Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Yehovanın Şahidləri həyat yoldaşı tapmaq üçün tanışlıq saytlarından istifadə edə bilər?

Şübhəsiz, Yehova ailə quran iki nəfərin xoşbəxt, münasibətlərinin möhkəm və əbədi olmasını istəyir (Mət. 19:4—6). Ailə qurmaq istəyirsinizsə, yaxşı həyat yoldaşı necə tapa bilərsiniz? Yehova bir Yaradan kimi, xoşbəxt nikaha sahib olmaq üçün nə lazım olduğunu yaxşı bilir. Buna görə də Onun verdiyi prinsiplərə əməl etsək, xeyir tapacağıq. Gəlin bu prinsiplərdən bəzilərini nəzərdən keçirək.

Əvvəla, özümüzlə bağlı növbəti həqiqəti dərk etməliyik: «Ürək ən böyük xaindir, xatakardır» (Ərm. 17:9). Ailə qurmaq istəyən iki nəfər görüşməyə başlayanda bir-birinə duyduğu hisslər tez bir zamanda güclənir və bu zaman sağlam düşünmək çətinləşir. Evlənmək qərarını sırf bu hisslər əsasında verənlər çox vaxt sonradan böyük peşmançılıq çəkir (Məs. 28:26). Görüşməyə başlayan iki nəfərin yaxından tanış olmamış bir-birinə dərin hisslərini ifadə etməsi və ya vədlər verməsi hikmətli deyil.

Məsəllər 22:3 ayəsində yazılıb: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar». Tanışlıq saytlarından istifadə etməyin hansı təhlükələri var? Əfsuslar olsun ki, bəziləri tanımadığı insanlarla onlayn tanış olub görüşməyə başlayandan sonra həmin insanın ona fırıldaq gəldiyini başa düşüb. Üstəlik, fırıldaqçılar saxta hesablar yaradaraq sadəlövh insanların pulunu mənimsəyib. Dəfələrlə olub ki, insanları bu cür rəhmsizcəsinə aldadanlar özlərini Yehovanın Şahidi kimi qələmə verib.

Tanışlıq saytlarının başqa təhlükəsi də var. Kimin kimə uyğun gəldiyini müəyyən etmək üçün alqoritmlər, başqa sözlə, riyazi hesablamalar istifadə olunur. Amma bu cür üsulların işə yaradığına dair heç bir dəlil yoxdur. Kiminlə ailə qurmaqla bağlı ciddi qərar verməzdən öncə insanların yaratdığı hansısa kompüter proqramına etibar etmək nə dərəcədə hikmətli olar? Heç riyazi hesablamaları Allahın Kəlamındakı prinsiplərə tay tutmaq olar? (Məs. 1:7; 3:5—7).

Məsəllər 14:15 ayəsində belə bir prinsip var: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər». Hansısa insana gələcək həyat yoldaşı gözü ilə baxmazdan öncə onu yaxşı tanımaq lazımdır. Amma tanışlıq saytları vasitəsilə bunu etmək çox çətindir. Bir-birinizin profilini görsəniz də və mesajlaşmağa xeyli vaxt sərf etsəniz də, demək olarmı ki, siz həmin insanı yaxşı tanıyırsınız? Elə insanlar olub ki, əsl məhəbbəti tapdıqlarını düşünüblər, amma həmin insanla canlı görüşəndən sonra onun haqqında dəhşətli şeylər öyrəniblər.

Məzmurçu demişdi: «Yalançılarla oturub-durmuram, iç üzünü gizlədənlərə qaynayıb-qarışmıram» (Zəb. 26:4). Çoxları başqalarının xoşuna gəlmək üçün tanışlıq saytlarında özləri haqqında yalan məlumatlar paylaşmağa normal baxır. Ola bilsin, onlar əsl xasiyyətlərini gizlədirlər. Hətta bunu etməsələr də, onlayn yazışma zamanı insanın mənfi cəhətlərini görmək mümkün olmaya bilər. Həmçinin növbəti suallar üzərində də düşünmək lazımdır: «Bəziləri Yehovanın Şahidi olduqlarını desələr də, doğrudanmı, vəftiz olunublar? Onlar ruhani cəhətdən yetkindirlər? Yehova ilə sıx münasibətləri var? Yığıncaqda yaxşı ad qazanıblar? Yoxsa başqaları üçün pis nümunədirlər, hətta pis dost hesab olunurlar? (1 Kor. 15:33; 2 Tim. 2:20, 21). Yenidən ailə qurmaq üçün Müqəddəs Kitab əsasları var?» Bu şeyləri bilmək çox vacibdir. Amma onları yaxşı tanıyan Yehovanın Şahidləri ilə bu barədə danışmamış bunu müəyyən etmək çətin ola bilər (Məs. 15:22). İmanda olmayan adamla ailə qurmaqdan isə söz gedə bilməz, Yehovanın heç bir sadiq xidmətçisi bunu ağlına belə gətirməz (2 Kor. 6:14; 1 Kor. 7:39).

Nəzərə alsaq ki, tanışlıq saytlarının təhlükəsi çoxdur, gələcək həyat yoldaşı tapmaq və onu yaxından tanımaq üçün daha yaxşı üsullardan istifadə etmək lazımdır. Bəs ailə həyatı qurmaq istəyirsinizsə, yaxşı həyat yoldaşını haradan tapa bilərsiniz? Birgə yığışmaq qadağan olunmayan vaxtlarda Yehovanın Şahidlərinin yığıncaq görüşlərində, böyük toplantılarda və digər tədbirlərdə bir-birini tanımaq imkanı olur.

Birgə vaxt keçirdikcə məqsədlərinizin və dəyərlərinizin üst-üstə düşüb-düşmədiyini daha aydın görəcəksiniz

Birgə toplaşmağın mümkün olmadığı vaxtlarda, məsələn, COVID-19 pandemiyasında olduğu kimi, biz yığıncaq görüşlərində iştirak etmək üçün elektron vasitələrdən istifadə edirik. Bu görüşlərdə subay Yehovanın Şahidləri ilə tanış olmaq imkanı var. Onların yığıncaq görüşlərində necə iştirak etdiyinə, şərh verərkən öz imanını necə ifadə etdiyinə fikir verə bilərsiniz (1 Tim. 6:11, 12). Həmçinin yığıncaqdan sonra yaradılan əlavə otaqlarda bir-birinizlə söhbət edə bilərsiniz. Başqa vaxtlarda isə bir qrup Yehovanın Şahidi ilə virtual ünsiyyət edəndə xoşunuza gələn insanın başqaları ilə necə rəftar etdiyini müşahidə edə bilərsiniz. Beləcə, onun necə insan olduğunu görəcəksiniz (1 But. 3:4). Vaxt keçdikcə onu daha yaxşı tanıyandan sonra müəyyən edə bilərsiniz ki, məqsədləriniz və dəyərləriniz üst-üstə düşürmü və bir-biriniz üçün yaxşı həyat yoldaşı olacaqsınızmı?

Subay insan gələcək həyat yoldaşı axtararkən Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutsa, onda Məsəllər 18:22 ayəsində yazılan sözlərin doğruluğuna özü şahid olacaq. Orada yazılıb: «Yaxşı arvad [yaxud ər] tapan inci tapıb, Yehovanın lütfü onunladır».