BİOQRAFİYA
Həyat yolumu Yehovanın ixtiyarına verdim
YENİYETMƏ olanda öz həyat yolumu seçmişdim. Sevdiyim işdə karyera qurmaq istəyirdim. Amma Yehova məni başqa bir yola səslədi, sanki mənə belə dedi: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm» (Zəb. 32:8). Yolumu Yehovanın ixtiyarına verdiyim üçün qarşımda gözəl imkanlar açıldı, çoxlu nemətlər aldım, bunların sırasına Afrikada etdiyim 52 illik xidmətim də daxildir.
QARA ÖLKƏDƏN AFRİKANIN QAYNAR ÜRƏYİNƏ
Mən 1935-ci ildə Darlaston şəhərində dünyaya gəlmişəm. Bu şəhər İngiltərənin «Qara ölkə» adlanan ərazisində yerləşir. Ərazinin belə adlanmasına səbəb havanın çoxlu metaltökmə və digər zavodların buraxdığı tüstüdən qara buludlara bülənd olmasıdır. Təxminən dörd yaşım olanda valideynlərim Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladılar. Haradasa 14 yaşımda həqiqət yolunda olduğuma əmin oldum və 1952-ci ildə 16 yaşımda vəftiz olundum.
Təxminən həmin vaxtlarda mən böyük bir zavodda stajor kimi işləməyə başladım. Burada əl alətləri və mexaniki nəqliyyat vasitələrinin detalları istehsal olunurdu. Mən koorperativ katiblik işi üzrə təlim alırdım və işimi çox sevirdim.
Amma bir məqamda mən qərar qarşısında qaldım. Səyyar nəzarətçi mənə təklif etdi ki, aid olduğum Villenhol yığıncağının həftəiçi görüşündə Müqəddəs Kitab dərsini bundan sonra mən aparım. Bu qərarı vermək mənim üçün çox çətin idi. Çünki həmin vaxt mən iki yığıncağa gedirdim. İş yerim Bromsqrovda, evdən 32 kilometr aralıda olduğu üçün həftəiçi oradakı yığıncaqda iştirak edirdim. Həftəsonu evə qayıdanda isə valideynlərimlə Villenhol yığıncağına gedirdim.
İşimi çox sevsəm də, Yehovanın təşkilatına dəstək olmaq istəyirdim. Ona görə də səyyar nəzarətçinin təklifini qəbul edib, işdən çıxdım. Yollarımı Yehovanın ixtiyarına verməklə heç vaxt peşman olmadığım həyat yoluna qədəm qoydum.
Bromsqrov yığıncağına getdiyim vaxtlarda mən Anna adlı gözəl, ruhani düşüncəli bir bacı ilə tanış olmuşdum. Biz 1957-ci ildə ailə qurduq. Biz birgə öncül, xüsusi öncül kimi xidmət etmişik, səyyar xidmətdə və Beytel xidmətində olmuşuq. Anna həyatda mənim sevinc mənbəyim olub.
1966-cı ildə Gilad məktəbinin 42-ci sinfinə dəvət aldıq, çox xoşbəxt idik. Biz Malaviyə təyin olunduq. Əhalisi qonaqpərvər və istiqanlı olduğuna görə Malavi Afrikanın «qaynar ürəyi»
sayılır. Amma çox keçməmiş bildik ki, biz orada heç də arzuolunan qonaq deyilik.ÇƏTİN DÖVRDƏ MALAVİDƏ XİDMƏTİMİZ
Biz 1967-ci il fevralın 1-də Malaviyə gəldik. Bir ay ərzində intensiv şəkildə çiçeva dilini öyrənəndən sonra səyyar xidmətə başladıq. Bizim «Kaiser Jeep» markalı maşınımız var idi. Bəziləri deyirdi ki, bununla hər yerə getmək olar, hətta çayları da aşmaq olar. Amma biz onunla təkcə dayaz suları keçə bilirdik. Bundan əlavə, bizim başqa bir çətinliyimiz də var idi. Hərdən samanla palçığın qarışığından tikilmiş daxmada qalırdıq. Yağış mövsümündə içəri su dammasın deyə damın altından çadır çəkirdik. Xüsusi təyinatlı müjdəçi kimi xidmətimiz bax belə başlamışdı, amma yenə də biz xidmətimizi sevirdik!
Aprel ayında radiodan Malavinin prezidenti Hastinqs Bandanın çıxışını eşitdim. Onda başa düşdüm ki, dövlət tərəfindən bəzi çətinliklərimiz olacaq. Prezident iddia edirdi ki, Yehovanın Şahidləri vergi ödəmirlər və siyasi məsələlərə qarışırlar. Əlbəttə ki, bu, yalan idi. Hamımız bilirdik ki, onu narahat edən bitərəf qalmağımız, əsas da partiya bileti almamağımızdır.
Haradasa sentyabrdan əvvəl isə qəzetdə oxuduq ki, prezident bacı-qardaşları bütün ölkədə çaxnaşma yaratmaqda ittiham edir. O, bir siyasi qurultayda bəyan etdi ki, tezliklə hökumət Yehovanın Şahidlərinin fəaliyyətini qadağan edəcək. Beləcə, 1967-ci il oktyabrın 20-si fəaliyyətimiz qadağan olundu. Çox keçməmiş polis əməkdaşları və immiqrasiya işçiləri filiala gəlib oranı bağladılar və xüsusi təyinatlı müjdəçiləri deportasiya etdilər.
Üç gün həbsdə qaldıqdan sonra bizi Britaniya nəzarətində olan Mavriki ölkəsinə deportasiya
etdilər. Amma Mavriki hökuməti bizə xüsusi təyinatlı müjdəçi kimi ölkədə qalmağa icazə vermədi. Buna görə də biz Rodeziyaya (indiki Zimbabveyə) təyin olunduq. Amma ora çatanda bizi ölkəyə buraxmaq istəməyən qəzəbli immiqrasiya işçisi belə dedi: «Sizi Malavidən deportasiya ediblər, Mavrikidə qalmağa icazə verməyiblər, indi də sizə sərf edir deyə bura gəlmisiniz». Anna ağlamağa başladı. Bizdə elə hiss var idi ki, heç kəs bizi qəbul etmək istəmir. Həmin vaxt mən hər şeyi atıb İngiltərəyə qayıtmaq istəyirdim. Nəhayət, immiqrasiya rəsmiləri bizə filialda qalmağa icazə verdilər, bir şərtlə ki, növbəti gün onların baş idarəsinə xəbər verək. Tamam əldən düşmüşdük, amma yenə də düşündük ki, tələsməyək, hər şeyi Yehovanın öhdəsinə buraxaq. Növbəti gün günorta gözlənilmədən bizə Zimbabvedə müvəqqəti yaşayış icazəsi verdilər. Həmin günü keçirdiyim hissləri heç vaxt unutmaram; mən əmin oldum ki, Yehova bizim yollarımızı rəvan edir.ZİMBABVEDƏ OLSAQ DA, MALAVİDƏKİ XİDMƏTİMİZİ DAVAM ETDİRİRİK
Mən Zimbabve filialının Xidmət şöbəsinə təyin olundum. İşimizə Mozambik və Malavidəki təbliğ fəaliyyətinə baxmaq daxil idi. Malavidəki bacı-qardaşlar ağır təqiblərlə üzləşirdilər. Mən həmçinin Malavidəki rayon nəzarətçilərinin göndərdiyi hesabat məktublarını tərcümə edirdim. Bir gecə tərcümə ilə məşğul olan vaxt bacı-qardaşların üzləşdiyi zorakılıq haqda oxuyanda göz yaşlarımı saxlaya bilmədim a. Həm də onların sədaqətinə, imanına, dözümünə heyran qaldım (2 Kor. 6:4, 5).
Biz əlimizdən gələni edirdik ki, həm Malavidə qalan, həm də Mozambikə qaçan bacı-qardaşlar ədəbiyyatsız qalmasın. Malavinin əsas dili olan çiçeva dilinə nəşrlərimizi tərcümə edən qrup Zimbabvedə bir qardaşın böyük bir fermasına köçürüldü. Qardaş onlar üçün yaşayış evləri və iş ofisləri düzəltdi. Burada onlar çox vacib işlərini, Müqəddəs Kitaba əsaslanan nəşrlərin tərcüməsini davam etdirdilər.
Biz Malavidəki rayon nəzarətçilərinin hər il Zimbabvedə çiçeva dilində keçirilən vilayət toplantısında iştirak etmələri üçün tədbir görürdük. Burada onlar toplantı nitqlərinin planını əldə edirdilər. Malaviyə qayıdandan sonra onlar toplantıda eşitdikləri fikirləri bacardıqları qədər bacı-qardaşlarla bölüşüb, onları ruhlandırırdılar. Bir dəfə bu cəsur rayon nəzarətçiləri Zimbabveyə gələndə onları ruhən möhkəmləndirmək məqsədi ilə Məsul Qardaşlar üçün Məktəb keçirməyə müvəffəq olduq.
1975-ci ilin fevralında mən Malavidən qaçqın düşən Yehovanın Şahidlərini ziyarət etmək üçün Mozambikdəki düşərgələrə getdim. Onlar Yehovanın təşkilatı ilə ayaqlaşmağa davam edirdilər, məsələn, ağsaqqallar şurasının təşkili ilə bağlı yeni göstərişə uyğun davranırdılar. Yeni ağsaqqallar açıq nitqlərin söylənilməsi, günün ayəsi və «Gözətçi qülləsi»nin müzakirəsi, hətta böyük toplantıların keçirilməsi kimi tədbirlər təşkil edirdilər. Onlar düşərgədə nizam-intizam yaratmaq üçün toplantıdakı kimi təmizlik, qida təchizatı və təhlükəsizlik şöbələri təşkil etmişdilər. Bu sadiq qardaşlar Yehovanın köməyi sayəsində çox şeyə nail olmuşdular. Bu ziyarət məni hədsiz dərəcədə ruhlandırmışdı.
1970-ci illərin sonlarında Malaviyə Zambiya filialı nəzarət etməyə başladı. Buna baxmayaraq, mən hələ də Malavidəki bacı-qardaşlar haqda düşünür, onlar üçün dua edirdim; mənim kimi çox bacı-qardaş onlar üçün narahat idi. Mən Zimbabve filialının komitə üzvü kimi bir neçə dəfə Malavidən, Cənubi Afrikadan və Zambiyadan olan məsul qardaşlarla birgə Baş idarənin nümayəndələri ilə görüşmüşəm. Hər dəfə biz eyni sualı qaldırırdıq: «Malavidəki məsihilər üçün daha nə edə bilərik?»
Vaxt keçdikcə təqiblər səngiməyə başladı. Malavidən qaçan bacı-qardaşlar yavaş-yavaş geri qayıdırdılar. Ölkədə qəddar rəftara məruz qalan məsihilərin isə təqibləri tədricən azalırdı. Qonşu ölkələr Yehovanın Şahidlərini hüquqi olaraq tanımağa
və məhdudiyyətləri götürməyə başladılar. 1991-ci ildə isə Mozambik qonşu ölkələrin atdığı addımı atdı. İndi bizə Malavidəki Yehovanın Şahidlərinin nə vaxt azad fəaliyyət göstərəcəkləri maraqlı idi.MALAVİYƏ QAYIDIRIQ
Nəhayət, Malavidəki siyasi vəziyyət dəyişdi və 1993-cü ildə Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulan qadağa götürüldü. Günlərin bir günü mən xüsusi təyinatlı müjdəçi ilə söhbət edəndə o məndən soruşdu: «Malaviyə qayıdacaqsınız?» O vaxt mənim 59 yaşım var idi. Mən dedim: «Yox, mən artıq qocalmışam». Amma elə həmin gün ora geri qayıtmağımızla bağlı Rəhbərlik Şurasından faks aldıq.
Zimbabvedəki təyinatımız bizim üçün əziz olduğundan bu qərarı vermək çətin idi. Biz artıq burada kök salmışdıq, burada uzun illərdir dostluq etdiyimiz gözəl bacı-qardaşlar var idi. Rəhbərlik Şurası bizə anlayış göstərib, qərarı bizim öhdəmizə buraxmışdı. Biz istəsəydik, rahatca Zimbabvedə qalıb, həyatımızı burada davam etdirə bilərdik. Amma yadımdadır, həmin vaxt mən İbrahimlə Saranın qoca yaşlarında evlərini tərk edib, Yehovanın göstərişinə riayət etmələri barədə düşünmüşdüm (Yar. 12:1—5).
Yehovanın təşkilatından gələn göstərişə riayət edib, Malaviyə qayıtmaq qərarına gəldik. Biz 1995-ci il fevralın 1-də qayıtdıq, Malaviyə ilk dəfə 28 il əvvəl düz bu tarixdə gəlmişdik. Məndən əlavə iki qardaş da daxil olmaqla, filial komitəsi təşkil olundu və biz dərhal iş başına keçib Yehovanın Şahidlərinin fəaliyyətinin bərpası ilə məşğul olduq.
BÖYÜDƏN YEHOVADIR
Yehovanın sayəsində işin necə genişləndiyini görmək böyük xoşbəxtlikdir. Təbliğçilərin sayı 1993-cü ildə haradasa 30 000 idi, bu sayda böyük bir sıçrayış oldu və 1998-ci ildə onların sayı 42 000-i ötüb keçdi b. Rəhbərlik Şurası sahədə artan tələbatı nəzərə alaraq yeni filialın tikintisinə icazə verdi. Biz Lilonqvedə 12 hektarlıq ərazi aldıq və mən tikinti komitəsinə təyin olundum.
Rəhbərlik Şurasının üzvü olan Qay Pirs qardaş 2001-ci ilin may ayında yeni binaların həsr olunması ilə bağlı nitqini söylədi. Mərasimdə 2000-dən çox yerli bacı-qardaş iştirak etmişdi. Onların əksəriyyəti 40 ildən çox idi ki, vəftiz olunmuşdu. Bu sadiq bacı-qardaşlar qadağa
dövründə illər ərzində olmazın çətinliklərə dözmüşdülər. Onlar maddi cəhətdən kasıb olsalar da, ruhani cəhətdən çox zəngin idilər. İndi isə onlar böyük həvəslə yeni Beytellərini ekskursiya edirdilər. Beytelin hər tərəfini Afrika üslubunda oxunan həmd nəğmələrinin sədaları bürümüşdü. Bu, indiyə kimi şahidi olduğum ən unudulmaz hadisə idi. Bütün bunlar Yehovanın amansız sınaqlar zamanı sadiq qalan bəndələrini mükafatsız qoymadığına canlı sübut idi.Filialın həsr olunmasından sonra ibadət evlərinin həsr olunması ilə bağlı tapşırıqlar aldım. Malavidəki yığıncaqlar üçün məhdud resurslu ölkələrdə ibadət evlərinin sürətləndirilmiş tikinti proqramı həyata keçirildi. Əvvəllər buradakı bacı-qardaşlar evkalipt ağacından düzəldilmiş çardaqların altında yığışırdılar; damı qamış həsrdən hazırlayırdılar, oturmaq üçün isə palçıq skamyalar düzəldirdilər. İndi isə onlar özlərinin düzəltdikləri sobada kərpic bişirib, böyük həvəslə gözəl ibadət evləri tikirdilər. Amma oturacaq üçün yenə də skamyalara üstünlük verdilər. Çünki necə deyərlər, skamyada əlavə bir nəfər üçün həmişə yer var!
Yehovanın Öz xalqını ruhani cəhətdən böyütdüyünü görmək mənim üçün başqa bir xoşbəxtlikdir. Xüsusilə də afrikalı gənc qardaşlara məəttəl qalmışdım, onlar özləri kömək təklif edirdilər. Bu qardaşlar həm təşkilatın verdiyi təlimlərin, həm də gördükləri işlərin sayəsində qısa vaxtda çox şey öyrəndilər. Bunun sayəsində onlar Beyteldə və yığıncaqlarda daha böyük məsuliyyətlərin öhdəsindən gələ bilirdilər. Həmçinin rayon nəzarətçilərinin yerli qardaşlardan təyin olunması da yığıncaqları möhkəmləndirdi. Bu qardaşların əksəriyyəti ailəli idilər. Onlar adət-ənənələrinə və qohumlarının təzyiqinə baxmayaraq, Yehovaya daha çox xidmət etməkdən ötrü bu dünyada övlad sahibi olmaq sevincindən imtina etmişdilər.
QƏRARLARIM ÜRƏYİMCƏDİR
Mənə Afrikada 52 il xidmət etmək nəsib oldu. Səhhətimdə müəyyən problemlər yarandığı üçün filial komitəsi bizim Böyük Britaniyaya köçməyimizi tövsiyə etdi və Rəhbərlik Şurası buna icazə verdi. Əlbəttə ki, biz sevdiyimiz təyinatı qoyub gedəcəyimizə görə çox məyus idik. Amma Britaniya Beytel ailəsi bu ahıl yaşlarımızda bizə çox gözəl qayğı göstərir.
Yollarımı yönəltməyi Yehovanın ixtiyarına verməklə həyatımın ən düzgün qərarını vermişəm. Əgər mən öz ağlıma güvənib, özümə karyera qursaydım, kim bilir, aqibətim necə olardı! Yehova yollarımın rəvan olması üçün mənə nə lazım olduğunu həmişə bilib (Məs. 3:5, 6). Cavan vaxtı işlədiyim böyük şirkətin necə fəaliyyət göstərdiyi mənə maraqlı idi. Amma Yehovanın ümumdünya təşkilatında məşğul olduğum işlər mənə artıqlaması ilə məmnunluq gətirdi. Mənim üçün Yehovaya xidmətdə keçən həyat ən dolğun həyat olub və olacaq!