TƏLİM MƏQALƏSİ 8
NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq
Yehovanın əfvi bizə örnəkdir
«Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (KOL. 3:13).
ƏSAS FİKİR
Bu məqalədə xətrimizə dəyən insanı bağışlamağın yollarından danışacağıq.
1, 2. a) İnsanı bağışlamaq xüsusilə nə vaxt çətin olur? b) Denis sürücünü bağışladığını necə göstərdi?
İNSANLARI bağışlamaq sizə çətindir? Kimsə sözü və ya hərəkəti ilə qəlbimizə dərin yara vuranda çoxumuza bu lap çətin olur. Ancaq acıqlı qalmayıb həmin insanı bağışlaya bilərik. Gəlin böyük ürəyi olan Denis a adlı bacımızın bir nəfəri necə bağışladığına nəzər salaq. 2017-ci ildə Denis ailəsi ilə birgə Yehovanın Şahidlərinin yeni açılmış baş idarəsini ziyarət etmişdi. Evə qayıdarkən yolda bir sürücü idarəetməni itirib onların maşınına çırpılır. Qəza zamanı Denis huşunu itirir. Özünə gələndə o, uşaqlarının ağır yaralandığını, yoldaşı Braynın isə öldüyünü öyrənir. Həmin an keçirdiyi hisslərlə bağlı Denis belə deyir: «Dünyam başıma yıxıldı, yerimdə donub qalmışdım». Bacı sonradan öyrənir ki, sürücü içkinin və ya narkotikin təsiri altında olmayıb, fikri də başqa yerə yayınmayıb. O, qəzanın təsadüfən baş verdiyini bilsə də, yenə də qəzəblənməmək üçün Yehovanın ona qəlb rahatlığı verməsinə ehtiyac duyurdu.
2 Sürücüyə ehtiyatsızlıqdan adam öldürməyə görə məhkəmə işi açılır. Əgər təqsirli bilinsəydi, onu həbs gözləyirdi. Məhkəmə Denisə bildirdi ki, sürücünün aqibəti onun ifadəsindən asılıdır. Denis deyir: «Elə bil kimsə yaralarımın tikişlərini açıb üstünə bir çuval duz tökdü, çünki həyatımın ən faciəvi anlarını yenidən yaşamalı oldum». Cəmi bir neçə həftə sonra Denis məhkəmə zalında idi. O, ailəsinə bu cür faciə yaşadan insanın qarşısında ifadə verməyə hazırlaşırdı. Bəs o nə dedi? Denis hakimdən həmin insanı əfv etməsini xahiş etdi b. O, sözünü bitirəndən sonra hakim göz yaşlarını saxlaya bilməyib ağladı. O dedi: «25 ildir hakiməm, amma məhkəmə zalında hələ belə bir şey görməmişəm. İlk dəfədir eşidirəm ki, zərərçəkənin ailəsi təqsirkarı bağışlamaq üçün hakimə yalvarsın, sözlərində bu qədər məhəbbət, mərhəmət hiss olunsun».
3. Denisi sürücünü bağışlamağa nə təşviq etdi?
3 Denisə bağışlamağa nə kömək etdi? O, Yehovanın əfvi üzərində düşündü (Mik. 7:18). Deməli, əfvinə görə Yehovaya minnətdar olmaq bizə başqalarını bağışlamağa kömək edəcək.
4. Yehova nə etməyimizi istəyir? (Efeslilərə 4:32).
4 Yehova istəyir ki, Onun kimi biz də bir-birimizi ürəkdən bağışlayaq. (Efeslilərə 4:32 ayəsini oxuyun.) Xətrimizə dəyən insanı bağışlamağa hazır olmalıyıq (Zəb. 86:5; Luka 17:4). Bəs bunu etməyi necə öyrənə bilərik? Bu məqalədəki üç məsləhət bizə bu sahədə kömək edəcək.
KEÇİRDİYİNİZ HİSSLƏRƏ LAQEYD YANAŞMAYIN
5. Məsəllər 12:18 ayəsinə əsasən kimsə xətrimizə dəyəndə hansı hissləri keçirə bilərik?
5 Kiminsə sözü və ya hərəkəti bizim qəlbimizə dəyə bilər. Əgər bunu edən yaxın dostumuz və ya ailə üzvümüzdürsə, bu, adama lap pis təsir edir (Zəb. 55:12—14). Hərdən bu mənəvi ağrı bıçaq zərbəsinə bənzəyir. (Məsəllər 12:18 ayəsini oxuyun.) Bu zaman insan hisslərini boğmağa, onlara əhəmiyyət verməməyə çalışa bilər. Belə etmək bıçağı yarada saxlamağa bənzəyir. Eynilə biz də düşünməməliyik ki, hisslərimizə əhəmiyyət verməsək, onlar öz-özünə keçib gedəcək.
6. Kimsə xətrimizə dəyəndə bəzən ilk reaksiyamız necə olur?
6 Kimsə xətrimizə dəyəndə, ola bilsin, əvvəl-əvvəl əsəbiləşək. Müqəddəs Kitab da bunu inkar etmir. Amma bununla yanaşı orada deyilir ki, biz hirsli qalmamalıyıq (Zəb. 4:4; Efes. 4:26). Çünki hisslərimiz çox vaxt davranışımıza təsir edir. Qəzəbin isə adətən axırı yaxşı olmur (Yaq. 1:20). Bir şeyi yadda saxlayın: hirslənmək ani reaksiya olsa da, hirsli qalıb-qalmamaq insanın öz seçimidir.
Hirslənmək ani reaksiya olsa da, hirsli qalıb-qalmamaq insanın öz seçimidir
7. Kimsə qəlbimizi yaralayanda başqa hansı hissləri keçiririk?
7 Pis rəftara məruz qalanda bizə əzab verən başqa hisslər də keçirə bilərik. Məsələn, Anna adlı bacı deyir: «Mən uşaq olanda atam anamı tərk edib dayəmlə evləndi. Özümü atılmış hiss edirdim. Onların uşaqları olanda mənə elə gəldi ki, yerimi başqası tutdu. Ta uşaqlıqdan arzuolunmaz övlad olduğumu düşünmüşəm». Corcet adlı bir bacı həyat yoldaşının xəyanətinə görə keçirdiyi hisslər barədə bölüşür: «Biz uşaqlıqdan dost olmuşuq. Bir yerdə öncül kimi xidmət etmişik. Ürəyim paramparça olmuşdu». Nəticədə, onlar boşandı. Naomi adlı bacı isə deyir: «Yoldaşımın məni bu cür incidəcəyi heç ağlıma da gəlməzdi. O, pornoqrafiyaya baxdığını və bunu məndən gizlətdiyini etiraf edəndə özümü aldadılmış, xəyanətə uğramış hiss etdim».
8. a) İnsanları bağışlamaq üçün hansı səbəblərimiz var? b) Bağışlamağın bizə hansı xeyri var? (« Kimsə bizə emosional travma vuranda» adlı çərçivəyə baxın.)
8 Başqalarının sözlərini və hərəkətlərini idarə edə bilməsək də, göstərəcəyimiz münasibəti idarə edə bilərik. Çox vaxt bağışlamağı seçmək ən doğru addımdır. Nəyə görə? Çünki biz Yehovanı sevirik, O isə bizim insanları bağışlamağımızı istəyir. Əgər qəzəbli qalsaq və bağışlamasaq, ağılsız hərəkətə yol verə bilərik, hətta bu bizim sağlamlığımıza da ziyan vura bilər (Məs. 14:17, 29, 30). Gəlin Kristin adlı bacının nümunəsinə baxaq. O bölüşür: «Kiməsə qarşı acıqlı olanda üzümdən təbəssüm yoxa çıxır. Əlimə nə keçdi yeyirəm. Yaxşı yata bilmirəm. Belə vaxtlarda hisslərimi cilovlamaq daha çətin olur. Bu isə öz növbəsində ailə həyatıma, başqaları ilə münasibətimə təsir edir».
9. Nəyə görə kini ürəyimizdən çıxarıb atmalıyıq?
9 Hətta xətrimizə dəyən insan bizdən heç vaxt üzr istəməsə də, aldığımız zərbənin ağrısını yüngülləşdirə bilərik. Bayaq adı çəkilən Corcet bacı deyir: «Bunun üçün bir az vaxt lazım gəlsə də, əvvəlki həyat yoldaşıma qarşı olan kin və qəzəb hissindən qurtula bildim. Daxilimə dərin bir rahatlıq çökdü». Acıqlı qalmamaqla kin-küdurətin ürəyimizi korlamasına imkan vermirik. Həmçinin bununla özümüzə yaxşılıq etmiş oluruq, yəni məsələ üzərində ilişib qalmırıq və həyatımıza qaldığımız yerdən davam edirik (Məs. 11:17). Bəs yaxşı, tutaq ki, hisslərimizə laqeyd yanaşmadıq, amma yenə də başqalarını bağışlamağa özümüzü hazır hiss etmiriksə, bu zaman nə edə bilərik?
KEÇİRDİYİNİZ HİSSLƏRİN ÖHDƏSİNDƏN GƏLİN
10. Keçirdiyimiz hisslərin öhdəsindən gəlmək üçün nəyə görə vaxt lazımdır? (Həmçinin şəkillərə baxın.)
10 Keçirdiyimiz hisslərin öhdəsindən necə gələ bilərik? Üsullardan biri özümüzə vaxt verməkdir. Ağır xəsarət almış insana müalicədən sonra sağalması üçün vaxt lazımdır. Eynilə insanı ürəkdən bağışlamağa hazır olmazdan əvvəl emosional yaralarımızın sağalması üçün vaxt lazım gələ bilər (Vaiz 3:3; 1 But. 1:22).
11. Dua bağışlamağı bacarmağımıza necə kömək edə bilər?
11 Bağışlamağı bacarmaq üçün dua edib Yehovadan kömək istəyin c. Yuxarıda adı çəkilən Anna duanın ona necə kömək etdiyi barədə belə deyir: «Yehovaya dua elədim ki, ailəmizdə hər kəsi yaranan vəziyyətdə düzgün davranmadığına görə bağışlasın. Sonra isə atama və onun yeni həyat yoldaşına məktub yazıb onları bağışladığımı bildirdim». Anna bunu etməyin elə də asan olmadığını qeyd edir. Bununla belə, o deyir: «Ümid edirəm, Yehovanın əfvini örnək götürməyim sayəsində atamla həyat yoldaşı Yehova haqda daha çox öyrənmək istəyər».
12. Nəyə görə öz hisslərimizə yox, Yehovaya etibar etməliyik? (Məsəllər 3:5, 6).
12 Öz hisslərinizə yox, Yehovaya etibar edin. (Məsəllər 3:5, 6 ayələrini oxuyun.) Yehova hər zaman bizim üçün nəyin ən yaxşı olduğunu bilir (Əşy. 55:8, 9). O, heç vaxt bizdən zərərimizə olan şeyi istəməz. Buna görə də bizi bağışlamağa təşviq edirsə, deməli, bu, xeyrimizə olacaq (Zəb. 40:4; Əşy. 48:17, 18). Yox əgər öz hisslərimizə arxalansaq, ola bilsin, bağışlamağı heç vaxt bacarmayaq (Məs. 14:12; Ərm. 17:9). Əvvəlki abzaslarda adı çəkilən Naomi deyir: «Yoldaşımı pornoqrafiyaya baxdığına görə bağışlamadığım üçün əvvəl-əvvəl özümə haqq qazandırırdım. Qorxurdum, birdən məni yenidən yaralayar, mənə necə böyük zərbə vurduğunu unudar. Ürəyimdə “Yehova hisslərimi başa düşür” deyib özümə bəraət qazandırırdım. Amma sonra bir şeyi dərk elədim: Yehovanın hisslərimi başa düşməsi Onun mənimlə razı olduğunu bildirmir. Düzdür, O, keçirdiyim hissləri anlayır, sağalmaq üçün vaxta ehtiyacımın olduğunu da bilir, bununla belə, istəyir ki, bağışlayım» d.
MƏNFİ HİSSLƏRİ MÜSBƏT HİSSLƏRLƏ ƏVƏZ EDİN
13. Romalılara 12:18—21 ayələrinə əsasən biz nə etməliyik?
13 Bizə dərin yara vuran insanı bağışlamaq sadəcə baş verənlər barədə danışmamaq demək deyil. Biz daha çoxunu etməliyik. Məqsədimiz sülh yaratmaq olmalıdır. Həmin insan bizim məsihi bacımız və ya qardaşımızdırsa, bu xüsusilə vacibdir (Mət. 5:23, 24). Buna nail olmaq üçün qəzəbi mərhəmətlə əvəz etməliyik, kin saxlamaq əvəzinə bağışlamalıyıq. (Romalılara 12:18—21 ayələrini oxuyun; 1 But. 3:9.) Bəs bunu necə edə bilərik?
14. Nəyə can atmalıyıq və nəyə görə?
14 Qəlbimizi yaralayan insana Yehova kimi baxmalıyıq. Yehova insanlarda yaxşı xüsusiyyətləri axtarır (2 Saln. 16:9; Zəb. 130:3). Adətən insanlarda nəyi axtarırıqsa, onu da tapırıq: yaxşını axtarırıqsa, yaxşını, pisi axtarırıqsa, pisi. Gəlin Cerod qardaşın nümunəsinə baxaq. O deyir: «Dindaşımın mənə qarşı etdiyi səhvi onda bəyəndiyim çoxlu gözəl xüsusiyyətlərlə müqayisə edirəm. Bu zaman onu bağışlamaq mənə daha asan olur».
15. İnsana onu bağışladığımızı demək nəyə görə yaxşı olardı?
15 Etməli olduğumuz bir vacib şey də var. İnsana onu bağışladığınızı deyin. Yuxarıda adı çəkilən Naominin sözlərindən bunun vacibliyini görmək olar: «Yoldaşım məndən soruşdu: “Məni bağışlamısan?” Elə ki istəyirdim ağzımı açıb “səni bağışlayıram” deyim, sözlər boğazımda düyünləndi. O zaman onu ürəyimin dərinliyində bağışlamadığımı başa düşdüm. Zamanla bu üç təsirli sözü dilimə gətirə bildim: “Mən səni bağışlayıram”. Bu sözləri eşidəndə yoldaşım göz yaşlarını saxlaya bilmədi. Heç bilməzdim ki, bağışlamağım ona bu qədər toxtaqlıq verər. Elə özüm də üstümdən böyük bir yükün qalxdığını hiss etdim. O vaxtdan bəri ona yenidən etibar etməyi öyrəndim. Biz yenə əvvəlki kimi yaxın dostuq».
16. Bağışlamaq haqda nə öyrəndiniz?
16 Yehova bizim bağışlamağı bacarmağımızı istəyir (Kol. 3:13). Buna rəğmən, başqalarını bağışlamaq bizə çətin ola bilər. Əgər hisslərimizə etinasız yanaşmasaq, qəzəbi, kini ürəyimizdən çıxarıb atmağa çalışsaq, bu bizdə alınacaq. Onda mənfi hisslər öz yerini müsbət hisslərə verəcək. (« Bağışlamağa doğru atılan üç addım» adlı çərçivəyə baxın.)
BAĞIŞLAMAĞIN BƏHRƏLƏRİ BARƏDƏ DÜŞÜNÜN
17. Nəyə görə insanları bağışlamalıyıq?
17 Bağışlamaq üçün çoxlu səbəblərimiz var. Gəlin onlardan bəzilərinə nəzər salaq. Birincisi, bununla biz mərhəmətli Atamız Yehovaya bənzəmiş oluruq və Onu razı salırıq (Luka 6:36). İkincisi, Yehovanın bizi bağışladığına görə həqiqətən minnətdar olduğumuzu göstəririk (Mət. 6:12). Üçüncüsü, sağlamlığımız daha yaxşı olur və dostluq münasibətlərimizi möhkəm saxlayırıq.
18, 19. İnsanı bağışlamağımız hansı nəticəni verə bilər?
18 Başqalarını bağışlayanda ağlımıza belə gəlməyən nemətləri biçə bilərik. Misal üçün, bayaq adı çəkilən Denisin hadisəsinə qayıdaq. Həmin vaxt onun xəbəri yox idi ki, qəzanı törədən sürücü məhkəmədən sonra həyatına son qoymağı planlaşdırırdı. Amma Denis onu bağışlayanda bu ona çox güclü təsir bağışladı və o, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı.
19 Kimisə bağışlamaq həyatda edəcəyimiz ən çətin şeylərdən biri ola bilər. Amma ən böyük mükafatlardan birini də elə bunun nəticəsində ala bilərik (Mət. 5:7). Odur ki, gəlin Yehovaya bənzəyib insanları bağışlamaq üçün əlimizdən gələni edək.
NƏĞMƏ 125 «Rəhmdillilər xoşbəxtdirlər!»
a Bəzi adlar şərtidir.
b Belə vəziyyətdə hər bir məsihi necə davranacağına özü qərar verməlidir.
c jw.org saytında «Ürəkdən bağışla», «Küskünlüyü unudaq» adlı mahnıların videosuna baxın.
d Pornoqrafiyaya baxmaq günah sayılsa da, zərərli olsa da, bu, günahsız tərəfə Müqəddəs Kitab əsasında boşanmağa əsas vermir.