Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

Padşahlıq hakimiyyət sürür!

Padşahlıq hakimiyyət sürür!

«Dünya üzərində padşahlıq indi Rəbbimizə və Onun Məsihinə məxsusdur» (VƏHY 11:15).

NƏĞMƏ 22 Qoy Padşahlığın gəlsin!

İCMAL a

1. Nəyə əminik və nəyə görə?

 DÜNYADAKI vəziyyətə baxanda qanınız qaralır? Ümumi götürsək, ailə bağları zəifləyib, insanlar daha qəzəbli, daha aqressiv və daha xudbin olublar. Çoxlarının hakimiyyətə etibarı qalmayıb. Amma elə bunların özü vəziyyətin yaxşılaşacağına əminliyimizi artırır. Çünki insanların «axırzamanda» bu cür olacaqları ilə bağlı peyğəmbərlik dəqiqliklə yerinə yetir (2 Tim. 3:1—5). Səmimi-qəlbli istənilən insan bu peyğəmbərliyin yerinə yetdiyi ilə razılaşacaq. Bu peyğəmbərlik İsa Məsihin Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürməyə başladığını sübut edir. Bu, Allahın Padşahlığı ilə bağlı çoxsaylı peyğəmbərliklərdən sadəcə biridir. Son illərdə yerinə yetən digər peyğəmbərlikləri araşdırmaq bizim imanımızı daha da möhkəmləndirəcək.

Pazl hissələri bir-birini tamamladığı kimi, «Dənyal» və «Vəhy» kitabındakı peyğəmbərliklər də bir-birini tamamlayaraq Yehovanın zaman xəttində hansı dövrdə yaşadığımızla bağlı aydın şəkil yaradır (2-ci abzasa baxın)

2. Bu məqalədə hansı peyğəmbərlikləri araşdıracağıq və bunun sayəsində nə öyrənəcəyik? (Üz qabığındakı şəklə şərh verin.)

2 Bu məqalədə 1) Allahın Padşahlığının nə zaman qurulduğunu müəyyən etməyə kömək edən peyğəmbərliyi, 2) İsa Məsihin göydə Padşahlıqda hakimiyyət sürməyə başladığını göstərən peyğəmbərlikləri və 3) Padşahlığın düşmənlərinin necə məhv olacağı ilə bağlı peyğəmbərlikləri araşdıracağıq. Bu peyğəmbərliklər pazlın hissəcikləri kimi bir-birini tamamlayaraq Yehovanın zaman xəttində hansı dövrdə yaşadığımızla bağlı aydın şəkil yaradır.

ALLAHIN PADŞAHLIĞI NƏ ZAMAN QURULUB?

3. Dənyal 7:13, 14 ayələrindəki peyğəmbərlik Allahın Padşahlığının Padşahı ilə bağlı bizə hansı əminliyi verir?

3 Dənyal 7:13, 14 ayələrindəki peyğəmbərlik bizi əmin edir ki, İsa Məsih Allahın Padşahlığının mükəmməl Hökmdarıdır. Bütün xalqlardan olan insanlar ona böyük məmnuniyyətlə qulluq edəcək və o başqa bir padşahla əvəz edilməyəcək. Həmçinin «Dənyal» kitabında peyğəmbərlik olunur ki, İsa Məsih yeddi dövrün sonunda taxta çıxacaq. Bəs bu vaxtı müəyyən etmək mümkündür?

4. Dənyal 4:10—17 ayələri İsanın Padşah kimi hakimiyyət sürməyə başladığı vaxtı müəyyən etməyə necə kömək edir? (Həmçinin haşiyəyə baxın.)

4 Dənyal 4:10—17 ayələrini oxuyun. «Yeddi dövr» deyiləndə 2520 il nəzərdə tutulur. Həmin dövr babillilər Yerusəlimdə Yehovanın taxtında oturan sonuncu padşahı devirəndə başladı, bu isə eramızdan əvvəl 607-ci ildə baş vermişdi. Eramızın 1914-cü ilində Yehova İsa Məsihi, yəni «qanuni sahibi» Padşahlığın Padşahı təyin edəndə yeddi dövr sona çatdı b (Hizq. 21:25—27).

5. «Yeddi dövr»lə bağlı peyğəmbərliyi araşdırmağımız nəyə görə vacibdir?

5 Bu peyğəmbərliyi araşdırmağımız nəyə görə vacibdir? «Yeddi dövr»lə bağlı peyğəmbərliyi başa düşməyin sayəsində Yehovanın Öz vədlərini vaxtında yerinə yetirdiyinə əmin oluruq. Yehova təyin etdiyi vaxtda Padşahlığı qurduğu kimi, digər peyğəmbərlikləri də konkret təyin etdiyi vaxtda yerinə yetirəcək. Bəli, Yehovanın günü «gecikməyəcək!» (Həb. 2:3).

MƏSİHİN PADŞAH KİMİ HÜZURUNUN ƏLAMƏTİ

6. a) Məsihin gözəgörünməz hakimiyyətinin görünən sübutları hansılardır? b) Vəhy 6:2—8 ayələrindəki peyğəmbərlik bu sübutu necə təsdiq edir?

6 Yerüzü xidmətinin sonlarına yaxın İsa Məsih dünyada baş verəcək bəzi hadisələri peyğəmbərlik etmişdi. Bunun sayəsində davamçıları onun göydə hakimiyyətə başladığını biləcəkdilər. Məsələn, o, müharibələrin, aclığın, zəlzələlərin olacağını demişdi. İsa həmçinin peyğəmbərlik etmişdi ki, «gah burada, gah orada... xəstəliklər», yaxud epidemiyalar olacaq. Təzəlikcə olan COVID-19 pandemiyası buna bir nümunədir. Bu hadisələr Məsihin hüzurunun əlamətinin bir hissəsidir (Mət. 24:3, 7; Luka 21:7, 10, 11). İsa Məsih göylər həyatına diriləndən təxminən 60 il sonra həvari Yəhyaya vəhy vermişdi. Həmin vəhydə gələcəkdə bu hadisələrin baş verəcəyini bir daha vurğulamışdı. (Vəhy 6:2—8 ayələrini oxuyun.) Bütün bu hadisələr 1914-cü ildə İsa hakimiyyətə başlayandan bəri baş verir.

7. Nəyə görə İsa Padşah olanda yer üzündə vəziyyət pisləşdi?

7 Nəyə görə İsa Məsih Padşah olanda dünyada vəziyyət pisləşdi? Vəhy 6:2 ayəsində vacib bir nüans vurğulanır. Taxta çıxan kimi İsanın öhdəsinə düşən ilk iş müharibə etmək oldu. O kiminlə vuruşdu? İblis və onun cinləri ilə. Vəhy 12-ci fəslə əsasən, Şeytan məğlub oldu və cinləri ilə birlikdə göydən yer üzünə atıldı. Şeytan bütün qəzəbini bəşəriyyətin üzərinə tökdü, beləcə, yer üzündə çoxlu bəlalar baş verdi (Vəhy 12:7—12).

Pis xəbərlər eşidəndə sevinmirik. Bununla belə, Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetməsi bizi əmin edir ki, Allahın Padşahlığı hakimiyyət sürür (8-ci abzasa baxın)

8. Padşahlıqla bağlı peyğəmbərliklərin yerinə yetdiyini görmək bizə necə kömək edir?

8 Bu peyğəmbərlikləri araşdırmağımız nəyə görə vacibdir? Dünyada baş verən hadisələr və insanların davranışının gözəçarpan dərəcədə pisləşməsi İsanın artıq padşahlıq etdiyini göstərir. Buna görə də kiminsə xudbin, zalım davrandığını görəndə qanımız qaralmamalıdır; unutmamalıyıq ki, bununla Müqəddəs Kitabdakı peyğəmbərliklər yerinə yetir. Padşahlıq hakimiyyət sürür! (Zəb. 37:1). Üstəlik, Armageddon yaxınlaşdıqca dünyadakı vəziyyət daha da pisləşəcək (Mark 13:8; 2 Tim. 3:13). Yehovaya şükürlər olsun ki, baş verən bəlaların səbəbini başa düşməyə bizə kömək edir.

PADŞAHLIĞIN DÜŞMƏNLƏRİ NECƏ MƏHV OLACAQ?

9. Dənyal 2:28, 31—35 ayələrində sonuncu dünya qüdrəti necə təsvir olunub və o nə vaxtdan mövcuddur?

9 Dənyal 2:28, 31—35 ayələrini oxuyun. Biz bu peyğəmbərliyin hazırda yerinə yetdiyini görürük. Navuxodonosorun röyası «zamanın sonunda», Məsih taxta çıxandan sonra baş verəcək hadisələrə işarə edirdi. İsanın yer üzündəki düşmənlərinə Müqəddəs Kitabda peyğəmbərlik olunan sonuncu dünya qüdrəti də daxildir. O, «dəmirlə gil»in qarışığından olan ayaqlarla təsvir olunur. Bu dünya qüdrəti artıq siyasi arenadadır. O nə zaman yaranıb? Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya ilə Birləşmiş Ştatlar sıx əməkdaşlıq qurdu və İngiltərə-Amerika ittifaqı yarandı. Bununla da bu dünya qüdrəti peyda oldu. Həmçinin Navuxodonosorun röyasında bu dünya qüdrətini digərlərindən fərqləndirən ən azı iki məqam vurğulanmışdı.

10. a) Dənyalın peyğəmbərliyində İngiltərə-Amerika ittifaqı necə dəqiq təsvir olunub? b) Hansı təhlükədən özümüzü gözləməliyik? (« Gilin təsirinə düşməyin!» adlı çərçivəyə baxın.)

10 Birinci məqam odur ki, İngiltərə-Amerika ittifaqı öncəki dünya qüdrətlərindən fərqli olaraq, qızıl və gümüş kimi möhkəm metallarla yox, dəmir və gilin qarışığı ilə təsvir olunub. Gil «bəşər övladını», yəni adi insanları təmsil edir (Dən. 2:43, haş.). Bu gün açıq-aydın görünür ki, xalqın seçkilərə təsiri, onların insan hüquqlarının müdafiəsi üzrə hərəkatlar, kütləvi mitinqlər və həmkarlar ittifaqı təşkil etməsi bu dünya qüdrətinin öz istədiyi kimi fəaliyyət göstərməsinə mane olur.

11. İngiltərə-Amerika dünya qüdrətinin hökmranlığa başlaması axırzamanda yaşadığımıza dair imanımızı necə möhkəmləndirir?

11 İkincisi, nəhəng heykəlin ayaqları ilə təsvir olunan İngiltərə-Amerika ittifaqı Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, sonuncu dünya qüdrətidir. Ondan sonra heç bir dünya qüdrəti gəlməyəcək. Allahın Padşahlığı Armageddonda digər insan hökumətləri ilə yanaşı, onu da məhv edəcək c (Vəhy 16:13, 14, 16; 19:19, 20).

12. Dənyalın nəhəng heykəllə bağlı peyğəmbərliyini araşdırmağımız nəyə görə vacibdir?

12 Bu peyğəmbərliyi araşdırmağımız nəyə görə vacibdir? Dənyalın peyğəmbərliyi sübut edir ki, biz zamanın sonunda yaşayırıq. O, təxminən 2500 il öncə peyğəmbərlik etmişdi ki, Babil imperiyasından sonra daha dörd dünya qüdrəti Allahın xalqı üzərində hakimiyyət sürəcək. Üstəlik, İngiltərə-Amerika dünya qüdrəti onların sonuncusu olacaq. Biz bundan təsəlli tapırıq və ümidimiz yaranır ki, tezliklə Allahın Padşahlığı bütün insan hökumətlərini yerli-dibli məhv edəcək və bütün dünyanı idarə etməyə başlayacaq (Dən. 2:44).

13. Vəhy 17:9—12 ayələrində qeyd olunan «səkkizinci padşah» və «on padşah» nəyi təmsil edir və bu peyğəmbərlik necə yerinə yetib?

13 Vəhy 17:9—12 ayələrini oxuyun. Birinci Dünya müharibəsinin gətirdiyi fəlakət Müqəddəs Kitabda axırzamanla bağlı başqa bir peyğəmbərliyin yerinə yetməsinə səbəb oldu. Dünya liderləri bəşəriyyətdə sülh yaratmaq niyyəti ilə 1920-ci ilin yanvar ayında Millətlər Cəmiyyətini təsis etdilər. 1945-ci ilin oktyabrında o, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əvəz olundu. Bu təşkilat «səkkizinci padşah» adlanır; amma o, dünya qüdrəti deyil. Onun gücü və səlahiyyəti onu dəstəkləyən hökumətlərdən asılıdır. Müqəddəs Kitabda həmin hökumətlər simvolik mənada «on padşah» adlanır.

14, 15. a) Böyük Babillə bağlı Vəhy 17:3—5 ayələrində nə açıqlanır? b) Yalan dinin tərəfdarları hansı addımı atır?

14 Vəhy 17:3—5 ayələrini oxuyun. Həvari Yəhya vəhydə fahişə adlanan «Böyük Babili» görür. Böyük Babil yalan dinin dünya imperiyasını təmsil edir. Bu vəhydən nə məlum olur? Uzun müddətdir ki, yalan dinlər dünyanın siyasi qüvvələri ilə sıx əməkdaşlıq edirlər və onların işlərini dəstəkləyirlər. Amma tezliklə «on padşah», yəni bu siyasi qüvvələr yalan dinə hücum edib onu məhv edəcəklər. Bu fikri onların ürəyinə Yehova qoyacaq (Vəhy 17:1, 2, 16, 17).

15 Böyük Babilin sonunun yaxınlaşdığını haradan bilirik? Bu suala cavab vermək üçün gəlin qədim Babil şəhərini yadımıza salaq. Fərat çayı şəhərin böyük qismini qoruyurdu. «Vəhy» kitabında Böyük Babilin milyonlarla tərəfdarı onu qoruyan «sulara» bənzədilir (Vəhy 17:15). Amma orada həmçinin qeyd olunur ki, bu sular quruyacaq, yəni yalan dinin dünya imperiyası tərəfdarlarının böyük qismini itirəcək (Vəhy 16:12). Bu gün bu peyğəmbərlik yerinə yetir. Çoxlu sayda insan yalan dini təşkilatları tərk edib və problemlərinin həlli üçün başqa yerlərə üz tutmağa başlayıblar.

16. BMT və Böyük Babillə bağlı peyğəmbərliyi başa düşməyin bizə hansı faydası var?

16 Bu peyğəmbərlikləri araşdırmağımız nəyə görə vacibdir? Birləşmiş Millətlər Təşkilatının meydana çıxması və yalan dinin tərəfdarlarının azalması axırzamanda yaşadığımızı bir daha sübut edir. Yalan dinin məcazi sularının quruduğu deyilsə də, onun birdəfəlik məhvi bu yolla olmayacaq. Əvvəldə qeyd olunduğu kimi, Yehova «on padşahın», yəni BMT-ni dəstəkləyən dünya hökumətlərinin ürəyinə Öz fikrini icra etməyi qoyacaq. Onların yalan dini məhv etməsi qəfil baş verəcək, bu, bütün dünya üçün gözlənilməz olacaq d (Vəhy 18:8—10). Böyük Babilin məhvi bütün dünyanı sarsıdacaq və bəlkə də, müəyyən çətinliklərə səbəb olacaq. Amma Allahın xalqının sevinməsi üçün ən azı iki səbəbi olacaq. Allahın əzəli düşməni olan yalan din birdəfəlik məhv olacaq, bizim isə bu şər dünyadan qurtulmağımıza bir addım qalacaq! (Luka 21:28).

GƏLƏCƏYƏ İNAMLA BAXAQ

17, 18. a) İmanımızı necə möhkəmləndirə bilərik? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

17 Dənyal peyğəmbərlik etmişdi ki, «həqiqi elm çoxalacaq». Bu, həqiqətən də, belədir! Dövrümüzə aid peyğəmbərliklər artıq bizə aydındır (Dən. 12:4, 9, 10). Bu peyğəmbərliklər elə dəqiqliklə yerinə yetir ki, adamın ürəyində Yehovaya və Onun Kəlamına qarşı dərin ehtiram oyanır (Əşy. 46:10; 55:11). Beləliklə, bundan sonra da imanınızı gücləndirin. Bunun üçün Müqəddəs Kitabı dərindən mütaliə edin və başqalarına da Yehovanın rəğbətini qazanmağa kömək edin. Yehova Ona tam bel bağlayanları hifz edəcək və onlara «tükənməz sülh» bəxş edəcək (Əşy. 26:3).

18 Növbəti məqalədə axırzamanda məsihi yığıncağı ilə bağlı yerinə yetən peyğəmbərlikləri araşdıracağıq. Öyrənəcəyimiz kimi, digər peyğəmbərliklərlə yanaşı, bu peyğəmbərliklər də axırzamanda yaşadığımızı sübut edir. Həmçinin hakimiyyətdə olan Padşahımız İsa Məsihin sadiq davamçılarına rəhbərlik etdiyinə dair bariz sübutları araşdıracağıq.

NƏĞMƏ 61 Haydı, irəli, ey Şahidlər!

a Biz tarixin ən möhtəşəm dövrlərindən birində yaşayırıq! Müqəddəs Kitabda peyğəmbərlik olunduğu kimi, Allahın Padşahlığı artıq qurulub. Bu məqalədə həmin peyğəmbərliklərin bəzilərini araşdıracağıq. Məqsədimiz Yehovaya imanımızı gücləndirməkdir. Üstəlik, bu peyğəmbərlikləri araşdırmaq həm indi, həm də gələcəkdə sakitliyimizi və Yehovaya etibarımızı qorumağa kömək edəcək.

c Dənyalın peyğəmbərliyi ilə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2012-ci il 15 iyun sayının 14—19 səhifələrinə baxın.

d Gələcəkdəki hadisələrlə bağlı ətraflı məlumat almaq üçün «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 21-ci fəslinə baxın.