinc duysun!

16. Ürəyimizdə şübhələr varsa, nə etməliyik?

16 Çıxış yolu: ürəyinizdəki şübhələri aradan qaldırın, imanınızı gücləndirin. Qətiyyətsiz olmayın. İlyas peyğəmbərin dövründə Yehovanın xalqı qətiyyətsiz olmuşdu. İlyas onlara demişdi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Yehova Allahdırsa, Onun dalınca gedin. Yox əgər Baal Allahdırsa, onda onun dalınca gedin!» (1 Pad. 18:21). Bu bizə də aiddir. Biz mütaliə edib, əmin olmalıyıq ki, doğrudan da Yehova var olan Allahdır, Müqəddəs Kitab Onun Kəlamıdır və Yehovanın Şahidləri Onun xalqıdır (1 Salon. 5:21). Bunun sayəsində şübhələrimiz aradan qalxacaq və imanımız güclənəcək. Əgər şübhələri dəf etmək üçün köməyə ehtiyacımız varsa, ağsaqqallara müraciət edə bilərik. Biz Yehovaya xidmətdə sevincimizi qorumaq üçün qəti addımlar atmalıyıq!

17. Cəsarətimizi itirsək, nə baş verər?

17 Maneə: ruhdan düşmək. Allahın Kəlamında deyilir: «Dar gündə ruhdan düşsən, gücün tükənər» (Məs. 24:10). «Ruhdan düşmək» kimi tərcümə olunan ibrani sözü həmçinin «cəsarətini itirmək» mənasını verir. Cəsarətinizi itirsəniz, çox keçməmiş sevincinizi də itirəcəksiniz.

18. Dözüm göstərmək nə deməkdir?

18 Çıxış yolu: Yehovanın sizə dözümlü olmaq üçün cəsarət verəcəyinə bel bağlayın. Sınaqlara dözmək üçün cəsarətli olmalıyıq (Yaq. 5:11). Yaqubun istifadə etdiyi «dözüm» sözü «insanın mövqeyində sarsılmaz qalması» fikrini verir. Bunu yaxşı başa düşmək üçün ağlımızda düşmənin amansız təqiblərinə baxmayaraq, öz yerində cəsarətlə dayanan əsgəri canlandıra bilərik.

19. Həvari Bulusdan nə öyrənirik?

19 Həvari Bulus cəsarətlə dözüm göstərməkdə möhtəşəm nümunədir. Bəzən o özünü zəif hiss etsə də, Yehovanın ona lazımi gücü verəcəyinə bel bağladığı üçün sınaqlar qarşında dözüm göstərə bilirdi (2 Kor. 12:8—10; Filip. 4:13). Biz də təvazökarlıqla qəbul etsək ki, Yehovanın köməyinə ehtiyacımız var, möhkəm və cəsarətli ola bilərik (Yaq. 4:10).

YEHOVAYA YAXINLAŞIN VƏ SEVİNCİNİZİ QORUYUN

20, 21. Nəyə əmin ola bilərik?

20 Arxayın ola bilərik ki, üzləşdiyimiz sınaqlar Yehovanın cəzası deyil. Yaqub bizi əmin edir: «Sınaqlarla üzləşəndə qoy heç kəs: “Allah məni sınağa çəkir”, — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (Yaq. 1:13). Sınaqların Yehovadan olmadığına tam inansaq, Ona daha da yaxın olacağıq (Yaq. 4:8).

21 Yehova «dəyişkən deyil» (Yaq. 1:17). O, birinci əsrdəki məsihilərə sınaqlar zamanı dayaq olduğu kimi, bizim də hər birimizə dayaq olacaq. Ürəkdən dua edib, Yehovadan hikmət, iman və cəsarət diləyin. O sizin duanıza cavab verəcək. Beləcə, əmin olacaqsınız ki, sınaqlarla üzləşərkən Yehova sevincinizi qorumağa kömək edəcək!

NƏĞMƏ 128 Axıra kimi dözək

^ abz. 5 Yaqub kitabında sınaqlara tab gətirməyimizə kömək edəcək çoxlu məsləhətlər var. Bu məqalədə həmin məsləhətlərdən bəziləri haqqında danışacağıq. Bu məsləhətlər bizə kömək edəcək ki, üzləşdiyimiz çətinliklərə baxmayaraq, Yehovaya xidmətdə sevincimizi itirməyək.

^ abz. 59 ŞƏKİLLƏRİN İZAHI: Qardaşı öz evində həbs edirlər. Arvadı və qızı polisin onu aparmasına baxır. Əri həbsdə olduğu müddətdə ana və qızı dindaşları ilə birgə ailəvi ibadət keçirir. Ana ilə qızı Yehovaya tez-tez dua edib, üzləşdikləri bu sınağa dözmək üçün Ondan güc istəyir. Yehova onlara qəlb rahatlığı və cəsarət verir. Nəticədə, onların imanı möhkəmlənir və sınaqlara sevinclə tab gətirirlər.