TƏLİM MƏQALƏSİ 6
Yehovanın nahaq iş görmədiyinə etibar edin
«Qayadır O, hər işi mükəmməl, bütün yolları haqq, nahaq iş görməyən etibarlı Allah. Adildir, haqdır O» (QAN. 32:4).
NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
İCMAL *
1, 2. a) Nəyə görə çoxlarına səlahiyyət sahiblərinə etibar etmək çətindir? b) Bu məqalədə nəyi araşdıracağıq?
BU GÜN çoxlarına səlahiyyət sahiblərinə etibar etmək çətindir. Onlar görür ki, hökumət və qanunları çox vaxt varlıların və nüfuzlu şəxslərin xeyrinə işləyir, kasıblar isə əzilir. Müqəddəs Kitabda necə də düz yazılıb: «Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Üstəlik, din xadimlərinin əməlləri heç də ürəkaçan deyil. Bunun ucbatından çoxlarının Allaha da etibarı itib. Buna görə də dərs keçdiyimiz insanlara həm Yehovaya, həm də Onun xalqına rəhbərlik etmək üçün təyin etdiyi şəxslərə etibar etməyi öyrətməli oluruq.
2 Əlbəttə, bunu təkcə Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar yox, biz də öyrənməliyik. Hətta Yehovaya uzun illər xidmət edənlər də unutmamalıdır ki, Yehova hər şeyi həmişə mükəmməl tərzdə görür. Bəzən buna etibarımızı sınayan vəziyyətlərlə üzləşə bilərik. Bu məqalədə üç sahəyə nəzər salacağıq. Görəcəyik ki, 1) Müqəddəs Kitabdan oxuduğumuz bəzi parçalar, 2) Yehovanın təşkilatından gələn göstərişlər və 3) gələcəkdə üzləşəcəyimiz çətinliklər imanımızı necə sınaya bilər.
MÜQƏDDƏS KİTABI OXUYANDA YEHOVAYA ETİBAR EDİN
3. Müqəddəs Kitabda yazılan bəzi hadisələr Yehovaya etibarımızı necə sınaya bilər?
3 Müqəddəs Kitabı oxuyarkən Yehovanın bəzi insanlarla rəftarı və bəzi qərarları ilə bağlı bizdə suallar yarana bilər. Məsələn, «Saylar» kitabında oxuyuruq ki, Yehova şənbə günü odun yığan israilliyə ölüm hökmü kəsmişdi. Bu hadisədən əsrlər sonra Davud padşah zina və qatillik etmişdi, amma «İkinci İşmuil» kitabından oxuyuruq ki, Yehova onu bağışlamışdı (Say. 15:32, 35; 2 İşm. 12:9, 13). Bizdə sual yarana bilər: «Nəyə görə Yehova zina edən, qatillik edən Davudu bağışladı, amma onun qədər ciddi günah etməyən adamı bağışlamadı?» Bu suala cavab vermək üçün gəlin görək Müqəddəs Kitabı oxuyarkən hansı üç amili nəzərə almalıyıq.
4. Yaradılış 18:20, 21 və Qanunun təkrarı 10:17 ayələri Yehovanın qərarlarına etibarımızı necə möhkəmləndirir?
4 Müqəddəs Kitabda hər hadisə ilə bağlı bütün təfərrüatlar qeyd olunmayıb. Məsələn, biz bilirik ki, Davud ürəkdən tövbə etmişdi (Zəb. 51:2—4). Bəs şənbə qanununu pozan kişi haqda nə demək olar? O necə bir insan idi? Gördüyü işə görə peşman idi? Bəlkə, keçmişdə də Yehovanın qanunlarını pozmuşdu? Bəlkə, ona bu barədə xəbərdarlıq olunmuşdu və o, bu xəbərdarlığı qulaqardına vurmuşdu? Müqəddəs Kitabda bu barədə heç nə deyilmir. Amma bir şeyə əmin ola bilərik ki, Yehova «nahaq iş görməyən» Allahdır (Qan. 32:4). Çox vaxt şayiə, qərəz və ya başqa bir şey insanların vəziyyətə yanlış qiymət verməsinə səbəb olur. Amma bu kimi şeylər Yehovanın verdiyi qərarlara təsir etmir, O, bütün faktları nəzərə alır. (Yaradılış 18:20, 21; Qanunun təkrarı 10:17 ayələrini oxuyun.) Yehova və Onun qayda-qanunları haqda nə qədər çox öyrənsək, Onun qərarlarına bir o qədər çox etibar edəcəyik. Müqəddəs Kitabı oxuyarkən bizdə yaranan sualın cavabını bilməsək də, Yehovanı o qədər yaxşı tanıyırıq ki, Onun «bütün yollarında ədalətli» olduğuna əminik (Zəb. 145:17).
5. Qeyri-kamilliyimiz ədalət hissimizə öz təsirini necə göstərir? (« Qeyri-kamillik ədalətə baxışımızı korlayıb» adlı çərçivəyə baxın.)
5 Qeyri-kamilliyimiz ədalət hissimizə də təsir edib. Biz Allahın bənzərində yaradıldığımız üçün insanlara qarşı ədalətsiz münasibəti götürmürük (Yar. 1:26). Amma qeyri-kamilik, buna görə də bütün faktları bildiyimizi hesab etsək də, bəzən yanlış qənaətə gəlirik. Məsələn, yadınızdadırsa, Yehova neynəvalıları bağışlamaq qərarına gələndə Yunus çox dilxor olmuşdu (Yun. 3:10—4:1). Amma gəlin görək Yehovanın bu qərarının nəticəsi nə oldu: 120 000-dən çox neynəvalı tövbə edib xilas oldu. Bu məsələdə düşüncəsinə düzəliş etməli olan Yehova yox, Yunus idi.
6. Nəyə görə Yehova qərarlarının səbəbini bizə izah etməyə borclu deyil?
6 Yehova qərarları ilə bağlı insanlara hesabat verməyə borclu deyil. Düzdür, elə vaxtlar olmuşdu ki, Yehova verdiyi və ya verəcəyi qərarlarla bağlı xidmətçilərinə narahatçılıqlarını bildirməyə izin vermişdi (Yar. 18:25; Yun. 4:2, 3). Bəzən isə qərarının səbəbini izah etmişdi (Yun. 4:10, 11). Bununla belə, Yehova bizə nəyisə izah etməyə borclu deyil. Yaradan olduğu üçün Onun nəyisə etməmişdən əvvəl və ya sonra bizim razılığımızı almağa ehtiyacı yoxdur (Əşy. 40:13, 14; 55:9).
GÖSTƏRİŞLƏR ALANDA YEHOVAYA ETİBAR EDİN
7. Bizə nə çətin gələ bilər və nəyə görə?
7 Biz bütün qəlbimizlə inanırıq ki, Yehovanın etdiyi hər bir şey haqdır. Amma Yehovanın bizə rəhbərlik etmək üçün təyin etdiyi şəxslərə etibar etmək çətin ola bilər. Bizdə sual yarana bilər: «Onların qərarları nəyə əsaslanıb, öz düşüncələrinə, yoxsa Yehovanın rəhbərliyinə?» Qədim dövrdə bəzilərində belə fikirlər ola bilərdi. Gəlin 3-cü abzasda gətirilən nümunələrə baxaq. Şənbə qanununu pozan kişinin qohumu şübhə edə bilərdi ki, doğrudanmı Musa peyğəmbər ölüm hökmünü Yehova ilə məsləhətləşəndən sonra çıxarıb? Yaxud Uryayın dostu düşünə bilərdi ki, Davud Uryayın arvadı ilə etdiyi əxlaqsızlığın cəzasından qaçmaq üçün öz səlahiyyətindən sui-istifadə etmişdi. Deməli, bir şey danılmazdır ki, əgər Yehovanın etibar etdiyi şəxslərə etibar etmiriksə, Yehovaya etibar etdiyimizi deyə bilmərik.
8. Həvarilərin işləri 16:4, 5 ayələrində yazılanlarla bugünkü məsihi yığıncağının fəaliyyəti arasında hansı oxşarlıq var?
8 Bu gün Yehova təşkilatını «sadiq və ağıllı nökər» vasitəsilə idarə edir (Mət. 24:45). Birinci əsrdəki rəhbərlik şurası kimi, bu nökər də Yehovanın bütün dünyadakı xalqına nəzarət edir və yığıncaq ağsaqqallarına göstərişlər verir. (Həvarilərin işləri 16:4, 5 ayələrini oxuyun.) Ağsaqqallar da, öz növbəsində, verilən bu göstərişləri yığıncaqda tətbiq edirlər. Təşkilatdan və ağsaqqallardan gələn göstərişlərə riayət etməklə Yehovanın gördüyü hər bir işə etibar etdiyimizi göstəririk.
9. Ağsaqqalların verdiyi qərarı dəstəkləmək nə vaxt çətin ola bilər və nəyə görə?
9 Bəzən bizə ağsaqqalların verdiyi göstərişləri dəstəkləmək çətin gələ bilər. Məsələn, son illər bir çox yığıncaqlar birləşdirilib və buna görə bəzi yığıncaqlar başqa teokratik rayona düşüb. Bəzi hallarda ağsaqqallar təbliğçilərdən xahiş edirlər ki, ibadət evində oturacaqlar tam dolsun deyə, başqa yığıncağa keçsinlər. Bizdən yeni yığıncağa keçmək xahiş olunsa, dostlarımızdan və ailə üzvlərimizdən ayrılmaq bizə çətin gələ bilər. Bəs ağsaqqallar hər təbliğçinin hansı yığıncağa getməsi ilə bağlı Allahdan göstəriş alırlar? Xeyr. Elə buna görə də aldığımız göstərişə riayət etmək bizə çətin gələ bilər. Amma Yehova ağsaqqallara etibar edir və onlara bu cür qərarlar qəbul etmək ixtiyarı verib. Biz də onlara etibar etməliyik *.
10. İbranilərə 13:17 ayəsinə əsasən, nəyə görə biz ağsaqqallarla əməkdaşlıq etməliyik?
10 Nəyə görə ağsaqqalların verdiyi qərarlar ürəyimizcə olmasa da, onları dəstəkləməliyik? Çünki bununla biz Yehovanın xalqı arasında birliyi qoruyuruq (Efes. 4:2, 3). Hər kəs ağsaqqallar şurasının qərarlarına tabe olanda yığıncaq çiçəklənir. (İbranilərə 13:17 ayəsini oxuyun.) Ən əsası isə təyin olunmuş qardaşlarla əməkdaşlıq etməklə Yehovaya etibarımızı göstəririk. Çünki Yehova onlara bizim qeydimizə qalmağı həvalə edib (Həv. 20:28).
11. Ağsaqqallara etibar edib, göstərişlərinə əməl etməyə bizə nə kömək edə bilər?
11 Ağsaqqalların verdiyi göstərişlərə etibarımızı gücləndirmək üçün növbəti məqamları unutmamalıyıq: onlar yığıncaqla bağlı qərarlar verərkən dua edib müqəddəs ruh istəyirlər. Həmçinin müvafiq Müqəddəs Kitab prinsiplərini diqqətlə araşdırırlar və Yehovanın təşkilatının verdiyi göstərişləri əldə rəhbər tuturlar. Onlar cani-dildən istəyirlər ki, Yehovanı razı salsınlar və yığıncağın rifahı üçün əllərindən gələni etsinlər. Bu sadiq kişilər bilirlər ki, məsuliyyətlərinin icrasına görə Allaha cavab verəcəklər (1 But. 5:2, 3). Ətrafımıza göz gəzdirib baxanda görürük ki, bu gün dünya irqi, dini və siyasi cəhətdən parçalanıb, biz isə birlik içində tək olan Allahımız Yehovaya ibadət edirik. Bu, yalnız və yalnız Yehovanın təşkilatına dayaq olması sayəsində mümkündür!
12. Ağsaqqallar insanın tövbə edib-etmədiyini müəyyən edərkən nələri nəzərə almalıdırlar?
12 Yehova ağsaqqallara yığıncağın təmizliyini qorumaq məsuliyyəti həvalə edib. Bu, ciddi məsuliyyətdir. Əgər məsihi ağır günah işləyibsə, Yehova tələb edir ki, ağsaqqallar həmin şəxsin yığıncaqda qalıb-qalmayacağını müəyyən etsinlər. Ağsaqqalların üzərinə düşən məsuliyyətlərin arasında günahkarın səmimi qəlbdən tövbə edib-etmədiyini aşkara çıxarmaq da var. Ola bilsin, günah işləyən insan peşman olduğunu deyir, bəs o, doğrudanmı tutduğu əmələ nifrət edir? O, bir də bu günahı etməməyə qəti-qərarlıdır? Əgər onu günaha sürükləyən pis dostlar idisə, onlarla əlaqəsini kəsməyə hazırdır? Ağsaqqallar bütün faktları Müqəddəs Kitab əsasında araşdırırlar və günah işləyən insanın baş verənlərə münasibətini nəzərə alırlar. Sonra da onun yığıncaqda qalıb-qalmayacağına qərar verirlər. Bəzi hallarda insanı yığıncaqdan kənar etmək lazım gəlir (1 Kor. 5:11—13).
13. Dostumuz və ya qohumumuz yığıncaqdan kənar edilibsə, hansı narahatçılığımız ola bilər?
13 Ağsaqqallara olan etibarımız necə sınana bilər? Əgər yığıncaqdan kənar edilən şəxs yaxın dostumuz və ya qohumumuz deyilsə, ağsaqqalların qərarı ilə rahat razılaşırıq. Amma təsəvvür edin ki, yığıncaqdan kənar edilən şəxs bizə yaxın adamdır. Ürəyimizdə xal qala bilər ki, görəsən, ağsaqqallar hadisəni hərtərəfli araşdırıblar? Görəsən, Yehova da onların verdiyi qərarı verərdi? Ağsaqqalların qərarına düzgün yanaşmağa bizə nə kömək edə bilər?
14. Ağsaqqalların bizə yaxın adamla bağlı qərarını dəstəkləməyə bizə nə kömək edə bilər?
14 Yadda saxlamalıyıq ki, yığıncaqdan kənaredilmə Yehovanın gördüyü tədbirdir. Bu, yığıncağın rifahı üçündür və yığıncaqdan kənar edilən insana da fayda gətirə bilər. Əgər tövbə etməyən günahkar yığıncaqda qalsa, o başqalarını da günaha sürükləyə bilər (Qal. 5:9). Bundan əlavə, o, günahının ciddiliyini başa düşməz, Yehovanın rəğbətini yenidən qazanmaq üçün düşüncəsində və əməllərində düzəliş etməyə çalışmaz (Vaiz 8:11). Əmin ola bilərik ki, ağsaqqallar insanın yığıncaqdan kənar edilməsi ilə bağlı qərar verərkən hər şeyi ciddi götür-qoy edirlər. Qədim İsraildəki hakimlər kimi onlar anlayır ki, «insan üçün yox, Yehova üçün hökm» çıxarırlar (2 Saln. 19:6, 7).
YEHOVAYA ETİBAR BİZİ GƏLƏCƏYƏ HAZIRLAYIR
15. Nəyə görə indi Yehovanın göstərişlərinə etibar etmək həmişəkindən daha vacibdir?
15 Bu şər dünyanın sonu yaxınlaşdıqca Yehovanın gördüyü işlərə etibarımız daha çox sınanacaq. Nəyə görə? Böyük müsibət zamanı elə göstərişlər ala bilərik ki, onlar bizə qəribə gəlsin, ağlabatan görünməsin. Əlbəttə, Yehova bizimlə şəxsən danışmayacaq, hər halda, O, təyin etdiyi şəxslər vasitəsilə göstəriş verəcək. Həmin vaxt göstərişləri götür-qoy etməyin, onlara şübhə ilə yanaşmağın, «görəsən, onlar Yehovadan gəlib, yoxsa məsul qardaşların fikridir?» kimi suallar verməyin vaxtı olmayacaq. Bəşər tarixinin bu həlledici dövründə Yehovaya və Onun təşkilatına etibar edəcəksiniz? Cavab bu gün təşkilatdan gələn göstərişlərə necə yanaşmağınızdan asılıdır. Əgər bu gün verilən göstərişlərə etibar edib canla-başla əməl edirsinizsə, çox yəqin ki, böyük müsibət zamanı da eyni şeyi edəcəksiniz (Luka 16:10).
16. Yaxın gələcəkdə Yehovanın çıxardığı hökmə etibarımız necə sınana bilər?
16 Başqa bir sahədə də Yehovaya etibarımızı gücləndirməliyik. Bu, Yehovanın bu şər dünyanın sonunda çıxaracağı hökmlə bağlıdır. Hal-hazırda biz ümid edirik ki, Yehovaya xidmət etməyən insanlar, o cümlədən qohumlarımız nə vaxtsa həqiqətə gələcək. Amma Armageddonda Yehova İsa Məsih vasitəsilə bu insanların gələcəyi ilə bağlı son hökmü çıxaracaq (Mət. 25:31—33; 2 Salon. 1:7—9). Yehovanın mərhəmətinə kimin layiq olduğuna, kimin olmadığına biz qərar verməyəcəyik (Mət. 25:34, 41, 46). Biz Yehovanın çıxardığı hökmə etibar edəcəyik, yoxsa bu bizi büdrədəcək? Aydındır ki, biz indidən Yehovaya etibarımızı gücləndirməliyik ki, həmin vaxt Ona tamamilə etibar edək.
17. Bu şər dünyanın sonunda Yehovanın çıxardığı hökmün hansı xeyrini görəcəyik?
17 Təsəvvür edin, Yehovanın çıxardığı hökmün nəticəsində necə bir dünya olacaq! Artıq yalan din olmayacaq, acgöz kommersiya sahəsi, o cümlədən bəşəriyyətə tarix boyunca olmazın əzablar verən siyasi sistem məhv olacaq. Sağlamlıqla bağlı problemlər, qocalıq, əzizimizin ölümü artıq həyatımızın bir hissəsi olmayacaq. Şeytan və onun cinləri minilliyə buxovlanacaq. Onların üsyanı nəticəsində yaranan problemlər artıq keçmişdə qalacaq (Vəhy 20:2, 3). Yehovanın gördüyü işlərə etibar etdiyimiz üçün ürəyimiz sevinclə dolub-daşacaq!
18. Saylar 11:4—6 və 21:5 ayələrində israillilər haqda yazılanlardan hansı ibrəti götürürük?
18 Bəs Yehovanın vəd etdiyi yeni dünyada Ona etibarımızı sınayan vəziyyətlər olacaq? Gəlin görək israillilər Misir əsarətindən qurtulandan qısa müddət sonra nə baş vermişdi. Bəziləri orada yedikləri tərəvəzlərin, yeməklərin xiffətini çəkib gileylənməyə başladılar; onlar Yehovanın verdiyi mannaya iyrənc bir şey kimi yanaşırdılar. (Saylar 11:4—6; 21:5 ayələrini oxuyun.) Ola bilərmi ki, böyük müsibət sona çatandan sonra bizdə də eyni hisslər olsun? Biz bilmirik şər dünyanın dağıntılarını təmizləmək, yer üzünü tədricən cənnətə çevirmək üçün nə qədər zəhmət çəkməli olacağıq. Yəqin, görüləsi çox iş olacaq və əvvəl-əvvəl elə də rahat şərait olmayacaq. Bəs həmin vaxt Yehovanın bizə yetirdiklərinə görə naşükürlük etməyə dilimiz gələcək? Bir şey danılmazdır: əgər indi Yehovanın bəxş etdiklərini qiymətləndiririksə, sözsüz, həmin vaxt da belə edəcəyik.
19. Bu məqalənin əsas fikirlərini necə icmal edərdiniz?
19 Yehovanın gördüyü bütün işlər haqdır. Bizdə buna əminlik olmalıdır. Həmçinin Yehovanın etibar etdiyi şəxslərə də etibarımız olmalıdır. Yehovanın Əşiya peyğəmbər vasitəsilə dediyi sözləri heç vaxt unutmayın «Sakitlik və etibar sizin gücünüz [olacaq]» (Əşy. 30:15).
NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar
^ abz. 5 Bu məqalə Yehovaya və Onun yer üzündə təyin etdiyi şəxslərə etibarımızı gücləndirməyə kömək edəcək. Öyrənəcəyik ki, bunu etməyin bizə indi hansı xeyri var və bu bizi gələcəkdəki çətinliklərə necə hazırlayır.
^ abz. 9 Bəzən ola bilər ki, hansısa təbliğçi və ya ailə üzürlü səbəbə görə öz yığıncağında qalmalı olsun. «Müqəddəs ibadətimiz» vərəqəsinin 2002-ci il noyabr sayında dərc olunan «Suallar qutusu»na baxın.