Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 29

Rəhbərimiz İsa Məsihi dəstəkləyək

Rəhbərimiz İsa Məsihi dəstəkləyək

«Göydə və yerdə bütün hakimiyyət mənə verilib» (MƏT. 28:18).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İCMAL a

1. Bu gün Yehovanın iradəsi nədir?

 BU GÜN Yehova Padşahlıq haqqındakı müjdənin bütün dünyada təbliğ edilməsini istəyir (Mark 13:10; 1 Tim. 2:3, 4). Bu iş Yehovaya məxsusdur və Onun üçün çox vacibdir. Buna görə də O, təbliğ işinə nəzarəti sevimli Oğluna tapşırıb. Əmin ola bilərik ki, təbliğ işinə İsa rəhbərlik etdiyi üçün son gəlməmişdən əvvəl bu iş Yehovanın istədiyi kimi tamamlanacaq (Mət. 24:14).

2. Bu məqalədə nə haqda danışacağıq?

2 Bu məqalədə İsa Məsihin «sadiq və ağıllı nökər» vasitəsilə ruhani qida verməsindən və tarixdə ən böyük təbliğ işini təşkil etməsindən danışacağıq (Mət. 24:45). Görəcəyimiz kimi, hər birimiz həm İsaya, həm də sadiq və ağıllı nökərə dəstək ola bilərik.

İSA MƏSİH TƏBLİĞ İŞİNƏ RƏHBƏRLİK EDİR

3. İsaya hansı səlahiyyət verilib?

3 İsa Məsihin təbliğ işinə rəhbərlik etdiyini haradan bilirik? O, göyə qalxmazdan bir az əvvəl Cəlilədə dağda bəzi sadiq davamçıları ilə görüşmüşdü. İsa onlara demişdi: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib». Görün o, daha sonra nə demişdi: «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın» (Mət. 28:18, 19). Deməli, təbliğ işinə rəhbərlik etmək də İsa Məsihə həvalə olunub.

4. İsanın təbliğ işinə hələ də nəzarət etdiyinə nəyə görə əminik?

4 İsa Məsih qeyd etmişdi ki, təbliğ və şagird hazırlamaq işi «bütün xalqları» əhatə edəcək və o, «bu dövrün yekununa kimi həmişə» davamçıları ilə olacaq (Mət. 28:20). Bu sözlər aydın göstərir ki, təbliğ işi İsanın nəzarəti altında bizim dövrümüzə qədər davam edir.

5. Zəbur 110:3 ayəsinin yerinə yetməsində bizim hansı payımız var?

5 İsa Məsih narahat deyildi ki, birdən, dövrün sonunda kifayət qədər işçi olmaz. O bilirdi ki, məzmurçunun dediyi peyğəmbərlik yerinə yetəcək: «Sən ordularını topladığın gün xalqın hazır duracaq» (Zəb. 110:3). Təbliğ işində iştirak etməklə siz həm İsa Məsihə, həm də sadiq nökərə dəstək olursunuz, üstəlik, bu peyğəmbərliyin yerinə yetməsində iştirak edirsiniz. İş irəli gedir, amma bəzi çətinliklərlə üzləşirik.

6. Bu gün müjdəçilərin üzləşdiyi çətinliklərdən biri hansıdır?

6 Padşahlığın müjdəçilərinin üzləşdiyi çətinliklərdən biri təqiblərdir. Dönüklər, dini və siyasi xadimlər fəaliyyətimizlə bağlı yanlış təəssürat yaradıblar. Ola bilsin, qohumlarımız, dost-tanışımız, iş yoldaşlarımız bu yalanlara inansınlar və bizi məcbur etsinlər ki, Yehovaya xidməti dayandıraq, daha təbliğ etməyək. Bəzi ölkələrdə düşmənlər dindaşlarımıza hədə-qorxu gəlirlər, onları təhdid edirlər, hətta həbs cəzası kəsirlər. Belə münasibətlə üzləşməyimiz bizi təəccübləndirmir, çünki İsa Məsih demişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək» (Mət. 24:9). Əslində, insanların bizə nifrət etməsi sübut edir ki, biz Məsihin nümunəsini izləyirik və Yehova bizdən razıdır (Mət. 5:11, 12). Çünki bütün bu təqiblərin arxasında Şeytan İblis durur. Amma bilirik ki, İsa Məsih ondan qat-qat güclüdür! Buna görə də İsanın köməyi ilə xoş xəbər bütün xalqlara təbliğ olunur.

7. Vəhy 14:6, 7 ayələrinin yerinə yetdiyinə dair hansı sübutları görürsünüz?

7 Bu gün bizim üzləşdiyimiz digər çətinlik dil səddidir. İsa Məsih həvari Yəhyaya verdiyi vəhydə göstərmişdi ki, bizim dövrümüzdə müjdə bu səddi aşacaq. (Vəhy 14:6, 7 ayələrini oxuyun.) Bu sözlər necə yerinə yetir? Biz mümkün qədər çox insana Padşahlıq haqda xəbəri eşitmək imkanı yaradırıq. Bu gün jw.org saytımızda 1000-dən çox dildə məlumat yer alır! Bunun sayəsində dünyanın hər yerində insanlar Müqəddəs Kitaba əsaslanan məlumatları oxuya bilər. Rəhbərlik Şurası şagird hazırlamaq üçün əsas dərs vəsaitimiz olan «Əbədi xoşbəxt həyat!» kitabının 700-dən çox dilə tərcümə olunmasına icazə verib! Həmçinin gözdən əlil insanlar üçün Brayl əlifbası ilə nəşrlər, eşitmə qüsurlu insanlar üçün videoyazılar hazırlanır. Bunun sayəsində onlar ruhani qidasız qalmırlar. Biz Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetdiyinin şahidiyik. «Bütün xalqlardan olan, müxtəlif dillərdə danışan» insanlar «saf dil»də danışmağı öyrənir (Zək. 8:23; Səf. 3:9). Bütün bu nailiyyətlər İsa Məsihin səriştəli rəhbərliyi sayəsində əldə olunub.

8. Bu günə qədər gördüyümüz təbliğ işinin sayəsində nələrə nail olmuşuq?

8 Bu gün Yehovanın 240 ölkə və ərazidə yaşayan 8 000 000-dan çox xidmətçisi var və hər il on minlərlə insan vəftiz olunur! Amma bu rəqəmlərdən daha önəmli olan yeni şagirdlərin ilahi keyfiyyətlərə yiyələnərək «yeni şəxsiyyəti» geyinmələridir (Kol. 3:8—10). Çoxları daha əxlaqsızlıq, zorakılıq etmir, daxillərindəki qərəzə və millətçiliyə son qoyublar. Əşiya 2:4 ayəsində peyğəmbərlik olunduğu kimi, onlar «artıq müharibə etməyi» öyrənmirlər. Bizim yeni şəxsiyyəti geyinməyimiz insanları Yehovanın təşkilatına cəlb edir, üstəlik, bununla Rəhbərimiz İsa Məsihin nümunəsini izlədiyimizi sübut edirik (Yəh. 13:35; 1 But. 2:12). Bütün bunlar təsadüfən yox, İsa Məsihin köməyi sayəsində mümkün olur.

İSA MƏSİH NÖKƏR TƏYİN EDİR

9. Mətta 24:45—47 ayələrində dövrün sonu ilə bağlı nə peyğəmbərlik olunmuşdu?

9 Mətta 24:45—47 ayələrini oxuyun. İsa Məsih demişdi ki, ruhani qida vermək üçün dövrün sonunda «sadiq və ağıllı nökər» təyin edəcək. Deməli, bu nökər bizim dövrümüzdə çox iş görməlidir. Bu, belə də oldu. Rəhbərimiz məsh olunmuş kişilərdən ibarət kiçik qrup təyin etdi və onlara Allahın xalqını və maraqlananları «vaxtlı-vaxtında» ruhani qida ilə təmin etmək tapşırığı verdi. Bu kişilər başqalarının imanı üzərində ağalıq etmirlər, əksinə, başa düşürlər ki, xalqın üzərində «öndər və sərdar» İsa Məsihdir (Əşy. 55:4; 2 Kor. 1:24).

10. Şəkildə göstərilən hansı nəşr sizə Yehovaya ibadətə başlamağa kömək edib?

10 Sadiq və ağıllı nökərin 1919-cu ildən bəri hazırladığı cürbəcür nəşrlər maraqlananlara ilk dəfə ruhani təamları dadmağa imkan yaradıb. 1921-ci ildə bu nökər maraqlananların Müqəddəs Kitabın əsas təlimlərini öyrənmələri üçün «Allahın arfası» kitabını dərc etdi. Zaman dəyişdikcə digər nəşrlər də işıq üzü gördü. Bəs Yehova haqqında bilik almağa və Onu sevməyə sizə hansı nəşr kömək edib? Ola bilsin, sizə bu nəşrlərdən biri kömək edib: «Allah haqdır», «Əbədi həyata aparan həqiqət», «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz», «Əbədi həyata aparan bilik», «Müqəddəs Kitab əslində nə öyrədir?», «Müqəddəs Kitab təlimləri» və ya yeni nəşrimiz «Əbədi xoşbəxt həyat!» kitabı. Şagird hazırlamaq üçün nəzərdə tutulan bu nəşrlərin hər biri öz dövrünün tələbatlarına uyğun tərtib olunmuşdu.

11. Nəyə görə hamımızın ruhani qidanı qəbul etməsi vacibdir?

11 Bərk ruhani qidaya yalnız həqiqətə yeni gələnlərin yox, hamımızın ehtiyacı var. Həvari Bulus yazmışdı: «Bərk qida... yetkin adam üçündür». Həmçinin o qeyd etmişdi ki, öyrəndiklərimizə əməl etmək «yaxşını pisdən ayırmağa» bizə kömək edəcək (İbr. 5:14). Biz ağır bir dövrdə yaşayırıq, əxlaq dəyərləri hələ heç vaxt bu dərəcədə korlanmamışdı. Buna görə də Yehovanın normalarına uyğun yaşamaq bizim üçün çox çətin ola bilər. Ancaq İsa imanımızı möhkəm saxlamaq üçün lazım olan ruhani qida ilə bizi təmin edir. Bu qidanın mənbəyi Allahın Kəlamıdır. Sadiq nökər bu qidanı İsanın nəzarəti altında hazırlayır və paylayır.

12. İsa Məsih kimi bizim də Allahın adına ehtiram bəslədiyimiz nədən görünür?

12 İsa Məsih kimi, biz də Allahın adını layiqincə ucaldırıq (Yəh. 17:6, 26). Məsələn, biz 1931-ci ildən Müqəddəs Kitaba əsasən, Yehovanın Şahidləri adlanmağa başladıq. Bununla biz göstərdik ki, səmavi Atamızın adı bizim üçün çox əzizdir və biz bu adla tanınmaq istəyirik (Əşy. 43:10—12). Həmçinin həmin ilin oktyabrından başlayaraq, bu jurnalın hər sayının üz qabığında Allahın adı əks olunur. Üstəlik, Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə Allahın adı öz qanuni yerində bərpa olunub. Bu, xristian kilsələrinin etdiyinin tam əksidir. Onlar Müqəddəs Kitabın bir çox tərcümələrindən Yehovanın adını çıxarıblar!

İSA MƏSİH DAVAMÇILARINI BİR TƏŞKİLATDA BİRLƏŞDİRİR

13. Bu gün İsanın «sadiq və ağıllı nökər» vasitəsilə idarə etdiyinə sizi nə əmin edir? (Yəhya 6:68).

13 İsa Məsih «sadiq və ağıllı nökər» vasitəsilə yer üzündə möhtəşəm bir təşkilat təsis edib. Bu təşkilat pak ibadətin irəliləməsinə xidmət edir. Siz bu təşkilat haqda nə fikirləşirsiniz? Yəqin, bu sualın cavabı haqda düşünərkən həvari Butrusun İsaya dediyi sözlər yadınıza düşdü: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir» (Yəh. 6:68). Doğrudan da, əgər biz Yehovanın təşkilatını tanımasaydıq, indi harada olardıq? Məsih bu təşkilat vasitəsilə bizi bol-bol ruhani qida ilə təmin edir. Həmçinin xidmətimizi yaxşı icra etməyimiz üçün bizə təlim verir. Bundan əlavə, o, Yehovanın razılığını qazanmağımız üçün «yeni şəxsiyyətə» bürünməyimizə kömək edir (Efes. 4:24).

14. COVID-19 pandemiyası zamanı Yehovanın təşkilatında olmağın hansı xeyrini gördünüz?

14 İsa yaşadığımız bu ağır zəmanədə bizə hikmətli göstərişlər verir. COVID-19 pandemiyası başlayanda onun göstərişlərinin xeyri göz qabağında idi. Çoxları çaşbaş qalmışdı, bilmirdi nə etsin. Amma İsanın nəzarəti altında biz həyatımızın təhlükəsizliyi üçün aydın göstərişlər aldıq. Biz ictimai yerlərdə tibbi maska taxmağa, fiziki məsafə saxlamağa təşviq olunduq. Ağsaqqallara məsləhət görüldü ki, müntəzəm olaraq yığıncaqdakı hər kəslə əlaqə saxlasınlar, onların fiziki və ruhani vəziyyəti ilə maraqlansınlar (Əşy. 32:1, 2). Rəhbərlik Şurası öz müraciətləri vasitəsilə bizə əlavə göstərişlər verirdi və ürəkləndirirdi.

15. Pandemiya dövründə yığıncaqların keçirilməsi və təbliğ işi ilə bağlı hansı göstərişləri aldıq və bu hansı bəhrələri gətirdi?

15 Biz həmçinin pandemiya dövründə yığıncaqların keçirilməsi və təbliğ işi ilə bağlı aydın göstərişlər aldıq. Demək olar ki, bir gecənin içində ibadət görüşlərinin və toplantıların videokonfrans vasitəsilə keçirilməsi təşkil olundu. Eləcə də əsas etibarilə məktub və telefon vasitəsilə təbliğ etməyə başladıq. Yehova bizim işimizi avand etdi. Bir çox filialların ərazisində təbliğçilərin sayında böyük artım olub. Həmçinin bu vaxt ərzində çoxlu ruhlandırıcı hadisələr baş verib. (« Yehova təbliğ işimizi avand edir» adlı çərçivəyə baxın.)

16. Biz nəyə əmin ola bilərik?

16 Ola bilsin, kimlərsə düşünürdü ki, təşkilat pandemiya ilə bağlı həddən artıq ehtiyat tədbirləri görür. Amma dəfələrlə şahid olduq ki, verilən göstərişlər əsassız deyildi (Mət. 11:19). İsanın öz davamçılarına istiqamət verməsi haqqında düşünəndə biz əmin oluruq ki, gələcəkdə nə olursa olsun, Yehova və sevimli Oğlu bizimlə olacaq. (İbranilərə 13:5, 6 ayələrini oxuyun.)

17. İsa Məsihin rəhbərliyi altında xidmət etdiyiniz üçün hansı hissləri keçirirsiniz?

17 İsanın rəhbərliyi altında xidmət etdiyimizə görə çox xoşbəxtik! Biz millətçilik, irqçilik və dil səddini aşan bir təşkilata məxsusuq. Biz bolluca ruhani qida ilə təmin olunmuşuq və təbliğ işini yerinə yetirmək üçün yaxşı təlim almışıq. Həmçinin Yehovanın təşkilatı hər birimizə yeni şəxsiyyətə bürünməyi və bir-birimizi sevməyi öyrədir. Doğrudan da, Rəhbərimiz İsa ilə öyünmək üçün səbəblərimiz çoxdur!

NƏĞMƏ 16 Xilaskar padşaha görə Yehovaya həmd olsun

a Bu gün milyonlarla insan — kişi, qadın və uşaq böyük şövqlə xoş xəbəri təbliğ edir. Siz də onların sırasındasınız? Onda siz də Ağamız İsa Məsihin rəhbərliyi altında xidmət edirsiniz. Bu məqalədə nəzərdən keçirəcəyik ki, İsanın bu gün təbliğ işinə rəhbərlik etdiyini nə sübut edir. Bunun üzərində düşünmək bizə kömək edəcək ki, onun rəhbərliyi altında xidmətimizi davam etdirməyə qətiyyətli olaq.