TƏLİM MƏQALƏSİ 6
Müqəddəs Kitab və Müəllifi
«Sənə dediyim bütün sözləri bir kitaba yaz» (ƏRM. 30:2).
NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir
İCMAL a
1. Müqəddəs Kitaba görə nə üçün minnətdarsınız?
BİZƏ Müqəddəs Kitabı bəxş etdiyinə görə Yehovaya çox minnətdarıq. Oradakı hikmətli məsləhətlər problemlərimizin öhdəsindən gəlməyə kömək edir. Bu kitab həmçinin bizə gözəl gələcəyə ümid verir. Ən əsası isə Yehova Kəlamı vasitəsilə bizə Öz xüsusiyyətlərini açıqlayır. Onun gözəl xüsusiyyətləri barədə düşündükcə ürəyimiz cuşa gəlir, Onunla yaxın dost olmağa can atırıq (Zəb. 25:14).
2. Yehova hansı üsullar vasitəsilə Özünü insanlara əyan edib?
2 Yehova istəyir ki, insanlar Onu tanısın. O, qədimdə röyalar, vəhylər və mələklər vasitəsilə Özünü əyan etmişdi (Say. 12:6; Həv. 10:3, 4). Əgər bu röyalar, vəhylər və mələklərin çatdırdığı xəbərlər qələmə alınmasaydı, biz onları necə araşdırardıq? Elə bu səbəbdən Yehova lazım bildiyi məlumatları «bir kitaba» yazdırıb (Ərm. 30:2). «Allahın yolu kamil» olduğuna görə əmin ola bilərik ki, bizimlə ünsiyyət etmək üçün seçdiyi üsul mükəmməldir və bizim xeyrimizədir (Zəb. 18:30).
3. Yehova Müqəddəs Kitabın bizim dövrə qədər gəlib çatması üçün hansı tədbiri görmüşdü? (Əşiya 40:8).
3 Əşiya 40:8 ayəsini oxuyun. Allahın Kəlamındakı hikmətli məsləhətlər min illərdir ki, sadiq kişi və qadınlara fayda gətirir. Bu necə mümkün olub? Axı Müqəddəs Kitabın yazılmasının üstündən qərinələr ötüb. Onun yazıldığı materiallar vaxt keçdikcə xarab olduğu üçün heç bir orijinal əlyazma dövrümüzə qədər gəlib çatmayıb. Amma Yehovanın istəyilə bu müqəddəs kəlmələrin üzü köçürülürdü, onların çoxlu nüsxəsi yaradılırdı. Köçürücülər qeyri-kamil insanlar olsalar da, hədsiz dərəcədə diqqətli idilər. Məsələn, bir alim Tövratın mətni ilə bağlı belə bir şərh vermişdi: «Qətiyyətlə deyə bilərik ki, heç bir başqa qədim əsər bu dərəcədə dəqiqliklə bizə gəlib çatmamışdır». Bəli, baxmayaraq ki, Müqəddəs Kitab çoxdan yazılıb, orijinal əlyazmalar vaxt keçdikcə çürüyüb və köçürücülər qeyri-kamil olub, amma əmin ola bilərik ki, bu gün oxuduğumuz Müqəddəs Kitab Müəllifi Yehovanın fikirlərini dəqiqliklə əks etdirir.
4. Bu məqalədə nə haqda danışacağıq?
4 Yehova «hər bir gözəl pay və hər bir kamil nemət»in Mənbəyidir (Yaq. 1:17). Onun bizə verdiyi ən gözəl paylardan biri Müqəddəs Kitabdır. Adətən bizə verilən paydan bilmək olur ki, onu verən kəs bizi nə dərəcədə yaxşı tanıyır, bizim ehtiyaclarımızı nə dərəcədə yaxşı bilir. Eyni şeyi Müqəddəs Kitab barədə də demək olar. Bu paydan biz Yehova haqqında çox şey öyrənirik. Görürük ki, O bizi çox yaxşı tanıyır, ehtiyaclarımızı çox yaxşı bilir. Bu məqalədən görəcəyik ki, Müqəddəs Kitab Yehovanın üç xüsusiyyətindən — hikmətindən, ədalətindən və məhəbbətindən xəbər verir. Əvvəla, gəlin görək Müqəddəs Kitab Yehovanın hikmətli olduğunu necə sübut edir.
MÜQƏDDƏS KİTAB ALLAHIN HİKMƏTİNDƏN XƏBƏR VERİR
5. Müqəddəs Kitabın Allahın hikmətindən xəbər verdiyini nə göstərir?
5 Yehova bilir ki, bizim hikmətli məsləhətə ehtiyacımız var. Buna görə də hikmət çeşməsi olan Müqəddəs Kitabı bizə pay verib. Oradakı məsləhətlər insanların xeyrinədir. Müqəddəs Kitab insanların həyatını dəyişir. Musa peyğəmbər Müqəddəs Kitabın ilk bölmələrini qələmə alanda İsrail xalqına belə demişdi: «Bu, boş söz deyil, ölüm-dirim məsələsidir» (Qan. 32:47). Orada yazılanlara əməl edənlər xoşbəxt ömür sürə bilərdilər (Zəb. 1:2, 3). Zaman Allahın Kəlamının qüdrətini zəiflətməyə müvəffəq olmayıb. Məsələn, jw.org saytında «Müqəddəs Kitab həyatları dəyişir» bölməsində 50-dən çox həyat hekayəsi var. Bu nümunələrdən aydın görünür ki, Allahın Kəlamı imanlı insanlarda güclü fəaliyyət göstərir (1 Salon. 2:13).
6. Nəyə əsasən deyə bilərik ki, Müqəddəs Kitaba tay olan ikinci bir kitab yoxdur?
6 Dünyada saysız-hesabsız kitab var, amma onların əksəriyyətinin müəllifi çoxdan ölüb, bu kitabların özü isə zamanla dəyərini itirib. Müqəddəs Kitab isə tamam fərqlidir, ona tay olan ikinci kitab yoxdur. Çünki onun Müəllifi əbədidir, bənzərsiz hikmətə və qüdrətə sahibdir. Oradakı prinsiplər heç vaxt dəyərdən düşmür; onlar hər dövrdə yaşayan insanlara fayda gətirib. Biz Müqəddəs Kitabı oxuyanda və öyrəndiklərimiz barədə düşünəndə Yehova müqəddəs ruhu ilə kömək edir ki, oradakı məsləhətləri öz həyatımızda necə tətbiq etməyi bilək (Zəb. 119:27; Məl. 3:16; İbr. 4:12). Bəli, Müqəddəs Kitabın var olan Müəllifi bizə kömək etmək istəyir. Məgər bu bizi Müqəddəs Kitabı müntəzəm oxumağa təşviq etməməlidir?
7. Keçmişdə Müqəddəs Yazılar Allahın xalqı arasında birliyi necə yaradırdı?
7 Müqəddəs Kitabın ilahi hikmətdən xəbər verdiyini daha nə göstərir? O, Allahın xalqı arasında birlik yaratmağa qadirdir. İsraillilər Vəd edilmiş diyara daxil olanda ölkənin müxtəlif ərazilərində məskunlaşdılar. Kimisi balıqçılıqla, kimisi heyvandarlıqla, kimisi də əkinçiliklə məşğul olmağa başladı. Bir-birindən uzaqda yaşayan israillilərin münasibətləri asanlıqla soyuya bilərdi. Amma Yehova onların birgə toplaşması üçün müəyyən mərasimlər təşkil etmişdi. Bu mərasimlərdə onlar Allahın Kəlamının qiraətinə və izahına qulaq asırdılar (Qan. 31:10—13; Nəh. 8:2, 8, 18). Bir təsəvvür edin, israillilər Yerusəlimə gələndə və ölkənin dörd bir tərəfindən axışıb gələn milyonlarla soydaşlarını görəndə hansı hissləri keçirirdilər! Bu yolla Yehova xalqına aralarındakı birliyi qorumağa kömək edirdi. Sonralar məsihi yığıncağı yarandı. Yığıncağa gələn kişi və qadınlar fərqli dillərdə danışırdılar, aralarında varlılar, kasıblar, vəzifə sahibləri və sadə insanlar var idi. Amma onların hamısı Allahın Kəlamını sevdiyi üçün birlik içində tək olan Allaha ibadət edirdilər. İmana yeni gələnlər Allahın Kəlamını yalnız dindaşlarının köməyi və onlarla birgə toplaşmağın sayəsində başa düşə bilərdilər (Həv. 2:42; 8:30, 31).
8. Bu gün Müqəddəs Yazılar Allahın xalqı arasında birliyi necə yaradır?
8 Bizim dövrümüzdə də hikmətli Allahımız Yehova Müqəddəs Kitab vasitəsilə xalqına təlim verir və onlar arasında birlik yaradır. Müqəddəs Kitab Allah haqqında bilməli olduğumuz bütün həqiqətlərin mənbəyidir. Bu həqiqətlər yığıncaq görüşlərində və toplantılarda səslənir. Orada Müqəddəs Kitab oxunur, izah olunur və müzakirə edilir; bunları dinləmək üçün biz müntəzəm olaraq birgə toplaşırıq. Bu yolla Müqəddəs Kitab Yehovanın niyyətinin icra olunmasında vacib rol oynayır; O istəyir ki, xidmətçiləri «çiyin-çiyinə Ona qulluq etsin» (Səf. 3:9).
9. Allahın Kəlamını başa düşmək üçün insanda hansı xüsusiyyət olmalıdır? (Luka 10:21).
9 Yehovanın hikmətindən xəbər verən başqa dəlil də var. Müqəddəs Kitabın çox hissəsi elə tərzdə yazılıb ki, onları yalnız təvazökar insanlar başa düşə bilər. (Luka 10:21 ayəsini oxuyun.) Belə baxanda, Müqəddəs Kitabı bütün dünyada hamı oxuyur. Bir alim demişkən, «Müqəddəs Kitab bütün kitabların içində ən çox oxunan kitab olmaqla yanaşı, həm də ən diqqətlə oxunan kitabdır». Amma yalnız həlim insanlar onu başa düşür və həyatında tətbiq edir (2 Kor. 3:15, 16).
10. Müqəddəs Kitab Yehovanın hikmətli olduğunu daha necə sübut edir?
10 Müqəddəs Kitab Yehovanın başqa bir sahədə də hikmətindən xəbər verir. Yehova Müqəddəs Kitab vasitəsilə Öz xidmətçilərini həm ümumilikdə, həm də ayrı-ayrılıqda öyrədir və təskinlik verir. Kəlamı oxuyanda Yehovanın bizimlə şəxsən maraqlandığını hər birimiz hiss edə bilərik (Əşy. 30:21). Yəqin, sizdə də dəfələrlə olub ki, probleminiz olanda Müqəddəs Kitabı açıb oxumusunuz və sizə elə gəlib ki, oxuduğunuz ayə məhz sizin üçün yazılıb. Amma bildiyimiz kimi, Müqəddəs Kitab milyonlarla insana ünvanlanıb. Bəs necə ola bilər ki, oradakı məsləhətlər həmişə aktual olsun və şəxsən sizin tələbatınıza uyğun gəlsin? Bu yalnız bir şeyin sayəsində mümkündür: Müqəddəs Kitab misilsiz hikmətə sahib Müəllifin əsəridir (2 Tim. 3:16, 17).
MÜQƏDDƏS KİTAB ALLAHIN ƏDALƏTİNDƏN XƏBƏR VERİR
11. Müqəddəs Kitabın yazıldığı dillərdən Yehovanın ayrı-seçkilik etməyən Allah olduğu necə görünür?
11 Ədalət Yehovanın digər xüsusiyyətidir (Qan. 32:4). Ədalətli olmaq həmçinin ayrı-seçkilik etməmək deməkdir və Yehova da ayrı-seçkilik etməyən Allahdır (Həv. 10:34, 35; Rom. 2:11). Onun ayrı-seçkilik etmədiyini Müqəddəs Kitabın yazıldığı dillərdən görmək olar. Müqəddəs Kitabın ilk 39 bölməsi, əsasən, ibrani dilində yazılıb. Həmin dövrdə Allahın xalqı o dildə danışırdı. Amma eramızın birinci əsrində artıq əksər insanlar yunan dilində danışırdı. Buna görə də Müqəddəs Kitabın qalan 27 bölməsi, əsas etibarilə, yunan dilində yazılmışdı. Yehova Kəlamının hansısa konkret bir dildə yazılmasının tərəfdarı olmayıb. Bu gün dünyada müxtəlif dillərdə danışan səkkiz milyarda yaxın insan var. Bəs bu qədər insan Yehova haqda necə öyrənə bilər?
12. Dənyal 12:4 ayəsi axırzamanda necə yerinə yetir?
12 Yehova Dənyal peyğəmbər vasitəsilə demişdi ki, axırzamanda Müqəddəs Kitabdakı «həqiqi elm çoxalacaq». Xeyli insan onu başa düşəcək. (Dənyal 12:4 ayəsini oxuyun.) Bu bilik necə artır? Bunun bir yolu Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin tərcümə edilməsi, dərc olunması və paylanmasıdır. Müqəddəs Kitab dünyada ən çox dilə tərcümə olunmuş və ən geniş yayılmış kitabdır. Kommersiya şirkətlərinin hazırladığı Müqəddəs Kitab tərcümələri bəzən çox baha olur. Yehovanın xalqı bu günə qədər Müqəddəs Kitabı tam və ya qismən 240-dan çox dilə tərcümə edib və istənilən insan onu pulsuz əldə edə bilər. Bunun sayəsində son gəlməzdən öncə bütün millətlərdən olan insanların Padşahlıq haqqındakı müjdəni eşitmək imkanı olur (Mət. 24:14). Ədalətli Allahımız Yehova istəyir ki, mümkün qədər çox insan Onun Kəlamını oxusun və Onu tanısın. Çünki Yehova hamımızı çox sevir.
MÜQƏDDƏS KİTAB ALLAHIN MƏHƏBBƏTİNDƏN XƏBƏR VERİR
13. Nəyə əsasən deyə bilərik ki, Müqəddəs Kitab Allahın məhəbbətini əks etdirir? (Yəhya 21:25).
13 Müqəddəs Kitabdan Onun Müəllifinin ən ali xüsusiyyətinin məhəbbət olduğunu öyrənirik (1 Yəh. 4:8). Yehovanın Müqəddəs Kitaba hansı məlumatları daxil etdiyi, hansılarını daxil etmədiyi barədə düşünəndə Onun məhəbbətini aydın görürük. Yehova Müqəddəs Kitaba Onunla sıx münasibət qurmağımıza, indi xoşbəxt yaşamağımıza və əbədi həyat əldə etməyimizə kömək edən məlumatları daxil edib. Yehova bizi o qədər sevir ki, bizi əlavə məlumatlarla yükləməyib. (Yəhya 21:25 ayəsini oxuyun.)
14. Yehovanın bizə məhəbbəti Müqəddəs Kitabda necə əks olunub?
14 Yehovanın bizi sevdiyini başqa bir sahədə də görürük. O bizimlə ünsiyyət edərkən ləyaqətimizə hörmət edir. Müqəddəs Kitabda saysız-hesabsız qaydalar yoxdur. Yehova hər addımbaşı necə davranacağımızı diktə etmir. O, gerçək hadisələr, möhtəşəm peyğəmbərliklər və faydalı məsləhətlər vasitəsilə düşüncəmizi işə salmağa kömək edir. Beləcə, Allahın Kəlamı bizi təşviq edir ki, Onu ürəkdən sevək və itaət edək.
15. a) Allahın bizə biganə yanaşmadığını Müqəddəs Kitabdan necə görmək olar? b) Şəkildəki balaca qız, gənc qardaş və yaşlı bacı Müqəddəs Kitabdakı hansı personajlar barədə düşünür? (Yar. 39:1, 10—12; 2 Pad. 5:1—3; Luka 2:25—38).
15 Müqəddəs Kitabdan öyrənirik ki, Yehova bizə biganə yanaşmır. Nəyə əsasən belə demək olar? Çünki Müqəddəs Kitabda çox insanın hadisəsi yazılıb, onların keçirdiyi hisslər qələmə alınıb. Həmin insanların hissləri bizə tanışdır, çünki onlar da «bizdəki kimi duyğulara malik» olub (Yaq. 5:17, haş.). Ən əsası isə Yehovanın bizim kimi adi insanlarla rəftarından aydın görürük ki, O, çox «mehriban və mərhəmətlidir» (Yaq. 5:11).
16. Müqəddəs Kitabdan səhv edən insanların hadisəsi haqda oxuyanda Yehova barədə nə öyrənirik? (Əşiya 55:7).
16 Müqəddəs Kitabda Yehovanın bizi sevdiyinin başqa sübutu da var. Orada qeyd olunub ki, biz səhv edəndə Yehova bizi tərk etmir. İsraillilər Yehovaya qarşı dəfələrlə günah edirdilər, amma onlar ürəkdən tövbə edəndə Yehova onları bağışlayırdı. (Əşiya 55:7 ayəsini oxuyun.) Birinci əsrdəki məsihilər də Yehovanın onları sevdiyini bilirdilər. Həvari Bulus Yehovanın ilhamı ilə dindaşlarını təşviq etmişdi ki, günahlı həyat sürən, amma sonra tövbə edən insanı bağışlasınlar və ona təsəlli versinlər (2 Kor. 2:6, 7; 1 Kor. 5:1—5). Nə yaxşı ki, xidmətçiləri səhv edəndə Yehova onlardan üz döndərmirdi! Əksinə, onlara dayaq olurdu, düzəliş edirdi və qucaq açıb yenidən Ona dönməyə səsləyirdi. Yehova vəd edir ki, bu gün də tövbə edən bütün günahkarlarla eyni cür davranacaq (Yaq. 4:8—10).
«GÖZƏL PAYI» QİYMƏTLƏNDİRİN
17. Nəyə görə Müqəddəs Kitab heyrətamiz paydır?
17 Yehova bizə çox gözəl bir pay verib. Nəyə görə Onun Kəlamı belə heyrətamizdir? Öyrəndiyimiz kimi, Müqəddəs Kitab Yehovanın hikmətli, ədalətli və məhəbbətli olduğundan xəbər verir. Bu kitab sübut edir ki, Yehova bizim Onu tanımağımızı, Onunla dost olmağımızı istəyir.
18. Yehovadan «gözəl pay» olan Müqəddəs Kitaba görə minnətdarlığımızı necə göstərə bilərik?
18 Biz Allahın Kəlamının «gözəl pay» olduğunu unutmamalıyıq (Yaq. 1:17). Odur ki, gəlin bu hədiyyəyə görə minnətdarlığımızı daima göstərək. Bunu necə edə bilərik? Oradakı müqəddəs sözləri oxumaqla və onların üzərində düşünməklə. Belə etsək, əmin ola bilərik ki, Müqəddəs Kitabın ulu Müəllifi zəhmətimizə bərəkət verəcək və biz «Allahın elminə» yetişəcəyik (Məs. 2:5).
NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar
a Müqəddəs Kitabı oxumağın sayəsində biz Yehovaya yaxınlaşırıq. Bəs bu kitabdan Yehovanın hikməti, ədaləti və məhəbbəti barədə nə öyrənirik? Öyrəndiklərimiz bizə kömək edəcək ki, Müqəddəs Kitabı daha da qiymətləndirək və onun səmavi Atamız Yehovadan gözəl pay olduğunu unutmayaq.