Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 8

«Ayıq durun»

«Ayıq durun»

«Ayıq durun, sərvaxt olun» (1 BUT. 5:8).

NƏĞMƏ 144 Gözün mükafatda olsun!

İCMAL

1. İsa Məsih sonun nə vaxt gələcəyi ilə bağlı şagirdlərinə nə demişdi və hansı nəsihəti vermişdi?

 İSA MƏSİHİN ölümündən bir neçə gün əvvəl dörd şagirdi ondan soruşmuşdu: «O dövrün yekununa əlamət nə olacaq?» (Mət. 24:3). Görünür, şagirdlər öyrənmək istəyirdi ki, Yerusəlimin və məbədin dağılmaq üzrə olduğunu necə müəyyən edə bilərlər. İsa onların sualına cavab verərək nəinki Yerusəlimin, həmçinin yaşadığımız «dövrün yekunu» barədə danışmışdı. Sonun nə vaxt gələcəyi ilə bağlı isə o belə demişdi: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir». Sonra şagirdlərinin hamısına bərk-bərk tapşırdı ki, oyaq qalsınlar (Mark 13:32—37).

2. Nəyə görə birinci əsrdəki məsihilərin sərvaxt olması vacib idi?

2 Birinci əsrdəki yəhudi məsihilər sərvaxt olmalı idilər. Çünki həyatları bundan asılı idi. İsa davamçılarına Yerusəlimin dağılmaq üzrə olduğunu necə müəyyən edəcəkləri barədə belə demişdi: «Qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə bilin ki, o, tezliklə viran olacaq». Həmin vaxt onlar İsanın xəbərdarlığına itaət edib dağlara qaçmalı idilər (Luka 21:20, 21). Romalılar Yerusəlimi işğal edən zaman İsanın sözünə əməl edənlər xilas oldular.

3. Bu məqalədə hansı sualları müzakirə edəcəyik?

3 Biz bu şər dünyanın sonunda yaşayırıq. Ona görə də ayıq durub, sərvaxt olmalıyıq. Bu məqalədə biz növbəti sualları müzakirə edəcəyik: «Dünyada baş verən hadisələri diqqətlə müşahidə edərkən necə tarazlı ola bilərik? Özümüzə fikir vermək nə deməkdir? Bu dünyanın sonuna qədər qalan vaxtımızın qədrini bildiyimizi necə göstərə bilərik?»   

BAŞ VERƏNLƏRİ MÜŞAHİDƏ EDİN, AMMA TARAZLI OLUN

4. Müqəddəs Kitabdakı peyğəmbərliklərin bu gün necə yerinə yetdiyini nəyə görə müşahidə etməliyik?

4 Dünyada baş verən hadisələrin peyğəmbərliklərin icrası ilə necə bağlı olduğunu müşahidə etməyimiz əbəs yerə deyil. İsa Məsih Şeytan dünyasının sona yaxınlaşdığını bilməyimizə kömək edən bir sıra konkret hadisələri sadalamışdı (Mət. 24:3—14). Həvari Butrus isə bizi təşviq etmişdi ki, imanda möhkəm qalmaq üçün peyğəmbərliklərin necə yerinə yetdiyinə fikir verək (2 But. 1:19—21). Müqəddəs Kitabın sonuncu bölməsi belə sözlərlə başlayır: «İsa Məsihdən gələn vəhy. Allah tezliklə baş verəcək hadisələri qullarına göstərmək üçün bu vəhyi İsaya verdi» (Vəhy 1:1). Bu səbəbdən hal-hazırda dünyada baş verən hadisələr bizim üçün çox maraqlıdır. Biz baş verən hadisələrin peyğəmbərliklərin icrası ilə necə bağlı olduğunu bilmək istəyirik. Buna görə də, ola bilsin, bunları bir-birimizlə müzakirə etməyə can ataq.

Müqəddəs Kitab peyğəmbərliklərini müzakirə edərkən nə etməməliyik və nə etməliyik? (5-ci abzasa baxın)

5. Nə etməliyik və nə etməməliyik? (Həmçinin şəkillərə baxın.)

5 Amma peyğəmbərlikləri müzakirə edərkən öz fərziyyələrimizi irəli sürməməliyik. Çünki yığıncaqda birliyi pozacaq fikirlər yaymaq istəmirik. Məsələn, ola bilsin, eşidirik ki, dünya liderləri hansısa münaqişəni həll etmək, sülh və təhlükəsizlik yaratmaq barədə danışırlar. Yaxşı olar ki, onların bu sözləri ilə 1 Salonikililərə 5:3 ayəsindəki peyğəmbərliyin yerinə yetdiyini iddia etməyək, əksinə, nəşrlərimizdə dərc olunan son məlumatlardan xəbərdar olaq. Söhbətlərimiz Yehovanın təşkilatının dərc etdiyi məlumatlara əsaslananda yığıncaqda birlik olur, həmfikir oluruq (1 Kor. 1:10; 4:6).

6. 2 Butrus 3:11—13 ayələrindən nə öyrənirik?

6 2 Butrus 3:11—13 ayələrini oxuyun. Həvari Butrusun sözləri bizə peyğəmbərlikləri araşdırarkən məqsədimizi unutmamağa kömək edir. O deyir ki, «Yehovanın gününü bərk-bərk yadda» saxlamalıyıq. Nə üçün? Məqsədimiz Armageddonun gələcəyi günü və saatı müəyyən etmək deyil. Biz istəyirik ki, o gün yetişənə qədər «müqəddəs yaşayış və möminlik»lə ömür sürək (Mət. 24:36; Luka 12:40). Başqa sözlə, biz istəyirik ki, əməllərimiz düz olsun və xidmətdə etdiyimiz hər bir şey Yehovaya sevgidən irəli gəlsin. Bunu unutmamaq üçün özümüzə həmişə fikir verməliyik.

ÖZÜMÜZƏ FİKİR VERMƏK NƏ DEMƏKDİR?

7. İsa Məsihin məsləhətinə necə əməl edə bilərik? (Luka 21:34, 35).

7 İsa Məsih Luka 21:34, 35 ayələrində şagirdlərinə vacib nəsihət vermişdi: «Özünüzə fikir verin». (Ayələri oxuyun.) Bu sözlərlə o göstərmişdi ki, onlar təkcə axırzamanın əlamətlərinə yox, həmçinin özlərinə də fikir verməlidirlər. Özümüzə fikir vermək o deməkdir ki, biz Yehova ilə münasibətlərimizə xələl gətirəcək istənilən təhlükəni sezməli və ondan uzaq durmalıyıq. Onda Allahın məhəbbətindən ayrılmayacağıq (Məs. 22:3; Yhd. 20, 21).

8. Həvari Bulus məsihilərə hansı nəsihəti vermişdi?

8 Həvari Bulus da məsihilərə özlərinə fikir verməyi nəsihət etmişdi. Məsələn, o, Efesdəki məsihilərə demişdi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin» (Efes. 5:15, 16). Şeytan bizim Yehova ilə dostluğumuzu hədəf alıb. Buna görə də Müqəddəs Kitab bizə məsləhət görür ki, Yehovanın iradəsini daima qavrayaq. Bunun sayəsində özümüzü Şeytanın hücumlarından qoruyacağıq (Efes. 5:17).

9. Yehovanın iradəsini necə qavraya bilərik?

9 Müqəddəs Kitabda Yehova ilə dostluğumuza xələl gətirəcək hər təhlükə barədə yazılmayıb. Çox vaxt biz elə məsələlər barədə qərar verməli oluruq ki, Müqəddəs Kitabda o mövzulara heç toxunulmayıb. Hikmətli qərarlar vermək üçün biz «Yehovanın iradəsini» qavramalıyıq. Bunun üçün Onun Kəlamını müntəzəm mütaliə etməliyik və oxuduqlarımızın üzərində dərindən düşünməliyik. Yehovanın iradəsini qavradıqca və «Məsihin düşüncəsinə» sahib olduqca, verəcəyimiz qərarla bağlı heç bir göstəriş olmasa belə, «müdriklər kimi» hərəkət edəcəyik (1 Kor. 2:14—16). Elə təhlükələr var ki, onları müəyyən etmək nisbətən asandır. Bəzi təhlükələri isə sezmək çətin olur.

10. Hansı təhlükələrdən qaçmalıyıq?

10 Qaçmalı olduğumuz bəzi təhlükələrə bunlar daxildir: flirt, sərxoşluq, qarınqululuq, acıdil olmaq, zorakı əyləncələr, pornoqrafiyaya baxmaq və bu kimi digər şeylər (Zəb. 101:3). Düşmənimiz Şeytan İblis Yehova ilə dostluğumuza xələl gətirmək üçün durmadan fürsət axtarır (1 But. 5:8). Əgər ayıq olmasaq, Şeytan düşüncələrimizə və ürəyimizə paxıllığın, nadürüstlüyün, tamahkarlığın, nifrətin, təkəbbürün və kinin toxumlarını səpə bilər (Qal. 5:19—21). Əvvəl-əvvəl bunlar özünü elə də güclü büruzə verməyə bilər, amma onları dərhal kökündən qopartmasaq, onlar zəhərli bitki kimi böyüməyə davam edəcək və ciddi fəsadlar törədəcək (Yaq. 1:14, 15).

11. İlk baxışdan sezilməyən hansı təhlükədən qaçmalıyıq və nəyə görə?

11 Təhlükələrdən biri də pis dostluqdur. Gəlin belə bir vəziyyətə baxaq. Siz məsihi olmayan bir nəfərlə işləyirsiniz. İstəyirsiniz onda Yehovanın Şahidləri haqda yaxşı təəssürat yaradasınız. Buna görə də onunla mehriban davranırsınız, ona kömək edirsiniz. Əvvəl-əvvəl bu iş yoldaşınızla hərdənbir, çox keçməmiş isə müntəzəm nahar etməyə başlayırsınız. Bəzən o, əxlaqsız mövzulardan söz açır. Təzə-təzə bu sizin xoşunuza gəlmir. Amma müəyyən vaxtdan sonra bu söhbətlər sizin üçün adiləşir. Bir gün o, işdən sonra sizi içki içməyə dəvət edir və siz dəvəti qəbul edirsiniz. Tədricən onun kimi düşünməyə başlayırsınız. Çox keçməmiş siz iş yoldaşınız kimi davranmağa başlayacaqsınız. Düzdür, biz hamı ilə mehriban və hörmətcil davranmalıyıq. Eyni zamanda unutmamalıyıq ki, vaxt keçirdiyimiz insanlar bizə güclü təsir göstərir (1 Kor. 15:33). Əgər biz İsanın da dediyi kimi, özümüzə fikir versək, Yehovanın əxlaq normalarına uyğun yaşamayan insanlarla lazımsız ünsiyyətdən uzaq duracağıq (2 Kor. 6:15). Onda biz təhlükəni görüb, ondan qaçacağıq.

VAXTINIZIN QƏDRİNİ BİLİN

12. İsanın şagirdləri Yerusəlimin və məbədin məhvini gözlədikləri müddətdə nə etməli idilər?

12 İsanın şagirdləri sadəcə oturub Yerusəlimin və məbədin məhvini gözləməməli idilər. İsa onlara ciddi bir iş tapşırmışdı. Onlar «Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək» xoş xəbəri təbliğ etməli idilər (Həv. 1:6—8). İsanın şagirdlərinə həqiqətən də böyük bir iş tapşırılmışdı. Onlar vaxtlarının qədrini bildiklərini özlərini bu işə həsr etməklə göstərdilər.

13. Nəyə görə vaxtımızın qədrini bilməliyik? (Koloslulara 4:5).

13 Koloslulara 4:5 ayəsini oxuyun. Özümüzə fikir vermək üçün vaxtımızdan necə istifadə etdiyimizi də götür-qoy etməliyik. Hamımızın başına təsadüfən nə isə gələ bilər (Vaiz 9:11). Hətta, qəfildən ölə bilərik.

Vaxtımızın qədrini bildiyimizi necə göstərə bilərik? (14 və 15-ci abzaslara baxın)

14, 15. Vaxtın qədrini bildiyimizi necə göstəririk? (İbranilərə 6:11, 12). (Həmçinin şəklə baxın.)

14 Biz Yehovanın iradəsini yerinə yetirməklə və Onunla dostluğumuzu möhkəmləndirməklə vaxtımızdan müdrik istifadə etmiş oluruq (Yəh. 14:21). Biz mətin qalmalı, sarsılmaz olmalı, həmişə Rəbbin işində çox çalışmalıyıq (1 Kor. 15:58). Onda istər bizim həyatımızın, istərsə də bu şər dünyanın sonu gələndə heç nəyə görə peşman olmayacağıq (Mət. 24:13; Rom. 14:8).

15 Bu gün də İsa Allahın Padşahlığı haqqındakı xoş müjdəni bütün dünyada təbliğ edən şagirdlərinə göstərişlər verir. O öz üzərinə düşəni edir. Yehovanın təşkilatı vasitəsilə İsa bizə təbliğ etməyi öyrədir və xoş xəbəri yaymaq üçün lazım olan vəsaitlərlə təmin edir (Mət. 28:18—20). Təbliğ və şagird hazırlamaq işində əlimizdən gələni etməklə və bu dövrün yekununa kimi ayıq qalmaqla biz də öz üzərimizə düşən işi icra etmiş oluruq. İbranilərə 6:11, 12 ayələrindəki məsləhəti tətbiq etməklə ümidimizi axıradək möhkəm saxlayacağıq. (Ayələri oxuyun.)

16. Nəyə qətiyyətli olmalıyıq?

16 Yehova Şeytan sistemini məhv edəcəyi günü və saatı artıq təyin edib. O gün gələndə Yehova Kəlamında yazdırdığı bütün peyğəmbərlikləri yerinə yetirəcək. Bəzən elə düşünə bilərik ki, bu dövrün yekunu gecikir. Amma bu belə deyil. Yehovanın günü «gecikməyəcək»! (Həb. 2:3). Odur ki, gəlin bundan sonra da gözümüzü Yehovaya dikək, «qurtuluş verən Allahı səbirlə» gözləyək (Mik. 7:7).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

Bu məqalədə dünyadakı hadisələri müşahidə edərkən ayıq olmağın vacibliyindən danışacağıq. Həmçinin öyrənəcəyik ki, özümüzə fikir vermək nə deməkdir və vaxtımızın qədrini bildiyimizi necə göstərə bilərik.

ŞƏKLİN İZAHI. (Yuxarıda) Bir ər-arvad xəbərlərə baxır. Sonra isə xəbərlərlə bağlı özlərinin gəldiyi nəticəni yığıncaqda başqaları ilə bölüşürlər. (Aşağıda) Bir ər-arvad Müqəddəs Kitabdakı peyğəmbərliklərin ən son izahatından xəbərdar olmaq üçün Rəhbərlik Şurasının müraciətinə baxır. Onlar sadiq və ağıllı nökərin təqdim etdiyi Müqəddəs Kitaba əsaslanan nəşrləri insanlara paylayırlar.