BİOQRAFİYA
«Yehova heç vaxt məni tək qoymayıb»
HƏYATDA üzləşdiyimiz bəzi çətinliklərə görə, məsələn, əzizimizi itirəndə, yeni bir əraziyə köçəndə və tək qalanda özümüzü tənha hiss edə bilərik. Bütün bunları mən yaşamışam. Bununla belə, geriyə boylananda deyə bilərəm ki, heç vaxt tək qalmamışam. Gəlin nəyə görə belə düşündüyümü sizə ətraflı danışım.
VALİDEYNLƏRİMİN QOYDUĞU NÜMUNƏ
Atamla anam qatı katolik idilər. Amma Müqəddəs Kitabdan Allahın adının Yehova olduğunu öyrənəndə hər ikisi Yehovanın şövqlü xidmətçisi oldu. Atam taxta üzərində İsanın şəkillərini oyardı. Amma Yehovanı tanıyandan sonra o bu qabiliyyətindən istifadə edərək evimizin birinci mərtəbəsini ibadət evinə çevirdi. Bizim evimiz San-Xuan del Montedə (Filippinin paytaxtı Manilanın ətraf ərazisi) ilk ibadət evi oldu.
Mən 1952-ci ildə anadan olmuşam. Valideynlərim dörd böyük qardaşım və üç bacımla yanaşı mənə də gözəl ruhani tərbiyə veriblər. Mən böyüdükcə atam məni Müqəddəs Kitabdan hər gün bir fəsil oxumağa təşviq edirdi. Atam təşkilatımıza aid fərqli-fərqli nəşrlərdən mənə dərs keçib. Hərdən valideynlərim səyyar nəzarətçiləri və filial nümayəndələrini evimizdə qalmağa dəvət edirdi. Bu qardaşların danışdıqları hadisələrdən ailəlikcə böyük sevinc duyurduq və ruhlanırdıq. Bunlar bizi xidməti həyatımızda hər şeydən üstün tutmağa təşviq edirdi.
Valideynlərimin qoyduğu iman nümunəsindən çox şey öyrənmişəm. Anam xəstəlikdən həyatını itirəndən sonra atamla mən 1971-ci ildə öncül xidmətinə başladıq. Amma 1973-cü ildə 20 yaşlarımda atamı da itirdim. Valideynlərimin itkisindən sonra daxilimdə boşluq və tənhalıq hiss edirdim. Amma Müqəddəs Kitabın verdiyi «möhkəm və sarsılmaz» ümid bir lövbər kimi mənə emosional və ruhani cəhətdən sarsılmamağa kömək elədi (İbr. 6:19). Atamın ölümündən bir müddət sonra mən Palavan əyalətində yerləşən ucqar Koron adasında xüsusi öncül kimi xidmət etməyə başladım.
ÇƏTİN TAPŞIRIQLARIN ÖHDƏSİNDƏN TƏK GƏLİRƏM
Korona gələndə 21 yaşım var idi. Şəhər uşağı olduğum üçün bu adada insanların
elektrik, axar su sarıdan korluq çəkdiyini, maşınların, motosikletlərin az olduğunu görəndə təəccüblənmişdim. Burada cəmi bir neçə Yehovanın Şahidi olduğu üçün mənim öncül əməkdaşım yox idi və bəzən tək təbliğ etməli olurdum. İlk ay ailəm və dostlarım üçün bərk darıxırdım. Gecələr ulduzlu səmanı seyr edəndə yanaqlarımdan göz yaşları süzülürdü. Təyinatımı dayandırıb evə qayıtmaq istəyirdim.Tənha qaldığım bu vaxtlarda dua edib ürəyimi Yehovaya boşaldırdım. Müqəddəs Kitabdan, nəşrlərimizdən oxuduğum ruhlandırıcı fikirləri yadıma salırdım. Çox vaxt Zəbur 19:14 ayəsi yadıma düşürdü. Anlayırdım ki, Yehovanı razı salan şeylər barədə, məsələn, Onun gördüyü işlər və gözəl xüsusiyyətləri barədə düşüncələrə dalsam, O mənim Qayam və Xilaskarım olacaq. «Gözətçi qülləsi»ndəki «Siz heç vaxt tək deyilsiniz» a adlı məqalənin mənə çox böyük köməyi dəydi. Onu təkrar-təkrar oxuyurdum. Həmin vaxtlarda müəyyən mənada Yehova ilə təkbətək qalırdım. Bu isə mənə dua etmək, araşdırma aparmaq və dərin düşünmək üçün gözəl imkan yaradırdı.
Korona çatandan qısa müddət sonra ağsaqqal təyin olundum. Burada yeganə ağsaqqal mən olduğum üçün hər həftə Teokratik Xidmət Məktəbini, Xidmət görüşünü, Yığıncağın kitaböyrənməsini və «Gözətçi qülləsi» müzakirəsini aparırdım. Bundan əlavə, hər həftə açıq nitq söyləyirdim. Bir şeyi deyə bilərəm ki, artıq tənhalığımın dərdini çəkməyə vaxtım yox idi.
Korondakı xidmətim gözəl bəhrələr verdi: şagirdlərimdən bəziləri vəftiz olundu. Amma çətinliklərim də olurdu. Bəzən müəyyən bir əraziyə çatmaq üçün yarım gün piyada yol getməli olurdum. Özü də bilmirdim çatanda harada gecələyəcəyəm. Yığıncağın təbliğ ərazisinə çoxlu kiçik adalar da daxil idi. Baxmayaraq ki, üzməyi bilmirdim həmin ərazilərə getmək üçün çox vaxt mühərrikli qayıqla fırtınalı dənizlərdən keçirdim. Bütün bu çətinliklərimdə Yehova məni qorudu və mənə dayaq oldu. Sonralar başa düşdüm ki, sən demə, Yehova məni növbəti təyinatımdakı daha böyük çətinliklərə hazırlayırmış.
PAPUA-YENİ QVİNEYA
1978-ci ildə Avstraliyanın şimalına, Papua-Yeni Qvineyaya təyin olundum. Bura təxminən İspaniyanın ərazisi boyda olan dağlıq bir ölkədir. Burada yaşayan üç milyona yaxın əhalinin 800-dən çox dildə danışdığını biləndə heyrətə gəlmişdim. Nə yaxşı ki, insanların əksəriyyəti tok-pisin kimi tanınan Malaneziya picin dilində danışa bilirdi.
Mən müvəqqəti olaraq paytaxt Port-Morsbidəki ingilisdilli yığıncağa təyin olundum. Amma sonra tok-pisindilli yığıncağa keçdim və bu dili öyrənmək üçün kursa getdim. Orada öyrəndiklərimi təbliğdə istifadə edirdim. Bunun sayəsində dili daha tez öyrənə bildim. Çox keçməmiş tok-pisin dilində açıq nitqlə çıxış etməyə başladım. Təsəvvür edirsiniz, Papua-Yeni Qvineyaya gəlməyimdən heç bir il keçmədi ki, məni tok-pisindilli yığıncaqlara rayon nəzarətçisi təyin etdilər. Bu yığıncaqlar bir neçə böyük əyalətdə yerləşirdi.
Yığıncaqlar bir-birilərindən uzaqda olduğu
üçün mən çoxlu rayon toplantısı təşkil etməli və çoxlu səyahət etməli olurdum. Əvvəl-əvvəl özümü bu ərazilərdə yad hiss edirdim, çünki həm ölkə, həm dil, həm də mədəniyyət mənim üçün yeni idi. Ərazi dağlıq və kələ-kötür olduğundan yığıncaqları quru yolla səyahət etmək mümkün deyildi. Buna görə də demək olar ki, hər həftə təyyarə ilə səyahət etməli olurdum. Hərdən elə də yaxşı vəziyyətdə olmayan tək mühərrikli təyyarənin tək sərnişini mən olurdum. Qayıqla etdiyim səyahətlərdə olduğu kimi bu səyahətlər zamanı da təlaş, həyəcan keçirirdim!Həmin vaxtlar tək-tük adamda telefon var idi. Ona görə də mən yığıncaqlarla məktub vasitəsilə əlaqə saxlayırdım. Çox vaxt baş çəkdiyim yığıncağa göndərdiyim məktubdan əvvəl gəlib çatırdım. Buna görə də camaatdan soruşa-soruşa təbliğçiləri tapırdım və hər dəfə onlar məni elə gözəl qarşılayırdılar, o qədər minnətdar olurdular ki, hədər yerə zəhmət çəkmədiyimə əmin olurdum. Yehovanın qayğısını bir çox yolla duymuşam. Bu da Onunla münasibətimi daha da möhkəmləndirib.
Bugenvil adasına ilk ziyarətimdə bir cütlük gülümsəyərək mənə yaxınlaşıb soruşdu: «Bizi tanıdın?» Yadıma düşdü ki, Port-Morsbiyə ilk dəfə gələndə bu cütlüyə təbliğ edib Müqəddəs Kitab dərsi keçməyə başlamışdım. Bu ərazidən köçəndə onları yerli bir qardaşa ötürmüşdüm. İndi hər ikisi vəftiz olunmuşdu! Bu, Papua-Yeni Qvineyada xidmət etdiyim 3 il ərzində aldığım çoxlu nemətlərdən biri idi.
DAİMA İŞ BAŞINDA OLAN KİÇİK AİLƏMİZ
1978-ci ildə Korondan köçməzdən əvvəl mən Adel adlı gözəl və fədakar bir bacı ilə tanış oldum. Onun Samuel və Şirli adlı iki övladı var idi. Adel bu övladlarını böyüdə-böyüdə öncüllük edirdi, eyni zamanda yaşlı anasının qeydinə də qalırdı. Mən 1981-ci ilin mayında Filippinə qayıdıb onunla evləndim. Ailə qurandan sonra biz birlikdə öncüllük edir və ailəmizin qayğısına qalırdıq.
Ailəli olsam da, 1983-cü ildə məni Palavan əyalətində yerləşən Linapakan adasına xüsusi öncül təyin etdilər. Biz ailəlikcə Yehovanın Şahidlərinin olmadığı bu ucqar əraziyə köçdük. Təxminən bir il sonra Adelin anası vəfat etdi. Daima xidmətlə məşğul olduğumuz üçün bu itkiyə tab gətirə bildik. Linapakanda çoxlu insanla dərs keçməyə başladıq. Şagirdlər ibadət görüşlərinə gəlmək istəyirdilər. Buna görə də özümüz kiçik bir ibadət evi tikdik. Buraya gəlişimizdən cəmi üç il keçsə də, anma mərasimində 110 nəfərin iştirak etdiyini görəndə sevincimizin həddi-hüdudu yox idi. Bu insanların çoxu sonralar vəftiz olundu.
Mən 1986-cı ildə Kulon adasına təyin olundum. Bu adada cüzam xəstələrinin koloniyası var idi. Bir neçə ildən sonra Adel də xüsusi öncül təyin olundu. Əvvəl-əvvəl biz cüzam xəstəliyinə görə eybəcər hala düşən insanlara təbliğ etməyə ehtiyat edirdik. Amma oradakı təbliğçilər bizi əmin elədilər ki, bu insanlar müalicə alıblar və yoluxma riski çox azdır. Onlardan bəziləri bir bacının evində keçirilən Luka 5:12, 13).
ibadət görüşlərinə gəlirdi. Özlərini Allah və insanlar tərəfindən atılmış hiss edən bu adamlara Müqəddəs Kitabdakı ümidi bölüşməyə qısa zamanda alışdıq və bu bizə böyük sevinc verirdi. Ciddi xəstə olan kəslər bir gün mükəmməl sağlamlığa qovuşacaqlarını biləndə gözləri parıldayırdı. Bunu görmək nəyə desən dəyərdi! (Bəs uşaqlarımız Kulondakı həyata necə alışdılar? Onların yaxşı dostları olsun deyə Adellə mən Koronda yaşayan 2 bacını bizimlə əməkdaşlıq etməyə dəvət etdik. Biz bir neçə ər-arvada dərs keçirdik, həmin vaxt isə Samuel, Şirli və bu iki gənc bacı onların uşaqlarına dərs keçirdi. Hətta 11 ailəyə dərs keçdiyimiz vaxtlar olub. Şagirdlərimizin sayı o qədər çoxaldı ki, yeni bir yığıncaq yarandı!
Əvvəl-əvvəl bu ərazidə təkcə mən ağsaqqal idim. Filial məndən xahiş etdi ki, Kulonda səkkiz təbliğçinin olduğu bir ərazidə həftəlik görüşləri keçirim. Eyni şeyi doqquz təbliğçisi olan Marili adlı kənddə də etməli idim. Bu kəndə qayıqla üç saata çatmaq olurdu. İbadət görüşlərindən sonra isə ailəlikcə bir neçə saat dağlıq ərazilərlə yol gedib Halsi adlı kənddə Müqəddəs Kitab dərsləri keçirdik.
Tədricən Marilidə və Halsidə həqiqəti öyrənənlərin sayı elə çoxaldı ki, hər iki yerdə ibadət evi tikdik. Linapakanda olduğu kimi burada da bacı-qardaşlar və həqiqətə maraq göstərənlər çox köməyimizə çatdılar. Onlar bizi həm tikinti materialları ilə təmin etdilər, həm də tikinti işinə kömək etdilər. Marilidəki ibadət evi 200 nəfərlik idi. Bu ibadət evini genişləndirmək mümkün olduğu üçün orada biz toplantılar da keçirirdik.
KƏDƏR, TƏNHALIQ VƏ YENİDƏN QAYIDAN SEVİNC
Övladlarımız böyüyüb boya-başa çatandan sonra Adellə mən 1993-cü ildə Filippində səyyar xidmətə təyin olunduq. 2000-ci ildə Xidməti Təkmilləşdirmə Məktəbinə dəvət olundum. Bu məktəbdə müəllim kimi dərs demək üçün təlim aldım. Özümü bu təyinata yararlı hesab etmirdim. Amma Adel həmişə məni ruhlandırıb deyirdi ki, Yehova mənə yeni təyinatımın öhdəsindən gəlmək üçün güc verəcək (Filip. 4:13). O bu sözlərin həqiqət olduğunu öz təcrübəsindən bilirdi. Çünki həmin vaxt o da təyinatını xəstəliyi ilə mübarizə apara-apara yerinə yetirirdi.
2006-cı ildə Adelə Parkinson xəstəliyi diaqnozu qoyuldu. Bu xəbər bizi şoka saldı. Həmin vaxt mən Xidməti Təkmilləşdirmə Məktəbində müəllim idim. Mən Adelə təklif elədim ki, təyinatımızı dayandırıb onun qayğısına qalım. O isə dedi: «Nə olar, müalicəm üçün yaxşı bir həkim tap. Bilirəm ki, Yehova təyinatımızı yerinə yetirməyə kömək edəcək». Növbəti 6 il ərzində Adel deyinmədən Yehovaya xidmət etdi. O artıq gəzə bilməyəndə əlil arabası ilə təbliğ edirdi. Danışmağa çətinlik çəkəndə isə yığıncaqda bir-iki sözlə şərh verirdi. Adel ta 2013-cü ildə vəfat edən günə kimi həmişə bacı-qardaşlardan dözümünə görə tərif mesajları alırdı. O, düz 30 il mənə sadiq və əziz ömür-gün yoldaşı oldu. Buna görə də Adel ölüm yuxusuna gedəndə kədər və tənhalıq hiss məni yenidən bürüdü.
Adel istəyirdi ki, təyinatımı davam etdirim. Mən belə də etdim. Çox məşğul olduğumdan tənhalığa dözə bilirdim. 2014—2017-ci illər ərzində mən fəaliyyətimizin qadağan olunduğu ölkələrdə taqaldilli yığıncaqları ziyarət etməyə təyin olundum. Sonra mən Tayvanda, Birləşmiş Ştatlarda və Kanadadakı taqaldilli yığıncaqları ziyarət etdim. 2019-cu ildə Hindistanda və Tailandda keçirilən Padşahlıq Müjdəçiləri Məktəbində ingilisdilli siniflərə dərs dedim. Bütün bu təyinatlarımdan böyük sevinc duyurdum. Özümü bütünlüklə xidmətə həsr edəndə dünyanın ən xoşbəxt insanı oluram.
YEHOVA BİZİ HEÇ VAXT KÖMƏKSİZ QOYMUR
Hər təyinatımda yeni-yeni dostlar qazanırdım. Onlardan ayrılmaq çətin olurdu. Belə vaxtlarda Yehovaya tam etibar etməyi öyrəndim. Yehovanın əlini həyatımda daim görmüşəm. Bu da mənə qarşıdakı çətinlikləri cəsarətlə qəbul etməyə kömək edib. Hazırda Filippində xüsusi öncüləm. Yeni yığıncağımda özümü çox rahat hiss edirəm. Bacı-qardaşlar bir ailə kimi mənə dayaq olur və qayğıma qalırlar. Anaları kimi imanlı olduqları üçün Samuel və Şirli ilə fəxr edirəm (3 Yəh. 4).
Bəli, həyatda çox sınaqlarım olub. Həyat yoldaşımın gözümün qabağında dəhşətli xəstəlikdən əzab çəkərək öldüyünü də görmüşəm. Həmçinin tez-tez yeni şəraitə alışmalı olmuşam. Bununla belə, Yehovanın «heç birimizdən uzaq» olmadığına da şahid olmuşam (Həv. 17:27). Yehovanın «əli zəif deyil», O hətta ucqar ərazilərdəki xidmətçilərinə də dəstək olmağa və onları gücləndirməyə qadirdir (Əşy. 59:1). Yehova bütün həyatım boyu ömrümün Qayası olub, Ona çox minnətdaram. Yehova heç vaxt məni tək qoymayıb.
a 1972-ci il 1 sentyabr saylı «Gözətçi qülləsi» jurnalının 521—527 səhifələrinə (ing.) baxın.