Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 27

Təqiblərə indidən hazırlaşın

Təqiblərə indidən hazırlaşın

«Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 TİM. 3:12).

NƏĞMƏ 129 Dözüm göstərəcəyik

İCMAL *

1. Nə üçün təqiblərə hazırlıqlı olmalıyıq?

AĞAMIZ MƏSİH ölümündən öncəki gecə bildirmişdi ki, onun şagirdi olmaq istəyən hər bir kəs nifrət hədəfinə çevriləcək (Yəh. 17:14). Ta bu günə kimi Yehovanın sədaqətli xidmətçiləri həqiqi ibadətə qarşı çıxanlar tərəfindən təqib olunur (2 Tim. 3:12). Bu dünyanın sonu yaxınlaşdıqca düşmənlərimizin bizi daha çox təqib edəcəyini bilirik (Mət. 24:9).

2, 3. a) Qorxu ilə bağlı nəyi bilməliyik? b) Bu məqalədə nəyi araşdıracağıq?

2 Təqiblərə indidən necə hazırlaşa bilərik? Başımıza gələcək pis şeyləri təsəvvür etmək lazım deyil. Yoxsa bizi qorxu və narahatlıq bürüyər. Olmayan şeyləri beynimizdə canlandıraraq, hələ heç bir sınaqla üzləşməmiş geri çəkilə bilərik (Məs. 12:25; 17:22). Qorxu düşmənimiz İblisin bizə qarşı işlətdiyi ən güclü silahlardan biridir (1 But. 5:8, 9). Bəs özümüzü möhkəmləndirmək üçün indidən nə edə bilərik?

3 Bu məqalədə Yehova ilə münasibətlərimizi necə möhkəmləndirə biləcəyimizi və bunu indidən etməyin vacibliyini araşdıracağıq. Həmçinin cəsarətimizi artırmağın yolunu müzakirə edəcəyik. Və nəhayət, insanların nifrətinə tuş gələrkən nə etməli olduğumuzu öyrənəcəyik.

YEHOVA İLƏ MÜNASİBƏTLƏRİ NECƏ MÖHKƏMLƏNDİRMƏLİ?

4. İbranilərə 13:5, 6 ayələrinə əsasən, nəyə əmin olmalıyıq və nə üçün?

4 Yehovanın sizi sevdiyinə və heç vaxt tərk etməyəcəyinə əmin olun. (İbranilərə 13:5, 6 ayələrini oxuyun.) Uzun illər öncə «Gözətçi qülləsi»ndə yazılmışdı: «Allahı daha yaxşı tanıyan insan sınaqlar zamanı Ona daha çox etibar edir». Necə də düzgün sözlərdir! Sınaqlardan başıuca çıxmaq üçün Yehovanı ürəkdən sevməli, Ona tam güvənməli və bizi sevdiyinə əsla şübhə etməməliyik (Mət. 22:36—38; Yaq. 5:11).

5. Yehovanın sizi sevdiyini necə duya bilərsiniz?

5 Hər gün Müqəddəs Kitabı oxuyanda məqsədiniz Yehovaya yaxınlaşmaq olsun (Yaq. 4:8). Mütaliə zamanı Yehovanın gözəl xüsusiyyətlərinə diqqət yetirin. Onun sözlərindən, etdiklərindən məhəbbətini duymağa çalışın (Çıx. 34:6). Bəziləri heç vaxt özlərinə qarşı sevgi görmədiyinə görə Allahın onları sevdiyinə də inanmır. Əgər siz də belə düşünürsünüzsə, bir siyahı tutun, Yehovanın hər gün sizə necə mərhəmət və xeyirxahlıq göstərdiyini qeyd edin (Zəb. 78:38, 39; Rom. 8:32). Öz həyatınız barədə və Allahın Kəlamından oxuduqlarınızın üzərində düşündükcə, bu siyahıya Yehovanın sizin üçün etdiyi çox şeyi qeyd edə biləcəksiniz. Onun etdiklərini nə qədər çox qiymətləndirsəniz, münasibətləriniz bir o qədər möhkəm olacaq (Zəb. 116:1, 2).

6. Zəbur 94:17—19 ayələrinə əsasən, ürəkdən dua etmək sizə necə kömək edə bilər?

6 Müntəzəm dua edin. Atasının isti qucağına sığınan balaca oğlanı təsəvvür edin. O, gün ərzində baş verən pis-yaxşı nə varsa, hamısını çəkinmədən atasına danışır. Hər gün ürəkdən dua edərək Yehovaya yaxınlaşsanız, sizin də aranızda bu cür münasibətlər olacaq. (Zəbur 94:17—19 ayələrini oxuyun.) Duada ürəyinizi sutək Yehovanın dərgahına boşaldın, bütün qorxu və narahatlıqlarınızı Ona danışın (Mərs. 2:19). Onda «Allahın hər bir ağıldan üstün olan sülhü»nü duyacaqsınız (Filip. 4:6, 7). Nə qədər çox bu cür dualar etsəniz, özünüzü Yehovaya bir o qədər yaxın hiss edəcəksiniz (Rom. 8:38, 39).

Cəsarətimiz Yehovaya və Onun Padşahlığına əminliyimizdən doğur

Stenli Cons qardaşın Allahın Padşahlığının real olduğuna əminliyi imanını möhkəmləndirdi (7-ci abzasa baxın)

7. Nə üçün Yehovanın Padşahlıqla bağlı verdiyi vədləri mütləq gerçəkləşdirəcəyinə əmin olmalıyıq?

7 Allahın Padşahlığının nemətlər bəxş edəcəyinə əmin olun (Say. 23:19). Əgər bu kimi vədlərə imanınız zəifdirsə, Şeytan və onun əlaltıları sizi asanlıqla qorxuya salacaq (Məs. 24:10; İbr. 2:15). Allahın Padşahlığına olan əminliyinizi indidən necə möhkəmləndirə bilərsiniz? Padşahlıqla bağlı Allahın vədləri və onların yerinə yetəcəyinə nə üçün əmin olduğunuz barədə araşdırma aparın. Bu, sizə necə kömək edəcək? İmanına görə yeddi il müddətinə həbs olunan Stenli Cons qardaşın nümunəsi üzərində düşünün. O, nəyin sayəsində sədaqətlə dözə bilmişdi? Qardaş deyir: «İmanım güclü idi, çünki Allahın Padşahlığı və onun həyata keçirəcəyi işlər barədə bilirdim və bunlara bir an belə, şübhə etmirdim. Buna görə də heç kim məni yıxa bilmədi». Əgər Allahın vədlərinə imanınız güclü olsa, Ona daha yaxın olacaqsınız və qorxu sizi üstələyə bilməyəcək (Məs. 3:25, 26).

8. Yığıncaqlara münasibətimiz nəyin göstəricisidir? İzah edin.

8 Yığıncaq görüşlərində müntəzəm iştirak edin. Yığıncaqlar bizi Yehovaya yaxınlaşdırır. Yığıncaqlarda iştirak etməyə necə yanaşmağımız gələcəkdə sınaqlara nə dərəcədə yaxşı tab gətirəcəyimizin göstəricisidir (İbr. 10:24, 25). Nə üçün? Əgər bu gün kiçik maneələrə görə yığıncaqlara getmiriksə, gələcəkdə dindaşlarımızla birgə yığışmağın təhlükəli olduğu vaxtda nə edəcəyik? Lakin bu gün yığıncaqlarda iştirak etməyə ciddi yanaşırıqsa, əleyhdarlarımız birgə yığışmağımıza mane olanda belə, bizi heç nə dayandırmayacaq. İndi yığıncaqlarımızı sevməyi öyrənməyin əsl vaxtıdır. Yığıncaqlara sevə-sevə gediriksə, heç bir təqib, hətta dövlətin qoyduğu qadağa, Allaha itaət etməyimizə mane olmayacaq (Həv. 5:29).

Ayələri və həmd nəğmələrini indi əzbərləmək təqiblər zamanı dadınıza yetəcək (9-cu abzasa baxın) *

9. Nəyə görə ayələri əzbərləmək təqiblərə hazırlaşmağın yaxşı yoludur?

9 Sevimli ayələrinizi əzbərləyin (Mət. 13:52). Mükəmməl yaddaşa sahib olmasanız belə, Yehovanın qüdrətli müqəddəs ruhu sizə ayələri xatırlamağınıza kömək edəcək (Yəh. 14:26). Şərqi Almaniyada həbsdə olan və təkadamlıq kamerada yatan bir qardaşımız görün nə deyir: «İki yüzdən çox ayəni əzbər bildiyimə görə çox şad idim. Həbsdə keçirdiyim tənha günlər boyu bu ayələrin üzərində düşünürdüm». Bu ayələr qardaşa Yehovaya bağlı qalmağa və sədaqətlə dözüm göstərməyə kömək etmişdi.

(10-cu abzasa baxın) *

10. Nə üçün nəğmələri əzbərləməliyik?

10 Yehovanı ucaldan nəğmələri əzbərləyin və oxuyun. Həvari Bulus və Sila Filippidə həbsdə olanda əzbər bildikləri həmd nəğmələrini oxuyurdular (Həv. 16:25). Keçmiş Sovet İttifaqında Sibirə sürgün olunan dindaşlarımız da bunun sayəsində möhkəm qala bildilər. Mariya Fedun bacı deyir: «Nəğmə kitabından əzbər bildiyimiz bütün nəğmələri oxuyurduq». Bacı həmin nəğmələrin onları ruhlandırdığını və özlərini Yehovaya yaxın hiss etmələrinə kömək etdiyini söyləyir. Bəs siz sevimli nəğmənizi oxuyanda özünüzü daha güclü hiss edirsiniz? Onda bu nəğmələri indidən əzbərləyin! (« Yehova, cəsarət ver» adlı çərçivəyə baxın.)

CƏSARƏTİ NECƏ ARTIRMAQ OLAR?

11, 12. a) 1 İşmuil 17:37, 45—47 ayələrinə əsasən, Davudda cəsarət haradan idi? b) Davudun nümunəsindən hansı vacib dərsi öyrənirik?

11 Təqiblərə sinə gərmək üçün cəsur olmalıyıq. Əgər sizdə bu xüsusiyyətin yetərincə olmadığını düşünürsünüzsə, nə edə bilərsiniz? Nəzərə alın ki, cəsarət sizin ölçülərinizdən, gücünüzdən yaxud bacarıqlarınızdan asılı olan bir şey deyil. Gənc Davudun Calutla üzləşdiyi səhnəni yadınıza salın. Bu nəhənglə müqayisədə Davud kiçik, zəif idi, yetərincə silahlanmamışdı. Hətta qılıncı da yox idi. Bununla belə, onun cəsarəti aşıb-daşırdı. Davud qorxmadan bu özündənrazı nəhənglə döyüşə atılmışdı.

12 Onda bu qədər cəsarət haradan idi? Davud tam əmin idi ki, Yehova onunladır. (1 İşmuil 17:37, 45—47 ayələrini oxuyun.) O, diqqətini Calutun onunla müqayisədə nə qədər böyük olduğuna yox, Yehova ilə müqayisədə nə qədər cılız olduğuna cəmləmişdi. Biz bundan nə öyrənirik? Qüdrətli Allahın bizimlə olduğuna əmin olsaq, əleyhdarlarımızın Onun önündə nə qədər cılız olduğunu dərk etsək, biz də cəsur olacağıq (2 Saln. 20:15; Zəb. 16:8). Bəs indidən, təqiblər başlamazdan öncə cəsarətimizi necə artıra bilərik?

13. Cəsarətimizi necə artıra bilərik? İzah edin.

13 Cəsarətimizi indidən artırmaq üçün Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməliyik. Çünki təbliğ işi bizə Yehovaya etibar edib, insan qorxusuna üstün gəlməyi öyrədir (Məs. 29:25). Əzələlərimiz idman etməyin sayəsində möhkəmləndiyi kimi, cəsarətimiz də ev-ev, ictimai yerlərdə, qeyri-formal və işgüzar ərazilərdə təbliğ etməyin sayəsində artır. İndidən təbliğ etməyə cəsarətimizi artırsaq, hətta fəaliyyətimiz qadağa altında olanda belə, bu işi davam etdirməyə əzmli olacağıq (1 Salon. 2:1, 2).

Nensi Yuen bacı Allahın Padşahlığı haqda müjdəni təbliğ etməyi dayandırmaqdan imtina etdi (14-cü abzasa baxın)

14, 15. Nensi Yuen və Valentina Qarnovskayadan nə öyrənirik?

14 Möhtəşəm cəsarət nümunəsi qoymuş iki sədaqətli bacıdan çox şey öyrənə bilərik. Nensi Yuen bacının cəmi bir metr yarım boyu olsa da, onu qorxutmaq hələm-hələm asan deyildi *. O, Allahın Padşahlığı haqda müjdəni təbliğ etməyi dayandırmaqdan imtina etdi. Nəticədə, kommunist Çin hökuməti onu təxminən 20 il müddətinə azadlıqdan məhrum etdi. Bacını dindirən rəsmilər onu ölkənin «ən inadkar şəxsi» adlandırmışdılar.

Valentina Qarnovskaya Yehovanın onun yanında olduğuna əmin idi (15-ci abzasa baxın)

15 Eynilə, Valentina Qarnovskaya bacı keçmiş Sovet İttifaqında üç dəfə həbs olunmuş və ümumilikdə 21 il həbsdə olmuşdu *. Hansı səbəbə görə? Bacı təbliğ etməyə o qədər qətiyyətli idi ki, məmurlar ona «xüsusi təhlükəli cinayətkar» damğası vurmuşdu. Bu iki sədaqətli qadın nəyin sayəsində belə cəsarətli idi? Onlar əmin idilər ki, Yehova yanlarındadır.

16. Əsl cəsarətin sirri nədədir?

16 Bəhs etdiyimiz kimi, cəsarətimizi artırmaq üçün diqqətimizi öz gücümüzə və bacarıqlarımıza cəmləməməliyik. Əksinə, Yehovanın bizimlə olduğuna və bizim üçün vuruşduğuna inanmalıyıq (Qan. 1:29, 30; Zək. 4:6). Əsl cəsarətin sirri bundadır!

NİFRƏT HƏDƏFİNƏ ÇEVRİLƏNDƏ NƏ ETMƏLİ?

17, 18. Yəhya 15:18—21 ayələrinə əsasən, İsa Məsih hansı xəbərdarlığı vermişdi? İzah edin.

17 Hər birimiz başqalarının hörmətini qazanmağı xoşlayırıq, lakin insanlar bizi sevmirsə, bu o demək deyil ki, dəyərsizik. İsa Məsih demişdi: «İnsan Oğlundan ötrü sizə nifrət edəndə, sizi qovanda, təhqir edəndə və adınızı bədnam edəndə siz necə də xoşbəxtsiniz» (Luka 6:22). O, nəyi nəzərdə tuturdu?

18 İsa demək istəmirdi ki, məsihilər nifrət olunmağı xoşlayır. O, sadəcə reallığı deyirdi. Biz bu dünyadan deyilik. Biz Məsihin təlimlərinə uyğun yaşayır və onun vəz etdiyi müjdəni təbliğ edirik. Buna görə də dünyanın nifrət hədəfinə çevrilmişik. (Yəhya 15:18—21 ayələrini oxuyun.) Məqsədimiz Yehovanı razı salmaqdır. Əgər insanlar Allahı sevdiyimizə görə bizə nifrət edirsə, bu, onların öz problemidir.

19. Həvarilərdən necə örnək ala bilərik?

19 Heç vaxt fani insanın hansısa sözünə və ya hərəkətinə görə Yehovanın Şahidi olmağınızdan utanmayın! (Mik. 4:5). Məsihin edamından sonra Yerusəlimdə olan həvarilərin qoyduğu nümunə bizə insan qorxusuna üstün gəlməyə kömək edə bilər. Həvarilər bilirdi ki, yəhudi din xadimlərinin onları görəsi gözü yoxdur (Həv. 5:17, 18, 27, 28). Bununla belə, həvarilər hər gün məbədə gedir və camaatın önündə İsanın şagirdi olduqlarını bəyan edirdi (Həv. 5:42). Həvarilər qorxuya təslim olmurdu. Biz də müntəzəm olaraq işdə, məktəbdə və yaşadığımız ərazidə Yehovanın Şahidi olduğumuzu deməklə qorxuya üstün gələ bilərik (Həv. 4:29; Rom. 1:16).

20. Nə üçün həvarilər nifrət olunmalarına rəğmən, xoşbəxt idilər?

20 Nifrət hədəfi olmalarına baxmayaraq, həvarilər xoşbəxt idi. Çünki onlar bunun səbəbini bilirdilər və Yehovanın iradəsini yerinə yetirdiklərinə görə pis rəftara məruz qalmağı şərəf sayırdılar (Luka 6:23; Həv. 5:41). Həvari Butrus sonralar yazmışdı: «Salehlik uğrunda əzab çəksəniz də, siz xoşbəxtsiniz» (1 But. 2:19—21; 3:14). Yehovanın bəyəndiyi kimi davrandığımıza görə nifrət olunduğumuzu dərk etsək, qorxunun bizi əsir almasına heç vaxt yol verməyəcəyik.

HAZIRLIQLI OLMAĞIN MÜKAFATINI ALACAQSINIZ

21, 22. a) Təqiblərə hazırlaşmaq üçün nə etmək niyyətindəsiniz? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

21 Biz təqib dalğalarının nə zaman coşacağını, fəaliyyətimizə nə zaman qadağa qoyulacağını bilmirik. Lakin bilirik ki, Yehova ilə münasibətlərimizi, cəsarətimizi artıraraq və insanların nifrətinə sinə gərməyi öyrənərək bunlara hazırlıqlı ola bilərik. İndi gördüyümüz hazırlıqlar gələcəkdə mətin qalmağımıza kömək edəcək.

22 Bəs əgər ibadətimizə qadağa qoyulubsa, onda necə? Növbəti məqalədə hətta qadağa altında belə, Yehovaya xidməti davam etdirməyimizə kömək edəcək prinsipləri araşdıracağıq.

NƏĞMƏ 118 «İmanımızı artır»

^ abz. 5 Biz insanların nifrət hədəfi olmaq istəmirik. Lakin gec-tez hər birimiz təqiblərlə üzləşəcəyik. Bu məqalə təqiblər qarşısında cəsarətli olmağımıza kömək edəcək.

^ abz. 14 «Gözətçi qülləsi» jurnalının 1979-cu il 15 iyul sayının 4—7 səhifələrinə (rus.) baxa bilərsiniz. Həmçinin JW televiziyasında «Yehova adını bəyan edəcək» adlı videoya baxın.

^ abz. 15 «Gözətçi qülləsi» jurnalının 2009-cu il 15 aprel sayının 9-cu səhifəsində 10 və 11-ci abzaslara baxın.

^ abz. 66 ŞƏKLİN İZAHI. Valideynlər ailəvi ibadət vaxtı uşaqlarına kartlar vasitəsilə ayələri əzbərləməyə kömək edir.

^ abz. 69 ŞƏKLİN İZAHI. Yığıncağa gedən ailə maşında həmd nəğmələrini məşq edir.