Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

Həqiqətdə olduğunuza əmin olun

Həqiqətdə olduğunuza əmin olun

«Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal» (2 TİM. 3:14).

NƏĞMƏ 56 Həqiqətə bağlan

İCMAL *

1. «Həqiqət» deyəndə nə nəzərdə tuturuq?

«HƏQİQƏTİ necə öyrənmisən?» «Həqiqətdə böyümüsən?» «Neçə ildir həqiqətdəsən?» Yəqin ki, sizə belə suallar veriblər, ya da siz kiməsə belə suallar vermisiniz. «Həqiqət» deyəndə nə nəzərdə tuturuq? Adətən biz etiqadımızı, ibadət tərzimizi və həyat yolumuzu təsvir etmək üçün bu sözdən istifadə edirik. «Həqiqətdə» olan insanlar Müqəddəs Kitabdakı təlimləri bilir və orada yazılanlara uyğun davranır. Beləcə, onlar yalan dini təlimlərdən azad olur və bu dünyada qeyri-kamil insanın sürə biləcəyi ən gözəl həyatı sürür (Yəh. 8:32).

2. Yəhya 13:34, 35 ayələrinə əsasən, insanı həqiqətə ilk dəfə nə cəlb edə bilər?

2 Sizi həqiqətə ilk nə cəlb edib? Ola bilsin, Yehovanın xalqının gözəl davranışı (1 But. 2:12). Yaxud da onlarda olan məhəbbət. Çoxları ilk dəfə ibadət görüşünə gələndə onlara səhnədən deyilənlərdən çox, məhz bu məhəbbət təsir edib. Bu, təəccüblü deyil, çünki İsa Məsih şagirdlərinin bir-birinə olan məhəbbətdən tanınacaqlarını demişdi. (Yəhya 13:34, 35 ayələrini oxuyun.) Amma möhkəm iman sahibi olmağımız üçün bu, kifayət deyil.

3. İmanımız yalnız dindaşlarımızın məhəbbətinə əsaslansa, nə baş verə bilər?

3 İmanımız yalnız Allahın xalqının təzahür etdirdiyi məsihi məhəbbətinə əsaslanmamalıdır. Nəyə görə? Təsəvvür edin ki, dindaşınız, bəlkə də, ağsaqqal və ya öncül ciddi günah işləyir. Yaxud hansısa bacı və ya qardaş sizin xətrinizə dəyir. Ya da kimsə dönük çıxır, yolumuzun həqiqət olmadığını iddia edir. Belə şeylər baş versə, siz büdrəyib, Yehovaya xidməti dayandıracaqsınız? Məğz budur: əgər imanınız Yehova ilə münasibətləriniz əsasında yox, sırf başqalarının davranışı üzərində qurulubsa, möhkəm olmayacaq. Tikdiyiniz ev, başqa sözlə, imanınız yumşaq materiallardan, yəni təkcə hisslərdən, emosiyalardan ibarət olmamalıdır, əsaslı dəlil və güclü məntiq kimi möhkəm materiallardan da olmalıdır. Siz özünüz əmin olmalısınız ki, Müqəddəs Kitabda Yehova haqqında həqiqət yazılıb (Rom. 12:2).

4. Mətta 13:3—6, 20, 21 ayələrinə əsasən, bəziləri imanları sınan zaman nə edib?

4 İsa Məsih demişdi ki, bəziləri həqiqəti sevinclə qəbul edəcək, amma çətinliklərlə üzləşəndə imanları zəifləyəcək. (Mətta 13:3—6, 20, 21 ayələrini oxuyun.) Ola bilsin, onlar Məsihin ardınca gedənlərin çətinliklərlə üzləşəcəyini dərk etmirdilər (Mət. 16:24). Yaxud elə düşünürdülər ki, məsihi olmaqla dərdi-sərsiz, nemətlərlə dolu, şad-xürrəm ömür sürəcəklər. Amma yaşadığımız bu dünyada problemlərin olmaması mümkün deyil. İstənilən an vəziyyət dəyişə bilər və sevincimizi itirə bilərik (Zəb. 6:6; Vaiz 9:11).

5. Bacı-qardaşlarımızın əksəriyyətinin həqiqətdə olduqlarına əminliyi nədən görünür?

5 Bacı-qardaşlarımızın böyük əksəriyyəti sübut edir ki, həqiqətdə olduqlarına tam əmindirlər. Çünki dindaşları onların xətrinə dəyəndə, yaxud məsihiyə yaraşmayan hərəkət edəndə imanları sarsılmır (Zəb. 119:165). Əksinə, hər dəfə sınaqla üzləşəndə onların imanı daha da möhkəmlənir (Yaq. 1:2—4). Siz belə möhkəm imana necə sahib ola bilərsiniz?

ALLAHI YAXINDAN TANIYAQ

6. Birinci əsrdə yaşayan məsihilərin imanı nəyə əsaslanırdı?

6 Birinci əsrdə yaşayan məsihilərin imanı Müqəddəs Yazılardan aldıqları biliklərə və İsa Məsihin təlimlərinə, başqa sözlə, müjdənin həqiqətinə əsaslanırdı (Qal. 2:5). Bu həqiqətə bütün məsihi təlimləri, o cümlədən İsanın fidyə qurbanlığı və dirilməsi ilə bağlı dəlillər daxildir. Həvari Bulus bu təlimlərin həqiqət olduğuna tam əmin idi. Bunu haradan bilirik? Çünki o, «Müqəddəs Yazılardan dəlil-sübut gətirərək Məsihin əziyyət çəkməsinin, ölüb dirilməsinin lazım olduğunu» izah edirdi (Həv. 17:2, 3). Birinci əsrdə yaşayan məsihilər bu təlimləri qəbul edirdilər və Allahın Kəlamını başa düşmək üçün müqəddəs ruhun köməyinə güvənirdilər. Onlar bu təlimlərin Müqəddəs Yazılara əsaslandığına şəxsən araşdırıb əmin olmuşdular (Həv. 17:11, 12; İbr. 5:14). Onların imanı yalnız hisslərə və emosiyalara əsaslanmırdı. Dindaşları ilə vaxt keçirmək onlara xoş olsa da, Yehovaya ibadət etmələrinə səbəb təkcə bu deyildi. Onlar «Allahı yaxından tanıyaraq» imanlarını möhkəmləndirirdilər (Kol. 1:9, 10).

7. Müqəddəs Kitab həqiqətlərinə imanımız nəyə qadirdir?

7 Allahın Kəlamındakı həqiqətlər dəyişməzdir (Zəb. 119:160). Bu həqiqətlər dindaşımız xətrimizə dəyəndə və ya ciddi günah işləyəndə də dəyişmir. Biz çətinliklərlə üzləşəndə də bu həqiqətlər dəyişmir. Ona görə də Müqəddəs Kitabdakı təlimlərə yaxşı bələd olmalı və onların doğruluğuna əmin olmalıyıq. Gəmini fırtına zamanı möhkəm saxlayan lövbər kimi, bu həqiqətlərə güclü imanımız da bizə sınaqlarla üzləşəndə möhkəm qalmağa kömək edəcək. Bəs həqiqətdə olduğunuza əminliyinizi necə möhkəmləndirə bilərsiniz?

«DOĞRULUĞUNA ƏMİN OLDUĞUN ŞEYLƏRƏ BAĞLI QAL»

8. 2 Timutiyə 3:14, 15 ayələrinə əsasən, Timuti həqiqətdə olduğuna necə əmin olmuşdu?

8 Timuti həqiqətdə olduğuna əmin idi. Bəs o, bu qənaətə necə gəlmişdi? (2 Timutiyə 3:14, 15 ayələrini oxuyun.) Ona Müqəddəs Yazıları ilk dəfə nənəsi və anası öyrətmişdi. Amma sözsüz ki, o özü də Kəlamı mütaliə etmək üçün vaxt və güc sərf edirdi. Beləcə, orada yazılanların həqiqət olduğuna əmin olmuşdu. Sonralar Timuti, anası və nənəsi məsihi həqiqətlərini öyrəndilər. Şübhə yoxdur ki, İsanın davamçılarının göstərdiyi məhəbbət Timutiyə dərin təsir bağışlamışdı, iman bacı-qardaşları ilə vaxt keçirmək, onlara dəstək olmaq ona çox xoş idi (Filip. 2:19, 20). Bununla belə, o, imanının təməlini insanlara olan bağlılıq üzərində yox, «doğruluğuna əmin olduğu» və onu Yehovaya yaxınlaşdıran həqiqətlər üzərində qurmuşdu. Siz də Müqəddəs Kitabı mütaliə edərək orada Yehova haqqında yazılanlarla bağlı məntiqi nəticəyə gəlməlisiniz.

9. Hansı üç təməl həqiqətin doğruluğuna əmin olmalısınız?

9 Bunun üçün əvvəlcə ən azı üç təməl həqiqətin doğruluğuna əmin olmalısınız. Birincisi, Yehova Allahın hər şeyin Yaradanı olduğuna (Çıx. 3:14, 15; İbr. 3:4; Vəhy 4:11). İkincisi, Müqəddəs Kitabın Allahın bəşəriyyətə bəxş etdiyi Kəlam olduğuna (2 Tim. 3:16, 17). Üçüncüsü, Yehovanın Ona ibadət etmək üçün Məsihin başçılığı altında bir xalq seçdiyinə və Yehovanın Şahidlərinin həmin xalq olduğuna (Əşy. 43:10—12; Yəh. 14:6; Həv. 15:14). Bu təməl həqiqətlərə əmin olmaq üçün Müqəddəs Kitabı beş barmağınız kimi bilməyə ehtiyac yoxdur. Məqsədiniz ağlınızı işə salıb, həqiqətdə olduğunuza əminliyinizi möhkəmləndirmək olmalıdır (Rom. 12:1).

BAŞQALARINDA ƏMİNLİK YARADIN

10. Həqiqətləri bilməklə yanaşı, nəyi bacarmalıyıq?

10 Allah, Müqəddəs Kitab və Allahın xalqı ilə bağlı həqiqətlərə əmin olduqdan sonra siz Müqəddəs Kitab vasitəsilə bu təlimləri başqalarına öyrətməyi bacarmalısınız. Çünki məsihilər bildikləri həqiqətləri onlara qulaq asanlara öyrətmək məsuliyyəti daşıyır * (1 Tim. 4:16). Başqalarını Kəlamdakı həqiqətlərə əmin etməyə çalışarkən eyni zamanda özümüzün də əminliyini artırmış oluruq.

11. Həvari Bulus bir müəllim kimi bizə hansı nümunəni qoyub?

11 Həvari Bulus insanları öyrədərkən «həm Musanın Tövratından, həm Peyğəmbərlərin kitabından İsa haqqında danılmaz sübutlar» gətirirdi (Həv. 28:23). Biz həvari Bulusun nümunəsini necə izləyə bilərik? Şagirdə sadəcə Müqəddəs Kitabda nə yazıldığını demək kifayət deyil. Yehova ilə sıx münasibət qurması üçün ona kömək etməliyik ki, Müqəddəs Kitabdan öyrəndiklərinin dərinliyinə varsın. Biz istəmirik, onlar həqiqəti bizim xətrimizə qəbul etsinlər. Əksinə, istəyirik ki, öyrəndiklərinin Yehova haqqında həqiqət olduğunu şəxsən araşdırıb dərk etsinlər.

Əziz valideynlər, uşaqlarınızın güclü imana sahib olması üçün onlara «Allahın dərin sirlərini» öyrədin (12 və 13-cü abzaslara baxın) *

12, 13. Valideynlər övladlarının həqiqətdə qalmasına necə kömək edə bilər?

12 Əziz valideynlər, sözsüz ki, siz uşaqlarınızın həqiqətdə qalmasını istəyirsiniz. Bəlkə də, düşünürsünüz ki, uşaqlarınızın yığıncaqda yaxşı dostları olsa, imanları möhkəmlənəcək. Amma bu, kifayət deyil. Onların Yehova ilə fərdi münasibəti olmalıdır və Müqəddəs Kitabdakı təlimlərin doğruluğuna şəxsən əmin olmalıdırlar.

13 Valideynlər uşaqlarına Allah haqqında həqiqətləri öyrətmək istəyirsə, Müqəddəs Kitabı yaxşı mütaliə etməkdə ilk növbədə özləri nümunə qoymalıdır. Onlar öyrəndiyi həqiqətlər haqda dərindən düşünməlidir. Sonra bunları etməyi uşaqlarına da öyrədə biləcəklər. Valideynlər başqalarına öyrətdikləri kimi, uşaqlarına da mütaliə üçün vəsaitlərdən istifadə etməyi öyrətməlidir. Beləcə, övladları Yehovanı sevəcək və Onun bizə təlim vermək üçün istifadə etdiyi sadiq və ağıllı nökərə etibar edəcək (Mət. 24:45—47). Əziz valideynlər, uşaqlarınıza yalnız əsas təlimləri öyrətmək yetərli deyil. Güclü imana sahib olmaları üçün onlara yaşlarına və qabiliyyətlərinə uyğun olaraq «Allahın dərin sirlərini» öyrədin (1 Kor. 2:10).

PEYĞƏMBƏRLİKLƏRİ ARAŞDIRIN

14. Nəyə görə peyğəmbərlikləri araşdırmalıyıq? (« Bu peyğəmbərlikləri izah edə bilərsiniz?» adlı çərçivəyə baxın.)

14 Peyğəmbərliklər Müqəddəs Kitabın əsas mövzularındandır və Yehovaya imanımızı möhkəmləndirməyə kömək edir. Hansı peyğəmbərliklər imanınızı möhkəmləndirib? Ola bilsin, axırzamanla bağlı peyğəmbərliklər (2 Tim. 3:1—5; Mət. 24:3, 7). Bəs başqa hansı? Məsələn, Dənyal 2-ci və ya 11-ci fəsildəki peyğəmbərliklərin keçmişdə və indi necə yerinə yetdiyini izah edə bilərsiniz? * İmanınız tamamilə Müqəddəs Kitaba əsaslansa, sarsılmaz olacaq. Gəlin İkinci Dünya müharibəsi zamanı Almaniyada olmazın təqiblərə məruz qalan dindaşlarımızın nümunəsinə baxaq. Həmin vaxt axırzamanla bağlı peyğəmbərliklər hələ tam aydın olmasa da, onların Allahın Kəlamından öyrəndiklərinə güclü imanı var idi.

Müqəddəs Kitabı və peyğəmbərlikləri araşdırmaq sınaqlar zamanı imanda möhkəm qalmağımıza kömək edəcək (15—17 abzaslara baxın) *

15—17. Nasist rejimi zamanı bacı-qardaşlara dözməyə nə kömək etmişdi?

15 Almaniyada nasist rejimi zamanı minlərlə bacı-qardaşımız həbs düşərgələrinə sürgün olunmuşdu. Hitler və SS reyxsfüreri Henrix Himmler Yehovanın Şahidlərinə nifrət edirdi. Bir bacı qeyd edir ki, Himmler həbs düşərgəsindəki bir qrup bacıya belə demişdi: «Ola bilsin, sizin Yehova göydə idarə edir, amma burada, yerdə biz idarə edirik! Sizə göstərəcəyik, kim qalacaq, siz, yoxsa biz!» Yehovanın xalqı nəyin sayəsində sadiq qala bildi?

16 Onlar bilirdilər ki, Allahın Padşahlığı 1914-cü ildən idarə etməyə başlayıb. Üzləşdikləri sərt təqiblər onlar üçün gözlənilməz deyildi. Amma Yehovanın xalqı əmin idi ki, heç bir insan hökuməti Allahın niyyətinin həyata keçməsinin qarşısını ala bilməz. Hitler pak ibadətin kökünü kəsə bilməzdi, nə də ki Allahın Padşahlığından qüdrətli hökumət qura bilməzdi. Qardaşlarımız əmin idilər ki, gec-tez Hitlerin hakimiyyəti devriləcək.

17 Bacı-qardaşlarımızın əminliyi əbəs deyildi. Çox keçməmiş nasist rejimi dağıldı, «burada, yerdə biz idarə edirik» sözlərini deyən Henrix Himmler isə canını qurtarmaq üçün qaçdı. Həmin vaxt o, keçmiş məhbusla, Yehovanın Şahidi olduğunu bildiyi Lübke qardaşla qarşılaşdı. Himmler mənən çökmüş halda qardaşdan soruşdu: «Hə, Müqəddəs Kitab Tədqiqatçısı, nə baş verir?» Lübke qardaş Himmlerə izah etdi ki, Yehovanın Şahidləri tam əmin idilər ki, nasist rejimi dağılacaq və onlar qurtulacaq. Bir zamanlar Yehovanın Şahidlərinin əleyhinə danışan Himmlerin indi nitqi qurumuşdu. Qısa müddət sonra o özünə qəsd etdi. Bütün bunlardan hansı qənaətə gəlirik? Müqəddəs Kitabı, həmçinin oradakı peyğəmbərlikləri araşdırmaq sarsılmaz imana sahib olmağımıza və sınaqlar zamanı möhkəm qalmağımıza kömək edə bilər (2 But. 1:19—21).

18. Yəhya 6:67, 68 ayələrinə əsasən, nə üçün biz dəqiq biliyə və tam dərrakəyə yiyələnməliyik?

18 Hər birimizdə həqiqi məsihiləri tanıdan məhəbbət xüsusiyyəti olmalıdır. Amma biz həmçinin dəqiq biliyə və tam dərrakəyə də yiyələnməliyik (Filip. 1:9). Əks halda, insanların, o cümlədən dönüklərin «fırıldağından... doğan hər cür təlim, külək kimi, bizi ora-bura» aparacaq (Efes. 4:14). Eramızın birinci əsrində İsanın bir çox davamçısı onun ardınca getməyə son qoyanda həvari Butrus əminliklə İsaya dedi ki, «əbədi həyatın sözləri səndədir». (Yəhya 6:67, 68 ayələrini oxuyun.) Həmin vaxt Butrus İsanın öyrətdiyi hər şeyi axıra qədər başa düşməsə də, sadiq qaldı, çünki İsanın vəd olunmuş Məsih olduğunu dərk etmişdi. Siz də Müqəddəs Kitab təlimlərinə əminliyinizi möhkəmləndirsəniz, sınaqlar zamanı imanınız sarsılmayacaq, həmçinin başqalarına da möhkəm iman sahibi olmağa kömək edəcəksiniz (2 Yəh. 1, 2).

NƏĞMƏ 72 Həqiqəti insanlara əyan edək

^ abz. 5 Bu məqalə Allahın Kəlamındakı həqiqətləri qiymətləndirməyimizə kömək edəcək. Həmçinin inandıqlarımızın həqiqət olduğuna əminliyimizi artırmağın yolları müzakirə olunacaq

^ abz. 10 Müqəddəs Kitabın digər təməl təlimləri əsasında söhbət aparmaq üçün «Gözətçi qülləsi»ndə 2012—2015-ci illərdə dərc olunan «Müqəddəs Kitab əsasında söhbət» rubrikasına baxın. Orada «Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir?» və «Allah pis insanları cəhənnəmə göndərir?» kimi mövzular yer alır.

^ abz. 14 Bu peyğəmbərliklərin izahatını «Gözətçi qülləsi»nin 2012-ci il 15 iyun2020-ci il may sayından oxuya bilərsiniz.

^ abz. 60 ŞƏKLİN İZAHI: Valideynlər ailəvi ibadət zamanı uşaqları ilə böyük müsibətə aid peyğəmbərlikləri araşdırır.

^ abz. 62 ŞƏKLİN İZAHI: Bu ailə böyük müsibət zamanı baş verənlərə təəccüblənməyəcək.