Həqiqi sərvəti axtarın
«Özünüzə bu şər dünyanın sərvətilə dostlar qazanın» (LUKA 16:9).
NƏĞMƏ: 122, 129
1, 2. Nə üçün bu dünyada kasıb insanlar həmişə olacaq?
DÜNYANIN bugünkü iqtisadi sistemi amansız və ədalətsizdir. Gənclər iş tapmağa çətinlik çəkirlər. Çoxları öz həyatlarını təhlükəyə atıb həyat səviyyəsi yüksək olan ölkələrə köçür. Hətta varlı ölkələrdə belə, kasıbçılıq baş alıb gedir. Varlılarla kasıblar arasındakı uçurum sürətlə böyüyür. Bir hesablamaya əsasən, dünya əhalisinin ən varlı təbəqəsinin 1 faizinin pulu qalan 99 faizinin pulunun cəminə bərabərdir. Düzdür, bu rəqəmlərin nə dərəcədə dəqiq olduğunu təsdiq etmək çətindir. Amma danılmaz bir fakt var: milyardlarla insan yoxsulluqdan əziyyət çəkdiyi halda, bəzilərinin o qədər pulu var ki, özündən sonrakı bir neçə nəslə artıqlaması ilə bəs edər. İsa Məsih də bu acı həqiqətlə razı idi. O demişdi: «Kasıblar həmişə yanınızdadır» (Mark 14:7). Bəs nə üçün bu cür bərabərsizlik var?
2 İsa Məsih dərk edirdi ki, bu dünyanın iqtisadi vəziyyəti yalnız Allahın Padşahlığı gələndən sonra dəyişəcək. Müqəddəs Kitaba əsasən, siyasət və dinlə yanaşı, Vəhy 18:3 ayəsində «tacir» adlanan acgöz kommersiya sferası da Şeytan dünyasının bir hissəsidir *. Siyasət və saxta dinlə münasibətlərimizdən fərqli olaraq, əksəriyyətimizin Şeytan dünyasının ticari sisteminə bu və ya digər yolla bağlılığı var.
3. Bu məqalədə hansı suallar araşdırılacaq?
3 Bir məsihi kimi, yaxşı olar ki, dünyanın kommersiya sahəsinə münasibətimizi yoxlayaq. Özümüzə növbəti sualları verə bilərik: «Maddi vəsaitlərimdən Yehovaya sədaqətimi göstərmək üçün necə istifadə edə bilərəm? Kommersiya aləmi ilə əlaqəmi necə azalda bilərəm? Bu çətin zəmanədə Yehovanın xalqının Ona güvəndiyini hansı nümunələrdən görmək olar?»
NADÜRÜST NÖKƏRBAŞI HAQDA MƏSƏL
4, 5. a) İsa Məsihin məsəlindəki nökərbaşı hansı vəziyyətlə üzləşmişdi? b) İsa peyğəmbər şagirdlərinə hansı nəsihəti verdi?
4 Luka 16:1—9 ayələrini oxuyun. İsa Məsihin nadürüst nökərbaşı haqda məsəli insanı düşünməyə təşviq edir. İsrafçılıqda ittiham olunandan sonra nökərbaşı ağılla davranır. O, işdən qovulacağını bildiyi üçün qabaqcadan ona kömək edə biləcək dostlar qazanır *. Əlbəttə, İsa Məsih bu məsəllə davamçılarını nadürüst yollarla yaşamağa səsləmirdi. O, demişdi ki, «bu dövrün oğulları» belə davranacaq. İsa Məsih bu məsəl əsasında şagirdlərinə vacib bir fikri çatdırmaq istəyirdi.
5 O bilirdi ki, nökərbaşı çətin vəziyyətə düşdüyü kimi, onun xidmətçilərinin də əksəriyyəti haqsız Şeytan dünyasında maddi çətinliklərlə üzləşəcək. Buna görə də şagirdlərinə belə bir məsləhət verir: «Özünüzə bu şər dünyanın sərvətilə dostlar qazanın ki, bu sərvət qurtaranda onlar [Yehova və İsa] sizi əbədi məskənlərə qəbul etsinlər». Bu məsləhətin bizə hansı faydası var?
6. Kommersiya fəaliyyətinin Allahın əzəli niyyətinə daxil olmadığını haradan bilirik?
6 Düzdür, İsa Məsih dünya malını nə üçün «şər dünyanın sərvəti» adlandırdığını izah etmir. Amma Müqəddəs Kitabdan açıq-aydın görünür ki, Allah əzəldən dünyada kommersiya fəaliyyətinin olmasını istəmirdi. Yehova Adəmlə Həvvanı Ədən bağında hər şeylə təmin eləmişdi (Yar. 2:15, 16). Bundan uzun müddət sonra isə Yehova məsh olunmuşlara müqəddəs ruh verəndə onların hər şeyləri ümumi idi və heç kəs: «Bu mənimkidir», — demirdi (Həv. 4:32). Əşiya peyğəmbər demişdi ki, vaxt gələcək, insanlar yerin sərvətindən havayı istifadə edəcəklər (Əşy. 25:6—9; 65:21, 22). Ancaq o vaxta qədər İsanın davamçıları ağılla davranmalıdırlar: onlar bu şər dünyanın sərvəti ilə dolanmalı, eyni zamanda isə Allahın razılığını qazanmağa çalışmalıdırlar.
DÜNYA MALINDAN AĞILLA İSTİFADƏ EDİN
7. Luka 16:10—13 ayələrində hansı məsləhət var?
7 Luka 16:10—13 ayələrini oxuyun. Məsəldəki nökərbaşı bu dostları öz mənfəəti üçün qazanmışdı. İsa Məsih isə davamçılarını maddi-mənfəət güdmədən həm onunla, həm də Yehova ilə dost olmağa səsləyirdi. Onun məsəldən sonra dediyi sözlər göstərir ki, «şər dünyanın sərvəti» Allaha sədaqətlə bağlıdır. Yəni dünya malından necə istifadə etməyimiz Allaha sadiq olub-olmadığımızı göstərir.
8, 9. Bir çoxları «şər dünyanın sərvəti»ndən necə istifadə edib Yehovaya sədaqətlərini göstərirlər?
8 Sadiq olduğumuzu göstərməyin bir üsulu ümumdünya təbliğ işinə ianə etməkdir (Mət. 24:14). Misal üçün, Hindistanda bir qızcığaz daxıla pul yığmaq qərarına gəlir. O, əlinə pul düşdükcə ora atırdı. Hətta bunun xatirinə oyuncaq da almırdı. Daxıl dolanda o, içərisindəki pulu ümumdünya təbliğ işi üçün ianə edir. Hindistanda kokos bağı olan bir qardaş malayalam tərcümə ofisinə çoxlu miqdarda kokos bağışlamışdı. Tərcümə ofisinə kokos almaq lazım olduğu üçün qardaş fikirləşir ki, pul verməkdənsə, elə kokosun özünü versə, daha yaxşı olar. Bəli, bu, ağılla davranmaq deməkdir. Yunanıstandakı bacı-qardaşlar da müntəzəm olaraq Beytel ailəsinə zeytun yağı, pendir və digər ərzaqlar ianə edirlər.
9 Digər bir nümunəyə baxaq. Şri-Lankadan olan bir qardaş hal-hazırda başqa ölkədə yaşayır. O, öz evini yığıncaq görüşlərinin, toplantıların keçirilməsi və tammüddətli xidmətçilərin orada yaşaması üçün istifadəyə verib. Bu, qardaşı müəyyən gəlir əldə etməkdən məhrum etsə də, maddi durumları aşağı olan bacı-qardaşlar üçün əvəzsiz köməkdir. Təbliğ fəaliyyətimizin qadağan olunduğu ölkələrdə bacı-qardaşlar öz evlərində ibadət görüşlərinin keçirilməsinə şərait yaradırlar. Bunun sayəsində öncüllərə və digər bacı-qardaşlara kirayə yer tutmağa ehtiyac qalmır.
10. Səxavətli olmağın hansı faydaları var?
10 Bu nümunələr göstərir ki, Allahın xalqı ruhani işlərlə yanaşı, xırda işlərdə də, məsələn, maddi vəsaitlərinin istifadəsində də etibarlıdır (Luka 16:10). Bəs Yehovanın dostları verdikləri qurbanlara necə yanaşırlar? Onlar başa düşürlər ki, səxavətli olmaq «həqiqi sərvəti» qazanmağın bir yoludur (Luka 16:11). Müntəzəm olaraq Padşahlığın işinə ianə edən bir bacı aldığı nemətlər haqda deyir: «İllər ərzində özümdə maraqlı bir şeyin baş verdiyini hiss eləmişəm. Fikir vermişəm ki, səxavətli olmaq başqalarına qarşı münasibətimə təsir göstərib. İndi mənim üçün səbir etmək, bağışlamaq, məsləhəti qəbul etmək, uğursuzluğa tab gətirmək, pis rəftara dözmək daha asandır». Səxavətli olmağın onlara nə qədər fayda gətirdiyini öz təcrübəsindən görənlərin sayı az deyil (Zəb. 112:5; Məs. 22:9).
11. a) Səxavətli olmağımız ağılla davrandığımızı necə göstərir? b) Bu gün Allahın xalqının 2 Korinflilərə 8:13—15 ayələrinə əməl etdiyi nədən görünür? (Məqalənin əvvəlindəki şəklə baxın.)
11 Maddi vəsaitlərimizi Padşahlığın işinə sərf etməyin ağıllı hərəkət olduğunu başqa tərəfdən də görə bilərik. Bu, vəziyyətimizdən başqalarının xeyri üçün istifadə etməyə kömək edir. Məsələn, əgər bizim maddi vəziyyətimiz yaxşıdırsa, amma tammüddətli xidmətdə iştirak etmək, tələbat olan əraziyə köçmək imkanımız yoxdursa, etdiyimiz ianələrin sayəsində başqalarının xidmətdə iştirak etməsinə şərait yaratmış oluruq (Məs. 19:17). İanələr xoş xəbərə hay verən insanların çox olduğu kasıb əraziləri ədəbiyyatla təmin etməyə və oradakı təbliğ işini dəstəkləməyə kömək edir. Konqo, Madaqaskar və Ruanda kimi ölkələrdə Müqəddəs Kitab nüsxələri çox bahadır. Bəzən onların qiyməti bir həftəlik və ya bir aylıq əməkhaqqına bərabər olur. Uzun illər oradakı dindaşlarımız ailələri üçün yemək, yoxsa Müqəddəs Kitab almaq seçimi qarşısında qalırdılar. Ancaq indi könüllü ianələrin və «sizdəki bolluq onlardakı əskikliyi... doldursun» ayəsinə uyğun davranmağın sayəsində Yehovanın təşkilatı Müqəddəs Kitabın tərcümə olunmasını və ailənin hər bir üzvünə, eləcə də Müqəddəs Kitabı öyrənənlərə çatacaq sayda çap edilməsini maliyyələşdirir. (2 Korinflilərə 8:13—15 ayələrini oxuyun.) Beləcə, həm verənin, həm də alanın Yehovanın dostu olmaq imkanı olur.
GÖZÜNÜZ DÜNYA MALINDA OLMASIN
12. İbrahim peyğəmbər Allaha güvəndiyini necə göstərdi?
12 Yehova ilə dost olmağın başqa bir yolu dünya malının dalınca qaçmamaq və gücümüzü «həqiqi sərvət» axtarmağa sərf etməkdir. Böyük iman sahibi olan İbrahim peyğəmbər Yehova ilə dostluğu naminə gündən-günə çiçəklənən Ur şəhərini tərk edib çadırlarda yaşamağa razı olmuşdu (İbr. 11:8—10). Onun üçün əsl sərvətin mənbəyi Yehova Allah idi və o, maddi şeylər dalınca qaçaraq Allaha etibar etmədiyini göstərmək istəmirdi (Yar. 14:22, 23). İsa peyğəmbər də bu cür imanın vacibliyini vurğulayaraq varlı bir kişiyə demişdi: «Əgər kamil bəndə olmaq istəyirsənsə, get, nəyin varsa, hamısını sat, kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl» (Mət. 19:21). Bu cavan oğlanda İbrahim peyğəmbər qədər iman olmadığından, o bu dəvətə hay vermədi. Amma həmin dövrdə Allaha güvənən insanlar da var idi.
13. a) Həvari Bulus Timutiyə hansı məsləhəti vermişdi? b) Bulusun məsləhətinə biz necə əməl edə bilərik?
13 Timuti imanlı insanlardan idi. Həvari Bulus onu «Məsih İsanın cəsur əsgəri» adlandırıb növbəti məsləhəti vermişdi: «Axı əsgərlikdə olan heç bir adam qazanc əldə etmək üçün hərbidən kənar işlərlə məşğul olmur, əksinə, onu hərbi xidmətə çağırmış adamın rəğbətini qazanmağa çalışır» (2 Tim. 2:3, 4). Yehovanın bugünkü xidmətçiləri, o cümlədən bir milyondan artıq tammüddətli xidmətçi ordusu əllərindən gələn qədər Bulusun məsləhətinə əməl edirlər. Onlar bu acgöz dünyanın şirnikdirici reklamlarının təsirinə uymurlar. Daim Məsəllər 22:7 ayəsindəki prinsipi xatırlayırlar: «Borc alan da borc verənin nökəri»dir. Şeytanın da elə istədiyi odur ki, biz qul kimi çalışaraq bütün gücümüzü və vaxtımızı dünya malına sərf edək. Verdiyimiz bəzi qərarlar bizi illər boyu maddiyyatın qulu edə bilər. Məsələn, ev, maşın, təhsil və hətta təmtəraqlı toy üçün böyük kreditlər götürməklə ağır yük altına girmiş olarıq. Amma həyatımızı sadələşdirir, borc-xərcimizi azaldırıqsa, ağılla davranmış oluruq. Beləcə, kommersiyanın köləliyindən çıxaraq sərbəst olub Allaha daha çox xidmət edə biləcəyik (1 Tim. 6:10).
14. Bizdə hansı qətiyyət olmalıdır? Nümunə çəkin.
14 Həyatımızı sadələşdirmək üçün Allahın Padşahlığını birinci yerə qoymalıyıq. Məsələn, bir ər-arvadın gəlirli biznesi var idi. Amma onlar yenidən tammüddətli xidmətə başlamaq istədikləri üçün bizneslərini, gəmilərini və digər əşyalarını satdılar. Bundan sonra onlar könüllü kimi Uorvikdə (Nyu-York) baş idarənin tikintisinə kömək etdilər. Bu ər-arvad üçün Beyteldə qızı və kürəkəni ilə çiyin-çiyinə xidmət etmək əsl mükafat idi. Üstəlik, həmin vaxt bu qardaşın valideynləri də bir neçə həftə Uorvik layihəsinin tikintisində iştirak etmişdilər. Koloradoda (ABŞ) öncül kimi xidmət edən bir bacı bankda yarımştat iş tapmışdı. Müdiriyyət bacının işindən o qədər razı qalmışdı ki, ona aldığı maaşdan üç dəfə artıq maaşı olan iş təklif etmişdi. Amma bacı xidmətə əvvəlki qədər vaxt ayıra bilməyəcəyinə görə bu işdən imtina
edir. Bu, Yehovanın xalqının verdiyi saysız-hesabsız qurbanlardan yalnız bir neçəsidir. Allahın Padşahlığını hər şeydən üstün tutmaqla göstəririk ki, bizim üçün Yehova ilə dostluğumuz bu dünyanın təklif etdiyi var-dövlətdən qat-qat dəyərlidir.DÜNYA MALI DÜNYADA QALAR
15. İnsanı ən çox hansı zənginlik xoşbəxt edir?
15 Var-dövlət Allahın xeyir-duasının göstəricisi deyil. Yehova xeyir-bərəkəti xeyirli işlərlə zəngin olan insanlara bəxş edir. (1 Timutiyə 6:17—19 ayələrini oxuyun.) Məsələn, Lusiya * adlı bir bacı Albaniyada təbliğçilərə tələbat olduğunu eşidir. Buna görə də 1993-cü ildə İtaliyadan ora köçür. O, bu addımı heç bir gəlir yeri olmadan, Yehovaya tam güvənərək atır. Burada olduğu müddətdə bacı alban dilini öyrənir və 60 nəfərə vəftiz olmağa kömək edir. Düzdür, Allahın xalqının əksəriyyəti belə məhsuldar ərazilərdə xidmət etmir. Amma başqalarının həqiqəti tapması və bu yolda qalması üçün etdiyimiz ən xırda şey də çox dəyərlidir və bu, bizə əbədi sevinc gətirəcək (Mət. 6:20).
16. a) Kommersiya sferasını hansı aqibət gözləyir? b) Gələcəkdə baş verəcək hadisələri bilməyimiz maddiyyata münasibətimizə necə təsir edəcək?
16 Luka 16:9 ayəsində şər dünyanın sərvəti «qurtarsa» yox, «qurtaranda» sözləri yazılıb. Bəli, bugünkü gündə banklar iflasa uğrayır, bəzi ölkələrdə iqtisadi böhranlar baş verir, yaxın gələcəkdə isə vəziyyət daha da pisləşəcək. Şeytan dünyasının siyasi, dini və kommersiya sferası büsbütün məhv ediləcək. Hizqiyal və Səfənya peyğəmbər yazmışdılar ki, bu gün kommersiya sahəsinin əsasını təşkil edən qızıl və gümüş dəyərdən düşəcək (Hizq. 7:19; Səf. 1:18). Təsəvvür edin ki, siz ömrünüzün son günlərini yaşayırsınız və bu zaman başa düşürsünüz ki, əsl xəzinəni bu şər dünyanın sərvətinə qurban vermisiniz. Özünüzü necə hiss edərdiniz? Yəqin həyatını pul yığmağa həsr edən, amma sonra bu pulların saxta olduğunu öyrənən adamın keçirdiyi hissləri keçirərdiniz (Məs. 18:11). Bəli, Luka 16:9 ayəsində yazıldığı kimi, bu dünyanın sərvəti qurtaracaq. Buna görə də ondan göylərdə dostlar qazanmaq üçün istifadə etmək imkanını əldən verməyin. Əmin olun ki, Padşahlığın işini irəli aparmaq üçün etdiyiniz hər bir şey sizi Allahın qarşısında zəngin edəcək.
17, 18. Allahın dostlarını gələcəkdə hansı nemətlər gözləyir?
17 Allahın Padşahlığı yer üzünü idarə edəndə heç kim kirayə evlərdə yaşamayacaq və kredit götürməyə ehtiyac qalmayacaq. Qida pulsuz və bol olacaq, həkim və dava-dərman lazım olmayacaq. Yehovanın xalqı yerin məhsulunun ləziz təamlarından doyunca bəhrələnəcəklər. Qızıl, gümüş və bahalı daş-qaşlar gəlir əldə etmək üçün yox, bər-bəzək əşyası kimi istifadə olunacaq. Yüksək keyfiyyətli ağac, daş və metal materialları gözəl evlər inşa etmək üçün pulsuz olacaq. Dostlarımız mənfəət əldə etmək məqsədilə yox, könül xoşluğu ilə bizə kömək edəcəklər. Qurulacaq yeni dünyanın nemətlərini bir-birimizlə təmənnasız bölüşərək ömür sürəcəyik.
18 Bu, Yehova Allahla və İsa Məsihlə dostluq münasibətləri quranların alacaqları misilsiz nemətlərin bir zərrəsidir. Yehovanın yer üzündə yaşayan sadiq xidmətçiləri İsa Məsihin növbəti sözlərini eşidəndə sevincləri yerə-göyə sığmayacaq: «Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın» (Mət. 25:34).
^ abz. 2 Bu məqalədə «kommersiya» ifadəsi altında Şeytan dünyasının bir hissəsi olub, insanları ehtiyac duymadıqları şeyləri almağa təşviq edən, mənfəət əldə etməyə yönəldilmiş fəaliyyət sahəsi nəzərdə tutulur.
^ abz. 4 İsa Məsih nökərbaşıya qarşı irəli sürülən ittihamların haqlı olub-olmaması barədə bir fikir söyləmir. Luka 16:1 ayəsində «ittiham» kimi tərcümə olunan yunan sözü nökərə böhtan atıldığı fikrini verə bilər. Amma İsanın məqsədi nökərin nə üçün ittiham olunduğunu izah etmək deyildi. O, diqqəti nökərin bu məsələdə necə davrandığına yönəldir.
^ abz. 15 Lusiya Müssanet bacının bioqrafiyasını «Oyanın!» jurnalının 2003-cü il 22 iyun sayının 18—22-ci səhifələrindən (rus.) tapa bilərsiniz.