TƏLİM MƏQALƏSİ 7
NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!
Yehovanın əfvinin bizə aidiyyəti
«Sən həqiqətən bağışlayansan» (ZƏB. 130:4).
ƏSAS FİKİR
Bu məqalədə Yehovanın bizi həqiqətən bağışladığını göstərən bəzi bədii ifadələri araşdıracağıq və beləcə, Yehovanın əfvinə görə minnətdarlığımız daha da artacaq.
1. Dostunuzun sizi bağışladığını deməsi münasibətlərinizə necə təsir edə bilər?
TƏSƏVVÜR edin ki, sözünüzlə və ya hərəkətinizlə dostunuzun xətrinə dəymisiniz. Sonra ondan üzr istəyirsiniz, o da deyir: «Səni bağışlayıram». Bu sözləri eşidəndə hansı hissləri keçirərdiniz? Yəqin, ürəyinizə rahatlıq çökərdi, çiyninizdən böyük bir yükün götürüldüyünü hiss edərdiniz. Bəs dostluğunuz davam edərdi, yoxsa münasibətlərinizdə az da olsa, soyuqluq yaranardı? Çox şey insanın «bağışlayıram» deyəndə nəyi nəzərdə tutduğundan asılıdır.
2. Müqəddəs Kitabda Yehovanın əfvi ilə bağlı nə deyilir? (Həmçinin haşiyəyə baxın.)
2 Yehovanın insanları bağışlaması ilə insanların bir-birini bağışlamağı arasında dağlar qədər fərq var. Heç kim Yehova kimi bağışlaya bilməz. Məzmurçu Yehova barədə demişdi: «Sən həqiqətən bağışlayansan, ta ki ürəklərdə Sənin xofun olsun» a (Zəb. 130:4). Bəli, Yehova bağışlayanda həqiqətən bağışlayır. Bağışlamağın əslində nə olduğunu Ondan öyrənirik. Bəzi hallarda Müqəddəs Kitab yazarları Yehovanın bağışlamasına aid istifadə etdikləri ibrani sözünü heç vaxt insanların bir-birini bağışlamasına aid işlətməyiblər.
3. Yehova ilə insanların bağışlaması arasında hansı fərq var? (Əşiya 55:6, 7).
3 Yehova bağışladığı insanın günahını tamamilə silir. Nəticədə, onun Yehova ilə korlanmış münasibəti bütünlüklə bərpa olunur. Nə yaxşı ki, Yehova bizi tamamilə bağışlayır və bunu dönə-dönə edir. (Əşiya 55:6, 7 ayələrini oxuyun.)
4. Yehova bizə bağışlamağın əsl mənasını başa düşməyə necə kömək edir?
4 Gördüyümüz kimi Yehovanın bağışlamaq tərzi bizimkindən fərqlənir. Bəs qeyri-kamil olan bizlər həqiqətən bağışlamağın nə demək olduğunu necə başa düşə bilərik? Yehova bədii ifadələr vasitəsilə bizə bunu izah edir. Məqalədə onlardan bəzilərini araşdıracağıq. Onların köməyi ilə Yehovanın günahlarımızı necə sildiyini və eyni zamanda Onunla yenidən dost olmağımız üçün nə etdiyini öyrənəcəyik. Bu ifadələri araşdırdıqca əfvini çoxlu yollarla ifadə edən məhəbbətli Atamıza minnətdarlığımız birə-beş artacaq.
YEHOVA GÜNAHLARIMIZI BİZDƏN UZAQLAŞDIRIR
5. Yehova günahlarımızı necə əfv edir?
5 Müqəddəs Kitabda günah çox vaxt ağır yükə bənzədilir. Məsələn, Davud padşah öz günahları haqda belə demişdi: «Təqsirlərim başımdan aşır, sanki, ağır yükdür, daşımaq olmur» (Zəb. 38:4). Buna rəğmən, Yehova tövbə edən insanın günahını əfv edir (Zəb. 25:18; 32:5). «Əfv etmək» kimi tərcümə edilmiş ibrani ifadəsi, əsasən, «qaldırmaq», yaxud «götürüb aparmaq» mənasını verir. Sanki Yehova pəhləvantək çiynimizdəki günah yükünü götürüb uzağa aparır.
6. Yehova günahlarımızı nə qədər uzağa aparır?
6 Başqa bir bədii ifadə isə Yehovanın günahlarımızı nə qədər uzağa apardığını göstərir. Zəbur 103:12 ayəsində deyilir: «Şərq qərbdən nə qədər uzaqdırsa, günahlarımızı bizdən o qədər uzaqlaşdırdı». Şərq qərbdən ən uzaq məsafədə yerləşir və onlar heç vaxt qovuşmur. Bu o deməkdir ki, Yehova günahlarımızı ağlımıza sığmayacaq qədər uzaq məsafəyə aparır. Yehova necə də güclü sözlərlə bizi bağışladığına əmin edir!
7. Mikə 7:18, 19 ayələrinə əsasən Yehova günahlarımızla necə davranır?
7 Bəs Yehova məcazi mənada günahlarımızı bizdən uzaqlaşdırandan sonra onları özündə saxlayır? Xeyr. Hizqiyyə padşah Yehova haqda demişdi: «Bütün günahlarımı arxana tulladın» (Əşy. 38:9, 17). Bu ifadə göstərir ki, Yehova tövbə edən insanın günahlarını götürüb gözünün qabağından kənara atır. Bu ayəni belə də tərcümə etmək olar: «Elə etdin ki, bu günahları sanki heç işləməmişəm». Mikə 7:18, 19 ayələrində bu fikir başqa bir bədii ifadə ilə də vurğulanır. (Ayələri oxuyun.) Orada Yehovanın günahlarımızı dənizin dibinə atdığı qeyd olunur. Qədimdə dənizin dibinə atılan bir şeyi oradan çıxartmaq mümkünsüz idi.
8. Bu abzasa kimi nə öyrəndik?
8 Bu bədii ifadələrin köməyi ilə öyrəndik ki, Yehova bağışlayanda bizi günah yükündən azad edir. Doğrudan da, Davud demişkən, «xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib. Xoşbəxtdir o kəs ki, Yehova onun günahlarını hesaba almır» (Rom. 4:6—8). Bax bağışlamaq buna deyərlər!
YEHOVA GÜNAHLARIMIZI SİLİR
9. Yehova əfvinin böyüklüyünü izah etmək üçün hansı bədii ifadədən istifadə edir?
9 Yehova fidyə qurbanlığı vasitəsilə tövbə edən insanın günahını silir. Bunu necə etdiyini izah etmək üçün O, başqa bədii ifadələrdən istifadə edir. Məcazi dillə desək, Yehova günahlarımızı yuyub təmizləyir. Nəticədə, günahlı insan pak olur (Zəb. 51:7; Əşy. 4:4; Ərm. 33:8). Yehova bu prosesi belə izah edir: «Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm, tünd-qırmızı parça rəngdə olsa da, onları yun kimi edəcəyəm» (Əşy. 1:18). Tünd-qırmızı və ya al-qırmızı ləkəni parçadan təmizləmək çox çətindir. Bununla belə, Yehova bu bədii ifadə vasitəsilə bizi bir şeyə əmin edir: O, günahlarımızı tərtəmiz yuyur, onların heç izi də qalmır.
10. Müqəddəs Kitabda Yehovanın bizi comərdliklə əfv etdiyini təsvir edən başqa hansı ifadə var?
10 Əvvəlki məqalədə qeyd olunduğu kimi günahlarımızı borca bənzətmək olar (Mət. 6:12, haşiyə; Luka 11:4, haşiyə). Yehovaya qarşı hər dəfə günah edəndə borcumuzun üstünə borc yığırıq. Hal-hazırda Ona küllü miqdarda borcumuz var. Amma Yehova bizi bağışlayanda sanki borclarımızı ləğv edir. Əks halda, buna görə cavab verməli olardıq. O, bağışladığı günahlarımızın əvəzini tələb etmir. Necə ki insan borcu bağışlananda daxilən rahatlıq duyur, Yehova bizi bağışlayanda biz də eyni hissləri keçiririk.
11. Həvarilərin işləri 3:19 ayəsindəki «bağışlamaq» sözü hansı mənanı daşıyır?
11 Həvarilərin işləri 3:19 ayəsini oxuyun. Bu ayədə «bağışlamaq» kimi tərcümə olunan yunan feili «silib yox etmək» mənasını daşıyır. Yehova günah borcumuzu təkcə ləğv etmir, həm də onu silir. Fərz edək ki, kimsə borcumuzu ləğv etmək üçün onun üstündən xətt çəkir. Bu halda onun altındakı rəqəm hələ də görünür. Nəyisə silmək isə xətt çəkməkdən fərqlənir. Bu bədii ifadəni başa düşmək üçün qədim dövrdə insanların hansı növ mürəkkəbdən istifadə etdiyini nəzərə almalıyıq. Həmin mürəkkəblə yazılan yazını yaş süngərlə asanlıqla silmək olurdu. Deməli, borc «silinəndə» o, tamamilə yox olurdu. Adi gözlə baxanda bilmək olmazdı ki, orada vaxtilə nəsə yazılıb. Sanki bu borc heç vaxt olmayıb. Yehovanın günahlarımızı təkcə ləğv etmədiyini, həm də onları tamamilə sildiyini bilmək qəlbimizi isindirir! (Zəb. 51:9).
12. «Qatı buludla» bağlı bədii ifadə nə məna kəsb edir?
12 Yehova günahlarımızı necə bağışladığını göstərmək üçün başqa bədii ifadədən də istifadə edir. O deyir: «Asiliklərini buludla, günahlarını qatı buludla örtərəm» (Əşy. 44:22). Yehova bağışlayanda asiliyimizi, günahlarımızı sanki qatı buludla örtür. Beləcə, onlar gözdən tamamilə itir.
13. Yehova günahlarınızı bağışlayanda hansı hissləri keçirirsiniz?
13 Bu nümunələrdən nə öyrənirik? Yehova günahlarımızı bağışlayanda düşünməməliyik ki, etdiyimiz günahın ləkəsi ömür boyu üstümüzdə qalacaq. İsa Məsihin fidyə qurbanlığı günah borcumuzu tamamilə ödəyib. Bu günahlarımızın heç izi-tozu da qalmayıb. Biz tövbə edəndə Yehova bizi məhz bu cür bağışlayır.
YEHOVA BİZİMLƏ ƏVVƏLKİ KİMİ DOSTLUQ EDİR
14. Yehovanın bizi bağışladığına nəyə görə etibar edə bilərik? (Həmçinin şəkillərə baxın.)
14 Yehova bizi bağışlayanda Onunla əvvəlki kimi dost ola bilərik. Artıq özümüzü günahkar hiss etməyimizə ehtiyac qalmır. Qorxmamalıyıq ki, Yehova hələ də bizə qarşı acıqlıdır və bizi cəzalandırmaq üçün bir yol axtarır. O, heç vaxt bunu etməz. Yehova bizi bağışladığını deyirsə, nəyə görə Ona etibar edə bilərik? O, Ərəmya peyğəmbərə belə demişdi: «Onların təqsirini bağışlayacağam, günahlarını bir də yada salmayacağam» (Ərm. 31:34). Bu sözlərə istinad edərək həvari Bulus da bənzər ifadə işlətmişdi: «Günahlarını bir də xatırlamayacağam» (İbr. 8:12). Bəs bu sözlərin mənası nədir?
15. Hansı mənada Yehova bir də günahlarımızı yada salmayacaq?
15 Müqəddəs Kitabda «yada salmaq» ifadəsi heç də həmişə «nəyisə xatırlamaq, nəsə barədə düşünmək» mənasını vermir. Bu söz həm də hərəkətə keçmək mənasını bildirir. İsa ilə birlikdə dirəkdə asılmış cinayətkar ondan belə bir xahiş etmişdi: «İsa, Padşahlığına gələndə məni yada sal» (Luka 23:42, 43). O demək istəyirdi ki, İsa həmin vaxt onun üçün nəsə etsin. İsa da cavabında onu dirildəcəyini bildirdi. Deməli, Yehova bir də günahlarımızı yada salmayacağını deyəndə bizimlə bağlı ölçü götürməyəcəyini nəzərdə tutur. Yəni O bizi bağışlayıbsa, bu günahlarımıza görə gələcəkdə bizi cəzalandırmayacaq.
16. Müqəddəs Kitabda Yehovanın əfvinin bəxş etdiyi azadlıq necə təsvir olunub?
16 Yehova bizi bağışlayanda özümüzü azad hiss edirik. Müqəddəs Kitabda istifadə olunan başqa bir bədii ifadə bunu başa düşməyimizə kömək edir. Biz qeyri-kamil olduğumuz üçün «günahın qulu»yuq, amma Yehovanın əfvi sayəsində biz «günahın əsarətindən» qurtulmuşuq (Rom. 6:17, 18; Vəhy 1:5). Bəli, Yehova bizi bağışlayanda əsarətdən qurtulmuş qul kimi sevincimiz yerə-göyə sığmır.
17. Hansı mənada Yehova bizi bağışlayanda şəfa tapırıq? (Əşiya 53:5).
17 Əşiya 53:5 ayəsini oxuyun. Keçək sonuncu bədii ifadəmizə. Biz günahlı olduğumuz üçün ölümcül xəstəliyə yoluxmuş insana bənzəyirik. Amma Yehovanın təqdim etdiyi fidyə qurbanlığı vasitəsilə bir növ şəfa tapırıq (1 But. 2:24). Günah nəticəsində Yehova ilə pozulan münasibətlərimiz fidyə sayəsində tam bərpa olunur. Ağır xəstəlikdən sağalan insan hədsiz sevinc duyduğu kimi, biz də ruhani cəhətdən şəfa tapanda və yenidən Yehovanın razılığını qazananda bax bu cür sevinirik.
YEHOVANIN ƏFVİNİN HƏYATIMIZDAKI ROLU
18. Yehovanın əfvi ilə bağlı araşdırdığımız bədii ifadələrdən nə öyrəndik? (Həmçinin «Yehova bizi necə bağışlayır?» adlı çərçivəyə baxın.)
18 Müqəddəs Kitabda Yehovanın əfvi ilə bağlı yazılan bəzi bədii ifadələri araşdırdıq. Onlardan nə öyrəndik? Yehova elə bağışlayır ki, sanki o günahları heç vaxt etməmişik. O, gələcəkdə bu günahlarımıza görə bizi cəzalandırmayacaq. Bununla biz səmavi Atamız Yehova ilə gözəl münasibətlər qura bilirik. Amma bir şeyi yaddan çıxarmayaq: Yehovanın əfvi ənamdır, biz buna layiq deyilik, Ondan bunu tələb etməyə haqqımız çatmır. Bu, Yehovanın məhəbbətindən, lütfündən qaynaqlanır (Rom. 3:24).
19. a) Nəyə görə minnətdar olmalıyıq? (Romalılara 4:8). b) Növbəti məqalədə nədən danışacağıq?
19 Romalılara 4:8 ayəsini oxuyun. Yehovanın «həqiqətən bağışlayan» Allah olduğuna görə nə qədər minnətdar olsaq, azdır! (Zəb. 130:4). Amma Onun bizi bağışlaması üçün biz vacib bir şeyi etməliyik. İsa Məsih bunu belə izah etmişdi: «[İnsanların] təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq» (Mət. 6:14, 15). Deməli, Yehovadan nümunə götürüb başqalarını bağışlamalıyıq. Növbəti məqalədə bunu etməyin yollarını öyrənəcəyik.
NƏĞMƏ 46 Yehova, Sənə şükr olsun
a Burada istifadə olunan ibrani ifadəsinin işlənmə forması yalnız Yehovanın tamamilə bağışladığını göstərir. Onun bağışlama tərzi başqalarınınkından fərqlənir. Müqəddəs Kitabın bir çox tərcümələrində ayədəki bu mühüm məqam buraxılıb. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə isə Zəbur 130:4 ayəsindəki bu fərq göstərilib. Bu da tərcüməmizə özəllik qatır.