Xudbin insanlara bənzəməyin
YƏQİN, fikir vermisiniz ki, bu gün çox adam xüsusi imtiyazlara, hüquqlara, fərqli rəftara layiq olduğunu düşünür. İstədiklərini alsalar da, bu onlara azlıq edir. Bunun da kökündə axırzamanın əlaməti olan naşükürlük, xudbinlik dayanır (2 Tim. 3:2).
Əlbəttə, xudbinlik yeni bir şey deyil. Adəmlə Həvva nəyin xeyir, nəyin şər olduğunu özləri bilmək istədilər. Bunun da ağır nəticələrini indiyə kimi biçirik. Yəhuda padşahı Üziyyə də xudbin insan idi. O, məbəddə buxur təqdim etməyə haqqı çatdığını düşünürdü, amma çox yanılırdı (2 Saln. 26:18, 19). Fərisilər və saddukilər İbrahim peyğəmbərin nəslindən olduqlarına görə Allahın xüsusi lütfünə layiq olduqlarını fikirləşirdilər (Mət. 3:9).
Ətrafımız xudbin və eqoist insanlarla doludur. Ehtiyatlı olmasaq, onların düşüncə tərzinə biz də yoluxarıq (Qal. 5:26). Bizdə elə fikir yaranar ki, hansısa şərəfli məsuliyyəti almağa və ya xüsusi rəftara layiqik. Bəs bu cür insan olmamaq üçün nə edə bilərik? Əvvəla, Yehovanın bu məsələyə necə yanaşdığını öyrənmək lazımdır. Müqəddəs Kitabdakı iki prinsip bizə bu sahədə kömək edəcək.
Bizim nəyə layiq olduğumuza Yehova qərar verir. Bir neçə nümunəyə baxaq.
-
Ailədə ər arvadı tərəfindən hörmət görməlidir, arvad da ərinin onu sevdiyini hiss etməlidir (Efes. 5:33). Ər-arvadlar haqlı olaraq gözləyir ki, həyat yoldaşları yalnız onlara romantik münasibət göstərsin (1 Kor. 7:3). Valideynlərin övladlarından itaət tələb etməyə ixtiyarları var. Övladlar da valideynlərindən bol məhəbbət və qayğı görməlidirlər (2 Kor. 12:14; Efes. 6:2).
-
Yığıncaqda ağsaqqallar çox zəhmət çəkir və hörmətimizə layiqdir (1 Salon. 5:12). Amma onların bacı-qardaşlar üzərində ağalıq etməyə haqları çatmır (1 But. 5:2, 3).
-
Allahın izni ilə hökumətlərin əhalidən vergi tələb etməyə, hörmət gözləməyə ixtiyarı çatır (Rom. 13:1, 6, 7).
Yehova sevgidən irəli gələrək bizə layiq olduğumuzdan artığını verir. Günahı miras aldığımız üçün biz yalnız ölümə layiqik (Rom. 6:23). Amma Yehova məhəbbətindən irəli gələrək bizə çoxlu nemətlər bəxş edir (Zəb. 103:10, 11). Aldığımız hər nemət, hər məsuliyyət yalnız və yalnız Yehovanın lütfü sayəsindədir (Rom. 12:6—8; Efes. 2:8).
XUDBİN, EQOİST OLMAMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?
Özünüzü bu dünyanın düşüncəsindən gözləyin. Fərqinə varmadan bizdə elə fikir yaranar ki, başqalarından daha artığına layiqik. İsa Məsih insanda bu cür fikirlərin asanlıqla yarana biləcəyini göstərmək üçün bir hekayə danışmışdı. Hekayə bir dinar məvacib alan işçilər haqda idi. İşçilərin bəziləri səhər tezdən işə başlayıb bütün günü günəşin istisində işləyirlər. Bəziləri isə cəmi bir saat işləyir. Səhərdən işləyənlər düşünürlər ki, gördükləri işə görə onlardan daha çox məvacib almalıdırlar (Mət. 20:1—16). İsanın davamçılarına çatdırmaq istədiyi fikir aydındır: biz Yehovanın verdikləri ilə qane olmalıyıq.
Tələb etməyin, şükür edin (1 Salon. 5:18). Həvari Bulus Korinfdəki dindaşlarından maddi kömək istəmirdi, halbuki, buna haqqı çatırdı (1 Kor. 9:11—14). Biz bu sahədə ona bənzəməyə çalışmalıyıq. Bizə nə verirlərsə, buna görə minnətdar olmalıyıq və başqalarından nəsə tələb etməməliyik.
Təvazökar olun. İnsan özü haqda həddindən çox düşünəndə fikirləşir ki, sahib olduğundan daha artığına layiqdir. Təvazökarlıq bu cür zəhərli düşüncəyə qarşı güclü dərmandır.
Təvazökarlıq göstərməkdə Dənyal peyğəmbər gözəl nümunə qoyub. O, zadəgan nəslindən idi. Yaraşıqlı, ağıllı-kamallı, bacarıqlı idi. Dənyal düşünə bilərdi ki, gördüyü xüsusi münasibətə və aldığı şərəfli məsuliyyətlərə layiqdir (Dən. 1:3, 4, 19, 20). Amma o, təvazökarlığını qorudu. Elə bu xüsusiyyətinə görə Dənyal Yehovanın istəkli bəndəsi idi (Dən. 2:30; 10:11, 12).
Gəlin bu dünyanın xudbin, eqoist düşüncəsindən uzaq duraq. Yehovanın lütfü sayəsində aldığımız hər nemətə görə daima sevinək.