Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Mən sadəcə öhdəmə düşən işi gördüm

Mən sadəcə öhdəmə düşən işi gördüm

DONALD RİDLİ otuz ildən çox məhkəmələrdə Yehovanın Şahidlərinin hüquqlarını müdafiə edib. O, pasiyentlərin qanköçürmədən imtina etmək hüququnun tanınmasında aparıcı rol oynayıb. Onun gördüyü işlər sayəsində Yehovanın Şahidləri Birləşmiş Ştatların ali məhkəmələrində bir sıra qələbələr qazanıb. Donald, yaxud dostlarının dili ilə desək, Don qardaş zəhmətkeş, təvazökar və fədakar insan olub.

2019-cu ildə Don qardaşa müalicəsi olmayan nadir sinir xəstəliyi diaqnozu qoyuldu. Xəstəlik sürətlə kəskinləşdi və o, 16 avqust 2019-cu ildə vəfat etdi. Gəlin onun həyat hekayəsi ilə tanış olaq.

Mən 1954-cü ildə ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərində anadan olmuşam. Ailəmiz orta təbəqəli katolik ailəsi idi. Beş uşaqdan ikincisiyəm. İbtidai sinfi katolik məktəbində oxumuşam. Orada kilsə ayinlərinin icrasında keşişin yanında xidmət edirdim, amma Müqəddəs Kitab haqqında biliyim çox az idi. Hər şeyi yaradan Allahın varlığına inanırdım, lakin kilsəyə bütün etibarımı itirmişdim.

HƏQİQƏTİ ÖYRƏNİRƏM

Vilyam Mitçel adına hüquq kollecində birinci kursda oxuyarkən Yehovanın Şahidləri evimin qapısını döydülər. Həmin vaxt paltar yuduğuma görə dedilər ki, başqa vaxt gələrlər. Onlar növbəti dəfə gələndə iki sual verdim: «Nəyə görə bu dünyada yaxşı insanların işi gətirmir?» və «Həyatda necə xoşbəxt olmaq olar?» Onlar mənə «Əbədi həyata aparan həqiqət» adlı kitabı və parlaq yaşıl üzlü Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni verdilər. Mən həmçinin Müqəddəs Kitab dərsi keçməyə razılaşdım. Sanki gözlərim açıldı. Biləndə ki, bəşəriyyəti məhz Allahın Padşahlığı idarə edəcək, çox sevindim. Çünki görürdüm ki, insan hökumətləri tamamilə uğursuzluğa məhkumdur, onların idarəsi dünyaya əzab-əziyyət, haqsızlıq və fəlakət gətirib.

1982-ci ilin əvvəlində özümü Yehovaya həsr etdim və bir neçə ay sonra Sent-Pol mədəniyyət mərkəzində keçirilən «Padşahlıq həqiqəti» adlı böyük toplantıda vəftiz olundum. Növbəti həftə bura qayıdıb, hüquqşünas olmaq üçün Minnesota ştatı üzrə ixtisas imtahanı verdim. Oktyabrın əvvəlində öyrəndim ki, imtahandan keçmişəm, artıq hüquqşünas kimi fəaliyyət göstərə bilərəm.

Həmin toplantıda Bruklin Beytelində xidmət edən Mayk Riçardson qardaşla tanış oldum. O mənə dedi ki, baş idarədə hüquq şöbəsi fəaliyyət göstərməyə başlayıb. Həvarilərin işləri 8:36 ayəsində yazılmış həbəşistanlı məmurun sözləri yadıma düşdü. Özümdən soruşdum: «Hüquq şöbəsində xidmət etməyimə nə mane olur?» Beləcə, Beytel xidmətinə ərizə doldurdum.

Valideynlərim Yehovanın Şahidi olmağıma sevinmədilər. Atam soruşdu ki, Beyteldə işləməyimin hüquq karyerama bir xeyri olacaq? Dedim ki, mən könüllü işləyəcəm və ayda 75 dollar məvacib alacağam, bu, beytellilərə verilən məvacib idi.

Bəzi iş müqavilələrinin vaxtı bitdikdən sonra 1984-cü ildə Bruklində (Nyu-York) Beytel xidmətinə başladım. Hüquq şöbəsinə təyin olundum. Artıq məhkəmədə təcrübə qazanmışdım deyə düşünürdüm ki, təyinatım əla vaxta təsadüf etmişdi.

«STENLİ» TEATR BİNASININ TƏMİR-BƏRPASI

«Stenli» teatr binasının satın alınan zamankı görünüşü

1983-cü ilin noyabrında Cersi-Sitidə (Nyu–Cersi ştatı) «Stenli» teatr binası satın alınmışdı. Qardaşlar binanın elektrik və su təchizat sistemini təzələmək üçün dövlətdən icazə istəmişdi. Rəsmilərlə görüşdə onlar bildirmişdilər ki, «Stenli» teatr binasını Yehovanın Şahidlərinin toplantı zalı kimi istifadə etmək istəyirlər. Bu, problem yaratdı. Yerli hakimiyyət orqanlarının verdiyi qanuna əsasən, ibadət evləri yalnız yaşayış ərazisində ola bilərdi. «Stenli» teatr binası isə şəhərin biznes mərkəzində yerləşirdi. Ona görə də icazə verilmədi. Qardaşlar qərardan şikayət etdilər, lakin müraciət rədd edildi.

Beytel xidmətimin ilk həftəsində təşkilat işlə bağlı federal dairə məhkəməsinə iddia qaldırdı. Sent-Polda (Minnesota ştatı) federal dairə məhkəməsində ikiillik katiblik işimi təzə bitirdiyim üçün bu kimi məsələlərə yaxşı bələd idim. Vəkillərimizdən biri əsas gətirdi ki, «Stenli» teatr binası kinodan tutmuş rok konsertlərinə kimi müxtəlif ictimai mərasimlər üçün istifadə olunub. Bəs nəyə görə dini mərasim üçün istifadə etmək qanunsuz sayılsın? Federal dairə məhkəməsi məsələyə baxdı və qərar verdi ki, Cersi-Siti dini azadlığımızı pozub. Məhkəmə şəhər hakimiyyətindən lazımi icazəni verməsini tələb etdi. Beləcə, mən gördüm ki, Yehova Öz iradəsini yerinə yetirmək üçün təşkilatının hüquqi vasitələrdən yararlanmasını avand edir. Bu işdə mənim də payım olduğuna görə çox xoşbəxt idim.

Qardaşlar böyük miqyaslı təmir-bərpa işlərinə başladılar. Heç bir il keçməmiş, 1985-ci il sentyabrın 8-i Cersi-Siti toplantı zalında Gilad məktəbinin 79-cu sinfinin buraxılış mərasimi keçirildi. Sevinirdim ki, Padşahlığın işinə töhfə verməkdə mənim də payım olub. Duyduğum məmnunluq hissi Beyteldən əvvəl hüquqşünas işləyərkən keçirdiyim hisslə heç müqayisəyə gəlməzdi. Heç bilməzdim ki, hələ qarşıda Yehova mənə bunun kimi çoxlu şərəfli işlər həvalə edəcək.

QANKÖÇÜRMƏDƏN İMTİNA ETMƏK HÜQUQUNU MÜDAFİƏ EDİRƏM

1980-ci illərdə xəstəxanalar və həkimlər yetkin yaşa çatmış Yehovanın Şahidlərinin qan tərkibli preparatlardan istifadə etmədən müalicə almaq istəyini əksərən rədd edirdilər. Hamilə qadınlar üçün isə xüsusilə çətin idi. Çünki hakimlər hesab edirdi ki, hamilə qadının qanköçürmədən imtina etməyə hüquqi cəhətdən ixtiyarı çatmır. Onlar səbəb kimi qeyd edirdilər ki, qan köçürülməsə, körpə anasız qalacaq.

29 dekabr 1988-ci il tarixində Denis Nikolu bacının doğuşdan sonra güclü qanaxması olmuşdu. Qanda hemoqlobinin miqdarı 5 q/dl qədər azalmışdı. Həkimlər Denis bacıya dedilər ki, ona qanın köçürülməsinə icazə versin, amma o, razılıq verməmişdi. Səhərisi gün həkimlər məhkəməyə müraciət edib, bacıya qanın köçürülməsi üçün icazə almağa cəhd etdi. Məhkəmə nə bacının, nə də yoldaşının mövqeyini dinləmədən, hətta onlara qərar barədə məlumat vermədən həkimlərə qanköçürməyə icazə verdi.

Dekabrın 30-u cümə günü həkimlər bacının yanında olan ərinin və digər ailə üzvlərinin qəti etirazına baxmayaraq, ona qan köçürdülər. Həmin axşam bacının bəzi ailə üzvləri və bir neçə ağsaqqal qanköçürməyə mane olmaq üçün onun çarpayısını dövrəyə aldıqlarına görə həbs olundular. Bu hadisə səhərisi gün, 31 dekabr tarixində Nyu-York şəhərində və Lonq-Aylenddə bütün xəbər buraxılışlarında yayımlandı.

Filip Bramli ilə cavan yaşlarımızda

Bazar ertəsi səhər mən Ali Məhkəmənin sədri, hakim Milton Molenlə danışdım. Məsələ ilə bağlı faktları onun nəzərinə çatdırdım və vurğuladım ki, hakim qanın köçürülməsinə icazəni heç bir dinləmə olmadan verib. Hakim Molen dedi ki, günorta onun ofisinə gəlim, məsələni və aidiyyəti qanunları müzakirə edək. Mənim nəzarətçim Filip Bramli də həmin gün mənimlə hakim Molenin ofisinə getdi. Hakim həmçinin xəstəxananın vəkilini də çağırmışdı. Qızğın müzakirə gedirdi. Bir məqamda Filip qardaş öz qeydiyyat kitabçasında mənə belə yazdı: «Özünü ələ al». Əslində, bu məsləhət yerində idi, çünki mən vəkilin gətirdiyi arqumentlərin əsassız olduğunu sübut etmək üçün çox canfəşanlıq göstərirdim.

Vəkillərimiz (soldan sağa): Riçard Mouk, Qreqori Olds, Pol Polidoro, Filip Bramli, mən və Mario Moreno. «Gözətçi Qülləsi Cəmiyyəti Stratton qəsəbəsinə qarşı» işi ilə bağlı ABŞ Ali Məhkəməsində vəkillərimizin şifahi dəlillər gətirdikləri gün. («Oyanın!» jurnalının 2003-cü il 8 yanvar sayına (rus.) baxın.)

Təxminən bir saat sonra hakim Molen sabah ilk növbədə bu məsələni həll edəcəyini bildirdi. Hakimin ofisindən çıxanda o dedi ki, xəstəxana vəkilinin «işi sabah yaman müşkül olacaq». Bu isə o demək idi ki, vəkilə mövqeyini müdafiə etmək çətin olacaq. Sanki Yehova məni qalib gəlmək şansımızın böyük olduğuna əmin etdi. Yehovanın bizim vasitəmizlə öz iradəsini yerinə yetirdiyini görmək mənim üçün böyük şərəf idi.

Biz sabaha dəlilləri hazırlamaq üçün bütün gecəni işlədik. Məhkəmə binası Bruklin Beytelinin bir neçə addımlığında olduğu üçün hüquq şöbəmizdə işləyənlərin əksəriyyəti ora gedə bildi. Dörd hakimdən ibarət heyət dəlillərimizi dinlədikdən sonra qanköçürmə ilə bağlı qərarı ləğv etdi. Ali Məhkəmə Denis Nikolu bacının lehinə qərar verdi və vurğuladı ki, pasiyentin mövqeyini dinləmədən qərar çıxarmaq əsas insan hüquqlarının kobud şəkildə pozuntusudur.

Nyu-York ştatının ən yüksək instansiyası Denis Nikolu bacının qanköçürmədən imtina etmək hüququnun olduğunu təsdiq etdi. Bu mənim müxtəlif ştatların ali məhkəmələrində qanla bağlı iştirak etdiyim dörd məhkəmə işindən birincisi idi. (« Birləşmiş Ştatların ali məhkəmələrində qazanılan qələbələr» adlı çərçivəyə baxın.) Bundan əlavə, uşaq qəyyumluğu, boşanma, daşınmaz əmlak və torpaqdan istifadə hüququ ilə bağlı məhkəmə işlərində Beytel vəkilləri ilə əməkdaşlıq etmişəm.

AİLƏ HƏYATIM

Həyat yoldaşım Denislə

Mən gələcək həyat yoldaşım Denislə ilk dəfə tanış olanda o boşanmışdı və üç övladını tək böyüdürdü. O həm ailəni dolandırırdı, həm də öncüllük edirdi. Həyatda çox çətinliklər görməsinə baxmayaraq, Denis Yehovaya qətiyyətlə xidmət edirdi; onun bu əzmi mənə böyük təsir bağışladı. 1992-ci ildə biz Nyu-York şəhərində keçirilən «İşıq saçanlar» adlı vilayət toplantısında iştirak etdik. Orada Denisə bir-birimizlə yaxından tanış olmağı təklif etdim. Bir il sonra ailə qurduq, amma mən Beyteldə kömək etməyə davam edirdim. Ruhani düşüncəli, xoşxasiyyətli, həyat dolu bir qadınla ailə qurmaq mənə Yehovanın hədiyyəsi idi. Sözün əsl mənasında, Denis sürdüyümüz ailə həyatı boyunca ərinin qabağına xeyir çıxaran qadın idi (Məs. 31:12).

Biz ailə quranda uşaqlar 11, 13 və 16 yaşında idi. Onlara yaxşı ata olmaq istəyirdim, ona görə də nəşrlərimizdə ögey ata ilə bağlı məsləhətləri oxumağa başladım, çalışırdım onlara əməl edim. İllər ərzində müəyyən çətinliklərimiz oldu, amma sevinirəm ki, uşaqlar məni doğma ata və etibarlı dost kimi qəbul etdilər. Uşaqlarımızın dostları tez-tez bizə qonaq gəlirdi. Cavan, enerji dolu yeniyetmələrin arasında olmaq bizə xoş idi.

2013-cü ildə Denislə mən yaşlı valideynlərimizə baxmaq üçün Viskonsinə köçdük. Maraqlıdır ki, Beytel xidmətim bitməmişdi. Məni müvəqqəti könüllü kimi təşkilata hüquqi məsələlərdə kömək göstərməyə davam etməyi təklif etdilər.

HƏYATIM QƏFİL DƏYİŞİR

2018-ci ilin sentyabr ayı idi. Fikir verdim ki, mən tez-tez boğazımı artlayıram. Həkim məni müayinə etdi, problemin nədə olduğunu müəyyən edə bilmədi. Sonra başqa bir həkim məsləhət gördü ki, nevropatoloqun yanına gedim. 2019-cu ilin yanvarında nevropatoloq məndə proqressiv supranüvə iflici adlanan nadir sinir xəstəliyi olduğunu ehtimal etdi.

Üç gün sonra buzun üstə kanki sürərkən sağ biləyimi qırdım. Gözümü açandan kanki sürmüşəm, bunu çox yaxşı bacarırdım. Ona görə də bildim ki, artıq hərəkət qabiliyyətimi itirirəm. Bilməzdim ki, xəstəliyim bu qədər sürətlə inkişaf edər. Danışmaq, hərəkət etmək, nəsə udmaq mənim üçün günü-gündən çətinləşirdi.

Yehovanın təşkilatına hüquqşünas kimi, az da olsa, köməyim dəydiyi üçün çox xoşbəxtəm. Üstəlik, mənə elmi jurnallarda çoxlu məqalələr dərc etməklə və bir çox ölkələrdə tibbi hüquq seminarlarında məruzələr söyləməklə Yehovanın xalqının qan köçürmədən müalicə və əməliyyat olunmaq hüququnu müdafiə etmək nəsib olub. Amma Luka 17:10 ayəsində deyildiyi kimi, mən heç nəyə yaramayan nökərəm, sadəcə öhdəmə düşən işi gördüm.