TƏLİM MƏQALƏSİ 6
NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq
Yehovaya əfvinə görə minnətdarıq
«Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi» (YƏH. 3:16).
ƏSAS FİKİR
Günahlarımızın bağışlanması üçün Yehovanın nələr etdiyini öyrənəcəyik və bunun sayəsində Onun əfvini daha da qiymətləndirəcəyik.
1, 2. Hansı mənada bəşəriyyətin vəziyyəti birinci abzasda danışılan oğlanın vəziyyətinə bənzəyir?
VARLI ailədə böyüyən cavan bir oğlanı təsəvvür edin. Bir gün onun ailəsində faciə baş verir: bədbəxt hadisə nəticəsində valideynləri həlak olur. Bu xəbər onu bərk sarsıdır. Amma yazıq özünə gəlməmiş onu sarsıdan başqa bir xəbər alır. Sən demə, valideynləri ailənin bütün var-dövlətini sağa-sola xərcləyiblər və külli miqdarda borca giriblər. İndi bu oğlanın halını təsəvvür edin. O, var-dövlət əvəzinə, borc miras alır. Bir tərəfdən də borc yiyələri oğlanın başının üstünü kəsdirib. Borcun miqdarı da o qədərdir ki, onu ömründə qaytara bilməz.
2 Biz müəyyən mənada həmin oğlanın vəziyyətindəyik. Bizim ulu valideynlərimiz Adəmlə Həvva kamil idilər, gözəl Cənnətdə yaşayırdılar (Yar. 1:27; 2:7—9). Qarşıda onları sonsuz, möhtəşəm həyat gözləyirdi. Amma sonra hər şey dəyişdi. Onlar Cənnəti və əbədi yaşamaq imkanını itirdilər. Bəs övladlarına nəyi miras qoydular? Müqəddəs Kitabda yazılıb: «Günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Rom. 5:12). Deməli, Adəm bizə günahı miras qoyub. Onun da nəticəsi ölümdür. Miras aldığımız günah heç birimizin qaytara bilməyəcəyi böyük bir borc kimidir (Zəb. 49:8).
3. Nəyə görə günahlarımızı borca bənzətmək olar?
3 İsa günahı «borca» bənzətmişdi (Mət. 6:12, haşiyə; Luka 11:4, haşiyə). Biz günah işləyəndə sanki Yehovanın qarşısında borca giririk. Bizdən bu borcu ödəmək tələb olunur. Əgər bu borc ödənilməmiş qalsaydı, onda yalnız biz öləndən sonra ləğv olunacaqdı (Rom. 6:7, 23).
4. a) Köməksiz qalsaydıq, biz günahlı insanlarla nə baş verərdi? (Zəbur 49:7—9). b) Müqəddəs Kitabda «günah» deyiləndə nə nəzərdə tutulur? (« Günah» adlı çərçivəyə baxın.)
4 Biz Adəmlə Həvvanın itirdiklərini öz gücümüzlə geri qaytara bilmərik. (Zəbur 49:7—9 ayələrini oxuyun.) Köməksiz qalsaydıq, nə əbədi yaşamağa, nə də dirilməyə ümidimiz olardı. Heyvanlar kimi ölüb gedərdik (Vaiz 3:19).
5. Məhəbbətli Atamız Yehova miras aldığımız günah borcunu ödəmək üçün nə edib? (Şəklə baxın.)
5 Məqalənin əvvəlində danışdığımız gənci yenidən yadımıza salaq. Əgər varlı bir insan onun bütün borclarını ödəməyi təklif etsəydi, həmin gənc özünü necə hiss edərdi? Şübhəsiz, səxavətlə verilmiş bu hədiyyəni böyük minnətdarlıqla qəbul edərdi. Eynilə, məhəbbətli Atamız Yehova Adəmdən miras aldığımız günah borcunu ödəmək üçün bizə hədiyyə verib. Həmin hədiyyə barədə İsa demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16). Bu hədiyyə Yehova ilə gözəl münasibətlərə də yol açır.
6. Məqalədə nəyi araşdıracağıq və nəyə görə?
6 Günahlarımızın bağışlanmasına yol açan bu möhtəşəm hədiyyədən necə faydalana bilərik? Müqəddəs Kitabdakı bəzi ifadələr bu suala cavab tapmağa kömək edir. Gəlin barışmaq, kəffarə, fidyə, azad olunmaq və saleh sayılmaq ifadələrinin mənasını bir-bir araşdıraq. Öyrəndiklərimiz barədə düşündükcə Yehovanın bizi əfv etmək üçün gördüyü işlərə minnətdarlığımız daha da artacaq.
MƏQSƏD: BARIŞMAQ
7. a) Adəmlə Həvva daha nəyi itirdi? b) Adəmlə Həvvanın övladları olduğumuz üçün nəyə böyük ehtiyac duyuruq? (Romalılara 5:10, 11).
7 Adəmlə Həvva təkcə əbədi yaşamaq imkanını yox, həmçinin Ataları Yehova ilə dəyərli münasibətlərini itirdilər. Onlar günah etməmişdən əvvəl Allahın ailəsinin üzvü idilər (Luka 3:38). Amma itaətsizlik etdikləri üçün Yehovanın ailəsindən qovuldular. Bu hadisə onların hələ uşaqları olmamışdan qabaq baş vermişdi (Yar. 3:23, 24; 4:1). Biz də daxil olmaqla, Adəmlə Həvvanın övladlarından heç kəs Allahın ailəsinin üzvü ola bilməzdi. Buna görə də Yehova ilə münasibətlərimizi bərpa etmək üçün Onunla barışmağa ehtiyac duyuruq. (Romalılara 5:10, 11 ayələrini oxuyun.) Bir mənbəyə əsasən, «barışmaq» sözü üçün istifadə edilən yunan ifadəsi «düşməni dost etmək» mənasını verə bilər. Bizimlə barışmaq üçün ilk addımı Yehovanın atması adamı valeh edir. Bəs O bunu necə etdi?
GÖRÜLƏN TƏDBİR: KƏFFARƏ
8. Kəffarə nədir?
8 Kəffarə — Yehovanın Özü ilə günahlı insanlar arasında münasibətlərini bərpa etmək üçün gördüyü tədbirdir. Bura bir şeyi eyni dəyərdə olan digər şeylə əvəz etmək daxildir. Bu yolla itirilmiş və ya məhv edilmiş bir şeyi bərpa etmək, yaxud əvəz etmək mümkün olur. Həmçinin kəffarə insanın Allahla sülhdə olmasına imkan yaradır (Rom. 3:25).
9. İsraillilərin günahlarını bağışlamaq üçün Yehova hansı müvəqqəti tədbiri görmüşdü?
9 Yehova israillilərin günahını bağışlamaq və onlarla arasında dostluq münasibəti yaratmaq üçün bir tədbir görmüşdü. İsraillilər ildə bir dəfə «Kəffarə günü» adlı xüsusi bir bayramı qeyd etməli idilər. Həmin gün baş kahin xalqın adından heyvan qurbanları təqdim edirdi. İnsan heyvandan üstün olduğu üçün, sözsüz, bu qurbanlar insanın günahını tamamilə yuya bilməzdi. Bununla belə, tövbə edən israillilər Yehovanın tələb etdiyi qurbanları gətirəndə Yehova onları bağışlayırdı (İbr. 10:1—4). Bundan əlavə, Kəffarə günü və digər vaxtlarda gətirilən qurbanlar israillilərə vacib bir şeyi xatırladırdı: onlar günahlıdırlar və tam bağışlanmaq üçün birdəfəlik həll yoluna ehtiyac duyurlar.
10. Günahlarımızın birdəfəlik bağışlanması üçün Yehova nə etdi?
10 Yehovanın ağlında günahlarımızın birdəfəlik bağışlanması üçün bir həll yolu var idi. O, sevimli Oğlu İsa Məsihin «bir çox adamın günahını daşımaq üçün bir dəfə özünü qurban» verməsi üçün tədbir gördü (İbr. 9:28). Beləcə, İsa həyatını «bir çoxları uğrunda fidyə kimi» verdi (Mət. 20:28). Bəs fidyə nədir?
ÖDƏNİLƏN DƏYƏR: FİDYƏ
11. a) Müqəddəs Kitaba əsasən fidyə nədir? b) Fidyəni ödəyən insan hansı tələblərə cavab verməli idi?
11 Müqəddəs Kitaba əsasən fidyə kəffarə və barışıq üçün ödənilən dəyərdir a. Yehovanın gözündə bu, itirilən şeyi bərpa etməyə əsas verir. Hansı mənada? Artıq qeyd olunduğu kimi, Adəmlə Həvva kamil həyatları ilə yanaşı, əbədi yaşamaq imkanını da itirdilər. Buna görə də fidyənin dəyəri itirilən şeyə bərabər olmalı idi (1 Tim. 2:6). Fidyə yalnız yetkin yaşda olan kişi tərəfindən ödənilə bilərdi. Həmin insan 1) kamil olmalı, 2) yer üzündə əbədi yaşaması mümkün olmalı və 3) bizlər üçün həyatını qurban verməyə hazır olmalı idi. Yalnız bu halda həmin insanın həyatı Adəmin itirdiyi həyatı əvəz edə bilərdi.
12. Nəyə görə İsa fidyənin dəyərini ödəmək üçün münasib kəs idi?
12 İsa fidyənin dəyərini ödəmək üçün münasib insan idi. Gəlin bunun üç səbəbinə baxaq. 1) O, kamil idi, «heç bir günah işləməmişdi» (1 But. 2:22). 2) Kamil olduğu üçün yer üzündə əbədi yaşaması mümkün idi. 3) O bizim uğrumuzda həyatını qurban verməyə hazır idi (İbr. 10:9, 10). İsanın kamil həyatı ilk insan Adəmin kamil həyatına bərabər idi (1 Kor. 15:45). Bizim uğrumuzda ölməklə İsa tələb olunan dəyəri ödəyib Adəmin itirdiklərini geri qaytara bildi (Rom. 5:19). Bununla İsa «sonuncu Adəm» oldu. Artıq Adəmin itirdiklərini geri almaq üçün başqa bir kamil insanın gəlməsinə ehtiyac qalmadı. İsa ölümü ilə «bunu birdəfəlik etdi» (İbr. 7:27; 10:12).
13. Yehova Onunla yaxşı münasibətlərimizin olması üçün nə etdi?
13 Bura kimi öyrəndik ki, Yehova kəffarə tədbiri vasitəsilə günahlarımızın bağışlanmasına yol açdı. Bunun da sayəsində Onunla yaxşı münasibətlər qura bilərik. Amma kəffarə tədbirinin baş tutması üçün fidyə ödənilməli idi. İsa Məsih bizim uğrumuzda qiymətli qanını tökəndə bu dəyəri ödədi (Efes. 1:7; İbr. 9:14). Bəs bununla nə mümkün oldu? Gəlin görək.
NƏTİCƏ: AZAD OLUNMAQ VƏ SALEH SAYILMAQ
14. İndi nə barədə danışacağıq və nəyə görə?
14 Kəffarə tədbirinin nəticəsi nə oldu? Müqəddəs Kitabda bu tədbirin faydalarını vurğulamaq üçün bir neçə ifadə işlədilir. Bu ifadələr oxşar mənaları versə də, hər söz kəffarə tədbirinin müəyyən bir yönünü vurğulayır. Bu sözləri təhlil etdikcə onların bizə şəxsən necə aid olduğunu da görəcəyik.
15, 16. a) Müqəddəs Kitabda «azad olunmaq» deyiləndə nə nəzərdə tutulur? b) Günah və ölümdən azad olunmaq bizdə hansı hissləri oyadır?
15 Müqəddəs Kitabda deyilir ki, fidyə ödənildiyi üçün biz azad olunduq. Həvari Butrus bunu belə ifadə edir: «Bilirsiniz ki, siz dədə-babalarınızdan qalma puç həyat tərzindən qızıl və gümüş kimi fani şeylər vasitəsilə yox, Məsihin qüsursuz və ləkəsiz quzunun qanına bənzər qiymətli qanı ilə azad edilmisiniz» (1 But. 1:18, 19).
16 Fidyə qurbanlığı sayəsində günah və ölümün amansız pəncəsindən azad olmağımız mümkündür (Rom. 5:21). İsanın dəyərli qanı, yəni həyatı vasitəsilə azad olunduğumuz üçün, sözsüz, özümüzü ona və Yehovaya borclu hiss edirik. Buna görə onlara minnətdarıq (1 Kor. 15:22).
17, 18. a) Saleh sayılmaq nə deməkdir? b) Saleh sayılmağın bizə hansı faydası var?
17 Saleh sayılmaq əleyhimizə olan ittihamların və məhkumluğun üzərimizdən götürülməsi mənasını verir. Yehovanın bizi saleh hesab etməsi o demək deyil ki, biz buna layiqik, yaxud O bizim günah işləməyimizə göz yumur. O, günahlarımızı bağışlamağa ona görə hazırdır ki, fidyə ödənildi və biz kəffarə tədbirinə iman gətiririk (Rom. 3:24; Qal. 2:16).
18 Saleh sayılmağın hər birimizə hansı faydası var? İsa ilə birgə göydə padşahlıq etmək üçün seçilənlər Allahın övladları kimi artıq saleh elan olunublar (Tit. 3:7; 1 Yəh. 3:1). Yehova onların günahlarını əfv edib, başqa sözlə desək, onların üzərində artıq məhkumluq yoxdur. Buna görə də Allahın Padşahlığında olmağa yararlıdırlar (Rom. 8:1, 2, 30). Yer üzündə yaşamağa ümid edənlər isə Allahın dostu kimi saleh sayılırlar. Yehova onların da günahlarını bağışlayıb (Yaq. 2:21—23). Armageddondan sağ çıxacaq böyük izdihamın heç vaxt ölməmək imkanı var (Yəh. 11:26). Ölüm yuxusunda olan «salehlər» və «qeyri-salehlər» diriləcəklər (Həv. 24:15; Yəh. 5:28, 29). Yehovanın yer üzündə yaşayan bütün itaətkar xidmətçiləri tədricən «Allahın övladlarının şanlı azadlığına» qovuşacaq (Rom. 8:21). Atamız Yehovanın yenidən kamil övladları olacağımız günü dörd gözlə gözləyirik!
19. Vəziyyətimiz yaxşılığa doğru necə dəyişdi? (Həmçinin « Yehovanın əfvi» adlı çərçivəyə baxın.)
19 Məqalənin əvvəlində bəhs edilən cavan oğlan hər şeyini itirmişdi və onun boynunda heç vaxt ödəyə bilməyəcəyi böyük bir borc qalmışdı. Bir zamanlar biz də onun kimi çarəsiz idik. Amma Yehovaya minnətdarıq ki, bizi naəlac qoymadı. Kəffarə tədbiri və İsanın ödədiyi fidyə sayəsində vəziyyətimiz yaxşılığa doğru dəyişdi. İsa Məsihə imanımız günah və ölümdən azad olunmağımıza imkan yaradır. Həmçinin bunun sayəsində günahlarımız ləğv edilə bilər və məhkumluq üzərimizdən götürülə bilər. Ən vacibi isə odur ki, bu gün məhəbbətli Atamız Yehova ilə gözəl münasibətlərimizin olması mümkündür.
20. Növbəti məqalənin mövzusu nə haqdadır?
20 Yehovanın və İsanın bizim üçün etdikləri üzərində düşündükcə ürəyimiz şükranla dolub-daşır (2 Kor. 5:15). Onların köməyi olmasaydı, bu dünyada tamamilə ümidsiz yaşayardıq. Bəs Yehovanın əfvi şəxsən hər birimiz üçün hansı mənanı kəsb edir? Növbəti məqalədə elə bundan danışılacaq.
NƏĞMƏ 10 Allahımız Yehovaya həmd edin!
a Bəzi dillərdə «fidyə» sözü hərfən «həyat dəyəri», «ödənilmiş məbləğ» mənasını verən ifadə ilə tərcümə olunub.