Kontentə keç

Mündəricatı göstər

Əsl dost olaq

Əsl dost olaq

OLUBMU ki, hansısa çətinlik qarşısında özünüzü tək, çarəsiz hiss etmisiniz? Biz «son dərəcə çətin bir vaxt»da yaşadığımız üçün hərdən özümüzü yalqız, məyus hiss edirik (2 Tim. 3:1). Amma unutmamalıyıq ki, həyatımızın ağır dönəmlərində bizə kömək edəcək insanlar həmişə var. Müqəddəs Kitabda «dar gün»də insanın köməyinə yetən əsl dostların olmasının çox dəyərli olduğu vurğulanır (Məs. 17:17).

ƏSL DOSTLARIN KÖMƏYİ

Həvari Bulus həbsdə olsa da, sadiq dostlarının dayağı sayəsində xidmətini icra edə bilirdi

Həvari Bulus təbliğ səyahətləri zamanı dostlarının köməyini çox görmüşdü (Kol. 4:7—11). O, Romada həbsdə olanda onun edə bilmədiyi işləri dostları edirdi. Məsələn, Epafrodit Filippidən olan bacı-qardaşların göndərdiyi bəxşişləri Bulusa gətirib çatdırmışdı (Filip. 4:18). Tixik Bulusun yazdığı məktubları müxtəlif yığıncaqlara aparırdı (Kol. 4:7). Bulus hətta ev dustağı olanda və ya həbsə salınanda da dostları sayəsində xidmətini davam etdirə bilirdi. Bəs əsl dost olmaq üçün siz nə edə bilərsiniz?

Bizim dövrümüzdə də dostların bir-birinə əl tutduğunu göstərən hadisələr çoxdur. İspaniyada öncül kimi xidmət edən Elizabet adlı bacı əsl dostun köməyini şəxsən duymuşdu. Belə ki, onun anasında xərçəng aşkar olunmuşdu və vəziyyəti ümidsiz idi. Bir bacı Elizabetə Müqəddəs Kitab ayələrinə əsaslanan mesajlar göndərirdi. Elizabet deyir: «Həmin mesajlar mənə güc verirdi, yalnız olmadığımı hiss edirdim» (Məs. 18:24).

Dindaşlarımıza ruhani işlərdə iştirak etməyə kömək etməklə onlarla dostluğumuzu möhkəmləndirə bilərik. Məsələn, hansısa yaşlı bacı və ya qardaşa təklif edə bilərsiniz ki, onu yığıncağa və ya təbliğə maşınla aparasınız. Bunun sayəsində qarşılıqlı ruhlanacaqsınız (Rom. 1:12). Elə məsihilər də var ki, evdən çölə çıxa bilmir. Onlar üçün necə əsl dost ola bilərsiniz?

EVDƏN ÇIXA BİLMƏYƏNLƏR ÜÇÜN ƏSL DOST OLUN

Bəzi dindaşlarımız səhhətlərindəki problemlərə və ya digər səbəblərə görə yığıncaqlarda canlı iştirak edə bilmir. Bu dindaşlarımızdan biri də limfoma xəstəliyindən əziyyət çəkən Deyvid qardaşımız idi. O, altı aydan çox kimyaterapiya müalicəsi almışdı. Bu müddət ərzində Deyvid yoldaşı Lidiya ilə yığıncaqlara onlayn qoşulurdu.

Yığıncaqdakı bacı-qardaşlar onlara necə dəstək olmuşdu? Hər görüşdən sonra ibadət evindəki bəzi bacı-qardaşlar Deyvid və Lidiya ilə videokonfrans vasitəsilə söhbət edirdi. Bundan əlavə, Deyvid və Lidiya şərh verəndə bəziləri mesaj yazıb minnətdarlıqlarını bildirirdi. Bəs bu, Deyvidlə yoldaşına necə təsir bağışlayırdı? Onlar özlərini yığıncaqdan ayrı düşmüş hiss etmirdilər.

Evdən çıxa bilməyən dindaşlarınızla xidmətdə əməkdaşlıq edin

Evdən çıxa bilməyən dindaşlarımızla təbliğ işində əməkdaşlıq edə bilərik? Cədvəlimizdə kiçik dəyişikliklər etsək, bu bizdə alınacaq. Beləcə, onları unutmadığımızı göstərəcəyik (Məs. 3:27). Məsələn, onlarla birlikdə məktub yazmaq və telefon vasitəsilə təbliğ etmək olar. Bu cür bacı-qardaşlar videokonfrans vasitəsilə təbliğ görüşlərində iştirak edə bilər. Deyvid və Lidiya yığıncağın onlar üçün yaratdığı bu şəraitə görə çox minnətdardırlar. Deyvid deyir: «Təbliğ qrupumuzla birlikdə qısa da olsa, müzakirələrdə iştirak etmək və dua etmək bizi hədsiz dərəcədə çox ruhlandırırdı». Bundan əlavə, vaxtaşırı şagirdinizin dərsini evdən çıxa bilməyən təbliğçinin evində keçə bilərsiniz. Amma əvvəlcə həmin dindaşınızdan bunun onun sağlamlığı üçün təhlükəli olub-olmadığını soruşun.

Evdən çıxa bilməyən dindaşlarımızla əməkdaşlıq edəndə onları yaxından tanıyırıq və gözəl xüsusiyyətlərini görürük. Beləcə, onlarla münasibətimiz möhkəmlənir. Məsələn, təbliğ zamanı bu dindaşlarımızın insanların ürəyinə yol tapmaq üçün Allahın Kəlamından məharətlə istifadə etdiklərini görürük və onlar bizə daha da əziz olur. Ruhani işlərdə dindaşlarımıza dəstək olanda dost əhatəmizi genişləndiririk (2 Kor. 6:13).

Bulusun çətin anlarında dostu Titus onun yanında idi və bu, Bulusa böyük təsəlli idi (2 Kor. 7:5—7). Titusun nümunəsi bizə xatırladır ki, dindaşlarımıza təkcə ruhlandırıcı sözlərlə yox, həmçinin onların yanında olmaqla və bacardığımız qədər onlara kömək etməklə də təsəlli ola bilərik (1 Yəh. 3:18).

TƏQİBLƏR ZAMANI ƏSL DOST OLUN

Rusiyadakı bacı-qardaşların bir-birinə dəstəyi bizim üçün gözəl nümunədir. Gəlin, Sergeylə həyat yoldaşı Tatyananın hadisəsinə baxaq. Polislər onların evində axtarış apardılar, sonra isə onları istintaqa cəlb etmək üçün bölməyə apardılar. Polislər əvvəlcə Tatyananı azad etdilər və o, evə qayıtdı. Sergey deyir: «[Tatyana] evə qayıdan kimi cəsur bir bacı ona dəymək üçün evimizə gəldi. Çox keçməmiş başqa bacı-qardaşlar da bizə gəlib axtarış zamanı dağıdılmış evimizdə səliqə-sahman yaratdılar».

Sergey sözünə əlavə edir: «Məsəllər 17:17 ayəsini həmişə sevmişəm. Orada deyilir: “Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır”. Təqiblərlə üzləşən zaman dostların köməyinə böyük ehtiyac duyurdum və bu sözlərin nə qədər doğru olduğuna özüm şahid oldum. Yehova mənə dar günümdə yanımda olan qorxmaz dostlar bəxş etdi» a.

Həyat günü-gündən çətinləşir. Buna görə də kürəyimizi söykəyə biləcəyimiz dostlara ehtiyacımız var. Böyük müsibət zamanı bizim bu cür dostlara daha çox ehtiyacımız olacaq. Gəlin indidən əsl dost olmaq üçün əlimizdən gələni edək! (1 But. 4:7, 8).

a jw.org saytında «Yehova mənə qorxmaz dostlar bəxş edib» adlı məqaləyə baxın.