Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 8

Məsləhətiniz könlü xoşhal edir?

Məsləhətiniz könlü xoşhal edir?

«Könlü xoşhal eylər yağ ilə buxur, bir də ki saf öyüddən doğan şirin dostluq» (MƏS. 27:9).

NƏĞMƏ 102 Zəiflərə kömək edək

İCMAL *

1, 2. Bir qardaş məsləhət verməklə bağlı nə öyrəndi?

 UZUN illər əvvəl iki ağsaqqal müəyyən müddətdir yığıncaqlara gəlməyən bir bacını ziyarət etmişdi. Onlardan biri bacıya görüşlərdə iştirak etməyin vacibliyi ilə bağlı bir neçə ayə göstərmişdi. Qardaş düşünürdü ki, ziyarətləri yaxşı alınıb. Amma getməyə hazırlaşanda bacı demişdi: «Siz nə biləsiniz, mən nələr çəkirəm?» Qardaşlar bacının vəziyyəti, problemləri ilə maraqlanmadan məsləhət vermişdilər. Ona görə də bacı məsləhətin xeyrini görə bilməmişdi.

2 Həmin ağsaqqal o ziyarəti xatırlayaq deyir: «O vaxt düşünmüşdüm ki, bacı hörmətsizlik edib. Amma sonradan anladım ki, bacının vəziyyətinə uyğun ayələr oxumaqdansa, kaş onun vəziyyətindən hali olmaq üçün belə suallar verərdim: “Həyatında nələr baş verir? Sənə necə kömək edə bilərəm?”» Həmin ağsaqqal bu hadisədən dəyərli bir şey öyrəndi. İndi o, çox anlayışlı, canıyanan bir ağsaqqaldır.

3. Yığıncaqda kimlər məsləhət verə bilər?

 3 Ağsaqqalların üzərinə məsuliyyət düşür ki, ehtiyac yarananda məsləhət versinlər. Amma yığıncaqda başqa məsihilərin də kiməsə məsləhət verməsi lazım gələ bilər. Məsələn, hansısa bacı və ya qardaş öz dostuna Müqəddəs Kitaba əsasən məsləhət verə bilər (Zəb. 141:5; Məs. 25:12). Yaxud ağbirçək bacı «cavan gəlinlərə» Titusa 2:3—5 ayələrində qeyd olunan sahələrə bənzər mövzularda məsləhət verə bilər. Həmçinin valideynlər uşaqlarına vaxtaşırı öyüd-nəsihət verməlidirlər. Bu məqalə ağsaqqallara ünvanlansa da, hər birimiz üçün faydalıdır. Öyrənəcəyik ki, qarşımızdakı insana fayda gətirən, onu təşviq edən və könlünü xoşhal edən məsləhəti necə verə bilərik (Məs. 27:9).

4. Bu məqalədə nəyi araşdıracağıq?

4 Bu məqalədə məsləhət verməklə bağlı dörd sualı araşdıracağıq: 1) Məsləhət verməyə bizi nə təşviq etməlidir? 2) Məsləhət verməyə ehtiyac varmı? 3) Məsləhəti kimin verməsi yaxşı olar? 4) Məsləhətinizin xeyir gətirməsi üçün nə edə bilərsiniz?

MƏSLƏHƏT VERMƏYƏ BİZİ NƏ TƏŞVİQ ETMƏLİDİR?

5. Ağsaqqala məsləhəti məhəbbətdən irəli gələrək verməyə nə kömək edə bilər? (1 Korinflilərə 13:4, 7).

5 Ağsaqqallar dindaşlarını çox istəyirlər. Onlar bəzən məhəbbətlərini səhv yola sapan dindaşlarına məsləhət verməklə göstərirlər (Qal. 6:1). Həmin insana məsləhət verməmişdən qabaq ağsaqqal həvari Bulusun məhəbbətin müxtəlif yönləri haqda dediklərini nəzərdən keçirə bilər. O yazmışdı: «Məhəbbət səbirli və xeyirxahdır... Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür». (1 Korinflilərə 13:4, 7 ayələrini oxuyun.) Bu ayələr üzərində düşünmək ağsaqqala kömək edəcək ki, görsün, məsləhət verməyə onu məhəbbət təşviq edir, ya yox. Əgər həmin insan hiss etsə ki, ağsaqqal ona canı yandığından məsləhət verir, çox yəqin ki, məsləhəti qəbul edəcək (Rom. 12:10).

6. Bulus məsləhət verməklə bağlı hansı nümunəni qoymuşdu?

6 Bu sahədə həvari Bulus ağsaqqallara gözəl nümunədir. Məsələn, Saloniki yığıncağındakı bacı-qardaşlara məsləhət vermək lazım gələndə Bulus çəkinmədən onlara məsləhət verdi. Lakin o, məktubunun əvvəlində onların imandan irəli gələn işlərini, məhəbbətlə çəkdikləri zəhməti və necə dözümlü olduqlarını qeyd etmişdi. O həmçinin onların vəziyyətindən, rahat həyat sürmədiyindən, təqiblərlə üzləşdiyindən agah olduğunu demişdi (1 Salon. 1:3; 2 Salon. 1:4). Hətta qeyd etmişdi ki, onlar başqa məsihilər üçün nümunədirlər (1 Salon. 1:8, 9). Görün onlar Bulusdan bu cür tərif sözlərini eşidəndə necə sevinmişdilər! Bulusun onları çox sevdiyinə onlarda şübhə ola bilməzdi. Buna görə də Bulusun salonikililərə yazdığı hər iki məktubdakı məsləhətlərinin onlara xeyri dəymişdi (1 Salon. 4:1, 3—5, 11; 2 Salon. 3:11, 12).

7. Nəyə görə məsləhət bəzilərinə xoş gəlmir?

7 Əgər məsləhəti düzgün şəkildə verməsək, nə baş verər? Təcrübəli bir ağsaqqal deyir: «Bəzən kimsə məsləhəti qəbul etməyəndə problem məsləhətdə yox, onun mehriban şəkildə verilməməsində olur». Bundan hansı qənaətə gəlirik? İnsanın hərəkətindən qıcıqlandığımız üçün yox, məhəbbətdən irəli gələrək məsləhət veriləndə qarşı tərəfə onu qəbul etmək daha asan olur.

MƏSLƏHƏT VERMƏYƏ EHTİYAC VARMI?

8. Kiməsə məsləhət verməzdən öncə ağsaqqal hansı sualların üzərində düşünməlidir?

8 Ağsaqqallar məsləhət verməyə tələsməməlidirlər. Məsləhət verməmişdən əvvəl növbəti suallar üzərində düşünə bilərlər: «Nəsə deməyə, doğrudan da, zərurət var? Əminəm ki, insanın etdiyi şey səhvdir? O, doğrudan da, Müqəddəs Kitabdakı hansısa qanunu pozub? Yoxsa mən bu məsələyə fərqli baxıram?» Ağsaqqallar hikmətlə davranıb «tez-tələsik söz» demirlər (Məs. 29:20). Ağsaqqal kiməsə məsləhət verməyin lazım gəldiyinə əmin deyilsə, onda başqa bir ağsaqqalla danışıb, insanın hərəkətinin Müqəddəs Kitaba zidd olub-olmadığı ilə bağlı məsləhətləşə bilər (2 Tim. 3:16, 17).

9. Həvari Bulusdan xarici görünüşlə bağlı məsləhət vermək haqda nə öyrənirik? (1 Timutiyə 2:9, 10).

9 Belə bir vəziyyəti götürək. Tutaq ki, dindaşının geyimi və ya hansısa xarici görkəmi hansısa ağsaqqalı narahat edir. Bu zaman ağsaqqal növbəti sualın üzərində düşünə bilər: «Ona nə üçün məsləhət vermək istəyirəm, Müqəddəs Kitabdan hansı prinsipi pozub?» Ağsaqqal başa düşür ki, məsələyə obyektiv yanaşmalıdır. Buna görə də hansısa ağsaqqalın və ya yetkin məsihinin fikrini öyrənə bilər. Onlar birlikdə həvari Bulusun geyim və xarici görkəmlə bağlı verdiyi məsləhəti araşdıra bilərlər. (1 Timutiyə 2:9, 10 ayələrini oxuyun.) Bulus bununla bağlı ümumi prinsiplər yazaraq qeyd etmişdi ki, məsihinin geyimi ləyaqətli, sadə olmalıdır, ağıl-kamalla geyindiyi görünməlidir. Bulus «olar-olmazlar siyahısı» verməmişdi. O anlayırdı ki, məsihinin Müqəddəs Kitab çərçivəsini aşmadan öz zövqünə uyğun seçim etmək hüququ var. Deməli, ağsaqqal məsləhət verməyin lazım gəlib-gəlmədiyini müəyyən edərkən insanın xarici görkəmi ilə bağlı seçiminin abır-həyalı, ağıl-kamallı olub olmadığını müəyyən etməlidir.

10. Başqalarının qərarları ilə bağlı məsləhət verərkən nəyi yadda saxlamalıyıq?

10 Yadda saxlamalıyıq ki, iki yetkin məsihin verdiyi qərar fərqli ola bilər, amma bu, o demək deyil ki, birinin qərarı səhvdir, o birinin isə düz. Biz nəyin səhv, nəyin düz olduğu ilə bağlı şəxsi fikrimizi dindaşlarımıza yeritməməliyik (Rom. 14:10).

MƏSLƏHƏTİ KİMİN VERMƏSİ YAXŞI OLAR?

11, 12. Əgər məsləhət vermək lazımdırsa, ağsaqqal hansı sualların üzərində düşünməlidir və nəyə görə?

11 Ağsaqqal məsləhət verməyin zəruri olduğunu qərarlaşdırdıqdan sonra növbəti sual üzərində düşünməlidir: «Məsləhəti kimin verməsi yaxşı olar?» Evli bacıya və ya azyaşlı məsihiyə məsləhət verməzdən öncə ağsaqqal ailə başçısı ilə məsləhətləşə bilər. Ola bilsin, ailə başçısı özü məsələni yoluna qoyacaq *. Yaxud ağsaqqal tədbir görə bilər ki, ailə başçısının yanında məsləhət versin. Həmçinin  3-cü abzasda qeyd etdiyimiz kimi, bəzən daha yaxşı olar ki, cavan bacıya yaşca yetkin bacı məsləhət versin.

12 Bir məqamı da nəzərə almaq lazımdır. Ağsaqqal növbəti sual üzərində düşünə bilər: «Bu məsləhəti həmin insan kimdən qəbul edər, məndən, yoxsa başqasından?» Məsələn, ola bilsin, kimsə dəyərsizlik hissi ilə mübarizə aparır. Ona belə hisslərlə mübarizə aparmış ağsaqqaldan məsləhət qəbul etmək daha asan olar. Həmin ağsaqqala bu hisslər tanış olduğu üçün ona daha anlayışla yanaşacaq və dedikləri daha kəsərli olacaq. Bununla belə, bütün ağsaqqalların məsuliyyətidir ki, Müqəddəs Kitabın tələbi pozulubsa, bacı-qardaşları lazımi dəyişiklik etməyə təşviq etsinlər. Beləliklə, məsləhət vermək zərurəti yaranıbsa, ən önəmlisi odur ki, kimin verməsindən asılı olmayaraq, bu məsləhət verilsin.

MƏSLƏHƏTİNİZİN XEYİR GƏTİRMƏSİ ÜÇÜN NƏ EDƏ BİLƏRSİNİZ?

Nəyə görə ağsaqqallar «eşitməyə hazır» olmalıdır? (13 və 14-cü abzaslara baxın)

13, 14. Nəyə görə ağsaqqalın dindaşını dinləməsi vacibdir?

13 Diqqətlə qulaq asın. Ağsaqqal kiməsə məsləhət verməyə hazırlaşanda növbəti sualların üzərində düşünməlidir: «Dindaşımın vəziyyəti barədə nələri bilirəm? Onun həyatında nələr baş verir? Mənim bilmədiyim hansısa problemi var? Hal-hazırda ən çox nəyə ehtiyac duyur?»

14 Məsləhət verən insan Yaqub 1:19 ayəsindəki prinsipi mütləq nəzərə almalıdır. Yaqub yazır: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir». Ola bilsin, ağsaqqal düşünür ki, vəziyyətlə bağlı hər şeyi bilir. Amma, doğrudanmı, bu belədir? Məsəllər 18:13 ayəsində yazılıb: «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir». Yaxşı olar ki, hər şeyi insanın öz dilindən eşidək. Bunun üçün isə ağsaqqal danışmamışdan öncə qulaq asmalıdır. Məqalənin əvvəlində haqqında danışdığımız ağsaqqal bu vacib şeyi öyrəndi. O başa düşdü ki, söhbətə hazırladığı məlumatla başlamamışdan əvvəl bacıdan bu kimi sualları soruşmalı idi: «Həyatında nələr baş verir? Sənə necə kömək edə bilərəm?» Əgər ağsaqqal vəziyyəti hərtərəfli öyrənmək üçün vaxt ayırsa, onda bacı-qardaşlara daha çox köməyi dəyəcək və onları ruhlandıracaq.

15. Ağsaqqallar Məsəllər 27:23 ayəsindəki prinsipi necə tətbiq edə bilərlər?

15 Yığıncaqdakı bacı-qardaşları yaxından tanıyın. Qeyd etdiyimiz kimi, məsləhətimizin insana xeyir gətirməsi üçün bir-iki ayə oxuyub, bir-iki məsləhət vermək kifayət deyil. Bacı-qardaşlar hiss etməlidir ki, bizim onlara canımız yanır, onları başa düşürük və onlara kömək etmək istəyirik. (Məsəllər 27:23 ayəsini oxuyun.) Ağsaqqallar bacı-qardaşlarla dost olmaq üçün əllərindən gələni etməlidirlər.

Nələr ağsaqqalın məsləhət verməsini asanlaşdıra bilər? (16-cı abzasa baxın)

16. Ağsaqqallar verdikləri məsləhətin xeyir gətirməsi üçün nə edə bilərlər?

16 Ağsaqqallar elə təəssürat oyatmaq istəməzlər ki, bacı-qardaşlarla yalnız nəyisə səhv edəndə danışırlar. Əksinə, onlar çalışırlar ki, dindaşları ilə müntəzəm ünsiyyət etsinlər, problemləri olanda onlarla maraqlansınlar. Təcrübəli bir ağsaqqal qeyd etmişdi: «Belə etsəniz, aranızda gözəl münasibət yaranacaq. Onda məsləhət vermək lazım gələndə bunu asanlıqla edə biləcəksiniz». Təbii ki, qarşı tərəf də məsləhəti daha rahat qəbul edəcək.

Nəyə görə ağsaqqal məsləhət verərkən səbirli və mehriban olmalıdır? (17-ci abzasa baxın)

17. Ağsaqqala səbirli və mehriban olmaq xüsusilə nə vaxt lazımdır?

17 Səbirli və mehriban olun. Bu xüsusiyyətləri, xüsusilə nə zaman təzahür etdirmək vacibdir? Məsləhət verdiyimiz insan əvvəl-əvvəl məsləhəti qəbul etməyəndə. Bu zaman ağsaqqal çalışmalıdır ki, təmkinini pozmasın. Müqəddəs Kitabda İsa Məsihlə bağlı deyilmişdi: «Sınmış qamışı əzməyəcək, közərən piltəni söndürməyəcək» (Mət. 12:20). Buna görə də ağsaqqal öz duasında Yehovadan xahiş edə bilər ki, həmin məsihiyə yar olsun, ona verilən məsləhətin vacibliyini anlamağa və əməl etməyə kömək etsin. Ola bilsin, məsihiyə deyilənlər üzərində düşünmək üçün vaxt lazımdır. Əgər ağsaqqal səbirli və mehriban olsa, insan diqqətini məsləhətin verilmə tərzinə yox, məsləhətə cəmləyəcək. Təbii ki, məsləhət həmişə Allahın Kəlamına əsaslanmalıdır.

18. a) Məsləhət verərkən nəyi yadda saxlamalıyıq? b) Çərçivədəki şəkildə valideynlər nəyi müzakirə edir?

18 Səhvlərinizdən dərs götürün. Qeyri-kamil olduğumuz üçün məqalədə verilən məsləhətləri mükəmməl şəkildə tətbiq edə bilməyəcəyik (Yaq. 3:2). Səhvlər edəcəyik, amma çalışmalıyıq ki, səhvlərimizdən dərs götürək. Bacı-qardaşlar bizim onları sevdiyimizi görsələr, söz və hərəkətimiz onların xətrinə dəysə də, bizi bağışlamaq onlara asan olacaq. ( «Valideynlərə tövsiyə» adlı çərçivəyə baxın.)

NƏ ÖYRƏNDİK?

19. Bacı-qardaşların könlünü xoşhal etmək üçün nə edə bilərik?

19 Gördüyümüz kimi, effektiv məsləhət vermək həmişə asan olmur. Biz qeyri-kamilik. Məsləhət verdiyimiz insanlar da qeyri-kamildir. Bu məqalədə araşdırdığımız prinsipləri yadda saxlayın. Çalışın, məsləhəti məhəbbətdən irəli gələrək verəsiniz. Həmçinin düşünün, bu məsləhəti siz versəniz yaxşı olar, yoxsa başqası? Bundan əlavə, məsləhətin zəruri olduğuna əmin olun, məsləhət verməzdən öncə isə insanın problemini başa düşmək üçün ona suallar verin və diqqətlə qulaq asın. Çalışın, vəziyyətə onun gözü ilə baxasınız. Mülayim olun, bacı-qardaşlarla yaxın dostluq münasibəti qurun. Məqsədinizi unutmayın: biz istəyirik ki, məsləhətimiz effektiv olmaqla yanaşı, həmçinin «könlü xoşhal» etsin (Məs. 27:9).

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

^ abz. 5 Məsləhət vermək asan iş deyil. Bəs necə edə bilərik ki, verdiyimiz məsləhətin insana köməyi dəysin və onu ruhlandırsın? Ağsaqqallar xüsusilə çalışmalıdırlar ki, bacı-qardaşlara onların verdikləri məsləhəti qəbul etmək asan olsun. Bu məqalə ağsaqqallara bu sahədə kömək edəcək.

^ abz. 11 «Gözətçi qülləsi»nin 2021-ci il fevral sayında dərc olunan «Yığıncaqda başçılıq quruluşu» adlı məqaləyə baxın.